Yuxarıya
skip to main content

Sülh müqaviləsinin yubanmasının səbəbləri ictimai rəydə: Sorğu nəticələri

24.05.2023

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasının səbəblərinə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib. Bu məqsədlə vətəndaşlara “Necə düşünürsünüz, iki ölkə arasında sülh müqaviləsi daha çox hansı səbəbdən yubanır?” sualı ünvanlanıb. 

Sorğu əsnasında iştirakçıların təqribən yarıya yaxını, başqa sözlə 46.6%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasının əsas səbəbini Ermənistanın təxribatlar törətməsi və sülhdə maraqlı olmadığını göstərməsi ilə izah edib.

Bu suala rəyini ifadələrin 38.0%-nin fikrincə, üçüncü qüvvələrin sülhə mane olması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini ləngidən səbəblər sırasındadır.

Sülh müqaviləsinin imzalanması üçün hələ çox işlərin görülməli olduğu fikri ilə çıxış edən respondentlər cəmi 7.3%  təşkil edib.

Respondentlərin cəmi 2.1%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasını digər səbəblərlə əlaqləndirib, 6.0%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.