Yuxarıya
skip to main content

STM rəhbəri Türkiyənin nüfuzlu beyin mərkəzində görüş keçirdi, anlaşmalar imzalandı

27.03.2023

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətini sədri Zahid Oruc Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan – İRAM -da görüşlər keçirib.
İran Araşdırmaları sahəsində mühüm təcrübələrə malik olan Mərkəz 2016-cı ildə Ankarada yaradılıb. 2022-ci ildən fəaliyyətini İstanbulda davam etdirən Mərkəzdə sosioloqlar, mütəxəssislər və araşdırmaçılardan ibarət yüksək səviyyəli kollektiv formalaşıb.
Hazırda Türkiyə Xarici İşlər Nazirliyi daxil olmaqla, dövlət və özəl qurumlar üçün hesabatlar hazırlayan Mərkəz xüsusi layihələri ilə diqqət cəlb etməkdədir.
İRAM Türkiyə, Azərbaycan, Gürcüstan, Qətər, Küveyt, Yəmən, İraq, Əfqanıstan, Pakistan, Yaponiya və Finlandiyada mühüm layihələr icra etməkdədir. İRAM-ın fəaliyyəti sferasında mədəni, tarixi sosial, siyasi və iqtisadi sahələrdə seminar, təlim, konfransların təşkili də daxildir. Qurum Türkiyənin daxili və xarici siyasəti, iqtisadiyyatı, enerji sektoru, dəyişən demoqrafiyası, təhlükəsizlik problemlərinə dair hesabatlar hazırlamaqdadır. 
Mərkəzin analizləri, perspektivlərə aid proqnozları, hesabatları, reportajları, media üçün xülasələri, akademik jurnalı, bülletenləri mövcuddur.
Görüş çərçivəsində İRAM başqanı Hakkı Uyğur STM rəhbərinə Mərkəzin tədbirləri haqda geniş məlumat verib və bildirib ki, təlim, təhsil, konfrans və tədqiqat standartları sahəsində iki qurum bu gün Avropada tətbiq edilən modern nailiyyətləri birlikdə tətbiq etməklə yanaşı, mühüm uğurlar əldə edə bilərlər. 
Eyni zamanda Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmaların koordinasiyasında birlikdə hərəkət etsinlər.
Sonda qərara alınıb ki, iki qurum arasında xüsusi nəzərdə tutulmuş təhsil proqramı həyata keçirilsin.