Yuxarıya
skip to main content

Dollar, valyuta hücumları və tarixin başqa üzü...

24.02.2020

Eramızdan əvvəlin atəş filosofu Heraklit “insan iki dəfə eyni çayda yuyuna bilməz”, – deyirdi. Sonralar Ogüs Kont “ifşa genişləndikcə, heç kim eyni yalanı bir daha söyləməyə cürət etmir”, – söyləyir. Bəhanə uydurulmamasının səbəbi beynəlxalq siyasi sitemin daha da abırlı olmağıyla bağlı deyil, əksinə indi bəhanə söyləməyə layiq də görmürlər. Martin Lüter Kinq amerikan istismar kultuna qarşı hayqıranda eyni səsləri təkrarlayırdı. İnsana dəyər verilməyən yerdə öz insanlarınızın da dəyəri heçdir. Sadə vətəndaş öz dövlətinin siyasi xəttinə cavabdeh olmasa da, hər halda seçkinin lokomotivi xalqdır və qərblilərin siyasi sistemlərinə sadiqliyi nəticəsində onlar Şərqdə istədikləri hər şeyi edirlər. Problematikanın iki üzü ortaya çıxır: doğrusuyla, yanlışıyla heç bir xarici qurumla öz ölkənə qarşı dialoqa girməmək və səhv olan hər addımda belə praqmatik davranmaq əsasdır.

Corc Berkli “başa düşün ki, insanlar daha sizə aldanmır”Nitsşe isə, “aldatmanın da əxlaqa söykənməli olduğu” anonsunu irəli sürürdü. Kantın bəşər əxlaqı tezisləri və Feyerbaxın dünya insanı və təbiət tezisləri öz həmvətənliləri və dostları ilə tarixin zibil qutusuna tolazlandı. Sual vermək üçün arqumentasiya nəzəriyyəsinə, ya da Ludens oyunlarına gərək yoxdur, yetər ki, bir aparıcı təşkilat soruşsun: “Dünən sizə maraqlı olan, necə olur bu gün maraqsızdır?” Leybnits qeyd edir ki, güc üçün dayanma nöqtəsi yoxdur. Həm də dediyimiz kimi, heç kim əxlaqın nə qədər dividentli olmağına baxmır, güc olduğunun sübutu natamamlığını özünə təlqin etmək üçün viran qoymağa davam etmək xarakteristikasıdır. Hesablaşmayanlar üçün isə, biryanlı siyasi embarqolar və müəllifləri bəlli sanksiya oyunları dünya davam etdikcə, startda olacaq.

İyirminci əsrin başlanğıc illərində ABŞ iqtisadi artımına nail oldu. Bu dövrə qədər dəyişən simalar mövcud olsa da, siyasi xətt əsas idi. XIX əsrdə bütün fəhlə tətilləri boğuldu, insanlar saatlarla işlədi, qarşılığında çox cüzi əmək haqqları aldı və işdən çıxarılanlardan səslərini ucaldanlar isə yalnız yerlilər idi. Torpaq ehtiyacı artıqlaması ilə təmin olundu, aborigenlərin əmlakları kolonistlər tərəfindən tutuldu və bütün mülklər və torpaq islahatları hinduların ata yurdlarının ya məhvi, ya da istilası ilə bitdi.

Ordu ehtiyacların ödənməsində xalqın yanında olmadı, insan haqqları kobud şəkildə pozuldu, bütün fərqli ideologiya daşıyıcısı olan siyasi sistemlər sıradan çıxdı. Ən maraqlı mənzərə isə, dünyaya tolerantlıq və multikultural dərs keçən “yankilər”in XX əsrdə sol yönümlü bütün dərnəklər, siyasi partiyalar və tələbə təşkilatlarına qarşı etdikləriydi. Siyasi ierarxiya vahid mərkəzdən formalaşdı, iqtisadi qərarların qəbulu bir arenadan idarə olundu və qlobal iqtisad qərarların işinə təsir göstərən iri bank sektoru yarandı – kredit təşkilatları təmərküzləşdi, ilk başlarda ucuz faizlərlə xarici ölkələrə borc paylanaraq, şirnikləndirmə vasitəsi kimi maddiyatdan yararlandılar. Sonralar isə, borc alanlar faktiki asıllıq münasibətlərinə daxil olduğu üçün qərarların qəbulunda təsiredici mexanizmi sanki öz əlləri ilə Qərbə hədiyyə etdilər.

Çeroki hindu qəbiləsinin məşhur deyimlərindən biri budur – “koloniyalaşma ərazi ilə bitmir”. Maliyyə qəsbi və kapitalın məqsəd yolunda alət kimi istifadəsi dəhşətli mənzərələr doğurdu.

XIX əsrin ikinci yarısında ABŞ-da yeni sənayeləşmə ilə bağlı təsərrüfat xarakterli şirkətlər vardı və hamısının bazasında yerlilərdən alınan torpaqlar və ucuz işçi qüvvəsi dayanırdı. 1924-cü ildən sonra elan olunan 5 illik stabillik xətti ilə ölkədə şirkətlər böyüməyə başladı. İdxalı tamamilə dayandırdılar, baxmayaraq ki, Avropadakı müttəfiqləri tərəfindən dəyər-dəyməzinə ölkəyə mal gətirilirdi. Tamamilə ixrac yönəlik qərarlar nəticəsində Amerika dünyanın ən böyük kreditoru oldu. Avtomobil səneyisi, elektrik mühəndisliyi və maşınqayırma ilə bağlı ixtisaslı kadrları vədlər verərək ölkəyə gətirdilər. Ancaq yeni sahələrin istehsal etdiyi məhsulların tələbatının çoxluğu çeklərin spekuliyativ dəyişikliyinə səbəb olurdu. Nəticədə özünün daxili təaltümlərini ödəmək xatirinə verdiyi kreditləri dayandıran ABŞ rəhbərliyi bütün maliyyəni Nyu-York Birjasına yönəltdi.

XX əsrin əvvəllərində istehsalat və ixracat yaxşı səviyyədə olsa da, əhalinin böyük hissəsi hələ də kasıb idi. Əyalətlərdə baş verən kiçik etiraz aksiyalarında əsas suallar bu qədər maddi qazancın hara xərclənməyi idi. Sonralar bəlli olacaqdı ki, xalqın kasıblığı xarici müharibələrə və beyin mərkəzlərinə pulların axması ilə bağlı idi. Leybnits Qərb insanının intibahdan sonra tamamilə mənfəət düşüncəli olduğunu söyləyirdi. Amerikan birjalarının pulla davranışlarının kökündə psixologiyanın varlanmağa istiqamətlənməsi dayanırdı.

1925-ci ildə Florida bölgəsi öz mülayim iqlimi və bərəkətli torpaqları ilə daşınmaz əmlak biznesinin mərkəzi olmağa başlayır. Floridanın gələcək üçün möhkəm turistik bazis olacağını düşünən daxili və xarici iş adamları buraya böyük maya sərf etdi, çünki tətil mərkəzlərinin yaranacağına inam möhkəm idi və hamıda bu inanc sayəsində varlanmaq ehtirası daha da qızışırdı. 1928-ci ildə Floridada baş verən təbii fəlakət bütün planları məhv etdi. Qasırğa yüzlərlə insanın ölümünə, dağntılara, tikintilərin uçmasına və bölgənin imicinə zərbə vurdu. Bütün daşınmaz əmlak sahibləri öz mülklərini maya dəyərindən qat-qat aşağı qiymətə satmağa çalışdı, alıcılıq qabiliyyəti minimum olduğundan ölkəni düşdüyü vəziyyətdən xilas etmənin yolları axtarılmağa başlandı. Eyni vaxtda başqa bölgələrdən gələn gəlirlər Floridanın dirçəldilməsinə yönəlir və büdcə indeksində ciddi kəsirlər formalaşmağa başlayırdı.

Birinci Dünya Müharibəsi illərində kiçik sahibkarlıq tamamilə zəifləyir, ölkə rəhbərliyinin başı xarici ədavətlərə qarışırdı çünki. Buna görə, o illərdə kiçik sahibkarlıq subyektləri birləşərək, konsernlər yaratmağa cəhdlər etdi. 1930-cu ildə ABŞ iqtisadiyyatının tən yarısı iri holdinqlərdən asılı idi, belə ki, bu holdinqlərdən hər hansı birində baş verəcək silkələnmə bütün ölkə iqtisadiyyatının təlatüm keçirməsinə səbəb ola bilərdi.

Bundan başqa, ABŞ nə qədər kredit ölkəsi kimi formalaşmağa başlasa da, bankların və kredit verən maliyyə qurumlarının fəaliyyətini tənzimləyəcək doğru-dürüst qanunlar da yox idi. Sahibkarlar gəlir düşündüyü sahələrə etdiyi kapital qoyuluşunun heç bir sığortasına malik deyildilər. Liberal nəzəriyyəçilərin əsas tezisi olan dövlət müdaxiləsi olmayan liberal iqtisadiyyat səfsəfəsi ölkədə ciddi boşluğa səbəb olmağa başlayırdı. 1920-ci ildə ABŞ-ın keçdiyi liberal iqtisadi model ölkəyə və bütün dünyaya ağır nəticələr verdi, sonralar müdaxilələr edilməyə çalışılsa da, çox gec oldu və beləliklə, ölkə iqtisadiyyatı süqutdan qurtulmaq üçün xarici müdaxilədən sakit iqtisadi istismarın yeni modelləri üzərində işləməyə başladı.

Qızıla bağlı olmayan maddi islahatlardan boyun qaçıran Amerika hökümətinin siyasi savadsızlığı nəticəsində real iş sektoru daralmağa, vergilər artmağa, işçilərin ixtisarlarına və əlbəttə, iqtisadi məhvin astanası sayılan gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsinə təkan verdi. ABŞ Almaniya və İngiltərədən qızıl alışına başlamağa cəhd etdi, anbarlarda kifayət qədər mal olmadığı üçün əvvəlcə bu istək fiasko ilə nəticələndi, daha sonra isə, gömrük islahatlarına gedildi, bu da çarə olmadı, nəticədə dünyanın 1929-cu il iqtisadi böhranına qədəm qoymağı prosesi baş verdi.

1929-cu ilə qədər Nyu-York Birjası güclü durumda olsa da, bəhs etdiyim səbəblər üzündən həmin il vəziyyət nəzarətdən çıxmağa başladı. Xarici sərmayədarlar bütün qiymətli kağızlarını satandan sonra tarixə düşən “qara şənbə” prosesi start götürdü. 1929-cu ildə 4 milyarddan yuxarı dollar yoxa çıxdı, 4 mindən çox bank iflas etdi, bir çox insanın bankda saxladığı əmanətləri geri qaytarılmadı. Həmin çətin illərdə yerli əhali vəziyyətdən çıxış kimi kənd təsərrüfatına meyilləndil. Bir çox insan dəyişmək yolunu tutaraq becərdikləri məhsulları bir-biri ilə dəyişir və yaşamağa çalışırdı. İqitisadi böhran bütün dünya ölkələrinə sıçradı və 10 il boyunca öz dominantlığını qorumağı bacardı. ABŞ-ın təsiri ilə krizis bütün ölkələrə təsir göstərdi və dünya sənaye istehsalı ilə birjaların, maliyyə fondlarının geriləməsi eyni anda baş verdi. Dövlətin müdaxiləsinin vacibliyinə əmin olan amerikan xalqı və dünyadakı bir çox xalqlar ABŞ-dan iqtisadiyyata dövlət müdaxiləsini tələb etməyə başladılar, Ruzveltin siyasi islahatları və ABŞ-ın xarici siyasətdən öz daxilinə dönməyi nəticəsində yeni islahatlar paketi hazırlandı.

“Nyu Dil” adlanan proqramlar nəticəsində dövlət iqtisadi dayanıqlılığı qorumağa nail oldu. Xalq prosesdə dövlətin yanında yer alaraq, onun müdaxiləsinin varlığına ehtiyac duydu. Sonda isə, 1929-cu il böhranı ABŞ-ın tək özünün yox, bütün iqtisadi sistemləri sıradan çıxan xalqların dirçəlməsinə səbəb oldu, əvvəlcə Almaniya, sonra Balkanlar, Mərkəzi Avropa, sırası ilə bütün ölkələr yeni bir yola qədəm qoydular.

Hər milli valyutanın çöküşü daxili idarəçilikdən daha çox geopolitik hadisələrlə və xarici təsirlərlə birbaşa bağlıdır.

Hələlik dolların məzənnə dəyəri üzərində gedişlər edən Qərb bankirləri bütün dünyaya təsir edən bu əməllərin bir gün özünü də ağır duruma salacağını anlamaq istəmir deyəsən… Yaxud da müdaxilə planı artıq var, amma yenə də qorxuludur, sonrakı müdaxilə. Hoover iqtidarının səhvlərini bərpa edəcək yeni bir Ruzvelt yoxdur və Obamaya alternativ görünən Donald Tramp və digərləri daha sərt kapitalizm ritorikası ilə fərqlənir.

ABŞ-ın dünyadakı bazarlara nəzarət mexanizmləri gücləndikcə yeni qlobal təhdidlərə rəvac verildi. Öncə maliyyə qaynaqları əridi, daha sonra birjalardakı 2007-ci il reqressi hazırkı mənzərəni doğurdu. 2 trilyondan çox sərmayə miqdarı buxarlanaraq dünya iqtisadiyyatından qeybə çəkildi.

Krizis küləklərinin əsdiyi bütün illərdə dünya birjaları 25 faiz dəyər itirdi. ABŞ-ın özündə inşaat sektoru 25 faiz kiçilib və bu kiçilmənin daha da genişlənəcəyi söylənilir. özünü daimi krizislərdən qorumaq üçün ABŞ ortaqlıqlar axtarışına başladı və təəssüf ki, Şərqin ümid qapısı sayılan çin milyardlarla dollar həcmindəki ixracının 21 faizini ABŞ-a, 18 faizini isə Avropa Birliyi ölkələrinə edir. Hətta bu yaxınlarda çin Mərkəzi Bankının bir açıqlaması bütün çinlə bağlı olan pozitiv ümidləri sıfırladı. çin bank rəhbərlərinin gəldiyi ortaq qənaət bu oldu ki, ABŞ-a ixrac azalarsa, bizim üçün çox pis olar.

Bizim şansımıza çox ağır bir dövr düşüb. 

Marks deyirdi, təmkinli olmadıqca kapitalist aclıq insanların səfalət doğucusu olacaq. 1929-cu il böhranından bu yana baş verən mənzərələr həmişə eyni olub, yanlış siyasi qərarlar üzündən öncə daxili sarsıntılar baş verir, sonra bu sarsıntıları kompensasiya etmək üçün yeni taktiki fəaliyyət sferaları hazırlanır, valyutalar tərpənməyə başlayır.

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır