Yuxarıya
skip to main content

İnsan təbiətinin destruksiyasi: Avropa Birliyi və LGBTQI+ hüquqları (II hissə)

21.05.2024

AB siyasətində qadınların “sine qua non” hüququ seçim hüququdur, yəni abort hüququ. Öz bədəninə münasibətdə hər bir qadının istədiyini etməkdə mütləq muxtariyyəti hər şeyə -  zəif, məsum bir varlığın, doğulmamış uşağın həyat hüququ daxil olmaqla - üstün gəlir. Abortun üç üzv ölkə Malta, İrlandiya və Polşada illeqal olmasına yaxud da yüksək dərəcədə məhdudlaşdırılmasına rəğmən, AB institutları və rəsmiləri abortu qadın hüquqları sahəsində AB-nin fəaliyyətinin özəyinə çevirməyə nail olublar.

Bu, abort lobbisinin beynəlxalq legitimlik iddiasının məhəng daşlarından birinə çevrilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Aksiya Proqramı (1994-cü il, Qahirə), o cümlədən Qadınlarla bağlı Dördüncü Ümumdünya Konfransının Aksiya Platformasına (Pekin, 1995) AB-nin verdiyi vokal dəstəkdə özünü aşkar şəkildə göstərir. Qahirə agendası AB-nin qadınların cinsi və reproduktiv sağlamlığı ilə bağlı layihələri maliyyələşdirmək üçün leqal bazalarından birini təşkil edir. cinsi və reproduktiv sağlamlığa, habelə reproduktiv hüquqlar və ailə planlamasına təkrarən istinadları ehtiva edən Pekin Aksiya Platforması AB-nin Nazirlər Şurası tərəfindən təlimatlandırılıb və çoxsaylı yenidən baxış, o cümlədən dəyərləndirmə təcrübələrinin predmetidir.

Qahirə və Pekin bəyannamələri özlüyündə aborta açıq dəstək vermirlər. AB rəsmiləri də açıqca onu ifadə ediblər ki, Birliyin Qahirə bəyannaməsi və “reproduktiv sağlamlığ”a dəstəyi abortu özündə ehtiva etmir. Transatlantik Xristian Şurasının həmtəsisçisi, Kalvin Kollecinin tədqiqatçısı T.Heyzinqa bildirir ki, hər iki konfransda ən çox AB üzv dövlətləri abort hüququnun beynəlxalq insan hüququ elan edilməsini istəyib.

Abort aktivistləri bildirirlər ki, Qahirə və Pekindəki konfranslar, o cümlədən “reproduktiv sağlamlıq” kimi anlayışlar heç bir BMT razılaşmasında qeyd olunmama faktına rəğmən, abort hüququna dəstək anlamına gəlir. Burada, dilin agendanı inkişaf etdirmək üçün manipulyasiya edildiyini görürük. Rədd edilə bilməkdən qorunmaq naminə aydın definisiyalardan yayınılır. Aborta qarşı fəalların dilində “reproduktiv sağlamlıq” abort anlamına gəlməyə bilər, amma abort dəstəkçilərinin dilində bu həmişə belədir. AB-nin abort proponentlərinin ümumi hayqırışına çevrilən SRHR (Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqları) Qahirə və Pekin konfranslarının yekun bəyanatları ilə əlaqələndirilir. Sadəcə bir örnəyi qeyd edək. Qahirə konfransının 20-ci ildönümündə BMT-dəki AB nümayəndəsi çıxışı zamanı cinsi və reproduktiv sağlamlıq və hüquqlarına xüsusi diqqətlə yanaşıldığını bildirib. O əlavə edib ki, “AB və onun üzv dövlətləri bütün bütün insan hüquqlarının təşviqi, qorunması və icrasına, eləcə də Pekin Platformasının tam və effektiv yerinə yetirilməsinə bağlıdır. Beləliklə, Pekin və Qahirə Platformalarının bəyanatları AB-nin dilində abort hüquqları anlamını daşıyır.

Pekin və Qahirə platformalarına elan edilən dəstəyin fövqündə, AB-nin qadın hüquqları ilə bağlı siyasətinin nə olduğunu bilmək üçün pulu izləmək gərəkdir. AB dünyanın ən böyük inkişafa yardım təminatçılarından biridir, və onun inkişaf etməkdə olan ölkələrdə maliyyələşdirdiyi layihələrin əksəriyyəti abortu ehtiva edəcək şəkildə qadınların sağlamlığını yaxşılaşdırmaya yönəlir. Belə layihələri icra etmək üçün ayrılan AB maliyyəsinin əsas alıcıları dünyada iki mühüm abort təminatçılarıdır: Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyası (İPPF) və MSİ Reproduktiv Seçimlərdir (Marie Stopes İnternational). Gecikdirici taktikalara və Avropa Komissiyasının ört-bas etmələrinə rəğmən, European Dignity Watch (EDW) tərəfindən aparılan tədqiqat Kamboca, CAR, Banqladeş, Peru, Boliviya, Papua Yeni Qvineya və Qvatemala kimi ölkələrdə AB-nin MSİ və ya İPPF layihələri vasitəsilə on minlərlə abortları və abortla bağlı xidmətləri maliyyələşdirdiyini ortaya qoyur.

EDW hesabatı SRHR-in milyonlarla avro xərclənilən AB-nin inkişafa yardım büdcəsində “top” prioritet olduğunu göstərir. Hesabata əsasən, AB 2011-ci ildə ABŞ, Niderland və Britaniyadan sonra reproduktiv sağlamlığa rəsmi dəstəyin dünya üzrə ən böyük dördüncü dəstəkçisi olub.

AB rəsmiləri həmçinin HİV\QİÇS ilə mübarizəni də abort hüququnu təşviq etmək ilə əlaqələndirib. AB-nin inkişaf üzrə keçmiş komissarı Poul Nielson 2004-cü ilin iyunundakı çıxışında bütün standart parçaların hamısını bir yerə qoyur- HİV\QİÇS, yoxsulluğa qarşı mübarizə, Qahirə öhdəlikləri, reproduktiv hüquqlar və abortlar. Aborta açıqca vurğu etməkdən yayınan Nielson SRHR-ə “genişəhatəli yanaşma”ya istinad edərkən AB maliyyəsinin abort üçün istifadə edildiyini incə bir şəkildə qəbul etməklə bərabər, “qlobal siyasi mühit”, xüsusən də ABŞ-nin “Meksiko Siti Siyasəti”nin yaratdığı əngəllərə dərindən təəssüfünü ifadə edirdi: “Ailə planlaşdırması daxil olmaqla reproduktiv sağlamlıq xidmətləri HİV\QİÇS-ə əngəl olma və maternal sağlamlıqdan öncə gəlir. Avropa vətəndaş cəmiyyəti təşkilatları cinsi və reproduktiv hüquqlar məsələləri üzərində işləmək üçün oturuşub. Onlar ABŞ təşkilatlarında olduğu kimi cinsi və reproduktiv sağlamlıq hüquqları barəsində siyasi əngəlləmələr ilə məhdudlaşdırılmır. Avropa təşkilatları 1994-cü ildə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) irəli sürülən prinsiplərdən tam faydalana bilər. ICPD cinsi və reproduktiv sağlamlıq və hüquqlarına yeni, genişəhatəli yanaşmaya zəmin yaradan dönüm nöqtəsi hadisəsidir. İlk dəfə Qahirədə qlobal icma elan etdi ki, reproduktiv sağlamlıq, əhali və inkişaf məsələləri ilə bağlı səylərimizin mərkəzində qadınlar olmalıdır. AB Qahirə öhdəliklərini və onun tam icrasını dəstəkləyir.

Lakin Qahirənin Konfransının 10-cu ildönümündə bir neçə faktor ICPD məqsədlərinə nail olmanı təhdid edir. Xüsusilə, qeyd edirəm ki, inkişafa yardım fondları reproduktiv sağlamlıq xidmətlərini kifayət qədər təkmilləşdirmir. HIV\QİÇS pandemiyası sosio-iqtisadi strukturları darmadağın edir, və qlobal siyasi iqlim reproduktiv sağlamlıqdakı tərəqqiyə zərbə vurur. Bu kontekstdə, mən xüsusən də, prezident Buş tərəfindən yenidən gücləndirilən “Meksiko Siti Siyasəti”nə istinad edirəm. Reproduktiv sağlamlıq və informasiya xidmətlərinə, reproduktiv qərarlar qəbuletmə azadlığına əlçatanlıq olmadan yoxsulluq səviyyəsində mühüm azalmalar mümkün olmayacaq.”

“Meksiko Siti Siyasəti” ABŞ tərəfindən maliyyə yardımı alan bütün təşkilatlardan abortları icra etməmə və yaxud başqa ölkələrdə abortları təşviq etməməyi tələb edən bir siyasətdir. Lakin prezident Obama ilk prezidentlik icraatlarından biri olaraq bu siyasəti aradan qaldırdı. Beləliklə, Nielson “reproduktiv sağlamlıq hüquqları”, “ailə planlaşdırması”, “cinsi və reproduktiv hüquqlar”dan, habelə “Qahirə öhdəlikləri”ndən bəhs edərkən, o sadəcə aborta deyil, abortun “top” prioritet kimi düşünüldüyünə vurğu edirdi.

Avropa Parlamenti də SRHR-i dəstəkləməkdə çox mühüm rol oynayır, IPPF və MSI daxil olmaqla pro-abort təşkilatlarının koalisiyası bəyan edir ki, 2009-2014-cü illərdə AP-nin cinsi və reproduktiv sağlamlıq və hüquqları ilə bağlı səsvermələri onun dünyanın ən böyük inkişafa yardım dəstəkçisi kimi roluna davamlı olaraq bağlı qaldığını göstərir. Bu yardım Qlobal Sağlamlıqda - cinsi və reproduktiv sağlamlıq və hüquqlarında və yoxsulluq ilə bağlı olan və məhəl qoyulmayan tropikal xəstəliklərdə daha çox əhəmiyyətlidir. Avropa Parlamenti qeyd olunan dövrdə AB İnkişaf Siyasəti, insan hüquqları, Qahirə agendası və BMT-nin Millenium İnkişaf Məqsədləri kontekstində SRHR-i dəstəkləyən 9 qanun layihəsi qəbul edib.

SRHR-ə konstant dəstəyi ilə AB (ABŞ və Kanada ilə birlikdə) qadın hüquqlarını yenidən icad edib. AB üçün “qadın hüquqları” qadınların gələcək nəsillər üçün öz maraqlarını uşaqlarının ehtiyaclarına tabe edərək onları bəsləmək və şəfqət göstərmək rolunu mühafizə etməyə deyil, qadınları analığın “məhdudiyyətlər”indən azad etməyə yönəlir. 2014-cü ilin dekabarında Beynəlxalq İnsan Hüquqları Günündə AP üzvləri Heidi Hautala və Sofiya int Veld – Reproduktiv Sağlamlıq üzrə Avropa Parlamenti İşçi Qrupunun həmsədrləri “Abort: Seçim bir insan hüququdur” adlı bir məqalə dərc etdilər. AB-nin ailə planlaşdırması, cinsi və reproduktiv sağlamlıq və hüquqlarına AB-nin uzunmüddətli, davamlı dəstəyinə istinad edərək elan edirdilər ki, bir maliyyələşdirmə qorunması və təhlükəsiz, leqal aborta əlçatanlığın məhdudlaşdırılmaması əlahiddə əhəmiyyətlidir.”

Bütün AB üzv dövlətləri və bütün AP üzvləri abortu dəstəkləmir. Kiçik, lakin əhəmiyyətli azlıq var ki, onlar özünəəmin və cəsarətli şəkildə aborta qarşı mövqedə dayanır. Lakin onlar seçim və fərdi muxtariyyəti hər şeyin üzərində dəyərləndirən relativist paradiqmaya müvafiq olaraq qadın hüquqlarının qlobal şəkildə yenidən müəyyən edilməsini təşviq edənlərin təzyiqedici dalğası ilə üzləşirlər. Bu böyük əksəriyyət BMT-nin təşviq etdiyi kimi qlobal hökumət və ümumbəşəri insan hüquqlarının dilini effektiv şəkildə mənimsəyiblər.

Bir örnək AP-nin cəsur anti-abort mövqeli üzvü, slovakiyalı parlamentari Anna Zaborskadır. Onun abort da daxil olmaqla SRHR-i dəstəkləyən qətnamə layihəsi ilə bağlı fikirlərinə diqqət yetirməyi önəmli hesab edirəm: A.Zaborska qeyd edir: “Öhdəliyi olmayan qətnamə AB Müqaviləsini pozur və abort hüququnu özündə ehtiva edəcək şəkildə istifadə edilə bilməz. Belə bir hüququn tanınması ilə bağlı heç bir nə beynəlxalq hüquqi razılaşmaya, nə də hər hansı beynəlxalq qanuna istinad edilə bilməz. Avropa Ədalət Mərhkəməsi təsdiq edir ki, döllənmədən sonra hər bir insan yumurtası qorunulmalı olan bir insan rüşeymini təsdiq edir. Uşaq Hüquqları üzrə BMT Bəyannaməsi bildirir ki, həm doğuluşdan əvvəl, həm də doğuluşdan sonra hər bir uşaq bərabər şəkildə himayə edilmə hüququna sahibdir.”

Daha çox beynəlxalq məhkəmələr, razılaşmalar, konvensiyalar üzərində köklənsə də, abortun böyük ədalətsizlik və əxlaqən ikrahyaradıcı bir şey olduğu təməl faktına toxunmasa da, özlüyündə abort əleyhinə bir avro-parlamentarinin baxışı kimi dəyərlidir.

Cinsi və reproduktiv sağlamlıq və hüquqlarıl təşviq etməkdə bazis olduğu vurğulanan BMT-nin Qahirə və Pekindəki konfranslarından sonra Avropa Birliyi qadın hüquqları siyasətini daha geniş qlobal hökumət agendası çərçəvisində icra edir. SRHR-ə xüsusi vurğu ilə faktiki olaraq qlobal insan hüquqları etikasının inkişafını biçimləndirən məhz AB-dir. BMT nominal olaraq bu prosesində önündə görünsə də, onu səhnə arxasından yönləndirən və hərəkətləndirən AB-dir.

İnsan hüquqlarının liberasionist və transformativ modelinə gəldikdə, niyə AB üzərində fokuslanmaq gərəkdir? Niyə B.Klinton və B.Obamanın prezidentlikləri dövründə dünyanın ən liberal abort rejimlərini təmsil edən ABŞ deyil, məhz AB?

Bu fokusun səbəbi qlobal hökumətdir. ABŞ-dən fərqli olaraq, AB qlolba hökumət ilə insan hüquqlarının liberasionist, transformativ modeli arasında potensial olaraq inqilabi bir bağlantı qurur. Bununla o, əslində insan hüquqlarının doğru dərk edilən anlayışına, özünüidarəetməyə və liberal-demokratiyaya qarşı qlobal təhdidə çevrilir. Bu anlamda, AB-nin “qlobal kultural dəyişikliy”ə çalışdığını qeyd etmək yanlış olmazdı.

M.Piiters bildirir ki, “qlobal vətəndaşlar” olaraq hər kəsi özündə ehtiva edən yeni qlobal etika özünü milli suverenliyin üzərinə yerləşdirir, və AB-nin liberasionist, transformativ insan hüquqları siyasəti kimi, özünü valideynlər və müəllimlərin iqtidarının, dünya dinlərinin təlimlərinin belə üzərinə qoyur. Bu qlobal etika hər bir reallığı sosial konstrukt olaraq görən, həqiqət və reallığın heç bir sabit, obyektiv kontentinin olmadığı postmodernliyin bir uşağıdır. Beləcə, AB-nin qlobalist insan hüquqları siyasəti fərdin ixtiyari suverenliyini, onun seçmək hüququnu mədh edir. Qlobal etikanın “insan hüquqları” qadın və kişinin Tanrının onları yerləşdirdiyi mövcudiyyət şərtlərindən azad olmalarını təşviq edir.

M.Piiters vurğulayır ki, postmodernlikdə reallıq sadəcə “interpretasiya olunmalı olan bir mətndir”. Bu anlayış  AB bəyanatlarının və qlobal hökumət hərəkatının qısır, ritual terminologiyasında öz əksini tapır. Qlobal kultural dəyişikliyin bu yeni dilinin örnəkləri btünlüklə AB-nin jarqonunu xatırladır: “qlobal vətəndaşlıq, davamlı inkişaf, yaxşı idarəetmə, seçim azadlığı, gender “meynstriminq”, şəffaflıq, inkluzivlik, qadın hüquqları, uşaq hüquqları, reproduktiv hüquqlar, cinsi oriyentasiya, tərəqqinin indikatorları, çoxtərəfli konsensus. Bu, yeni qlobal dili ilə Xristian ənənələrinə məxsus olan həqiqət, əxlaq, vicdan, ər, arvad, ata, ana, oğul, qız, iman, əzab, günah, iffət kimi anlayışları aradan qaldırmağı hədəfləyən qlobal hökumətin nisbiləşdirici (relativist) ruhunun diqqətçəkici nişanəsidir.

Yeni qlobalist dilin yuxarıda sadalanan örnəkləri AB jarqonu və qlobal hökumət hərəkatının digər reprezentativ xarakteristikasını nümayiş etdirir: qlobalizmin dili qeyri-birmənalı və eniqmatikdir. Aydın təriflərin yoxluğu yeni qlobal dilin bütün sözlər və ifadələrinin dominant səciyyəsidir. Çünki belə bir aydınlığın təmin olunması seçmək hüququ norması ilə ziddiyyət təşkil edə bilər. Qlobalist konseptlər mümkünlüklər kimi özlərini genişləndirən, konstant dəyişiklik prosesləridir. Qeyri-müəyyənlik ilə qaplanan, cavab verilməmiş bir sual olan sadəcə AB deyil. Postmodern qlobal hökumət dəstəkçiləri üçün həyətın özü cavablanmamış bir sualdır. Anlaşılmazlıq, aydın həqiqəti söyləmənin çatışmazlığı obyektiv, müəyyən edilə bilən həqiqətə olan inancın yox olmasını əks etdirir.

 

         İstinadlar:

1.      European Dignity Watch, The Funding of Abortion through EU Development Aid: An Analysis of EU’s Sexual and Reproductive Health Policy (March 2012), 2–4, 8–9, http://www.europeandignitywatch.org/fileadmin/user_ upload/PDF/Day_to_Day_diverse/Funding_of_Abortion_Through_EU_ Development_Aid_full_version.pdf.

2.      European Union Delegation to the United Nations, “EU Statement± –United Nations Commission on Population and Development: General Debate,” New York, April 7, 2014, http://eu-un.europa.eu/articles/en/ article_14875_en.htm.

3.      Poul Nielson, European Commissioner for Development and Humanitarian Aid, “European Responses to the HIV/AIDS Pandemic: Challenges Ahead and the Role of Foundations and Civil Society,” speech at the European Policy Centre, Brussels, June 3, 2004, European Commission Press Release Database, http://europa.eu/rapid/press-release_SPEECH-04-296 _en.htm?locale=

4.      Heidi Hautala and Sophie in ’t Veld, “Abortion: Choice Is a Human Right,” EurActiv, December 9, 2014, http://www.euractiv.com/sections/develop ment-policy/abortion-choice-human-right-310689.

5.      ILGA-Europe, “Vision, Mission, Core Values,” http://www.ilga-europe.org/ who-we-are/what-ilga-europe/vision-mission-core-values (accessed June 18, 2015)

6.      The Yogyakarta Principles: Principles of the Application of International Human Rights Law in Relation to Sexual Orientation and Gender Identity (March 2007)

7.      Roger Bootle, The Trouble with Europe: Why the EU Isn’t Working, How It  Can Be Reformed, What Could Take Its Place (Boston: Nicholas Brealey Publishing, 2014

8.      Sherif Girgis, Ryan T. Anderson and Robert P. George, What Is Marriage? Man and Woman: A Defense (New York: Encounter Books, 2012)

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.