Yuxarıya
skip to main content

İctimai yerlərdə təhlükəsizlik məsələsi ilə bağlı əhali nə düşünür?/ SORĞU

13.04.2023

Vətəndaşların şəxsi təhlükəsizliyi ilə bağlı rəylərini öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğu əsnasında vətəndaşların “İctimai yerlərdə özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz?” sualı ilə bağlı fikirləri soruşulub.

Sorğu nəticələri vətəndaşların şəxsi təhlükəsizliyi ilə rəylərinin yüksək olduğunu göstərib. Belə ki, respondentlərin əksəriyyəti və ya 76,0%-i özünü ictimai yerlərdə tam təhlükəsiz, 17,7%-i əsasən təhlükəsiz hiss etdiyini qeyd edib.

Təhlillərə əsasən, ictimai yerlərdə təhlükəsizlik məsələsinə respondentlərin həm təhsil səviyyələri, həm də müxtəlif yaş qrupları üzrə münasibəti yüksəkdir.

Sözügedən istiqamətdə nəticələrin respondentlərin yaşayış məntəqəsi üzrə təhlili şəhər, qəsəbə və kənd sakinlərinin rəylərinin fərqlənmədiyini göstərib.

Sorğu iştirakçılarının 3,7%-i özünü ictimai yerlərdə əsasən təhlükədə, 2,1%-i tam təhlükədə hiss etdiyini bildirib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 0,5% təşkil edib.

Qeyd edək ki, sorğular 01-06 aprel 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.