Dünyada insanların maddi durumu və gözləntiləri

06.06.2024

COVID-19 pandemiyası, artan enerji və ərzaq ödənişləri və Ukraynadakı müharibənin təsirləri bütün dünyada hiss edilən yaşayış böhranına səbəb olub.

 

Ipsos beynəlxalq tədqiqatlar mərkəzi 32 ölkədə insanların maliyyə vəziyyətini və gələcəklə bağlı gözləntilərini vaxtaşırı araşdırır. Yeni araşdırmanın nəticələrinə əsasən, maliyyə cəhətdən mübarizə aparan insanların sayı yüksək olaraq qalır.

 

Sorğuda iştirak edən 32 ölkədən 29-da insanların əksəriyyəti inflyasiyanın normallaşmasının bir ildən çox vaxt aparacağını və ya artan qiymətlərin heç vaxt normala dönməyəcəyini düşünür. Fransa, Belçika və Hollandiyada bu fikirdə olanlar üstünlük təşkil edirlər.

Araşdırmanın keçirilməyə başladığı 2022-ci ildən bəri maliyyə durumunu çətin hesab edənlərin sayı az dəyişib (2022-ci ilin iyununda 29%, 2024-cü ilin aprelində 26%). Makroiqtisadi reallıqlar inkişaf etsə də, ABŞ, Kanada, Avstraliya və İtaliya hələ də iki il əvvəl olduğu kimi mübarizə apardıqlarını söyləyirlər. Bəzi ölkələrdə, xüsusən də, Şimali Avropada maliyyə cəhətdən rahat olduqlarını söyləyənlərin nisbəti artır.

 

“Qlobal İqtisadiyyat”ın durumu ölkələrdə qiymət artımına ən əsas təsir edən qüvvə kimi görülsə də (70%), respondentlərin 68%-i öz hökumətlərinin siyasətini günahlandırır. Bu məsələdə 20 ölkədə repondentlərin əksəriyyəti hökumətlərinin 2023-cü ilin noyabr ayı ilə müqayisədə inflyasiyanı daha da pisləşdirdiyini söyləyirlər.

 

Daha az adam öz ölkələrində inflyasiyanın artacağını düşünür. Respondentlərin 58%-i inflyasiyanın növbəti il ​​ərzində artmağa davam edəcəyini düşünür ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 17% aşağıdır.

 

Bundan əlavə, sorğuda iştirak edənlərin 48%-i  faiz dərəcələrinin artacağını düşünür. 2023-cü ilin noyabr ayından bu yana 12 ölkə bu istiqamətdə ikirəqəmli azalma müşahidə edib.

 

Gələcəyə baxsaq, respondentlərin 29%-i gələn il daha az pul xərcləyəcəklərini, 30%-i isə birdəfəlik gəlirlərinin artacağını düşünürlər. Bu rəqəmlər 2022-ci ildən bəri insanların hiss etdiyi bədbinliyin azaldığını göstərsə də, son 12 ayda çox az dəyişib.

 

Şəfanə İbrahimova

BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.