Amerikalılar növbəti prezidenti seçmək üçün 2024-cü ilin noyabrında seçki məntəqələrinə gedəcəklər. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-ın 47-ci prezidenti seçiləcək.
Seçkiqabağı ictimai rəy sorğuları da diqqətdədir. ABŞ-da seçkilərlə bağlı ictimai rəy sorğusuna etimad 2016 və 2020-ci illərdəki xətalarla sarsılıb. Hər iki ildə keçirilən ümumi seçkilərdə bir çox sorğular Donald Tramp da daxil olmaqla, Respublikaçı namizədlərin gücünü lazımınca dəyərləndirə bilməyib. Bu xətalar sorğu anketlərinin bəzi real məhdudiyyətlərini üzə çıxarıb.
Həmin seçkilərdən sonra keçirilən aralıq seçkilərdə sorğular daha yaxşı nəticə göstərib. Lakin bir çox amerikalılar onların ictimaiyyətin siyasi seçimlərinin dəqiq portretini çəkə biləcəyinə şübhə ilə yanaşır.
İnsanların anketlərə olan inamını bərpa etmək mühüm məqsəddir, çünki güclü və müstəqil ictimai rəy sorğuları demokratik cəmiyyətdə mühüm rol oynayır. Onlar ictimaiyyətin rifahı və vətəndaşların əsas məsələlərə baxışları haqqında məlumatları toplayır və yayır. Bu sorğular iqtidarda olan və ya hakimiyyətə can atan insanlar “xalqın nə istədiyi” ilə bağlı iddialar irəli sürdükdə, onlara mühüm əks çəki yaradır.
Seçki sorğuları necə tərtib olunur?
Sorğularla bağlı dərin biliyə malik tədqiqatçılar 2016 və 2020-ci ildə ortaya çıxan problemləri həll etmək üçün çalışır, əvvəlkindən artıq məlumat mənbələri və müsahibə yanaşmalarını sınaqdan keçirirlər. 2022-ci ildən bəri bu sahədə dəyişikliklər davam edir.
Dəyişikliklərdən biri aktiv sorğu təşkilatlarının sayının əhəmiyyətli dərəcədə artmasıdır ki, bu da seçki sahəsinə daxil olmaq üçün daha az maneələrin olduğunu göstərir. Milli seçki sorğuları keçirən təşkilatların sayı 2000-2022-ci illər arasında iki dəfədən çox artıb.
İkinci dəyişiklik ondan ibarətdir ki, ehtimal seçmələrindən istifadə edən daha mühüm sorğu təşkilatlarının çoxu, o cümlədən Pew Araşdırma Mərkəzi sorğuları əsasən telefonla keçirməkdən onlayn metodlara və ya onlayn, poçt və telefon birləşməsindən istifadə etməyə keçib. Nəticə ondan ibarətdir ki, sorğu metodologiyaları keçmişlə müqayisədə indi daha müxtəlifdir. Getdikcə tədqiqatçılar anlayırlar ki, bir anketin yaş, irq, cins kimi yalnızca bir neçə dəyişənə uyğun qiymətləndirilməsi doğru nəticələr əldə etmək üçün yetərli deyil. Mərkəzin 2016 və 2018-ci illərdə apardığı araşdırmalara görə, daha çox dəyişən üzərində tənzimləmə daha dəqiq nəticələr verir.
Bir sıra sorğu iştirakçıları bu dərsi ürəkdən qəbul ediblər. Məsələn, Gallup və The New York Times/Siena Kollecinin son yüksək keyfiyyətli sorğuları müvafiq olaraq 8 və 12 dəyişən üzərində qurulub. Pew Araşdırma Mərkəzinin sorğuları adətən 12 dəyişənə uyğunlaşır. Mükəmməl bir dünyada anketçinin bu qədər müdaxiləsinə ehtiyac yoxdur. Ancaq sorğu tədqiqatının real dünyası o qədər də mükəmməl deyil. Kimin səs verəcəyini proqnozlaşdırmaq çox vacib və çətindir. Seçkiqabağı sorğular adi rəy sorğularından fərqli olaraq mühüm problemlə üzləşir: sorğuda iştirak edən insanlardan kimin həqiqətən səs verəcəyini müəyyən etmək.
Seçki hüququ olan amerikalıların təxminən üçdə birinin seçkilərə böyük diqqət yetirməsinə baxmayaraq, prezident seçkilərində səs vermir. Kimin bitərəf qalacağını müəyyən etmək çətindir, çünki insanlar gələcək davranışlarını mükəmməl proqnozlaşdıra bilmirlər - və bir çox insanlar səs verməyi düşünməsələr belə, edəcəklərini söyləmək üçün sosial təzyiq hiss edirlər.
Seçki günü öncəsi seçicilərin profilini heç kim bilmir. Gənclərin həmişəkindən daha çox sayda iştirak edib-etməyəcəyini və ya əsas irqi və ya etnik qrupların bunu edəcəyini dəqiq demək mümkün deyil. Buna görə də anketyorlar tarixi datalara və cari seçki coşğusuna uyğun təxminlər etməyə çalışırlar. Bu, insanların gələcək niyyətlərini soruşmayan adi rəy sorğularından çox fərqlidir.
Əksər məsələlərlə bağlı ictimai rəy olduqca sabitdir, ona görə də insanların bu barədə nə düşündüyünü anlamaq üçün bir məsələ ilə bağlı son sorğuya ehtiyac yoxdur. Lakin dramatik hadisələr ictimai rəyi dəyişə bilər. Məsələn, bu yay keçirilən sorğular Co Baydenin prezident seçkilərindən geri çəkilməsindən sonra seçicilərin münasibətində nəzərəçarpacaq dəyişiklikləri üzə çıxardı. Önəmli hadisələrdən dərhal sonra keçirilən sorğular ictimai rəydə dəyişiklik yarada bilər, lakin bu dəyişikliklər bəzən qısamüddətli olur. Həftələr və ya aylar sonra keçirilən sorğular bizə bir hadisənin ictimaiyyətin psixikasına uzunmüddətli təsir edib-etmədiyini görməyə imkan verir.
Sorğular nə dərəcədə dəqiqdir?
Pew Araşdırma Mərkəzinin tədqiqatçıları bildirirlər ki, bu sualın cavabı sorğuların məqsədindən asılıdır. Anketlər kampaniyada kimin qabaqda və kimin geridə olduğunu göstərməklə yanaşı, hər cür məqsədlər üçün istifadə olunur. Ədalətli olub-olmamasına baxmayaraq, seçkilərin düzgünlüyü onun rəy sorğularının nəticələrinə nə dərəcədə uyğun olması ilə dəyərləndirilir. Bu standarta əsasən, 2016 və 2020-ci illərdə keçirilən sorğular zəif çıxış edib. Hər iki ildə ştatlar üzrə sorğu ciddi xətalarla səciyyələnir. Milli sorğular isə 2016-cı ildə kifayət qədər yaxşı nəticə göstərib, lakin 2020-ci ildə zəifləyib.
Sorğunun məqsədi ictimaiyyətin namizədlər haqqında müsbət və ya mənfi rəyinin olub-olmadığını təsvir etmək və ya hansı məsələlərin hansı seçicilər üçün vacib olduğunu göstərməkdirsə, 4 və ya 5 faizlik bir xəta o qədər də önəm kəsb etmir. Hətta son seçkilərdəki performansa görə qiymətləndirilsə belə, sorğular yenə də günün vacib məsələlərinə dair ictimai əhval-ruhiyyənin etibarlı mənzərəsini təmin edə bilər. Son 20 ildəki digər seçkilərlə müqayisədə, Donald Tramp səsvermə bülletenində olan zaman anketlər daha az dəqiq olub. 2016 və 2020-ci illərdə - Tramp seçkidə iştirak edən zaman seçkiqabağı sorğular, xüsusən də ştatlar səviyyəsində illərdə böyük xətalarla diqqət çəkdi. Lakin bu cür sorğular Trampın namizəd olmadığı 2018 və 2022-ci il aralıq seçkilərdə kifayət qədər yaxşı performans göstərib.
Son səkkiz ildə demokrat namizədlərə üstünlük verən xətalar siyasi qütbləşmənin artması, mühafizəkarlar arasında xəbər təşkilatlarına və sorğu keçirən digər qurumlara inamın azalmasının nəticəsi ola bilər. Səbəb nə olursa olsun, Trampın yenidən Respublikaçılar Partiyasının namizədi olması o deməkdir ki, anket tərtib edənlər əhalinin bütün təbəqələrinin sorğularda düzgün təmsil olunduğundan əmin olmaq üçün xüsusilə diqqətli olmalıdırlar. Problem ondadır ki, seçmə xətası sorğuya təsir edən yeganə səhv deyil. Digər xəta növləri, əslində, seçmə səhvindən daha böyük ola bilər. Nəticə etibarı ilə bildirilən xəta payı insanları sorğuların realda olduğundan daha dəqiqliyini düşünməyə vadar edə bilər. Bir sıra son tədqiqatlar göstərir ki, sorğunun təxminində orta ümumi xəta payı, seçmə xətasının payı ilə nəzərdə tutulandan iki dəfə böyük ola bilər. Bu gizli xəta ictimai rəy sorğularının yaxın seçkilərdə qalibi müəyəyn etmək üçün yetərincə dəqiq ola bilməyəcəyini vurğulayır.
Tədqiqatçılar eksperimental sübutlar tapıb ki, insanların bir namizədin qalib gələcəyinə inamı yüksək olduqda, onların səsvermə ehtimalı azalır. 2000 və 2016-cı il prezident seçkiləriçətin bir həqiqəti nümayiş etdirdi: ABŞ-da bütün seçicilər arasında ən böyük dəstək payına malik olan namizəd bəzən seçkidə məğlub olur. Bu iki seçkidə milli xalq səsverməsinin qalibləri (Al Qor və Hillari Klinton) Seçicilər Kollegiyasında (Corc Buş və Donald Trampa) seçkiləri uduzdular. Son illərdə analitiklər göstərdilər ki, Respublikaçı namizədlər Seçicilər Kollegiyasında xalq səsverməsindən bir qədər daha yaxşı nəticə göstərirlər.
Milli sorğuların önəmi
Bəziləri üçün bu, sual doğurur: əgər kimin qalib gələcəyini bizə söyləmirlərsə, milli sorğuların nə faydası var? Əslində, milli sorğular hansı ştatda yaşamasından asılı olmayaraq, bütün amerikalıların fikirlərini ölçməyə çalışır. Bir sözlə, milli sorğular bizə bütün vətəndaşların nə düşündüyünü deyir. Yalnız rəqabətli ştatlara yönələn sorğular isə digər ştatlarda yaşayan amerikalıların böyük əksəriyyətinin ehtiyaclarına və baxışlarına yetərincə diqqət etməmək riskini daşıyır - təxminən 80%. Xoşbəxtlikdən, sorğu aparanların əksəriyyəti dünyaya belə baxmır. Tanınmış politoloq Sidney Verbanın izah etdiyi kimi, “sorğular demokratiyanın təmin etməli olduğu şeyi – bütün vətəndaşların bərabər təmsilçiliyini ortaya qoyur”.