Gələcəyin qəbuledilməz mənzərəsi

05.09.2024

Təəsüflər olsun ki, qlobal münasibətər sistemindəki sərt yanaşmalar böyük problemləri öz həndəvərində daşımağa davam edir.

Qlobal imperializmin fəsadları 3 istiqamət üzrə kəskin formada özünü büruzə verir:

1) Ölkələrin təbbi sərvətləri Qərbin böyük korporasiyaları tərəfindən ələ keçirilir.

2) Savaş “toxumu” əkilən coğrafiyalar istismar edilir, təhlükəsizlik fobiyası yaradılır.

3) Qlobal miqrasiya bəşəri problematikanın zirvəsinə “yüksəlməyə” davam edir.

 

ABŞ-da yay aylarında aparılan tədqiqatlardan birində əmənəvi Qərb cəmiyyətləri və siyasi qərarvericilər arasındakı boşluqlar daha aydın göründü. Belə ki bu günün geniş miqrant köçlərinin səbəbkarları miqrant “tsunamisi” qarşısında çıxışı olmayan bir seçimlə üz-üzə qalıblar.

ABŞ-da 55% respondent immiqrasiya səviyyəsinin 2001-ci ildən bəri çox artdığını deyərək miqrasiyanın ən yüksək səviyyədə azaldılmasını istəyir. Hətta bəzi radikal sağ qruplar “Green Card” sisteminin veto edilməsinə qarşı ifrat mövqelər nümayiş etdirirlər.

Orta hesabla amerikalıların 42%-i miqrasiyasının azaldılmasına, 35%-i status-kvonun saxlanmasına, 18%-i isə immiqrasiyanın artırılmasına üstünlük verib. Nəzərə almalıyıq ki, 18 faiz kateqoriyasında böyük ehtimal Latın Amerika əsilli sakinlər üstünlük təşkil edib.

İmmiqrasiyanın azaldılması istəyi tərəflərə görə çox fərqli olsa da, hər üç qrup bir il əvvələ nisbətən daha az immiqrasiyaya üstünlük verir. Buraya respublikaçılar arasında 15 ballıq artım (88%-ə qədər), müstəqillər arasında 11 ballıq (50%-ə qədər) və demokratlar arasında 10 ballıq artım (28%-ə qədər) daxildir.

Beləliklə, həm də bu baxış iki mühüm komponenti də bir daha nümayiş etdirir: demokratlar və respublikaçılar bir çox məsələdə demək olar ki, ortaq mövqe nümayiş etdirir və hər iki siyasi qrupun iqtidarı dövründə miqrantlara qarşı kəskin addımlar atılacağını proqnozlaşdırmaq olur.

 

Yeni sorğu göstərir ki, amerikalılar immiqrasiyanı məhdudlaşdırmağa cəhd edəcək bir neçə təklifə üstünlük verirlər. Bu, əslində təkcə Amerikadakı ictimai rəyi özündə ehtiva etmir. Biz tədqiqatçı nöqteyi-nəzərindən sorğuları dəyərləndirəndə onun daha çoxvektorlu geopolitik nəticələrinin olacağını təxmin edirik. Onsuz da son bir neçə ildə Qərbi Avropa ölkələrinin qanunvericiliyi miqrantlara qarşı kəskin qanun sərtləşmələrinə gedib.

76 faiz ABŞ-ın əhəmiyyətli dərəcədə daha çox sərhəd patrul agentlərinin işə götürülməsinin tərəfdarıdır və 63 faiz ABŞ-ın cənub-qərb sərhədində sıxlıq yarandıqda prezident və daxili təhlükəsizlik katibinə şəxslərin sığınacaq istəməsini müvəqqəti qadağan etməsinə icazə verilməsinin tərəfdarıdır.

Bu, özü də ciddi bir həyəcan siqnalıdır, həmçinin bu sorğuların nəticəsinin praktiki olaraq gələcəkdə yalnız ABŞ-Meksika sərhədi ilə nəticələnəcəyini düşünmək də sadəlövhlük olar.

“Gallup” ötən illərdə bu immiqrasiya siyasətlərinin əksəriyyətinə ictimai dəstəyi ölçdü və o vaxtdan bəri miqrantlara qarşı məhdudlaşdırıcı addımlara dəstək artan xətt üzrə inkişaf edir. Bura sərhəd divarlarının genişləndirilməsi üçün 13 ballıq artım (53%-ə qədər) və ABŞ-dakı bütün mühacirlərin qeyri-qanuni şəkildə deportasiyası üçün 10 ballıq artım (47%) daxildir.

Daha bir maraqlı məqam isə odur ki, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 25 faizi deyir ki, namizəd öz səslərini təmin etmək üçün immiqrasiya ilə bağlı fikirlərini bölüşməlidir. Beləliklə, 2024-cü il seçkilərindən sonra Qərbdə “miqrant məsələsi” siyasi sistemlərin bir nömrəli gündəliyi halına gələcək. Bunun beynəlxalq insan hüquqları və dəyərlər prizması baxımından nə qədər vacib diskomfortluq yaradacağını təxmin etmək çətin deyil.

Araşdırma aparan ekspertlər Avropa ölkələri vətəndaşlarının da vurğuladığı miqrantların gəlişi ilə yarana biləcək “təhlükələri” bir neçə qrupda sistemləşdiriblər. Bunlardan birincisi “işsizlik qorxusu”dur. Yəni, “miqrantlar gəlsə, mənim ölkəmdə işsizlik artar, mən də işsiz qala bilərəm” qorxusudur. Beləliklə, sosial siyasətlə bağlı medianın rəngli təbliğatlarının əsassız olduğu bir daha məlum olur. Qərb cəmiyyətlərində həm də sosial müdafiə siyasətlərinə inamsızlıq mövcuddur.

Tədqiqatlar göstərir ki, miqrantlara qarşı münasibət müxtəlif ölkələrə görə, həmçinin yaş qruplarına və cinsə görə dəyişir. Bu, özü də zərərli tendensiyalar yaradır.

Dünyada haqq, bərabərlik çağırışları edən ölkələrin ksenofobiya, islamafobiya, neokolonializm, nifrət leksikonunu təbliğ etməsi və cəmiyyətlərində neqativ əhval-ruhiyyəni trend saxlaması gələcək 10 il ərzində ciddi qayğılar və dünya üçün təhdidlər yaradır.

Multikulturalizmi mənimsəyə bilməyən ölkələr bütün bəşəriyyət üçün təhlükələr yaratmağa davam edir.

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır