Yuxarıya
skip to main content

Dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətlərinə vətəndaş zənglərinin cavablandırılması üzrə qiymətləndirmə

20.02.2023

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2022-ci il 17 oktyabr - 18 noyabr tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq aparılıb.

Monitorinq həm ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nından irəli gələrək, həm də vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti, vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti öyrənir.

Monitorinqin məqsədi əldə edilmiş nəticələrin kəmiyyət göstəriciləri əsasında təhlili ilə müvafiq sahədə səmərəli, effektiv və şəffaf məlumat mübadiləsinə əsaslanan dövlət-cəmiyyət əməkdaşlığının institusional səviyyəsinin yüksəlməsi istiqamətində dövlət siyasətinə töhfə verməkdir.

Monitorinq 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.

Ümumilikdə 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə 21 iş günü ərzində günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1518 zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin (bəzi qurumların qaynar xətti eynidir) həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 5 qurumun isə yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur) zənglər edilib.

Ölkə üzrə ümumilikdə 41 dövlət orqanına (qurumuna) məxsus olan stasionar nömrələrin və qaynar xətlərin fəaliyyəti və bu kommunikasiya xətlərinə edilən vətəndaş zənglərinin cavablandırılması üzrə günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinq həyata keçirilib. Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətini və vətəndaşların zənglərinə cavab vermənin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölməsinə istinad edilib.

  Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.

Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq çərçivəsində 41 dövlət orqanının (qurumunun) stasionar nömrələrinə və qaynar xətlərinə edilən 1518 zəngin ümumi olaraq 62,1%-nə cavab verilib, 37,9%-nə cavab verilməyib. Başqa sözlə, monitorinq nəticəsində qeydə alınan 1518 zəngdən 943-nə cavab verilib, 575 zəngə cavab verilməyib.

Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətlərinin fəaliyyəti və zənglərə cavab vermə üzrə monitorinqin nəticələrini ayrılıqda xarakterizə etsək, fərqli tendensiyanı müşahidə edə bilərik. Belə ki, əhatə olunan qurumların stasionar nömrələrinə edilən ümumi zənglərin 47,6%-nə cavab verilib, 52,4%-nə cavab verilməyib. Daha detallı qeyd etsək, günün birinci yarısında ümumilikdə stasionar nömrələrə edilən zənglərin 46,5%-nə cavab verilib, 53,5%-nə cavab verilməyib. Günün ikinci yarısında stasionar nömrələr üzrə cavab verilmiş zənglər 48,8%, cavab verilməmiş zənglər 51,2% təşkil edib.

Dövlər qurumlarının (orqanlarının) qaynar xətlər üzrə ümumi monitorinq nəticələrinə əsasən, zənglərin əksəriyyətinə (78,9%) cavab verilib, 21,1%-nə cavab verilməyib. Qaynar xətlər üzrə ümumi nəticələrin təhlilinə əsasən, günün birinci yarısında zənglərin 78,6%-nə cavab verilib, 21,4%-nə cavab verilməyib. Günün ikinci yarısında da demək olar ki təqribən eyni tendensiya müşahidə edilib. Belə ki, qaynar xətlərə edilən zənglərin 79,3%-nə cavab verilib, 20,7%-nə cavab verilməyib.

Cavab verilən 943 zəngin 79.9%-nin gözləmə müddəti 10 saniyəyə qədər təşkil edib. Cavab verilən zənglərin 3,6%-nin gözləmə müddəti 5 dəqiqədən çox olub. Ümumilikdə, monitorinq çərçivəsində qaynar xətlər üzrə cavablandırılmayan zənglərə görə maksimum gözləmə müddəti 20 dəqiqədən çox qeydə alınıb.

Nəzərə çatdıraq ki, aparılan monitorinqin dövlət qurumları (orqanları) üzrə ayrı-ayrılıqda ümumi nəticələri qarşıdakı dövrdə geniş ictimaiyyətə təqdim ediləcək.

Aygün Yusibova
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri