Sosial Tədqiqatlar Mərkəzi : COP 29 Azərbaycanın yaşıl enerji üzrə qlobal mərkəz olduğunu bir daha nümayiş etdirdi

16.12.2024

COP29 beynəlxalq tədbirinin bu il ölkəmizdə keçirilməsi ilin ən vacib hadisələrindən biridir. Bu səbəbdən bu tədbirin işıqlandırılması dövlətimiz üçün strateji əhəmiyyət kəsb edir.
Sosial Tədqiqatlar Mərkəzi beyin mərkəzi kimi fəaliyyəti ilə tədbirdə aktiv iştirak edərək müzakirələrdə uğurlu əməkdaşlıq üçün metodlar formalaşdırdı, müxtəlif dinləmələrdə STM əməkdaşları aktiv şəkildə iştirak etdilər. Tədbir boyunca mərkəzin İdarə heyəti, həmçinin əməkdaşları bu mötəbər sammitdə yüksək aktivliklə iştirak edib, çıxışlar edib, panellərdə dinləmələrə qatılıb.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları 11 noyabr tarixindən etibarən artıq COP29-da aktiv iştirakına start verdi. İlk gün əməkdaşlar həm mavi, həm də yaşıl zonada iştirak ediblər.
12 noyabr tarixində isə STM İdarə Heyətinin sədr müavini, professor Tahirə Allahyarova COP29 və onun əhəmiyyəti haqqında fikirlərini bölüşüb. Həmçinin STM-in sektor müdiri Tural İsmayılov Türkiyə televiziyası üçün COP29 -un əhəmiyyətindən bəhs edib. Eyni tarixdə COP29 çərçivəsində Hindistan Sənaye Konfederasiyasının icraçı direktoru Şixar Jain ilə müzakirələr aparıb. Müzakirədə Azərbaycanın bərpaolunan enerjisi haqqında məlumat verildi, yaşıl keçid, yaşıl iqtisadiyyat və Azərbaycanın potensialı haqqında fikir mübadiləsi edildi. Qeyd edək ki, 125 illik konfederasiyanın 294 üzvü mövcuddur.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa – “Stratcom Public Forum”unda çıxış edib.
İqlim problemlərinin həlli karbon emissiyalarının nəzarətdə saxlanılmasından keçir. Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Stratcom Public Forum” – Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə keçirilən Dəyirmi Masaya video-müraciətində səsləndirib.
Türkiyənin “Paris Sazişi”ni imzalamasının ardınca xanım Əminə Ərdoğanın himayəsində irəli sürülmüş “Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” Türkiyənin bu mövzudakı həssaslığını beynəlxalq müstəviyə daşıdı. 83-dən çox ölkənin imzaladığı bu xoşməramlı bəyənnamə iqlim problemlərinin həllində Türkiyənin öncül rolunu ortaya qoyan ciddi addımdır və uğurlu olacaq.
STM-in sektor müdiri İlyas Hüseynov öz çıxışında Ermənistanın işğal dövründə regional və qlobal ekoloji təhlükəsizliyə vurduğu ziyan, “Metsamor” atom elektrik stansiyasının bölgə üçün təhdid yaratması, qlobal istiləşmənin yaratdığı çətinliklər, dünyada getdikcə geniş vüsət almağa başlayan hidro problemlər, ölkəmizdə keçirilən COP29 tədbirinin əhəmiyyəti, qarşıya qoyulan hədəflər, ölkəmizin bu sahədə milli prioritetləri və alternativ enerjiyə keçid sahəsində görülmüş genişmiqyaslı işlər haqqında çıxış edib.
“Sıfır tullantı” çərçivəsində iqlim böhranı ilə mübarizədə özəl və ictimai əməkdaşlıq, davamlı enerji və inkişaf, beynəlxalq münasibətlərdə iqlim böhranının səbəb olduğu yeni sınaqlar, Türkiyənin yaşıl inkişafı, ətraf- mühit və iqlim dəyişikliyi problemlərində tərəqqi, cəmiyyətdə “Sıfır tullantı” mədəniyyətinin maarifləndirmə yolu ilə təbliği, iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın önəmi kimi məsələlər müzakirə olunub.
STM İdarə Heyətinin sədri Zahid Oruc tədbir mqddətində bir sıra yerli və beynəlxalq media orqanlarına müsahibələr verib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasiminə, COP29 Dövlət Rəhbərləri Konfransı çərçivəsində Birinci xanımlar və gənclər korpusunun iştirakı ilə Gənclər Panelinə, Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində, COP29 Sədrliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının (Dünya Bankı və BVF ilə birgə) təşkilatçılığı ilə təşkil olunmuş “Qlobal Maliyyə Sistemi: İqlim Fəaliyyəti üçün Maliyyələşdirmənin Artırılması” mövzusundakı dinləməyə, həmçinin “Yaxın Şərq və Şimali Afrika regionu: Yaşıl İqlim Fondunun strateji planı, investisiya, kriteriyalar” mövzusundakı təqdimatda fəal iştirak ediblər.
Beynəlxalq tədbirin ikinci həftəsində də STM əməkdaşlarının aktivliyi daha geniş mərhələyə keçid aldı.
COP29 çərçivəsində Mavi Zonadakı Çin pavilyonunda “Enerji müzakirələri haqqında beynəlxalq əməkdaşlıq, emissiyaların ixtisarı, ətraf mühit üzrə idarəetmə” mövzusunda dinləmələr keçirildi. Sosial Tədqiqatlar Mərkəzi əməkdaşlarının qatıldığı müzakirələrdə bu sahədəki tədqiqatların əhəmiyyətindən bəhs edildi, qlobal əməkdaşlığın vacibliyi vurğulandı. Əlavə olaraq əməkdaşlar “Şərqi Avropada davamlı maliyyə və investisiyalar” mövzusunda müzakirələrdə aktiv iştirak ediblər. Müzakirələrdə əsas vurğulanan məqam yaşıl enerjiyə daha çox kapital ayrılması məsələsi oldu.
Bundan əlavə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bir sıra səfirlərlə də görüşüb. Mavi Zonada İsrail pavilyonunda İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik görüş çərçivəsində Sosial Tədqiqatlar Mərkəzi ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə olundu. Həmçinin İlyas Hüseynov Qırğızıstan pavilyonunda olub və Qırğızıstanın Azərbaycanda səfiri cənab Maksat Mamıtkanov ilə görüş keçirib. Görüş çərçivəsində Qırğızıstanın tanınmış beyin mərkəzləri ilə Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
STM əməkdaşları Mavi Zonadakı müzakirələrdə iştirakına bütün tədbir boyu davam edib. Emissiyaların Beynəlxalq Ticarət Assosiasiyası (İETA) təşkilatı karbon qazının geoloji saxlanması ilə bağlı azalmaların və kreditləşdirilməsinə dair müzakirədə uzun illər beynəlxalq danışıqlarda inkişaf etmiş prinsipləri, presedentləri və təcrübəni təsvir edir. Həmçinin müzakirədə, IETA üzv ekspertləri ilə konsensus əsaslı müzakirələrdə ətraf mühitin bütövlüyü, səmərəlilik, aydınlıq, geniş iştirak və bazar səmərəliliyinin maksimumlaşdırılması qeyd edilib. Mavi Zonada pavilyonlardakı müzakirələrdə ABŞ-nin ştatlarının və yerli rəhbərlərinin submilli iqlim fəaliyyətləri haqqında mətbuat konfransı da keçirilib. Mətbuat konfransında iqlim üzrə idarəetmənin vacib tərəflərindən bəhs edilib. BMT-nin İqlim Katibliyinin gördüyü işlərə qlobal dəstəyin önəmi vurğulanıb və çağırış edilib.
COP29 iqlim sammitində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb. Tədbir COP29 Sədrliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu tərəfindən təşkil olunub.
Platformanın məqsədi biznes, maliyyə və xeyriyyəçilik sahələrindən olan liderləri bir araya gətirərək Paris Sazişinin hədəflərinə çatmaq üçün birgə fəaliyyətə təkan verməkdir.
Bir neçə seqment üzrə təşkil olunmuş tədbirdə əsas mövzular arasında 2030-cu ilədək iqlim maliyyələşməsi tədbirləri, iqlim fəaliyyəti üçün genişləndirilmiş xarici birbaşa investisiyalar üçün dövlət və özəl sektor əməkdaşlığının sürətləndirilməsi, dekarbonizasiya həllərinin təşviqi, iqlim uyğunlaşdırılması və dayanıqlılıq üçün maliyyə həlləri müzakirə edilib.
Mavi Zonadakı İsveç pavilyonunda “İqlim maliyyələşdirilməsi: enerji səmərəliliyi və ətraf mühit” mövzusunda müzakirələrə qatılıb. Müzakirədə cənab Håkan Jevrell, Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət Nazirinin Dövlət Katibi Odil Renaud-Basso, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Gert Jan Koopman, “DG NEAR”-ın baş direktoru səmərəli təkliflər səsləndiriblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans da təşkil olunub. Konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və Xaricdə Tələbə və Məzunlar Platformasının üzvü, İtaliya məzunu Aytən Babayeva tədbirdə iştirak edib.
20 noyabr tarixində Sosial Tədqiqatlar Mərkəzi Mavi Zonada Qətər Pavilyonunda tədbir iştirakçısı kimi çıxış edib. STM İdarə Heyətinin sədri Zahid Oruc və sədr müavini, professor Tahirə Allahyarova da öz növbələrində keçirilən paneldə geniş çıxış edib. Çıxış zamanı həmçinin iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya problemləri haqqında ətraflı məlumat verilib.
21 noyabr tarixində COP29 çərçivəsində “Gender Bərabərliyi Günü qeyd edilib. STM təmsilçiləri də Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası”nda iştirak edib.
Tədbirdə bildirilib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin əsası kimi çıxış edir.
Tədbir boyunca “Yaşıl zonada” “Giltex” şirkətinin keçirdiyi “Torpaq sağlamlığı” sessiyası tədqiqatçılar üçün yeni əməkdaşlıq meyarlarının platforması kimi uğurlu oldu.
Sessiyada kənd təsərrüfatı sahəsində torpaqların mühafizə edilməsinin əhəmiyyətindən bəhs edilib.
Günün davamında STM əməkdaşları COP29 çərçivəsində Mavi Zonada Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən təşkil edilən “Səhralaşmaya və iqlimə uyğunlaşmaya qarşı daha dayanıqlı olmaq üçün insan hərəkətliliyinə dair sübutlardan istifadə etmək” mövzusunda dinləmələrə qatıldılar. İqlim uyğunlaşmasına davamlılığın yaradılması üçün məlumat mübadiləsi məqsədi daşıyan müzakirələrdə iqlim dəyişikliyi kontekstində planlaşdırılan yerdəyişmə və miqrasiya imkanları ətrafında məsələlər müzakirə olunub.
Həmçinin tədbir boyunca Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bir neçə videoreportajla əsas mövzu predmetlərinə dair rəylər paylaşıb.
STM əməkdaşları COP 29 tədbirinə qatılan müxtəlif ölkələrdən 50-dən çox şirkət və nümayəndələri ilə beynəlxalq əməkdaşlıq və birgə layihələrin mümkünlüyü barədə gələcək dialoqun davam etdirilməsini qərara alıblar.