Yuxarıya
skip to main content

İnsan təbiətinin destruksiyasi: Avropa Birliyi və LGBTQI+ hüquqları (I hissə)

16.04.2024

Bu gün Avropa Birliyində “insan hüquqları” artıq insani varlıqların insan təbiətinə (onun essensiyasına) və fərdlərin definitiv sosial qruplarda sabitləşməsinə əsaslanan tərəqqini təşviq edən bir praktikanı ehtiva etmir. Çağdaş əsrdə “insan hüquqları” atomlaşmış fərdin özünü özündən kənar dünyanın təlqin etdiyi qadağalardan azad etmək və seçdiyi istənilən tərzdə özünü trasformasiya etmək hüququnu ifadə edir. Bu reallıq AB-nin gender nəzəriyyəsi tərəfindən dəstəklənilən LGBTQI+ hüquqlarına verdiyi misilsiz dəstəkdə özünü radikal şəkildə nümayiş etdirir. LGBTQI+ şəxslərinin digər hər kəs kimi insan hüquqlarına iddiası təsdiq olunur. LGBTQI+ hüquqlarına bu yeni baxış obyektiv həqiqətə bağlılığın dəyərlərin Nitzşe sayağı “yenidən dəyərləndirilmə”sindəki (transvalyuasiya) kimi necə alt-üst edildiyini göstərir.

Alman sosioloqu Qabriela Kubi qeyd edir ki, AB-nin strateji agendası indiyədək bizə bəlli olan sosial düzən anlayışının təməllərini darmadağın etməklə təhdid edən insan şəxsiyyətinin yeni obrazını yaratmağı hədəfləyir. Q.Kubi bunu AB-nin “gender meynstriminq, cinsi oriyentasiya, gender identikliyi, cinsi müxtəliflik, anti-diskriminasiya, homofobiya və eynicinslilərin evliliyi” sahələrində göstərdiyi səylər, atdığı addımların geniş faktuallaşdırması ilə nümayiş etdirir. Onun vurğuladığı sahədə bir örnəyə əsasən, “Beynəlxalq LGBT və İnterseks Assosiasiyası”nın (ILGA-Avropa) maliyyələşdirilməsinin 70 %-i AB-dən gəlir. ILGA-Avropa bu maliyyə vəsaitini Avropa institutlarına lobbiçilik və AB siyasətinə təsir etmək üçün istifadə edir. Digər xüsuslar arasında o, üzv dövlətləri cinsi oriyentasiya və gender hüquqları səbəblərinə görə diskriminasiyaya son qoymalarına, diskirminasiyadan azadlıq və bərabərlik hüququnu təşviq etməklə Avropa institutları ilə sıx əməkdaşlığa vadar etmək üçün “Avropa məhkəmələrində strateji çəkişmə” üzərində köklənir.

Dil hər zaman təhlükəsiz və qeyri-müəyyəndir. O, LGBTQI+ fərdləri da daxil olmaqla insan hüquqlarının hər bir kəsə məxsus olması anlamında təqdirəlayiq səslənir. Lakin onun gerçək anlamı nədir?

Avropa Birliyi Xarici Məsələlər Şurasının 24 iyun, 2013-cü il bəyanatı Birliyin LGBTQI+ fərdləri üçün insan hüquqlarının transformativ baxışı ilə ILGA-Avropa kimi təşkilatların tərəfində dayandığını ifadə edir. “Guidlines to promote and Protect the Enjoyment of All Human Rights by Lesbian, Gay, Bisexual, Transgender and İntersex Persons” adlı sənəd bəyan edir ki, “Avropa Birliyi kultural, ənənəvi və dini dəyərlərin LGBTQI+ şəxslərinə qarşı diskriminasiya da daxil olmaqla hər növ ayrı-seçkiliyə əsas qazandırmaq üçün irəli sürülə bilməyəcəyini təsbit edən insan hüquqlarının ümumbəşəriliyi prinsipinə bağlıdır”. İlk baxışdan, bu cümlə etirazedilməz kimi görünür. Lakin “insan hüquqlarının ümumbəşəriliyi prinsipinə bağlı olmaq” kontekstində o nə deməkdir? “İstənilən növ diskriminasiya forması” dedikdə onun anlamı nədir? Niyə “kultural, tradisional və dini dəyərlər problem yaradan şey kimi vurğulanır?

AB-nin bu bəyanatında mərkəzi punkt LGBTQI+ hüquqlarının kultural, tradisional və ya dini dəyərlərə üstün gəldiyidir. Subordinat rola endirilən qeyd olunan dəyərlər yalnız LGBTQI+ hüquqlarını pərçimlədiyi təqdirdə keçərliliyə iddia edə bilər. Bundan əlavə, LGBTQI+ hüquqlarının bütün zamanlar və situasiyalarda mütləq və universal olaraq keçərli olduğu, kultural, tradisional və dini dəyərlərin isə nisbiliyi elan edilir. Onlar “ümumbəşəri” deyil, sadəcə kültür, ənənə və ya dinin məhdud perspektivini əks etdirir. “Dəyərlər” də subyektivdir. Avropa Birliyinin bəyanatı müəyyən kultural, tradisional və ya dini inancların doğru olma mümkünlüyünə məhəl qoymur. O yalnız insanların onları dəyərləndirdiyini düşünür. Beləliklə kültür, ənənə və ya din şəxsi yaxud da sosietal tərcihə endirilir. İronik olan reallıq ondan ibarətdir ki, Qərbdə hər zaman obyektiv həqiqət ideyasını canlı tutan dinin relativistlər tərəfindən yalnız subyektiv keçərliliyə sahib olduğu vurğulanır. Bu, onların mütləqiyyətçi, universal anlayışlarının xidmətində həyata keçirilir.

Güman ki, əksər hallarda onu tam başa düşmədən, relativistlər LGBTQI+ hüquqlarını “ümumbəşəri insan hüquqları” elan edərək yeni obyektiv həqiqət icad edir, bu hüquqlara mütləq, dünyamiqyaslı keçərlilik təmin edir. Lakin universal LGBTQI+ hüquqları kampaniyasının əsas doktrinası odur ki, hər bir fərdin hisslər və rəyləri şəxsdən kənar istənilən iddiaya baxmadan onun üçün keçərlidir. Obyektiv olaraq doğru olan tək şey mənim üçün doğru olanın subyektiv dəyərləndirilməsidir. Oxşar şəkildə, relativistlər qrup və ya fərdin hisslər, yaxud da rəylərinə məhəl qoymadan hər hansı bir həqiqət iddiasının olduğu ideyasını rədd edirlər. O zaman necə ümumbəşəri LGBTQI+ hüquqları iddiası həqiqətən ümumbəşəri ola bilər?

AB-nin “Bütün İnsan Hüquqlarından Faydalanmanın Təşviq və Mühafizə Edilməsi Prinsipləri” bu formada davam edərək LGBTQI+ hüquqlarının həm özəl, həm də ictimai şəkildə LGBTQI+ həyat tərzinin hər bir aspektini yaşamaq və təsbit etmənin mütləq hüququ anlamına gəldiyini bildirməklə yanaşı,  hər hansı cəmiyyət tərəfindən din, ənənə və kültürlə toqquşan LGBTQI+ həyat tərzinin ifadəsini məhdudlaşdıran istənilən cəhdi ayrı-seçkilik və qısnama olaraq qəbul edir.

Bu “Prinsiplər” özlyündə Yoqyakarta Prinisplərinə (YP) istinadı da özündə ehtiva edir. Beynəlxalq insan hüquqları ekspertləri tərəfindən elan olunmuş YP bütün dövlətlərin riayət etməli olduqları beynəlxalq hüquqi standartları təsbit edən “ümumbəşəri insan hüquqları bələdçisi” təmin etməklə cinsi priyentasiya və gender identikliyi xüsusunda beynəlxalq prinsiplər rolunda çıxış edir. YP-nin özəyini təşkil edən ideya qadınları qadın, kişiləri kişi edən fiziki xarakteristikalar kimi empirik faktların total rəddini hədəfləyən hər bir fərdin öz gender identikliyini müəyyən etmək hüququdur. YP gender identikliyini doğuluşdan gələn cinsiyyət ilə uzlaşa və ya uzlaşmaya bilən daxildən dərindən duyulan və fərdi gender yaşantısı olaraq müəyyən edir. YP insanın öz cinsi identikliyini müəyyən etmək hüququnun bir insan şəxsiyyəti kimi fərdin varlığı üçün kardinal olduğunu irəli sürür.

Bir örnək, 3-cü Prinsipdir: Qanun qarşısında Tanınma Hüququ, hansı ki, hər kəsin qanun qarşısında bir şəxs kimi tanınmaq hüququnu ehtiva edir. Hər bir şəxsin özü tərəfindən müəyyən etdiyi cinsi oriyentasiya və gender identikliyi onların şəxsiyyəti üçün inteqral olmaqla yanaşı, öz müqəddəratını təyinetmə, ləyaqət və azadlığının təməl aspektlərindən biridir. Bu prinsipdən çıxış edərək YP şəxsin “dərin və özü tərəfindən müəyyən edilən gender identikliyi”ni əks etdirən identiklik sənədləri çap edilməsini tələb edir. Bu, fərdin subyektiv tərcihlərindən müstəqil şəkildə keçərli olan insan təbiəti haqqında istənilən obyektiv həqiqətin radikal inkarı, və fərdin empirik, fiziki faktlarla uzlaşıb-uzlaşmadığına baxmadan onun sosial tanınma hüququnun qaba formada cürətkar iddiasıdır.

İnsan hüquqlarının nə olduğu və hansı hüquqların ən mühüm olduğu aksiomatik deyil. İnsan hüquqlarına nə olduğuna inanma insani varlıqların nə olduğuna inanmaqdan asılıdır. Məhz bu məqamda, bütün Qərb dünyasını ağuşuna alan bir dünyabaxış transformasiyası – Xristian Ənənəsi və Həqiqətdən qaynaqlanan kültürdən relativizm (nisbilik), yenilik və seçim ilə xarakterizə olunan bir sekulyar kültürə keçid baş verib. Bu dəyişikliyin insan hüquqları ideyası üzərində dərin təsiri olub. Avropada bu transformasiya qlobal hökumət ideologiyasının yüksəlişi ilə paralel şəkildə baş verib və onunla sıx bağlıdır.

AB-nin insan hüquqları ilə bağlı fəaliyyətlərinin ilkin baxış müşahidəsi qadınlar, uşaqlar və LGBTQI+ üzvləri hüquqları ilə bağlı intensiv marağı aşkara çıxarır. Lakin hüquqlar üzərinə bu vurğu insanların ümumi olaraq paylaşdığı klassik azadlıqların deyil, onların spesifik kateqoriyalarının naminədir, lehinədir? Cavab olaraq söylənilə bilər ki, bu, klassik azadlıqlara AB-də nail olunduğuna görədir. Lakin AB-nin qadınların, uşaqların, LGBTQI+ hüquqlarının üzərində fokuslanmasının daha dərin səbəbi var. Postmodern sekulyaristlər və AB-nin nəzərində qeyd olunan hüquqların ümumi xarakteristik bir cəhəti var: onlar fərdin mütləq muxtariyyəti anlayışına əsaslanırlar – seçim anlayışı ən son dərəcəsinə qədər qəbul edilir. Onlar transformativ və liberasionistdir, qlobal hökumət ideologiyasının özü kimi.

“Transformativ” və “liberasionist” nə anlam kəsb edir? etiraz edilməz kimi qəbul edilən zərərsiz rəsmi bəyanatlara rəğmən, AB-nin insan hüquqları baxışı onları essensial təbiətini dəyişdirməyi seçə və beləliklə də, özlərini tradisional, familial və sosial bağların qadağalarından azad edə bilən radikal şəkildə muxtar fərdlər kimi müəyyən etməklə insanların kim olduğu ideyasının trasnformasiyasını təşviq edir. Qadınların və uşaqların hüquqları xüsusunda ailə qadağalarından azadlıq təməl məsələdir. LGBTQI+ hüquqları xüsusunda isə transformativ aspekt sentraldır. Belə ki, eynicinslilərin evliliyi və dəyişkən gender identiliyi konseptinə impuls verilməsinin hədəfi insani varlıqları qadın yaxud kişi olaraq onun cinsi təbiətinin empirik reallığına məhəl qoymamaq dərəcəsində onları əxlqi və fiziki qadağalardan azad etməkdir.

ABŞ, Kanada və Avropanın “elitalar”ının əksəriyyəti arasında kökləşən insan hüquqlarınımn transformativ və liberasionist modeli ilk insan hüquqları konseptinin meydana çıxdığı insani varlıqlara tradisional Qərb baxışından total parçalanmadır. Siyasi və ya vətəndaş hüquqları adlandırılan klassik insan hüquqları insan təbiəti üzərində Xristian\Maarifçilik baxışına əsaslanır. Sərbəst toplaşmaq, söz və din azadlıqları kimi klassik azadlıqlar kimi Hüquqlar haqqında Bill-də təsbit olunan azadlıqlar birbaşa olaraq insan təbiətinə bu baxışdan qaynaqlanır. Lakin Todd Heyzinqa bildirir ki, bu klassik hüquqlar Antik çağın bəsirəti və müşahidə edilə bilən reallıqdan qaynaqlana bilər. Qərb demokratiyalarında insani varlıqlar bir tərəfdən fərdlər kimi ləyaqət-mənlik və digərlərindən müstəqil şəkildə hüquqlara sahibdir. Digər tərəfdən isə, onlar bir-birilə bağlıdır, və bir-birinə bağlı olmaq istəyirlər. İnsani varlıqlar fərdlərdir, lakin onlar sosialdır. Onlar topluluqlarda sabitlənir və ümumi olaraq qəbul edilən hüquqlar və dəyərlərə, habelə topluluqları daxilində daşıdıqları rol və vəzifələrə müvafiq şəkildə yaşayırlar. “Ümumi olaraq qəbul edilən”, çünki onların bu topluluqların firavanlığını təşviq etdiyi düşünülür.

Demək olar ki, bütün dünyada və xüsusən də Qərbdə tarixən cəmiyyətin firavanlığının məhəng daşı ailə olub. Lakin ailə fərdin digər ailə üzvlərinə qarşı permanent bağlılığını, fərdin maraqlar və hüquqlarının onun kimi digərlərinin ehtiyaclarına tabe olunmasını tələb edir. Fərdin seçim və muxtariyyətinin belə tabeliyi qlobal hökumət ideologiyası və AB-də təbliğ olunan insan hüquqlarının liberasionist və transformativ baxışında aradan qalxır. Bu baxış da ənənəvi dəyərlər və ailə öhdəliklərinin məsuliyyətindən tam xilas olmuş şəkildə fərdlərin arzuladıqları kimi özlərini müəyyən etməkdə radikal azadlığı üzərində dayanır.

Beləliklə, ailə AB-də genişmiqyaslı təbliğ olunan insan hüquqlarına qlobal hökumət baxışının nəticəsi kimi qaçılmaz şəkildə aradan qaldırılmalıdır. Məhz buna görə, evlilik, insan cinsiyyəti və insani varlıqların özləri ilə birlikdə qadınların və uşaqların hüquqları yenidən anlamlandırılır və müəyyən edilir. Şəxsi muxtariyyət və seçimə qarşı dayanan Qərb cəmiyyətlərinin ən güclü institutu olan tradisional ailə dəyərini rədd etdikləri üçün bu yenidən anlamlandırılan və müəyyən olunan hüquqlar AB-də xüsusi önəmli bir məsələdir. Atomlaşmış, özləri üçün nəyin doğru olduğunu müəyyən etməkdə tam azad fərdlərin hüquqları olaraq yenidən interpretasiya edilən insan hüquqları ənənəvi ailəyə və ənənələrə sayğı duyan, vəzifə və öhdəlikləri önə çıxaran digər sosial institutlara qarşı silaha çevrilib. Bu yeni “insan hüquqları” fərdləri içərisində sabitləndikləri topluluqlarda icra edəcəkləri rollara yadlaşdırmaqla, onları bir-birinə bağlayan bağlardan qoparmaqla onları tam parçalayan bir vasitədir. 

Subhan Padarov
Graduate of the Faculty of History at Baku State University, the researcher of modernism in sociology and the author of the books: “The modernist era and human” and the “Entropic world”.