“BAKI ŞƏHƏRİNİN MÖVCUD MƏNZİL FONDUNUN İNKİŞAFINDA YENİ GÖZLƏNTİLƏR” - FOTO

20.05.2025

Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər 19 may 2025-ci il tarixində keçirilmiş elmi-praktik konfransda ətraflı şəkildə müzakirə olunub. Konfransa Sosial Tədqiqatlar Mərkəzi ev sahibliyi edib.

Tədbir müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirmək olub. Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər. Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib. Konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş şəkildə nəzərdən keçirilib. İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar. Əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub.