Öz müqəddəratını təyinetmə beynəlxalq münasibətlərdə siyasi manipulyasiya aləti kimi

19.02.2020

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı pane

Azərbaycan Respublikasında Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı, Ukraynada Krım və digər separatizm faktları dolayısilə bu dövlətlərin siyasi müstəqilliyinə qarşı yönəlmiş təcavüzkar siyasətin nəticəsidir. Bu siyasət müəyyən vaxtlarda hətta “qanunvericilik” əsasına malik olmuşdur. Belə ki, 1990-cı ildə Sovetlər Birliyindən müttəfiq respublikaların ayrılması təşəbbüsünü önləmək üçün SSRİ Ali Soveti etnik muxtariyyətlərin müttəfiq respublikalardan ayrılaraq SSRİ-nin tərkibində qalması imkanını nəzərdə tutan qanun qəbul etmişdi. Nəticədə Abxaziya, Cənubi Osetiya Gürcüstanın, Dnestryanı isə Moldovanın tərkibindən çıxmış olurdu [1, s.53]. Azərbaycan Respublikasına münasibətdə vəziyyət daha acınacaqlı oldu. Ermənistanın təcavüzü reallaşdı. Bu dövlətlərin siyasi, elmi dairələrində də öz müqəddəratını təyinetməyə beynəlxalq hüquqdan kənar anlayış verməyə çalışırlar [14]. 

 

 

Məlumdur ki, “öz müqəddəratını təyinetmə siyasi hüquqi institut olmaqla özü də müəyyən üsul və vasitələrlə, konkret subyektiv tərkibdə həyata keçirilməkdədir. Öz müqəddəratını təyinetmə xalq hakimiyyətində iradə ifadəsi olmasına baxmayaraq beynəlxalq münasibətlərdə siyasi manipulyasiya obyektinə çevrilmiş, ona müxtəlif məzmun və istiqamətlər verilmişdir” [14, s.408].

 

Qafqaz regionunda Azərbaycan torpaqlarının açıq şəkildə işğalı ilə birlikdə Ermənistan tərəfindən Azərbaycana qarşı bir sıra destruktiv və təxribatçı fəaliyyətlər, o cümlədən separatizm və etnik təmizləmə siyasəti həyata keçirilmişdir.

           

Azərbaycan  bu gün XX əsrin uzun sürən ərazi münaqişələrindən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dünya siyasətində birtərəfli yanaşmaya məruz qalmışdır. Ötən illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqının Parlament Assambleyası, Avropa İttifaqı,  Avropa Parlamenti  və s. tərəfindən çoxsaylı qərar və sənədlər qəbul edilmiş [4; 5; 9; 10; 11; 12; 13] və onlarda Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü dəstəklənmişdir. Lakin əfsuslar olsun ki, qəbul edilmiş bu beynəlxalq sənədlərə və münaqişə tərəfləri arasında 1994-cü ilin 12 may tarixindən etibarən qüvvədə olan atəşkəs haqqında razılıqdan sonra keçmiş iyirmi beş ildən artıq bir dövr ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılmış vasitəçilik səylərinə baxmayaraq münaqişənin həlli istiqamətində hələlik bir nəticə əldə edilməmişdir [6]. 

 

Görünən odur ki, “beynəlxalq hüquq baxımından işğal faktı açıq-aydın tanınsa da, real vəziyyət hüquqi reallıqları əks etdirmir. Bunun nəticəsi olaraq beynəlxalq hüququn məcburi şəkildə işləməsinin təmin edilməsi tez-tez beynəlxalq aləmdə dalana dirənir. Belə vəziyyətin yaranma səbəbləri arasında bəzi dövlətlərin iradəsinin çatışmamasını, bəzən kifayət qədər resursların olmamasını və bəzən də beynəlxalq hüququn məcburi şəkildə işləməsinin təmin edilməsinə olan ehtiyacın tamamilə unudulmasını göstərmək olar” [6].  Bu gün aparıcı beynəlxalq təşkilatların və dünyanın ABŞ, Almaniya, Fransa, Böyük Britaniya kimi fövqəldövlətlərinin dünyada mövcud olan münaqişlərə münasibətdə sərgilədikləri münasibət beynəlxalq hüquqa inamsızlıq yaradır. Ölkələrin ərazi bütövlüyünü bir ölkəyə münasibətdə əsas götürən ABŞ kimi aparıcı ölkələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bunu tətbiq etmir və prinsipiallıq nümayiş etdirmir. Belə görünür ki, bu ölkələr beynəlxalq hüquq normaları və prinsipləri ilə manipulyasiya edir, halbuki istənilən vasitəçinin, xüsusən də onun mandatını müəyyən edən BMT TŞ-nin qətnamələrinin əsasında fəaliyyət göstərən vasitəçinin fəaliyyətinin əsasında ümumi prinsiplərinə qeyd-şərtsiz riayət etmək dayanır [6].  BMT-nin Nizamnaməsinin 25-ci maddəsinə əsasən, “Birləşmiş Millətlər Təşkilatının üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər” [3]. Bu isə öz növbəsində o deməkdir ki, BMT TŞ-nin qətnamələrinin icrası Ermənistan Respublikası da daxil olmaqla BMT-yə üzv bütün dövlətlər üçün məcburi xarakter daşımalıdır [6, s.79].

 

Mövzuya qayıdaraq qeyd edək ki, Azərbaycan Respublikası demokratik hakimiyyət sistemini formalaşdırarkən azlıqların hüquqları üzrə tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına (məsələn, 1992-ci il 18 dekabr tarixli "Milli və etnik, dini və dil azlıqlarına məxsus şəxslərin hüquqları haqqında" Bəyannaməyə) uyğun olaraq qanunverici­lik siyasətini qurmuşdur [14, s.416]. Azərbaycan Respublikasının Konstitusiyası xüsusi siyasi institutları ta­nımaqla onların inkişaf əsaslarını nəzərdə tutur. Avropa Şurasının "Milli az­lıqların müdafiəsi haqqında" 1995-ci il tarixli Çərçivə Konvensiyası ilə təsis edilən nəzarət proseduru qəbul edilmiş və Azərbaycan Respublikasının Konvensiya öhdəliklərinə riayət edilməsi üzrə mexanizm fəaliyyət göstərir. Azərbaycan Respublikasının Konstitusiyası ayrı-seçkiliyi qadağan etməklə (m.25. III) yanaşı ayrı-ayrı dillərin inkişafını təmin edən (m.21. II; 45), milli mənsubiyyət hüququnu (m.44) və digər hüquqları tanıyan normalar de­mokratik dövlət formasının elementləri məzmunu kəsb edir [14]..

 

Dövlət formasının üçüncü elementi olan inzibati ərazi quruluşunda da Azərbaycan Respublikası Konstitusiyası (m.142-146) Avropa praktikasına (Yerli özünüidarəetmə hakimiyyəti haqqında Avropa Xartiyasına (1985)) uyğun olaraq etnik azlıqların da yerli özünüidarəetmə hakimiyyətinin təsis edilməsilə, dövlət hakimiyyətinin demərkəzləşdirilməsini təmin etmişdir. Bu halda Konstitusiyanı gözləməklə istənilən etnik azlıq (o cümlədən Dağlıq Qarabağın erməni icması) özünün sosial, iqtisadi, mədəni, siyasi inkişafını təmin etmək imkanına malik olur [7, s.110-111]. 1985-ci il tarixli "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına görə, yerli özünüidarəetmə sistemi də muxtariyyət xüsusiyyəti kəsb edir [14, s.416].

 

Azərbaycan qeyd olunmuş bütün hüquqi çərçivələrə (dünyada mövcud olan etnik muxtariyyət modellərinə [2]) əsaslanıb Dağlıq Qarabağa yüksək özünüidarəetmə statusunu verməyə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Bu gün Azərbaycan dövlətini narahat edən əsas problem ermənilər tərəfindən işğal edilmiş 20% ərazisində etnik və dini azlıqlara yönəlik siyasətini həyata keçirə bilməməsidir. ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanaraq üzv ölkələrə təqdim olunmuş “Dövlətlərarası münasibətlərdə milli azlıqlara dair Boltzano tövsiyələri”nin ümumi prinsipləri “suverenlik” anlayışının  definisiyası ilə başlayır: “Suverenlik dövlətin öz ərazi bütövlüyü və əhalisi üzərində müstəsna olaraq beynəlxalq hüququn nəzərdə tutduğu prinsiplər əsasında yirisdiksiyasını nəzərdə tutur. Heç bir dövlət digər dövlətin razılığı olmadan onun ərazisindəki əhali üzərində yurisdiksiyanı həyata keçirə bilməz” [8].

 

30 ildən çoxdur ki, torpaqları işğal altında olan Azərbaycanda bu tövsiyələr birmənalı olaraq sual doğurur: Azərbaycanın razılığı olmadan onun tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın əhali üzərində qanunsuz yurisdiksiya həyata keçirməsi beynəlxalq hüququn, həmçinin qeyd edilən həmin tövsiyələrin açıq şəkildə pozulması demək deyilmi?

 

Yaxud həmin sənədin “Dövlətlərin milli azlıqlara münasibətdə götürdüyü öhdəliklər” adlı hissəsinin 7-ci bəndində qeyd edilir: “Dövlət milli azlıqların inteqrasiyasını yalnız o halda təmin edə bilər ki, öz növbəsində azlıqlar da yaşadıqları dövlətin birgəyaşayış qanunlarına hörmət etsin və ictimai-siyasi həyatda fəal iştirak etsinlər” [8]. Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti öz ərazisində yaşayan bütün etnik və dini azlıqların inteqrasiyası, hüquqlarının qorunması üçün təminat vermiş, lazımi şərait yaratmışdır. Lakin təkcə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik ərazilərində bu siyasətini reallaşdıra, qanuni təminatı altına ala bilmir. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər qeyd olunan 7-ci bəndin tövsiyələrinə riayət etmirlər.

 

Təəccüblüsü də odur ki, bu münaqişənin tənzimlənməsi ilə daha sıx məşğul olmalı olan beynəlxalq statuslu təşkilat da yuxarıda qeyd etdiyimiz “Boltzano tövsiyələri”ni üzv ölkələrə təqdim edən ATƏT-dir. Bu qurumun Minsk Qrupu 30 ildən çox bir tarixi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sadəcə “səy” göstərir.

 

Bundan başqa, vaxtilə Ermənistan ərazisində (əslində tarixi Azərbaycan torpaqlarında) yaşamış azərbaycanlılara münasibətdə də beynəlxalq hüququn prinsipləri kobud şəkildə pozulmuşdur. Belə ki, hazırda qaçqın və məcburi köçkün statuslu vətəndaşlarımızın hüquqlarının təmin edilməsi sahəsində beynəlxalq qanunvericilikdə onlara zəruri ilkin yardımdan tutmuş son repatriasiya tədbirlərinədək böyük bir müstəvidə boşluq hələ də qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyünün pozulması, onun 1 milyona yaxın əhalisinin öz tarixi torpaqlarına qayıtması kimi fundamental hüquqların hələ də təmin edilməməsi məhz bu cür səbəblərlə əlaqədardır. Hər bir insan ilk növbədə konkret bir ölkənin vətəndaşı, sonra isə bəşər cəmiyyətinin üzvü kimi insan hüquqlarına malikdir. O, beynəlxalq hüquq normalarına əməl etməklə yanaşı, həm də müəyyən mədəniyyətin daşıyıcısıdır. Bütün xalqların siyasi-hüquqi fikir tarixində insan azadlığını yüksək tutan təməl ideyalar mövcuddur. Əsas vəzifə onların ortaq təmas nöqtələrinin tapılması və işlək mexanizminə nail olunmasıdır. Belə olarsa, müasir dünyada müşahidə edilən, BMT-nin sabiq baş katibi Kofi Annanın vurğuladığı kimi: “Şərqə, xüsusilə müsəlmanlara münasibətdə ikili standartların tətbiqi praktikası aradan qaldırıla bilər”.

 

ATƏT-in Helsinki Sazişinin 4-cü maddəsində başqa ölkənin ərazi bütövlüyünə hörmət prinsipi nəzərdə tutulur. Münaqişənin sülh yolu ilə həlli tərəfdarı olan Azərbaycan “ikili standartlar” siyasətinə son qoyulmasını, işğalçı (Ermənistan) ilə işğala məruz qalana (Azərbaycana) bərabər mövqelərdən baxılmasının yolverilməzliyini qeyd edir. Əks-halda Azərbaycan öz ərazisini hərbi yolla azad etməyi nəzərdə tutur. Bu səbəbdən ATƏT-in özünü daha güclü qlobal aktor kimi tanıtması, Avropada yeni strateji təhlükəsizlik arxitekturasını formalaşdırmaq üçün daha fəal siyasət yeritməsi zəruridir. Bu isə, heç şübhəsiz, ilk növbədə təhlükəsizliyə maneə olan (etnik) münaqişələrin, seperatizmin qısa zaman ərzində operativ həllinin təmin edilməsi ilə mümkündür.

           

Bu gün Ermənistan öz monoetnik strukturu və irqçi dövlət siyasəti ilə ciddi təhlükə mənbəyinə çevrilməkdə davam edir. Ermənistanda yaşayan bütün milli azlıqların sayı cəmi 50 mindən çox deyil. Bu milli azlıqların heç biri kompakt yaşamır və müxtəlif bölgələrə səpələnib. Ermənistanda assurilər, belaruslar, gürcülər, almanlar, yunanlar, yəhudilər, kürdlər, lehlər, ruslar, molokanlar, ukraynalılar və yezidilər milli azlıqlar hesab olunurlar. 1990-cı illərdən sonra hökumətin milli azlıqlarla bağlı siyasəti tədqiq ediləndə onlara qarşı ciddi təzyiq göstərildiyi məlum olur. Xüsusilə son zamanlarda yezidilərə qarşı etnik zəmində ayrı-seçkilik daha aydın hiss edilir. 1990-cı illərdən sonra Ermənistandan köçən yezidilərin sayının 6.000 - 10.000 arası olduğu təxmin edilir. Əhali artımına görə yezidilər ən yüksək göstəriciyə sahibdir və bu da erməniləri narahat edən əsas amildir. Hökumətin milli azlıqlara qarşı həyata keçirdiyi siyasət nəticəsində yezidilər və digər milli azlıqlar Ermənistanın ictimai-siyasi və mədəni həyatında iştirak edə bilmirlər. Milli azlıqların müstəqil ictimai birlikləri hökumətə qarşı etirazlarını bildirəndə əks bəyanatlarla qarşılaşırlar. Hökumət milli azlıqların sosial-iqtisadi problemlərini həll etmir [15].  Belə faktların sayı çoxdur.

           

Öz ərazisində yaşayan bütün millətləri demək olar ki, sıxışdırıb çıxaran və etnik təmizləmə siyasəti yürüdən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə “öz müqəddəratını təyinetmə” prinsipindən çıxış etməsi sadəcə gülüş doğurur. Ərazi bütövlüyünü bir ölkəyə münasibətdə əsas götürən aparıcı dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bunu tətbiq etməməsi və prinsipiallıq nümayiş etdirməməsi onların beynəlxalq hüquq normaları və prinsipləri ilə manipulyasiya etməsi deməkdir. Bundan əziyyət çəkən isə Azərbaycan kimi dövlətlər olur.

 

Sonda...

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan öz ərazisində yaşayan milli azlıqlara hər cür şərait yaradıb, o cümlədən ermənilərə də öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yüksək status verməyə hazırdır. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirdi: Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar”.


Ədəbiyyat:

 

  1. Abramishvili N. The Russian-Georgian armed conflict and the prohibition of the use of force in international law. // International law. Tbilisi: 2008. №-2
  2. Aland (Finlandiya), Sardiniya, Aosta Vadisi, Cənubi Tirol, Friuli-Venesiya  Gliulia (İtaliya), Farer adaları, Qrenlandiya (Danimarka), Alman icması (Belçika),  Azor, Madeyra (Portuqaliya), Kataloniya, Basklar ölkəsi (İspaniya), Şimali İrlandiya (Böyük Britaniya), Korsika (Fransa) və s.
  3. Charter of the United Nations. Chapter V. Article 25. Available at: http://www.un.org/en/sections/ un-charter/chapter-v/index.html 
  4. European Parliament resolution of 20 May 2010 on the need for an EU strategy for the South Caucasus (2009/2216(INI)), paras. 8, 11, 41
  5. OIC Resolution no. 10/11-P(IS) on the Aggression of the Republic of Armenia against the Republic of Azerbaijan
  6. Paşayeva G., Makili-Əliyev  K.  Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin əsas prioriteti kimi. //Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/. Bakı, 2017
  7. Sadıqov E.İ., Melikova M.H. Uluslararası Hukuk Karşısında Ermenistan’ın “Kendi Kade­rini Tayin Hakkı” Siyaseti. YOM Türk Dünyası Kültür Dergisi, №19-20/2010, s.110-111
  8. The Bolzano/Bozen Recommendations on National Minorities, in Inter-State Relations & Explanatory Note, June 2008, http://www.osce.org/hcnm/33633?download=true
  9. UN General Assembly Resolution 62/243; PACE Resolution 1416 (2005) “The conflict over the Na­gorno-Karabakh region dealt with by the OSCE Minsk Conference”
  10. UNSC 822 (1993). Adopted by the Security Council at its 3205th meeting, on 30 April 1993. Available at: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N93/247/71/IMG/N9324771.pdf?OpenElement
  11. UNSC 853 (1993). Adopted by the Security Council at its 3259th meeting, on 29 July 1993. Available at: https:// documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N93/428/34/IMG/N9342834.pdf?OpenElement
  12. UNSC 874 (1993). Adopted by the Security Council at its 3292nd meeting, on 14 October 1993. Available at: https://do­cuments-dds-ny.un.org/doc/UNDOC/GEN/N93/557/41/PDF/N9355741.pdf?OpenElement
  13. UNSC 884 (1993). Adopted by the Security Council at its 3313th meeting, on 12 November 1993. Available at: https:// documents-dds-y.un.org/doc/UNDOC/GEN/N93/631/20/PDF/N9363120.pdf?OpenElement  
  14. Xəlilov. Q. Öz müqəddaratını təyinetmə və insan hüquqları. //"Strateji təhlil" jurnalı, say 1-2 (19-20), 2017.
  15. Исмаилова Т. Езиды в Армении. /10.10.2017/ - http://newtimes.az/ru/economics/5318/

Aqşin Məmmədov

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.