Yuxarıya
skip to main content

“Zəngəzur dəhlizi: Regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” ictimai rəydə- İkinci Hissə

16.03.2023

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin sosial-siyasi aspektləri, eyni zamanda regionda sülh və sabitlik baxımından təsirləri barədə vətəndaşların fikirləri öyrənilib.
İctimai rəy sorğusunda iştirak edənlərin 89,6%-i Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin reallaşması istiqamətində diplomatik strategiyaları çox uğurlu kimi qiymətləndirib. Rəyi soruşulanların 8,6%-i diplomatik strategiyaları əsasən uğurlu olduğunu bildirib. Sorğuda iştirak edənlərin 0,3%-i bu istiqamətdə diplomatik strategiyaların əsasən uğurlu olmadığını, 0,5%-i heç uğurlu olmadığı mövqeyini bölüşüb. Respondentlərin 1,0%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.


Sorğuda iştirak edənlərin 96,6%-i Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında avtomobil və dəmir yolu əlaqəsinin yaradılmasının “dəhliz” formasında reallaşmasını istəyir. Respondentlərin 2,9%-i avtomobil və dəmir yolu əlaqəsinin yaradılmasının “dəhliz” formasında reallaşmasının əleyhinədir.


Sorğuya cəlb olunanların 59,1%-i yaxın zamanda Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanır. Respondentlərin 35,7%-i yaxın zamanda Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanmır.

 

Respondentlərin 47,1%-nin qənaətinə görə əvvəlcə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, daha sonra Zəngəzur dəhlizi açılmalıdır. Rəyi soruşulanların 44,8%-i isə düşünür ki, Zəngəzur dəhlizi sülh müqaviləsi imzalanmadan da açıla bilər.

 

Tədqiqat çərçivəsində müqayisəli təhlil etdikdə görürük ki, yaxın zamanda Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanan respondentlərin 50,9%-i düşünür ki, əvvəlcə sülh müqaviləsi imzalanmalıdır.   

 

Bununla yanaşı, Zəngəzur dəhlizi sülh müqaviləsi imzalanmadan da açıla biləcəyini deyən respondentlərin 40,1%-i yaxın zamanda Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanmır. 


Respondentlərin 67,2%-nin fikrincə Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında təhlükəsizliyin dayanıqlı olmasına və sülhün qalıcılığına xidmət edəcək.


Rəyi soruşulanların 21,9%-i düşünür ki, Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında təhlükəsizliyin dayanıqlı olmasına və sülhün qalıcılığına xidmət etməyəcək. 


Sorğular 2022-ci ilin 15 oktyabr - 19 oktyabr tarixləri ərzində Naxçıvan MR-da məskunlaşan 386 respondent arasında, telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Naxçıvan MR-nın 8 rayonu üzrə seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib və gender balansı qorunub. Sözügedən rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri məlumat bazasından təsadüfi qaydada seçilib və zənglər edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.