STM-də Şəmsəddin Kuzəçi ilə görüş keçirilib
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçini qəbul edib.
Görüşdə Azərbaycan tarixinin şanlı səhifələrindən, Türkmənelində yaşayan soydaşlarımızdan, onların hazırkı vəziyyətindən söhbət açılıb.
Mərkəz rəhbəri İraqda yaşayan milyonlarla soydaşımızla bağlı vaxtilə Ümmilli Lider Heydər Əliyevin gördüyü işlərə nəzər salıb, tarixi – mədəni münasibətlərə, hazırkı ədəbi əlaqələrlə bağlı qonağın fikirlərini öyrənib.
Eyni zamanda İraqda yaşayan soydaşlarımıza da dünya azərbaycanlıları kontekstində baxmağın vacib olduğunu dilə gətirən Mərkəz rəhbəri bildirib ki, əlaqələrin hazırkı səviyyəsi ötən ay ölkəmizə səfər edən İraq prezidentinin yanaşmasında da müsbət impulslar doğurmaqla yanaşı, Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin xarici siyasət strategiyası daha çox mühüm milli maraqlara söykənərək yeni reallıqlara əsaslanmaqdadır.
Görüşdə bir sıra mühüm addımların icrası üçün fikir mübadiləsi aparılıb və qonağı müşayiət edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarla da türkmən gəncliyi ilə Azərbaycan gəncliyi arasında mühüm ədəbi əlaqələrin daha da genişləndirilməsi kimi məsələlər müzakirə edilib.