Yuxarıya
skip to main content

2022-ci il hansı istiqamətlər üzrə daha uğurlu hesab edilir? - Sorğu

30.12.2022

Regional və beynəlxalq əhəmiyyətinə görə, Azərbaycanın 2022-ci ildə siyasi, iqtisadi, diplomatik müstəvidə izlədiyi xətt yeni geosiyasi reallıqlar çərçivəsində qarşıda dayanan mühüm hədəflərlə xarakterizə olunmaqdadır. Bu xüsusda, yekunlaşmaqda olan 2022-ci ilə müxtəlif istiqamətlər üzrə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında rəy sorğusu keçirilib. Sorğuda respondentlərin “2022-ci ilin yekununu hansı istiqamətlər üzrə daha uğurlu hesab edirsiniz?” sualına münasibəti öyrənilib. Soğru iştirakçılarına ünvanlanan bu suala cavab olaraq onlara bir neçə cavab variantı seçmək imkanı verilib.  
Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin əhəmiyyətli hissəsi, yəni 71,1%-i 2022-ci ilin yekununun hərbi istiqamət üzrə daha uğurlu olması fikri ilə çıxış edib. Sorğu nəticələrinin təhlili göstərir ki, 18-24 yaş qrupunu təmsil edənlər, 45-54 yaş qrupunu təmsil edənlərlə müqayisədə daha çox bu mövqedədirlər.
Sorğuda iştirak edənlərin mühüm hissəsinin - 62,3%-nin mövqeyində 2022-ci ilin yekununun Azərbaycanın siyasi-diplomatik müstəvidəki addımları ilə daha uğrulu olması yanaşması əksini tapıb. Nəticələrin təhlilinə əsasən, təhsil səviyyəsi artdıqca yekunlaşmaqda olan ilin siyasi və diplomatik baxımdan uğurlu olması mövqeyini ifadə edənlərin sayı da artıb. Respondentlərin 34,8%-i 2022-ci ili iqtisadi istiqamət üzrə daha uğurlu hesab etdiyini qeyd edib.


Mədəni istiqamət üzrə uğur amili sorğuda aktiv iştirak edənlərin  29,4%-i tərəfindən qeyd edilib. Gənc respondentlər yaşlı respondentlərlə müqayisədə daha çox bu mövqeni bölüşüb.
2022-ci ili sosial istiqamət üzrə daha uğurlu hesab edənlərin göstəricisi 25,9% təşkil edib. 18-24 yaş qrupuna mənsub olan respondentlər 55-64 yaş qrupuna mənsub olan respondentlərlə müqayisədə 2022-ci ilin sosial istiqamət üzrə daha uğurlu olduğunu düşünür.

Sorğuda iştirak edənlərin 10,1%-i 2022-ci ili digər bir sıra istiqamətlər üzrə daha uğurlu hesab edib, 4,1%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü  iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Qeyd edək ki, rəy sorğusunun nəticələri sözügedən istiqamətlər üzrə ümumi qiymətləndirməni nəzərdə tutmur, məhz 2022-ci ilin hansı istiqamətlər üzrə daha uğurlu olması ilə bağlı ictimai təsəvvürü əks etdirir.