Yunan iqtisadçısı, Siriza hökuməti dövründə cəmi 7 ay (2015-ci ildə) Yunanıstanın maliyyə naziri olmuş, özünü “batmış bir ölkənin uğursuz naziri” adlandıran Yannis Varufakis yeni yazdığı “Texno-feodalizm: Kapitalizmi nə öldürdü?” adlı kitabında iddia edir ki, biz solçular kapitalizmi öldürmək üçün əlimizdən gələni etməyə çalışsaq da, buna nail ola bilmədik. Əvəzində isə kapitalizmi onun özü öldürdü. Başqa sözlə, kapitalizm öldü, onun yerini isə klaud kapitala əsaslanan texno-feodalizm aldı.
Kapital mallarının (buxar mühərrikləri, makina alətləri və s.) sahibkarları insanlar və millətlərə hökm etmək iqtidarı əldə etdikləri zaman kapitalizm meydana çıxdı. Onların iqtidarı tarixdə ilk dəfə olaraq torpaq mülkədarlarının iqtidarını olduqca aşırdı. Bu ümumi torpaq mülklərinin özəlləşdirilməsi ilə mümkün olan Böyük Transformasiya idi. Eynisi klaud kapital üçün də keçərli idi. Daha böyük hökm iqtidarı əldə etmək üçün, o da digər həyati alət – İnternetin özəlləşdirilməsini (privatizasiyasını) tələb edirdi.
Kapitalizmin lap əvvəllindən bəri bütün kapital kimi klaud (bulud) kapital da kolossal istehsal və davranış-modifikasiya makinası olaraq düşünülə bilər. O, insanlara hökm etmək üçün sahibkarlarına fövqəladə alətlər və iqtidar bəxş edir. Lakin terrestrial və klaud kapital arasındakı oxşarlığın sona çatdığı, eyni zamanda klassik kapitalistlər və klaudistlər arasında müxtəlifliyin başladığı məqam məhz buradır.
Hökm etmək və digər insanları daha sürətlə işlətmək, daha çox istehsal etdirmək məqsədilə kapitalın iqtidarını icra etmək üçün kapitalistlərin menecerlər və marketerlərə ehtiyacı var idi. Xüsusən də, post-müharibə texno-strukturunun himayəsi altında bu iki xidmət peşələri bankerlər və sığorta brokerlərindən daha böyük şöhrət qazandılar.
Klaud kapitalın meydana çıxması ilə həm marketer, həm menecer rolu avtomatlaşdırıldı. Kapitalın işçilərə və istehlakçılara əmr etmək (onların itaətini qazanmaq) iqtidarı alqosa təslim edildi. Bu, avto-işçilərin industrial robotlar ilə əvəz olunmasından daha çox inqilabi addım idi. Hər şeydən əvvəl, industrial robotlar işçi sinfini lüzumsuz etməklə yanaşı, onların həyatını səfilləşdirdi. Lakin gerçək parçalanma fabrikdən, mağazadan və ya offisdən kənarda kapitalın insanlara əmr etmək iqtidarının avtomatlaşması ilə baş verdi. Bununla da, hər birimiz klaud proletarlara, klaud kapitalın birbaşa (həm də ödəniş edilməyən) xidmətində olan klaud təhkimlilərə çevrildik.
Klaud kapitalın yüksəlişi kapitalın əmək, cəmiyyət və katastrofik olaraq təbiət üzərində zəfərini möhkəmləndirdi və kolossal şəkildə genişləndirdi. Bununla, klaud kapital kapitalizmi öldürməklə texno-feodal bir sistem yaratdı.
Bulud kapitalın təməlində avtomatlaşdırılmış davranış-modifikasiya vasitələridir. Bu o deməkdir ki, süni intellekt və alqoritmlər vasitəsilə insanın davranışlarına nəzarət olunur və idarə edilir. Klaud kapital ilk öncə diqqətimizi cəlb etməyə, ardınca arzularımızı inşa etməyə, daha sonra isə arzularımızı tətmin edə bilməyimiz üçün məhsullar satmağa çalışır. Alqoritmlər müəyyən məhsulları arzulamağımızı və onları istehlak etməyimizi təmin edir. Bununla yanaşı, bu alqoritmlər artıq işçiləri də izləyir, konstant müşahidə rejimi yaradır.
Bulud sərmayəsi bizim ödənişsiz əməyimizdən istifadə edir və məhz onunla böyüyür. Bir qrup texno-feodal lordlar klaud kapitala nəzarət edirlər. Bulud kapitalı bizim davranışlarımızı biçimləndirərkən bizim sosial mediada yaratdığımız datalardan, rəqəmsal “identikliyimiz”dən istifadə edərək bunu həyata keçirir. Beləliklə də, insanlar lordları üçün ödənişsiz olaraq işləyən təhkimlilərə çevrilir.
Klassik feodalizmdə təhkimlilər torpağa bağlı idilər və yaşamaq üçün o torpaqda istehsal edirdilər. Feodallar da onların istehsalının müəyyən bir qismini onlardan alırdı.
Varufakis bildirir ki, fiksional qəhrəman Don Dreyper klaud kapitalın öz reproduksiyası, möhkəmlənməsi və mühafizəsi uğrunda bizi necə işlətdiyindən dəhşətə gələrdi. Klaud kapital smart softveyr, minlərlə mil optik fiberdən, server klasterlərindən və mobil baza stansiyalarından ibarətdir. Klaud kapital stokunun ən dəyərli hissəsi onun fiziki komponentləri deyil, Feysbukda paylaşılan hekayələr, Tiktok və Yutuba yüklənilən videolar, İnstaqrama yüklənən fotolar, Amazonda edilən baxışlar və ya mobil telefonlarımıza Qooql xəritələrdən istifadə etməyə icazə verməklə məkanda hərəkətimizdir. Bu hekayələri, videoları, fotoları, hərəkətləri təmin etməklə klaud kapitalın stokunu produksiya və reproduksiya edən məhz bizik.
Bu, misligörünməmiş bir şeydir. General Electric, Exxon-Mobile, General Motors və ya digər böyük konqlomeratların maaşlar və ödənişləri şirkətin gəlirinin 80 %-ni əhatə edir. Bu faiz nisbəti kiçikölçülü şirkətlərdə daha da artır. “Big Tech”in (böyük texnologiya şirkətləri) işçilərinin ödənişi isə əksinə, şirkət gəlirlərinin 1 %-dən daha azını təşkil edir. Bunun səbəbi odur ki, ödənişli əmək “Big Tech”in əsaslandığı işin kiçik bir fraksiyasını icra edir. İşin böyük bir hissəsi milyardlarla insanlar tərəfindən ödənişsiz şəkildə icra edilir.
Sözsüz insanların mütləq əksəriyyəti bunu etməyi özləri seçir, hətta bundan zövq alırlar. Fikirlərimizi və həyatımızın intim detallarını rəqəmsal tayfalarımız və ya topluluqlarımız ilə bölüşməyimizin bizim pervert ekspressiv ehtiyacımızı tətmin etdiyi zənn edilir. Şübhəsiz ki, feodalizmdə əcdadlarının torpağında ağır zəhmətlə çalışan böyük çətinliklərdən əzab çəksə də, həyat yolunun ondan ayrılması onun üçün arzuolunmaz idi. Bu gün də, eyni acı reallıq davam edir. Məhsul yığımının sonunda torpaq lordu təhkimlilərə heç nə ödəmədən onların istehsal etdiklərinin ən böyük hissəsini ekstraksiya etmək üçün bir şerif göndərir. Bu, fərqində olmadan klaud kapital istehsal edən milyardlarla insanın ən adekvat şəkildə təsvir oluna biləcək halıdır. Bizim bunu könüllü, hətta xoşbəxtcə etməyimiz faktı ödənişsiz istehsalçılar (gündəlik olaraq öz-özlərini yönləndirdikləri ağır işlərinin Kaliforniya və ya Şanxayda məskunlaşan multimilyarderləri zənginləndişdirdiyi klaud təhkimlilər ) olduğumuz faktından qaynaqlanmır.
Ən önəmli nöqtə məhz buradır. Rəqəmsal inqilab ödənişli işçiləri alqoritmik ağaların görünməz hökmranlığı altında getdikcə təhlükə dolu və stressli həyat yaşayan klaud proletarlara çevirməkdədir. O həmçinin Don Dreyperi Aleksa kimi incə “teybltop” qadcetlərinin arxasında gizlənən qeyri-adi davranış modifikasiya alqoritmləri ilə əvəz etmiş ola bilər. Lakin klaud kapital barəsində ən önəmli nüans bu deyil. Klaud sərmayənin unikal nailiyyəti onun öz reproduksiyasını inqilabiləşdirdiyi üslubdur. Onun insanlığın başına gətirdiyi gerçək inqilab heç nə müqabilində milyardlarla insanın (sahiblərinin – Bezos, Mask və s. faydasına) klaud kapitalın reproduksiyası üçün könüllü şəkildə çalışmasıdır.
Varufakis bildirir ki, “amazon.com”a daxil olduqda, sən kapitalizmdən çıxmış olursan. Burada baş verən bütün alış və satışlara rəğmən, sən bazar, hətta rəqəmsal bazar olaraq belə düşünülə bilməyən bir sferaya daxil olursan. O mühazirələr və debatlarda tələbələrinə bunu belə izah edir: “bir elmi-fantastik hekayədən belə bir səhnə təsəvvür edin. Qedcetlər, kitablar, paltarlar, ayaqqabılar, oyunlar, filmlər və s. ticarətini edən çoxsaylı insanlarla dolu bir biznes şəhərinə gözləriniz parıldayaraq baxırsız. İlk baxışda, hər şey normal görünür, qəribə bir şeyi fərq etməyə başladığınıza qədər. Aydın olur ki, bütün mağazalar, bütün binalar Cefə məxsusdur. O, mağazalarında satılan şeyləri istehsal edən fabriklərə sahib olmaya bilər, lakin o nəyin satıla və ya satıla bilməyəcəyinə qərar verən bir alqoritmə sahibdir. Bu qəribə şəhərdə gördüyün və görmədiyin hər şey Cefin alqoritmi ilə tənzimlənir. Sən və mən bir-birimizin yanında gəzintiyə çıxa bilərik, gözlərimiz eyni istiqamətə nəzər yetirə bilər. Lakin bizə alqoritm tərəfindən təmin edilən görünüş Cefin prioritetlərinə uyğun olaraq sifarişlə hazırlanmış, ehtiyatla kurasiya edilmişdir. Cefdən başqa, “amazon.com”da yol yürüyən hər kəs alqoritmik olaraq kostruksiya edilmiş izolyasiyada sərgərdan gəzir.
Bu bir bazar şəhəri deyil, o hətta müəyyən bir hiper-kapitalist rəqəmsal bazar şəhəri də deyil. Və ya hətta bazarların ən pisi belə insanların azad şəkildə interaksiya qurduğu və informasiya mübadiləsi etdiyi görüş yerləridir. Cefin bazarı isə total şəkildə inhisara alınmış bazardan belə daha pisdir. Çünki orada belə alıcılar bir-birilə danışa, inhisarçını qiymətini aşağı salmağa və keyfiyyəti artırmağa vadar edəcək istehlakçı boykotunu təşkil edə bilər. Lakin Cefin domenində belə bir şey mümkün deyil. Çünki burada hər şey və hər kəsə bazarın mənfəət güdməyən “görünməz əli” tərəfindən deyil, Cefin son qərarı və sözü üçün çalışan, onun “musiqisi ilə rəqs edən” bir alqoritm tərəfindən vasitəçilik edilir.
Varufakisə görə, amazon.com bizdə spesifik məhsulların satın alınmasına yönəlmiş arzular implantasiya etməkdən daha çox, şef Cefin iqtidar və sərvətinin artırılması naminə, istənilən potensial rəqibi neytrallaşdırmaqla deyilən məhsulları ani bir sürətlə qapımıza çatdıracaq super-güc əldə edib. Və belə bir konsentrasiya olmuş iqtidar liberal düşüncəli hər kəsi gündəlik olaraq qorxutmalıdır. Liberal bazar və muxtar fərd ideyasına bağlı olan hər kəs klaud kapitalın onun əcəl zəngi olduğunu qəbul etməlidir.
Tələbəsinin “əgər bu kapitalist bazar deyilsə, amazon-a daxil olduğumuz zaman içərisinə girdiyimiz şirin Lordun adı nədir?” sualına cavab olaraq Varufakis “bir növ rəqəmsal iqta” cavabını verir. Tarixi kökləri feodal Avropasına gedən, lakin inteqrallığı bu gün klaud əsaslı kapitalın futuristik, distopiyan növü tərəfindən qorunulan post-kapitalist iqta. Feodalizmdə lord “vasallar” adlandırılan təbəələrinə iqta torpaqları paylayırdı. Bu iqtalar vassallara Lordun mülkiyyətinin bir hissəsini iqtisadi olaraq istismar etmək üçün formal hüquq verirdi. Təbii ki, istehsal etdiyi məhsulun müəyyən bir hissəsini özünə götürmək şərtilə. Cefin “amazon.com”dakı satıcılar ilə münasibəti heç də bundan çox fərqli deyil. O, satıcılara pulsuz şəkildə rəqəmsal iqtalar bəxş edir və daha sonra nəzarət və onların mənfəətindən rentasını toplamaq işini alqo-şerifinə həvalə edir.
Amazon sadəcə bir başlanğıc idi. Eyni texnikaları tətbiq edən Alibaba da Çində oxşar klaud iqta yaratdı. Amazon sayağı variasiyalar təklif edən Copycat e-ticarət platformaları həm Qlobal Cənub, həm də Qlobal Şimalda sürətlə inkişaf etməkdədir. Digər sənaye sahələri də klaud iqtalara çevrilməkdədir. Məsələn, Tesla. Maliyyəçilərin bu maşına Ford və Toyotadan daha yüksək dəyər vermələrinin səbəbi onun hər bir dövrəsinin klaud kapitala qoşulu olmasıdır. Əgər sürücü maşını şirkətin arzu etdiyi kimi istifadə edə bilməsə, şirkətin onu uzaqdan söndürə bilmə gücü ilə yanaşı, Tesla sahibləri şirkətin klaud sərmayəsinə anlıq, real zaman informasiyası yükləyirlər. Onlar özlərini klaud təhkimlilər olaraq deyil, yeni, aerodinamik olaraq parıldayan Teslaların qürurlu sahibləri olaraq görürlər.
Beləliklə, anbarlarda, sürücü kabinalarında, ərzaq çatdırılmalarında əzabla çalışan işçilər klaud proletariatlar halına gəlir, bazarların getdikcə klaud iqtalar tərəfindən əvəzləndiyi, bizneslərin vassallar roluna tabe edildiyi bir dünya yaradılır. Nətiəcədə, bizim hamımız davamlı olaraq klaud kapital istehsal edən smartfonlara və tabletlərə yapışdırılmış klaud təhkimlilərə çevrilirik.
Possessiv fərdiyyətçilik hər zaman mental sağlamlığa zərərli olub. Texnofeodalizm liberal fərdi bazardan qoruyan sığınacaq təmin edən hasarı dağıtmaqla hər şeyi daha da pisləşdirdi. Klaud kapital fərdi alqoritmlərinin manipulyasiya edə bildiyi kliklər tərəfindən ifadə olunan seçimlərdən ibarət bir “identikliy”ə, data fraqmentlərinə parçaladı.
Rentanın mənfəət üzərində zəfəri
Varufakis yazır ki, mənfəət hər zaman hər bir kapitalistin ambisiyası, hər bir satıcının məqsədi, daha komfortlu həyat uğrunda mübarizə aparan hər kəsin aspirasiyası olub. Lakin bu gün kapitalın akkumulyasiyası mənfəətlərdən ayrıldı, Bretton Vuds sisteminin ağır zəhməti yüksək həyat standartlarından ayırdığı kimi. Kapitalizmi mənfəətdən qoparmaq mərkəzi bankların məqsədi deyildi. Onlar sadəcə olaraq özləri üçün yaratdıqları tələyə düşmüşdülər. 2008-ci il qlobal maliyyə böhranının panikası “investisiya qoymaq üçün pul” tələbini tam olaraq öldürdü. Bu da, faiz dərəcələrini alt-üst edən ifrat pul pompalanmasına səbəb oldu. Faiz dərəcələri düşdükcə, investisiya etmənin dəlilik olduğuna inanan investorların sayı da artırdı. İnkişaf etmiş ölkələrin trilyon dollarla pulu maliyyə sektoruna axıtmağa davam etdirmələri nəticəsində bu proses daha da şiddətləndi və % dərəcləri sıfıra və hətta sıfırın da altına endi.
Konqlomeratlar və hökumətlər faizdən azad borclara arxalandıqca, inkişaf etməkdə olan ölkələrdə şirkətlər hökumətlərdən daha çox borclandıqca (2010-cu ilin sonuna qədər onların borcu 2 trilyon dolları aşmışdı) mərkəzi banklar bir dilemma qarşısında qaldı. Ya pul kranının ağzını bağlamalı idi (bu, maliyyələşmiş kapitalizmi partlatmaq anlamına gəlirdi) ya da bir möcüzənin meydana çıxacağı ümidilə sistemə pul pompalamağa davam edəcəkdi. Reallıqda isə bu kapitalizmin motivasional iqtidarı olaraq mənfəətin əvəzlənməsini asanlaşdırırdı. Təəccüb doğurmayacaq şəkildə onlar ikincini seçdilər. 2009-cu ildən bəri G7 ölkələri birlikdə 35 trilyon dollar pul çap etdilər və bu pul maliyyə sektoruna inyeksiya edildi.
Mərkəzi bankların iztirabı klaudalistlərin sevinci idi. Məhz bu dövrdə Bezos və Mask kimi antreprenyorlar kapitalistlərin genişlənmək üçün ənənəvi olaraq etməli olduqları üç şeyə – müəyyən bir bankdan borc pul almaq, biznesinin müəyyən hissəsini özgələrinə satmaq və ya yeni kapital stokunu ödəmək üçün daha böyük mənfəət hasil etmək – ehtiyac duymadan ultragüclü, super-bahalı klaud kapitallarını qurmağa nail oldular. Əgər mərkəzi bankların pulu azad şəkildə üzürdüsə, bu üç şeyi etməyə çalışmağa nə zərurət var idi?! Nəticədə, 2010-2021-ci illər ərzində Mask və Bezosun real sərvəti 10 milyon dollardan 200 milyard dollara yüksəldi.
Əslində, mərkəzi bankların pulu birbaşa olaraq klaudalistlərə getmədi. İlk əvvəl o, banklar vasitəsilə ənənəvi konqlomeratların menecerlərinə getdi. Kütlələrin yoxsullaşmasından qəzəblənən bu menecerlərin iqtisadiyyatın real vəziyyətini də müşahidə etməklə real yatırıma istehza ilə baxmağa və öz hissələrini geri almağa başladılar. Bununla, onlar ətraflarındakı hər bir avuarın – hissələr, bondlar, derivativlər – qiymətlərini qaldırdılar. Şirkətlərin hissələrinin qiymətləri uçarkən varlılar daha da zənginləşdi.
Ardınca gələn kakofoniyada terrestrial kapitalistlər – avtomobil istehsalçılar, neft korporasiyaları və bənzərləri – getdikcə artan sərvətlərini real mülklərə və ya digər ənənəvi varlıqlara çevirməklə onun üzərində oturmaqdan xoşbəxt idilər. Lakin Bezos və Mask kimi klaudalistlər öz maddi sərvətlərini daha böyük dəyər ekstraktoruna – klaud kapitala sürətlə çevirməyə başladılar. Onların hər ikisi anlayırdı ki, mənfəət qeyri-adekvatdır və mühüm olan total bazar dominantlığı yaratmaq fürsətini ələ keçirməkdir.
2021-ci ildə Qoldman Saks “Non-Profitable Technology İndex”i dərc etməklə maliyyə dünyasını şoka saldı. Bu indeks kapitalizmin mənfəətdən emansipasiyasını mükəmməl şəkildə təsvir edirdi. İndeksə görə, 2017 və 2020-ci ilin əvəlləri arasında klaudalist şirkətlərin hissə dəyəri 200 % artmışdı. Pandemiyanın ortasına qədər onların dəyəri 2017-ci il səviyyəsindən 500 % daha çox idi. Amazonun tarixində ən yaxşı il olan 2020-ci il ərzində şirkətin qlobal iqamətgahlarında kitab satışı 44 milyard dollar dəyərində olmuşdu. Lakin onun ödədiyi vergi sıfır idi. Çünki bir sent mənfəət belə elan etməmişdi. Oxşar şəkildə, Teslanın da hissə dəyəri 2020-ci ilin başlanğıcında 90 dollar idisə, həmin ilin sonunda bu qiymət 700 dolları aşmışdı.
Klaudalistlər maliyyə sistemində ətrafa sıçrayam milyardlarla dollar vəsaiti silib-süpürmüşdü. Onlar bunu server klasterlərinə, fiber optik kabellərə, süni intellekt laboratoriyalarına, qarqantuan depolara, softveyr developerlərə, ən yaxşı keyfiyyətli mühəndislərə, startaplara yatırdılar. Mənfəətin opsional olduğu bir mühitdə, klaudalistlər – texnofeodallar yeni imperiya qurmaq üçün mərkəzi bankların pullarına əl qoydular.
Kapitalizm, mənfəət rentanı məğlub etdiyinə görə dominantlıq qazandı. Bu tarixi zəfər produktiv iş və mülkiyyət hüquqlarının müvafiq olaraq əmək və səhm bazarları vasitəsilə satıla bilən əmtəələrə transformasiyası ilə üst-üstə düşür. Bu sadəcə iqtisadi qələbə deyildi. Renta vulqar istismar anlamına gəlirdisə, mənfəət dalğaları bazarlarda cəsarətli və risklər ala bilən iş adamlarına bir mükafat olaraq əxlaqi üstünlüyə sahib idi. Mənfəətin zəfərinə rəğmən, əcdadlarımızın DNT qalıqlarının insan DNT-sində sağ qalması kimi, renta də kapitalizmin qızıl əsrindən sağ çıxa bilmişdi.
İkinci Dünya Müharibəsindən sonra, renta vəziyyəti mənfəət əsaslı kapitalizmdən sağ qurtula bilməkdən daha da yaxşılaşdı. O, nəhəng resursları, istehsal potensialı və bazar əlçatanlığı ilə post-müharibə dövründə meydana çıxan texno-strukturun tərkibində bir dirçəliş yaşadı. Texno-struktur tərəfindən işlədilən innovativ marketerlər və reklamçılar buna brend loyallığı yaratmaqla nail oldular. Brend loyallığı brend sahiblərinə müştərilərini itirmədən qiymətləri qaldırmaq imkanını təmin etdi.
Əgər 1950-ci illərdə brendinq rentaya ilk çiçəklənmə şansını vermişdisə, klaud sərmayənn meydana çıxması ona mənfəət kapitalizmindən intiqam almaq fürsətini təmin etdi. Epple şirkəti burada öncül bir rol oynadı. Gözəl dizaynlı və istifadəçi-dostu desktoplar, noutbuklar və Aypodlar satmaqla Maykrosoft, IBM, Soni və digər rəbiqlərlə rəqabətdən uğurla çıxan Eppl kolossal miqdarda brend rentanı əldə etmişdi. Lakin onu trilyon dollarlıq şirkətə çevirən Ayfon telefonları deyil, klaud renta idi. Varufakis bildirir ki, Eppl şirkətini gücləndirən və şöhrətləndirən faktor Eppl stordur. Məhz Eppstor ilə üçüncü tərəf tətbiq yaradıcılarına öz tətbiqlərini nümayiş etdirmələri üçün bir məkan yaradıldı. Eppstorun marketinqini icra etdiyi tətbiqlərin yaradıcılarından Eppl şirkəti öz payını, yəni rentasını alır. Bununla şirkət ağır əməyi minlərlə arzuolunan tətbiqlər formasında Ayfon sahiblərinə müstəsna imkanlar bəxş edən vassal kapitalistlər və ödənişsiz fəhlələr ordusunu yaratdı. Eppl mühəndisləri özbaşlarına belə həcmdə və müxtəliflikdə tətbiqlər yarada bilməzdi.
Dünyada sürətlə ən arzuolunan smartfona çevrilən Ayfon heç bir başqa smartfon şirkətinin təmin edə bilmədiyi potensiallar və həzzlər vistasına bilet anlamına gəlirdi. Digər şirkətlər daha sürətli, daha gözəl, daha ucuz smartfonlar istehsal etməyə çalışsalar da, bu artıq önəmli deyildi. Eppstora qapıları açan yalnız Ayfon idi. Rəqabətcil olmaq üçün Epplın üçüncü tərəf developerlərinin, əsasən partnyorlar və ya kiçik kapitalist firmaların Eppstor vasitəsilə əməliyyat aparmaqdan başqa seçimi yox idi. Qiymət? Onlar bütün gəlirlərinin 30 %-ni renta olaraq Eppl şirkətinə ödəməli idilər. Beləliklə, birinci klaud iqtanının (Eppstor) bərəkətli torpağından bir vassal kapitalist sinif meydana çıxdı.
Digər yalnız bir konqlomerat xeyli sayda developerləri öz bazarı üçün tətbiqlər yaratmağa inandıra bildi. Bu, Qooql şirkəti idi. Ayfonun gəlişindən daha əvvəl, Qooqlun axtarış mühərriki Gmail və Yutubu, daha sonra isə Qooql Drayv, Qooql Maps və digər onlayn xidmətləri ehtiva edən klaud imperiyanın özəyinə çevrilmişdi. Özünün artıq var olan dominant klaud sərmayəsini istismar etmək üçün Qooql Eppldan daha fərqli strategiya izlədi. Ayfon ilə rəqabət üçün bir smartfon cihaz istehsal etmək əvəzinə, o, istənilən istehsalçının (Soni, Samsunq və s.) smartfonuna pulsuz şəkildə yerləşdirilə bilən bir əməliyyat sistemi – Android – yaratdı. Ideya ondan ibarət idi, əgər Eppl şirkətinin rəqibləri onu telefonlarına yerləşdirsə, Androiddə əməliyyat aparan smartfonların hövzəsi o qədər genişləcək ki, bu da üçüncü tərəf developerləri sadəcə Apple store üçün deyil, eləcə də Android üzərində çalışan yeni bir bazar üçün tətbiqlər istehsal etməyə həvəsləndirəcək. Bununla da, Qooql Epplstora yeganə ciddi alternativ olan Qooql Pleyi yaratdı.
Bu reallığa müqavimət göstərə bilməyən smartfon şirkətlərinin vassal kapitalist smartfon istehsalçıları rolunu qəbul etməyə vadar oldular. Nəticə, iki dominant klaudalist korporasiya ilə qlobal smartfon sənayesi idi. Bu iki konqlomeratın sərvətinin çox mühüm bir hissəsi üçüncü tərəf developerlərin ödənişsiz əməyinin satışlarından hasil olunur. Bu, gəlir deyil, torpaq rentasının ekvivalenti olan klaud rentasıdır.
Eyni şəkildə, böyük və ya kiçikhəcmli, güclü və ya nisbətən zəif olmasından asılı olmayaraq bu gün bütün vassal kapitalistlər satışlarını maksimallaşdırmaq üçün Amazon, Ebay, Alibaba kiçik e-ticarət platformalarından asılıdır və onların klaud rentasını böyüdürlər.