Bu gün tam sekulyar və relativist, post-Xristian AB-nin qlobal hökumətə bağlılığı respublikaçı amerikalıların müxalif olduğu anlayışlar və təşəbbüslərin meydana çıxmasına yol açıb. Bu gün Amerikada hər nə qədər akademik çevrələrdə və yeni sol-neoliberal elita daxilində geniş dəstəyi olsa da, “qlobal hökumət” ideyasına respublikaçı amerikalıların baxışı kifayət qədər fərqlidir. Başda Donald Tramp olmaqla, Ted Kruz, Vivek Ramasvami, Ron Desantis kimi siyasətçilər, habelə bir sıra siyasi kommentatorlar, kultural tənqidçilər bu baxışı təmsil edirlər. Mühafizəkar, yəhudi-xristian dini-kultural ənənələrinə daha çox bağlı olan respublikaçı amerikalılar neoliberalizm ilə iç-içə keçmiş Yeni Sola bağlı (kultural marksizm) “voukizm” (ABŞ-də meydana çıxan sosial ədalət və irqi-gender bərabərliyinə vurğu edən hərəkatlar üçün istifadə edilən bir “şəmsiyə termin”. Termin afro-amerikalıların yerli ingiliscəsindəki “oyaq qal” anlamındakı stay woke ifadəsindən törəyib) və “cancel culture” kimi kripto-ideologiyaların qatı əleydarıdırlar. O cümlədən, hökumət və siyasətə Avropa və respublikaçı amerikan baxışının emblematik ifadələri olaraq “The Federalist Papers”lər və BMT-nin Post-2015 İnkişaf Gündəliyi üzərində AB-nin bəyanatlarını müqayisə etmək doğru olardı.
BMT-nin Post-2015 İnkişaf Gündəliyi üzərində AB-nin bəyanatı siyasi səylər ilə ənənə və həqiqətin bağlarını aradan qaldırmaqla insan təbiətinin yenidən biçimləndirilə bilməsinə, onun plastikliyinə olan inancı ifadə edir. BMT-nin Millenium İnkişaf Məqsədlərindən meydana çıxan Post-2015 gündəliyi 2000-ci ildə başladılan və 2015-ci ilə qədər inkişaf etməkdə olan dünyanın transformasiyasını hədəfləyən nəhəng layihənin özəyini təşkil edirdi. 2015-ci ildən on ilə yaxın zaman keçsə də, uğrusuzluğunu dilə gətirməyən BMT öz veb-səhifəsində rifah, bərabərlik, azadlıq, ləyaqət və sülh uğrunda mübarizənin arasıkəsilmədən davam edəcəyini elan edir.
Post-2015 gündəliyi AB-nin varoluş səbəbinin fokus nöqtəsini təşkil edir: bir çoxlarının təsəvvür etməyə cəsarət belə etmədiyindən daha yaxşı dünya yaratmaq naminə qlobal hökumətin strukturlarını qurmaq. Beləliklə, Avropa Komissiyası “Hər kəs üçün Layiqli həyat” adlı sənədində qeyd edir: “Yoxsulluğun kökünü kəsmək və davamlı inkişafa nail olmaq cari və gələcək nəsillərin həyatını, eləcə də bütöv planetin gələcəyini təsiri altına alan fundamental qlobal çağırışlardır. Ümumbəşəri və bir-birilə əlaqəli olan bu çağırışlar bir qlobal cavab tələb edir. Bu məsələlərin ələ alınması güclü siyasi öhdəlik və bütün səviyyələrdə qərarlı fəaliyyətlər tələb edir”.
Qeyd olunan gündəliyin qloballaşmış və bir-birinə bağlı olan dünyamızı hərtərəfli ələ alması üçün uyğun olmalıdır. AB və onun üzvləri yeni transformativ post-2015 gündəliyi uğrunda konsensus yaratmaq üçün bütün partnyorlar və maraqlı tərəflər ilə inkluziv şəkildə işləmək öhdəliyinə bağlıdır.
Post-2015 gündəliyi balanslı şəkildə davamlı inkişafın 3 aspektini ehtiva etməlidir. Koherantlıq və sinerjini təmin etməli, məqsədlər və hədəflər xüsusunda bir-birinə bağlılıqları ələ almalıdır. Həmçinin, gündəliyin bütün insan hüquqlarını əhatə edən hüquqlar əsaslı olmasını təmin etməsi, mövcud çoxtərəfli razılaşmalar, konvensiyalar, öhdəliklər və prosesləri dəstəkləməsi də həyatı önəm kəsb edir.
Bu agenda heç kəsi kənarda buraxmamalıdır. Xüsusilə də, o heç bir diskirminasiya olmadan, ən əlverişsiz və həssas durumda olanların – uşaqlar, yaşlılar və fiziki məhdudiyyətlilərin, üstəlik marginallaşdırılmış qruplar və aborigen xalqların ehtiyacları üzərində köklənməlidir. O həm də gənclərin aspirasiyalarına cavab verməlidir. Biz heç bir kəsin – etniklik, yaş, gender, din və ya inanc, irq və ya statusundan asılı olmayaraq – ümumbəşəri insan hüquqları və təməl iqtisadi imkanlardan məhrum edilməməsini təmin etməliyik.”
Burada siyasət və ya “hökumət” ümumbəşəir, qlobal, hər kəsi ehtivaedici və komprihensivdir. Coğrafi və ya aspirasional heç bir qadağa, yaxud məhdudiyyət yoxdur. Qlobal elitalar tərəfindən yerinə yetirilə bilən “ümumi xeyir”ə qarşı gələ biləcək yoxlama və ya balans mövcud deyil.
Qlobal hökumət Tanrı və ya obyektiv həqiqət üzərində mərkəzləşməyən bir inancdır. Əvəzində. Bu inanc sanki bir xilasedici gücə sahib imiş kimi siyasət və “hökumət”in müqəddəsləşdirilməsinə çağırış edir. AB-nin Post-2015 Gündəliyi üzərində bəyanatları köhnə qitənin kollektiv yaddaşından hələ silinməyən müəyyən Xristian liturgiyasının ölməkdə olan qalıqları kimi oxunulan səlamət ümidinin mesajlarıdır. Qlobal hökumətə inanc postmodern Avropanın tanrısızlığının yaratdığı ümidsizliyin qara vakuumunu doldurmaq cəhdidir.
AB-nin utopian vizyonu bir “inanc bağlılığı”dır. O, dini mənsubiyyəti olmayanlar bir kənara, özünü “xristian” olaraq identifikasiya edən və kilsə mərasimlərində iştirak edənlərin belə ən azı 40 %-nin (hətta Belçika, Danimarka, Fransa, Britaniya kimi bəzi Qərbi Avropa ölkələrində bu göstərici 65 %-80 % arasındadır) eynicinslilərin evliliyini və leqal abortu dəstəklədiyi[1] post-Xristian Avropada Tanrıya müraciət etmədən kəfarət ümidini xilas etmək cəhdidir. Maarifçilik modernliyi Avropada ənənəvi Xristianlığın sonunun başlanğıcı olmuş ola bilər, lakin o ümid ehtiyacını, bu dünyadan daha yaxşı dünyanın ola bilməsinə olan şiddətli arzunu yox edə bilmədi. Beləliklə, Maarifçilikdən Marksizmin siyasi utopiyası doğuldu. Modernliyə qarə Nitzşeist üsyandan faşizm və nasizm doğuldu. Və XX əsrin qanlı müharibələrindən, ağlasığımaz cinayətlərindən utopian ümidin yeni tipini canlandıran, insan hüquqlarının yeni ehkamını mədh edən yumşaq utopik kredosu ilə “Avropa Birliyi” meydana çıxdı. Onun təməl hədəfi faşizm və kommunizmin cinayətlərini əsla təkrar etməyəcək bir qlobal hökumət qurmaqdır. Həm tarixi, həm də dərin anlamda dini səbəblərə görə qlobal hökumət inancı Avropa Birliyini motivasiya edən essensial qüvvədir. Bu vizyonu anlamadan və onu Avropa layihəsinin ağıl və ürəyi olaraq qəbul etmədən AB-ni başa düşmək qeyri-mümkündür.
Lakin Amerikanın respublikaçı Qurucu Atalarının “hökumət” anlayışına baxışı tamamilə fərqli idi. Bu, A.Hemilton, C.Medison və Con Cey tərərindən yazılan və 1787-88-ci illərdə seriyalı şəkildə çap olunan “The Federalist Papers”lərdə mükəmməl şəkildə öz əksini tapır. Onlar ABŞ-nin konstitusiyasının təməlində bəsirət və təcrübəyə böyük sayğını, prudensial realizmi və insan təbiətinə əqli-səlim yanaşmanı görürdülər. Hemilton qeyd olunan “Papers”lərdə “niyə ümumiyyətlə hökumətin institutlaşdırıldığını soruşur və cavab verir: “çünki insanların coşğuları məcburetmə olmadan ağıl və ədalətin diktələri ilə uzlaşmayacaq”. Göründüyü kimi, ABŞ-nin Qurucu Ataları arasında önəmli yerə sahib olan bu üç siyasi xadimin baxışlarında insan təbiətinin transformativ şəkildə biçimləndirilə bilməsi anlayışına yer yoxdur. Onlar bir siyası layihə vasitəsilə insani varlığın yeni növünü dizayn etmək cəhdini dəlilik olaraq qəbul edərdilər. Əksinə, bütövlükdə konstitusiyanın əsası hökuməti elə strukturlaşdırmaq idi ki, insan təbiətinin düzəldiləbilməz qüsurlarını (hakimiyyət ehtirası və ya ondan sui-istifadə) məhdudlaşdıra bilməli, eyni zamanda onun iqtidarını tarazılaşdıra və yaya biləcək qədər effektiv olmalı idi. İnsani varlıqlar və insan həyatının nəzarət edilməsi çətin nöqsanlarının realistik şəkildə qəbulu hökumətin strukturuna dair düşüncəsinin təməlini təşkil edir. Federalist 41-də qeyd olunur: “Seçim hər zaman Mükəmməl olmasa da, Daha Böyük Xeyir naminə edilməlidir və hər bir siyasi institutda ictimai xoşbəxtliyin tərəqqisinə çalışan iqtidar yanlış və ya sui-istifadəsinə qarşı əqli-səlim, tədbirli olmanı ehtiva edir. Buna görə də, onlar görəcəklər ki, iqtidarın bəxş olunduğu bütün hallarda ilk nüans belə bir iqtidarın ictimai xeyir üçün zəruri olub-olmamasına qərar vermək, ikincisi isə, hakimiyyət perversiyasına qarşı mümkün olduğu qədər effektiv şəkildə iqtidarı mühafizə etmək olacaq.
ABŞ konstitusiyasında hakimiyyət bölgüsü, nəzarət və balanslaşdırma hökumətin insan ruhunun transformativ liberasiyasını meydana gətirmək üçün strukturlaşdırılmasına görə deyil, bu ona görə dir ki, idarə olunanların coşğuları məhdudlaşdırılmalı olduğu kimi, özündən kənar limitasiyalara tabe olmadıqca idarə edənlər də öz iqtidarlarından sui-istifadə edəcəklər.
Müəlliflərinin inanclı xristianlar olub-olmamasına baxmayaraq, “The Federalist Papers”lərin antropologiyası Xristianlığa bağlıdır. Həm Medison, həm Hemilton, həm də Cey insan təbiəti barəsində bir obyektiv həqiqətin olduğunu qəbul edirdilər. Onlar böyük xeyirə qadir olsalar belə, insani varlıqların qüsurlu və məhdud olduqlarını, yanlışlığa yol vermə səciyyəsini aşa bilmədiklərini, və onların bu dünyada yalnız verilmiş imkanlar daxilində əlllərindən gələnin ən yaxşısını edə bildiklərini qəbul edirdilər.
Bu gün insan təbitəri və reallığı ilə bağlı bu təməl baxışlar respublikaçı amerikalıların dominant instinktiv baxışlarıdır. Onlar inanclı xristianlar olsalar və ya olmasalar belə, kultural olaraq Yəhudi-Xristiandırlar, düşüncələrindəki ABŞ da həmçinin.
İstinadlar: