Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ötən sorğular vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib. Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.
Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.
Nəticələr respondentlərin yaş qrupu, gender mənsubiyyəti və yaşayış yerinin növünə görə fərqlənir:
Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə, bu barədə ardıcıllıq yerli və xarici kanal izləyiciləri üzrə fərqlənir. Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını qeyd edərkən, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil edib.
Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.