Avropalıların yarısı uşaqlarını qidalandırmaq üçün öz yeməklərini kəsir
Covid-19 epidemiyası və Rusiyanın Ukraynaya müdaxiləsi ilə nəticələnən iqtisadi böhran səbəbiylə Avropada inflyasiya rekordları qırıb. Avropa Statistika İdarəsinin (Eurostat) Avro Bölgəsi üzrə oktyabr ayı üzrə açıqladığı illik inflyasiya göstəricisi 10.7% olub. Müharibənin iqtisadi bədəli Avropa üçün alıcılıq qabiliyyətinin zəifləməsilə özünü göstərib.
Fransanın qeyri-hökumət təşkilatı olan Secours Populaire tərəfindən ölkənin aparıcı araşdırma şirkətlərindən biri olan Ipsos ilə təşkil edilən araşdırmada hər dörd avropalıdan biri iqtisadi vəziyyətin "təhlükəli nöqtədə" olduğunu bildirib.
Almaniya, İtaliya, Yunanıstan, Polşa, İngiltərə və Fransadan 6 min adamın iştirak etdiyi araşdırmada iştirakçıların 54 faizi son 3 ildə əsasən ərzaq, yanacaq, istilik və kirayə xərcləri səbəbilə alıcılıq qabiliyyətlərinin azaldığını ifadə ediblər.
Sorğu zamanı məlum olub ki, alıcılıq qabiliyyətinin ən çox azaldığı ölkə Yunanıstan olmuşdur. Belə ki, respondentlərin 68 faizi ölkədə alıcılıq qabiliyyətinin “çox aşağı düşdüyünü” bildirmişdir. Digər ölkələr üzrə qeydə alınan nəticə isə belə olmuşdur: Fransa - 63%, İtaliya - 57%, Almaniya - 54%, Böyük Britaniya - 48% və Polşa - 38%.
Rəyi öyrənilənlərin 27 faizi iqtisadi vəziyyətlərinin “təhlükəli nöqtədə” olduğunu və istənilən gözlənilməz xərcin onların bütün balansını poza biləcəyini, 55 faizi isə xərclərinə diqqət etməli olduqlarını bildirib. Həmçinin sorğuya cəlb olunanların təxminən 80 faizi iqtisadi şəraitin pis olması səbəbindən ciddi dəyişikliklərə məruz qaldıqlarını vurğulamışdır – ezamiyyə xərclərini kəsənlərin nisbəti 62% olduğu halda, istilik xərclərinə qənaət edənlər iştirakçıların 47%-ni təşkil etmişdir.
Amma bəzi avropalılar üçün pula qənaət etmək də artıq kifayət etmir. Sorğu zamanı respondent avropalıların 42 faizi ailə və ya dostundan borc aldığını bildiriblər. Lakin bu təcrübə də uzunmüddətli perspektivdə keçərli deyil. Çünki insanlar öz qohumlarından pul istəməyə cəsarət etmir və ya qohumları onlara sadəcə kömək edə bilmirlər. Digər tərəfdən, ev təsərrüfatları istehlak kreditləri götürmək riski altındadır. Vəziyyətdən çıxış yolu qismində isə respondentlərin 40 faizi əlavə iş axtardığını, qalanları isə yemək məsrəflərini məhdudlaşdırdıqlarını bildiriblər. Sorğuya qatılanların 48%-i isə yemək xərclərinə qənaət edərək övladlarını qidalandırdıqlarını bildiriblər.
Əgər ev təsərrüfatları artıq ödəmə qabiliyyəti olmasa, Birləşmiş Ştatlarda 2007-ci il böhranı zamanı olduğu kimi, maliyyə və bank böhranının meydana çıxması olacaq - ev təsərrüfatlarının artıq alıcılıq qabiliyyəti yoxdursa, o zaman tələb yarıya çatır və çökür. Tələb azalarsa, istehsal da çökər.
Sorğu həmçinin göstərir ki, Avropada inflyasiyadan ən çox təsirlənənlər qocalar, tək valideynli ailələr və gənclərdir. Lakin vəziyyət çox heterojendir - ingilislər üçün bu, daha çox tək valideynli ailələrdir, yunanlar və italyanlar üçün isə ən gənclər.
Secours Populaire baş katibi Henriette Steinberg isə “EURACTIV”-ə açıqlamasında Avropada qeyri-müəyyənliyin çox güclü artımını müşahidə etdiklərini, getdikcə daha çox insanın özlərini və ailələrini dolandırmaq üçün əlverişli həll yolları tapa bilməməsi ilə bağlı artan narahatlığının olduğunu və qayğıların on milyonlarla insanın gündəlik həyatında yer alan qida, səhiyyə, mənzil və uşaqların ehtiyaclarını ödəmək kimi zərurətlə bağlı olduğunu vurğulayıb.
Pünhan Musayev