Yuxarıya
skip to main content

“Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi zəruri idi” – İctimai rəy sorğusu

31.05.2023

“Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi zəruri idi” – İctimai rəy sorğusu

Sosial Tədqiqatlar Mərkəzi keçirdiyi növbəti rəy sorğusunda Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinə ictimai münasibəti öyrənib.

Sorğu çərçivəsində ilk növbədə respondentlərin sözügedən mövzu barədə məlumatlılıq səviyyəsi öyrənilib. Nəticələrə əsasən, respondentlərin əksəriyyəti - 72,7%-i Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi yaratması barədə məlumatlı olduğunu bildirib. Bu barədə məlumatsız olan iştirakçılar 27,3%-dir.

“Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılması zəruri idi” fikrinə münasibət məsələsinə gəlincə, vətəndaşların mütləq əksəriyyəti, başqa sözlə, 82,4%-i  bu fikirlə tamamilə razı olduğunu, 11,5%-i əsasən razı  olduğunu bildirib.

Nəticələrin respondentlərin yaş və təhsil səviyyələri üzrə təhlili göstərir ki, yaş və təhsil səviyyəsi artdıqca “Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılması zəruri idi” fikri ilə tamamilə razılaşanların sayı da artır.

Bu fikirlə heç razı olmadığını deyənlər cəmi 3,2%, əsasən razı olmadığını deyənlər 1,4% təşkil edib. 1,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.