Prezident İlham Əliyevin 14 fevral tarixində keçirilən andiçmə mərasimi zamanı söylədiyi nitqində diqqət çəkən, ən mühüm məsələlərdən biri mədəni suverenliyimizin hücumlardan, təxribatlardan qorunması və gəncliyimizin milli və mənəvi ruhda yetişdirilməsi idi. İlham Əliyev vurğulayır:
“Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən, həm də ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.”
Ölkə rəhbərinin nitqlərində milli və mənəvi dəyərlərimizin qorunmasına, gəncliyimizin milli dəyərlər ruhunda yetişdirilməsinə, “mütərəqqi”, “proqressiv” kimi adlandırılan, amma əslində olduqca destruktiv təsirləri olan ABŞ mərkəzli “Qərb dəyərləri”nin ideoloji təxribatlarının qarşısının alınmasına davamlı olaraq vurğu etməsi olduqca önəmli və bir vəzifə olaraq bütövlükdə cəmiyyətin üzərində köklənməli olduğu məsələdir. Çünki milli dəyərlər cəmiyyətdə, fərdlər arasında ortaq duyğu, düşüncə, məqsəd və davranış bütövlüyünü meydana gətirən birləşdirici faktorlardır. Bu dəyərlər, ənənələr cəmiyyət tərəfindən dəstəkləndiyi, yaşadıldığı və inkişaf etdirilərək yeni nəsillərə nəql olunduğu zaman birləşdirici xüsusiyyətini mühafizə edir, sosial münasibətlərdə nizamlılığı təmin edir. Dəyərlər üzərində cəmiyyətin dəstəyi zəiflədikdə, dəyərlərin deqradasiyası meydana çıxır. Aşınan dəyərlər cəmiyyəti formalaşdıran fərdlərin düşüncə və davranışları üzərindəki müəyyənedici, birləşdirici xarakterini itirir.
Dəyər bir şeyin arzu edilə bilən və ya edilə bilməz olduğu haqqında inancdır. Sosial baxımdan dəyər insanın cəmiyyətdə necə hərəkət edəcəyini müəyyən edən qanunlardır. Kultural anlamda dəyər cəmiyyətin necə davrandığı, duyduğu və düşündüyüdür. Bu perspektivdən, dəyərlər bir cəmiyyəti başqalarından ayıran, ona kimlik qazandıran adət-ənənələr, tərzlər-üslublardır. Dəyərin olduğu yerdə dəyərləndirmə, qarşılaşdırma və hökm vermə də var. Dəyər məfhumu insana xasdır və insani varlıqlar dəyərlərini qoruya bildiyi müddətcə insanlığını qoruya və ucalda bilər.
Dəyər, insanın obyekt ilə əlaqəsində meydana çıxan bir şey olaraq mövcudluq sahəsinə daxildir. Sadəcə var olanın dəyərindən bəhs etmək mümkündür, var olmayanın dəyərindən bəhs oluna bilməz. Dəyər hər şeydən öncə bir varlığın təsbitinə əsaslanır. A.Teylor bildirir ki, dəyər insanın yaratdığı deyil, kəşf etdiyi bir şeydir.
Sosial dəyərlər dindən, ağıldan, duyğulardan, sosial və ya fiziki çevrələrdən qaynaqlana bilər. Sosial dəyərlər cəmiyyət içərisindəki xarakteri, yayğınlığı və gücü baxımından bir-birinə bərabər deyil. Bu perspektivdən, dəyərləri dörd yerə bölə bilərik:
Özək dəyərlər – cəmiyyətin mütləq çoxluğu tərəfindən önəmli olaraq qəbul edilən və mədəniyyətin özəyini formalaşdıran dəyərlərdir. Bu dəyərlərin dəyişməsi cəmiyyəti də köklü şəkildə dəyişdirə bilər.
Özəl dəyərlər – bir regiona, peşəyə, maraqlandıran mövzuya görə vacib olan və istifadə edilən dəyərlərdir. Məsələn, müəllimlər peşənin ənənələrinə və cəmiyyətin ona yüklədiyi statusa aid dəyərlərə uyğun davranmalıdır.
Seçim əsaslı dəyərlər – Cəmiyyət üzvlərinin istədiyi yerdə və zamanda istifadə edə bildiyi dəyərlərdir. Bu dəyərlərə riayət olunması cəmiyyət tərəfindən gözlənilir, amma riayət olunmadıqda da həmin şəxs(lər) qınanılmır.
Keçici dəyərlər – müəyyən bir müddət cəmiyyətin spesifik seqmenti tərəfindən istifadə edilən, əməl olunan dəyərlərdir. Bu dəyərlər başqa cəmiyyətlərdən gələ, cəmiyyətin bir seqmenti tərəfindən yaradıla bilər.
Dəyərlərin öyrənilməsi daha çox rol öyrənməsi formasında olan sosial öyrənmədir. Hər kəsin cəmiyyət içərisində bir mövqeyi və bu mövqe üçün uyğun gördüyü rolları vardır. Bu halda biz olduğumuz hər mövqedə o mövqedəki insanların nələr etməsi, nələr düşünməsi, nələrə qiymət verməsinin zəruriliyi haqqında fikrə sahib oluruq. Bir gənc oğlan olaraq cəsarət, əzm, səbatlılıq və soyuqqanlılıq, bir gənc qız olaraq isə iffətlilik, incəlik və zərafət bir dəyər kimi öyrənilir. Bu dəyərlərin arxasında cəmiyyət dəstəyi olduqda öz gücünü qoruyur, lakin bu dəstək zəiflədikdə dəyişmək və ya deqradasiya təhlükəsi ilə üz-üzə qalır.
Bir çox sosial problem insanların dəyər mühakimələrinin toqquşmasından meydana çıxır. Cəmiyyət insanları dəyərlərlə “yoğurmaqla” bir-birinə bənzər hala gətirir, ortaq həssaslıq və davranışların təməlini yaradır. Şəxslərin dəyər anlayışları gündəlik davranışlarında əks olunur və təhsil vasitəsilə möhkəmləndirilir. Onların dəyər mühakimələri tədricən institusionallaşır.
Dəyərlər bir cəmiyyətin kültürünü digərlərinin kültüründən ayıran və milli hüdudlar içərisində cəmiyyətin dağılmasının qarşısını alan pərçimləyici faktorlardır. Dəyərlər sosial münasibətlərin inkişafında və qütbləşmənin önlənməsində aktiv rol oynayırlar. Cəmiyyəti bütövləşdirəcək standartlar olmadığı təqdirdə, fikirlər arasındakı uzlaşmalar dəyərlər tərəfindən təmin edilir.
Cəmiyyətin dəyərlər üzərində bütövləşməsi sosiallaşma prosesi vasitəsilə baş verir. Normaların öyrənilməsi və mənimsənilməsi sosiallaşma prosesinin böyük bir parçasıdır. Bioloji varlıq olan insan bu proseslə cəmiyyətin bir üzvünə - kultural varlığa çevrilir. Dəyərlər və normalar cəmiyyəti funksional bir bütövlüyə çevirir. İnsanların üzərində anlaşdıqları dəyərlər kültürə anlam qazandırır. Bir kültürün norma və dəyərləri arasında daim pozitiv bir münasibət vardır. Norma - gözlənilən və istənilən davranış qaydalarıdır. Fərd dəyərlər və normaları cəmiyyətdə hazır aşkar edir, bu da sosial düzənin davamlılığını təmin edir.
Sosial dəyərlər və normaların formalaşması kultural akkumulyasiyanın nəticəsidir. Sosiallaşan fərd içində olduğu kültürün standartlarını mənimsəyir. Hər kültür uyğun olan və olmayanı xarakterizə edən, meyarları bəlli qanunlara bağlayan normalar formalaşdırır. Dar anlamda kültür harmonik normalar sistemi olaraq təsvir edilə bilər. Cəmiyyət sadəcə gözləntilərlə kifayətlənmir, sosial anlamda bir sanksiya da mümkündür. Bu sanksiya cəza və mükafat olaraq meydana çıxır. Uşağın sosiallaşmasında cəza və mükafat tətbiqi tez-tez görülür.
Sosial dəyərlər və normaların qaynağı milli kültürdür. Milli kültür bir cəmiyyətdə xalqın orijinal yaradılışıdır. Nəsildən nəslə ötürülən ənənə, inanc, dəyərlər sistemi, fərdlərin dünyagörüşü və həyat tərzləri funksional bir münasibət halındadır. Sosiallaşma insan şəxsiyyətini formalaşdıran mədəni norma və dəyərləri öyrənmə, mənimsəmə - milli kültürün bir parçası olma prosesidir.
Ailə institutu
İnsanın gözlərini açdığı, ilk informasiya aldığı ocaq ailədir. Ailə ilk təhsil yuvasıdır. Ailədə qazanılan və ailənin vəzifəli olduğu başlıca sahələr əxlaqi, sosial və dini vəzifə sahələridir. Əxlaqi vəzifələrin əsas hədəfi müsbət davranışları qazandırmaq, pis davranışlardan isə çəkindirməkdir. Əxlaqi vəzifələrin yerinə yetirilməməsinin fərdi və psixoloji nəticələri daxili gərginlik və dərin qayğıdır. Sosial nəticəsi isə qınaq, xaric edilmə və tənhalıqdır. İnsanların bir-birinə və dövlətə qarşı olan vəzifələri sosial vəzifələrdir. Cəmiyyət tərəfindən mənimsənilmiş, adət-ənənə, konvensiyalar halına gəlmiş sosial institutlar sosial həyatın təməlini təşkil edir. Bu davranışların təməli ailədə qoyulur və təhsil institutları tərəfindən pərçimlənir.
Cəmiyyətin təməl sosial insitutlarından biri olan ailənin funksiyalarını uğurla davam etdirə bilməsi üçün dövlətin yardımı şərtdir. Ailə sosial, iqtisadi, hüquqi təhlükəsizlik çətiri altına alınaraq rifah və etimad qaynağı olmalıdır. Ailə institutu qorunmadığı, zəiflədiyi və funksiyalarını icra edə bilmədiyi zaman qeyri-qanuni münasibətlər artmaqda, bədən və ruhi sağlamlığı pozulmuş nəsillər yetişməkdədir. Ailənin öz dəyərlərini şüuri və ya qeyri-şüuri şəkildə uşağa ötürməsi haqqında H.Baltacıoğlu qeyd edir ki, “hər kəs ailənin irsiyyəti kimi, onun zehniyyətini də daşıyır.”
Təhsil institutu
Təhsil institutları, əsasən də məktəblər tədrisdə istifadə olunan bəzi simvolların milli və mənəvi dəyərlərlə elmi gerçəklər işığında öyrədildiyi yerdir. Məktəblərin meydana çıxma səbəbləri insanlararası münasibətlərin artması, texnoloji tərəqqi, əhali artımı və informasiya növlərinin artmasıdır. Daha əvvəllər, uşaqlar bilik və davranışlarını geniş ailə mühitində qazana bilirdi. Lakin bu gün ailə kiçilmiş və bu institutun tərbiyə vəzifəsi də azalmışdır. Onun vəzifəsinin mühüm bir hissəsini dövlət və məktəblər öz üzərinə alıblar.
Sosial institut olan təhsilin məqsədi cəmiyyətdə yaşayan bir insanı onun aktiv bir üzvünə çevirməkdir. Təhsilin başlıca sosial vəzifələri bunlardır:
Təhsilin ən önəmli funksiyası cəmiyyətin üstün tutduğu əxlaq normalarını, dəyər mühakimələri və dünya görüşü şagirdə nəql etməkdir. Habelə, milli və sosial dəyərlərimizi çağdaş dəyərlərlə bütövləşdirən, vəzifə və məsuliyyətlilik şüuru aşılayan, sağlam xarakterli, qurucu, fərdi mənfəətlərlə sosial mənfəətləri tarazılıqda tuta bilən fərdlər yetişdirmək də təhsilin ən vacib vəzifəsi olmalıdır.
Sosial dəyərlərin aşınması
Çağdaş əsrimizin sürətli sosial transformasiyaları dəyərlər sistemi və normativ strukturun sosial stukturla münasibət, habelə uyğunluğunun pozulmasına, cəmiyyəti formalaşdıran fərdlərin davranış, düşüncə və aktları üzərində müəyyənedici, yönləndirici xarakterini itirməsinə zəmin hazırlayıb. Bu hal sosiologiyada “anomiya” adlandırılır.
Qloballaşan dünyanın bir parçası olan Azərbaycan cəmiyyətində də (qloballaşmanın təməl səciyyəsi kimi) Vesternizasiya – Qərbləşmə fəaliyyətlərinin başlanması ilə ABŞ mərkəzli Qərb dəyərləri ilə cəmiyyətin sosio-mədəni strukturu arasında bir toqquşma halı meydana çıxıb. Necə gəldi alınan dəyərlər və onların tətbiqi fərdlərin prioritetlər və cəmiyyətin hədəflərinin tarixi seyrindən çıxarmış, iki kultural struktur arasında seçmək etmək məcburiyyətini yaratmışdır. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da Qərb dəyərlərini mənimsəyənlər və tətbiq etmək istəyənlər ilə ənənələrini davam etdirənlərdən ibarət iki fərqli sosial seqment meydana çıxıb. Digər tərəfdən, alınan yeni dəyərlər də sosial struktura uyğunlaşa bilməyib. Bir kultural elementin keçmişdən qalmış olması onun pozulmuş və ya geridə qalmış olması demək deyildir. Bu mövzuda meyar onun funksionallığının qorunması, yeni sosial ehtiyacları qarşılaması olmalıdır. Hər hansı bir mədəni struktur sosial dəyişikliklərə paralel olaraq “deqradasiya” adlandırılan bir hala daxil ola bilir. Bu hal inkişaf şərtlərindən uzaqlaşmaq, dəyərləri dinamik haldan statik hala daxil etmək və onları formal olaraq yaşatmaq anlamına gəlir.
İnsan həyatında olduğu kimi, cəmiyyət həyatında da dəyişiklik qaçılmazdır. Amma hər dəyişiklik cəmiyyəti irəli aparacaq bir proses olmaya bilər. Dəyişiklik sosial, siyasi, kultural, iqtisadi, texnoloji və institusional sahələrdəki proseslərə paralel olaraq cəmiyyətin istəyərək meydana gətirdiyi mənimsəmələrdir. Cəmiyyətin yuxarıdan gələn dəyərləri mənimsəməsi dəyişiklik deyil, dəyişdirmədir. Kültürün maddi ünsürləri daha asan dəyişə bildiyi halda, mənəvi ünsürləri dəyişikliyə daha müqavimətlidir. Millətlərin həyatı sadəcə dəyişikliklərdən ibarət deyil. Kültürdə dəyişiklik qədər, davamlılıq da əsasdır.
Sosial dəyərlərin dezinteqrasiyasında ən önəmli amillərdən biri KİV-lərdir. Həm daxili, həm də xarici təzyiqlər nəticəsində cəmiyyətin sosial vücuduna uyğun olmayan elementləri ehtiva edən yayımlarla bir deqradasiya meydana çıxır. Fərdlər də öz cəmiyyətinə aid dəyərlərə qarşı yadlaşır.
Bu gün Azərbaycan cəmiyyətində həyatın bütün sferalarında dəyər hökmlərinin sarsıldığını müşahidə etmək mümkündür. İnsani münasibətlərin hər sahəsində, kültür və incəsənətdə dərin baş verməkdədir. Qadınların azadlığı, ailənin kiçilməsi, evli cütlüklərin azadlığı kimi fikirlər əxlaq meyarların dəyişməsinə və pozulmasına səbəb olmaqla bərabər, evlilikdən kənar münasibətlərin artması, tərəflərin bir-birini aldatması və nəticədə ailələrin dağılması – ailə institutunun gücünü itirməsi ilə nəticələnib.
Yenilik, tərəqqi, inkişaf, bərabərlik, azadlıq kimi parıltılı anlayışlarda əsl məqsəd gizlədilməkdə, sosial strukturda bərpa olunması çətin yaralar açılmaqdadır. Bu səbəblə, seçici olmaq, cəmiyyətin strukturu ilə uzlaşmayan daxili və xarici təsirlərə qarşı dərhal tədbirlər görülməlidir.
Sosial dəyərlərdən uzaqlaşmanın nəticələri
Yadlaşma
Anlayış olaraq “yadlaşma” fərdin üzvü olduğu cəmiyyətin mənəvi dəyərlərinə qarşı mövqedə olması və ondan uzaqlaşması deməkdir. Geniş anlamda yadlaşma isə bir insan və ya insan qrupunun müxtəlif səbəblərdən dolayı öz tarixinə, kültürünə, içində yaşadığı sosial dəyərlərə uzaq düşməsi deməkdir. H.Baltacıoğluna görə, kültüründən və dəyərlərindən uzaq düşən insan başıaşağı əkilən ağaclara bənzəyərlər. Heç bar verməzlər, olduqları kimi qalarlar. Onları kökləndirmək üçün tək yol havada qalan köklərini torpağa daxil etməkdir. Milli kültürünə və dəyərlərinə yadlaşan bir ölkə keçmişi ilə bağlarından qopmuş insanlarla dolur. Bu, dəyər böhranına girmiş cəmiyyət insanının faciəvi sonudur. Keçmişi, dili, dini və ənənələrinə yadlaşan toplum özünü digər cəmiyyətlər və millətlərdən aşağı hesab edər. O, özündən olana düşmən olur, yad olana isə heyranlıq duyur.
Marksa görə, insanlıq tarixi insanın varlığının getdikcə inkişafı, eyni zamanda getdikcə yadlaşması anlamına gəlir. Marksa görə, yadlaşma insanın öz çevrəsinə hökm edə bilməməsi ilə yanaşı, təbiətin, digər insanların, hətta özünün öz varlığına yad olması deməkdir.
Yadlaşmanın qarşısının alınması üçün milli kültürümüzün mənbələrinin araşdırılması, kütləvi informasiya vasitələrinə nəzarət edilməsi, təhsil siyasətinin milli dəyərlərə yönəlməsi, bürokratiyanın azaldılması, intellektualların və ümumxalq dəyərlərinin bir-birinə yaxınlaşdırılması zəruridir.
Mədəni müstəmləkəçilik
Bir xalq üçün ən böyük təhlükə onu təşkil edən fərdlərin milli kultural dəyərlərinə yadlaşmasıdır. Hər cəmiyyətin milli xarakteri olan milli kültürlə yanaşı, qonşu kültürlərlə qarışıq bir interaksiya da var. Qloballaşma erası müsbət və mənfi nəticələri özündə ehtiva edən bir millətlərarası kultural mübadiləni qaçılmaz edib. Bu proses tarazılanmadıqda kultural kolonizasiya meydana çıxır. Kultural müstəmləkəçilik bir millətin uzun bir uyğunlaşdırma və təlqin dövrünün sonunda öz mənəvi dəyərlərini tərk edərək, başqa bir mədəniyyətin – sivilizasiyanın dəyərlərinə bağlanmasıdır. Kultural kolonizasiyanın qarşısını alan isə kültür milliyətçiliyidir.
Mədəni müstəmləkəçilikdə dominant – müstəmləkələşdirici qüvvə digər millətə öz kültürünü elə təlqin edir və aşılayır ki, tətbiğat uğura nail olduqda, onun insani və fiziki resurslarını sonuna qədər öz əmrində istifadə edə bilir. Milli kultural dəyərləri yox etmək, onların yerinə özgə dəyərləri təlqin etmək məqsədilə kultural bazalar qurulur. Bu bazalara müxtəlif media qurumları, xaricidilli məktəblər, sosial-iqtisadi yardım təşkilatları və fondları daxildir.
Mədəni imperializm siyasi və iqtisadi imperializmdən daha ağır nəticələr verən bir imperializm formasıdır. Bu növ imperializmdə insan və ya maddi itki olmaması ilə yanaşı, dağıntılar və sosial sıxıntı da olmaz. Müstəmləkə olaraq seçilən cəmiyyət də bir müharibənin içində olduğunun fərqində olmur. Siyasi, hərbi, iqtisadi və psixososial istiqamətlərdən qarşı cəmiyyətlə bir yaxınlaşma başlayır və çoxistiqamətli münasibətlər qurulur. Tədricən bu münasibətlər elə bir hal alır ki, onlar mədəni imperializm tətbiq edən böyük güclərin müstəmləkəsinə çevrilir.
Mədəni imperializmdə təyin olunan kultural bazaların xüsusən də gənclər üzərində sistemli fəaliyyət göstərməsi, təhsil sisteminə və institutlarına, dərsliklərə və tədris metodlarına təsir edərək arzuladıqları fikir, düşüncə və anlayışları onlara peyvəndləməkdir. Buna qarşı çıxan şəxslər, qurumlar “inkişaf” və “tərəqqi”nin qarşısında əngəl kimi nəzərdən keçirilir.
İnsanların vərdişləri, baxışları, həyat fəlsəfəsi zamanla dəyişir. Amma sahib olduqları kültürlər əsla dəyişməz. Təzyiqlə, inzibati tədbirlərlə şəxslərin kültürlərini dəyişdirmək mümkün deyil. Təzyiqlə qəbul etdirilən hegemonluq aradan qalxdığı zaman, o cəmiyyət yenidən öz kimliyinə, mənliyinə qayıdacaq. Cəmiyyətlərə ancaq kültür vasitəsilə hökm etmək mümkündür.
Milli dəyərlərin sarsıdılması və bir kültür üzərinə özgə bir kültürün aşılanmasında “uyğunlaşdırma” və “təlqin” metodları tətbiq edilir. Bu metodlar bir-birini izləyən iki ayrı proses olaraq tətbiq olunur. Planlı bir şəkildə, hər bir vasitədən istifadə edilməklə milli kültür sarsıdılır və təsirsizləşdirilir.
Uyğunlaşdırma
Bu mərhələdə hədəf seçilən kültür və millət hələ ki, müstəmləkələşdirilməyib. Publik və aşkar olmayan, vasitəli yollarla milli dəyərlər, liderlər və tarixi şəxsiyyətlər dəyərsizləşdirilir, dil üzərində zorakı şəkildə təxribatlar törədilməyə başlanır. Uyğunlaşdırılan bir məmləkətdə kultural kolonialist qüvvələr bir sıra vədlər, maddi yardımlar və dəstəklə müxtəlif şəxs və qurumları öz tərəfinə çəkir, onlara yazdırdıqları elmi-intellektual əsərlərdə milli kültürün dəyərləri gülünc göstərilir və rişxənd edilir. Beyinyuma ilə qazanılan “ziyalılar” bir “kültür əsiri” və ya “müstəmləkə ziyalısı”na çevrilir. Bu prosesdə “müstəmləkə ziyalıları”, gəncliyin yuyulan beyni ilə vətənləşən coğrafiya yavaş-yavaş itirilir.
Güclü mədəni dəyərlər və prinsiplərə etinasızlıq, onların deqradasiyası əfsus ki, biz azərbaycanlıların, xüsusilə də gənclərin həyatında özünü göstərir. Hollivud tərzi hedonizm, "Nyu-Yorklaşma", mədədən öncə beyində "fast-fudlaşma", yemək yemə, içki içmə (bəsit reseptlərlə hazırlanmış yeməklərin sürətlə və ayaqüstə yeyilməsi, müxtəlif növ enerji içkilərinin meydana çıxması) geyinmə və bəzənmə vərdişlərinin "inqilabiləşməsi", sosial modellərin amerikanlaşması, amerikan əyləncə metodları, biznes praktikaları onların həyatında özünü göstərir.
Təlqin
Uyğunlaşdırma mərhələsi sona çatdıqdan sonra gələn “təlqin” mərhələsində artıq ictimai və vasitəsiz yollarla milli kültürə hücum edilir və tamamilə yox edilməyə çalışılır. Təlqin metodunda yad kültürün dəyər hökmləri yerli xalqa aşkar şəkildə, zorla qəbul etdirilir. Bütün idarə mexanizmi, təhsil fəaliyyətləri, iqtisadi, hərbi və kultural strukturlar bu məqsədə müvafiq şəkildə təşkilatlandırılır. Bu prosesin yekun məqsədlərindən biri milli yaddaşsızlaşdırmadır. Yaddaşsız fərd və millətlərin yaşaması mümkün deyil. Unutmamalıyıq ki, öz mənliyindən, yaddaşından uzaqlaşan millətlər gec-tez tarix səhnəsindən silinir.
Bu anlamda, hər hansı bir (kultural) müstəmləkələşdirici təlqinə məruz qalmamaq üçün milli təhsil siyasətinə, güclü bir milli ailə modelinə, milli və tarixi dəyərlərlə bütövləşmiş xarici siyasət strategiyasına, güclü iqtisadiyyata və möhkəm orta sinfə ehtiyac var.
Vətən millətin fərdlərinin bir yerdə yaşadığı, ona millət vəsfini qazandıran milli kültür dəyərlərinin yaşadıldığı yer olmasına görə müqəddəsdir. Vətən müharibəsində Zəfər millət olaraq özümüzü yenidən yaratmaq üçün unikal şans təmin edir. Bu anlamda, Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ Müharibəsindən sonra “azərbaycançılıq” ideologiyasının pərçimlənməsi, qalib xalqa mənsub olma şüurunun formalaşdırılması, Azərbaycan kültür və dəyərlərinin yaşadılması uğrunda böyük ideoloji səfərbərlik başlanmalıdır. Prezident bildirir:
“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.”
Ədəbiyyat:
Sübhan Padarov
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, “Entropik dünya: “Xaosun Kosmos üzərində Zəfəri” kitabının müəllifi