İndi və həmişə: həmrəyliyin vacib mahiyyəti

29.04.2025
məqalə, yazı, stm, stm6il

Həmrəylik şüuru millətləri millət edən və dövlətləri güclü edən vacib elementlərdən biridir. Anlayış olaraq həmrəyliyin mahiyyəti birlik, bütövlük, vəhdət kimi də başa düşülə bilər. 

Bu gün dünyanın heç olmadığı qədər həmrəyliyə ehtiyacı var və biz görürük ki, həmrəlik harada yoxdursa, orada ancaq bəşəri problemlər, anlaşılmazlıqlar və eyni zamanda fərdi ambisiyalar üst nöqtədədir. 


Təbii ki, fərdi ambisiyalar olanda da bu, dünyanı narahat edən bəşəri problemlərə qarşı vahid bir tqavimət gücünün formalaşmağına əngəllər törədir.
Həmrəylik təkcə siyasi bir anlayış deyil. Bu, eyni zamanda cəmiyyətin ən alt təbəqəsindən idarəetmənin ən üst təbəqəsinə qədər qlobal münasibətlər sisteminin əsas avanqardlarından biridir. Həmrəyliyin olmadığı, həmrəyliyin çatışmadığı istənilən bir sahədə çox ciddi problematikalar mövcuddur və təəssüflər olsun ki, uzun illər həmrəyliyin mütləqliyindən bəhs edən, həmrəyliyin vacibliyindən danışan beynəlxalq güc məhkəzləri və eyni zamanda əsas siyasi paytaxtlar dünyada həmrəyliyə ən böyük zərbələr vurdular.


Həmrəylik sosiumun bütün fraqmentlərində- ailə münasibətlərində, nəsillərarası əlaqələrdə vacib olduğu kimi, siyasi, iqtisadi və kültürəl münasibətlərdə də vacib bir tezisi özündə formalaşdırır. Dünyada həmrəyliyin olmaması neqativ narrativlərin yaranmağına səbəb olur. Həmrəyliyin bir düşüncə kimi xalqların fikirlərində necə əks olunmağından asılı olmayaraq, o xalqların mənsub olduğu ölkələrin siyasi qərar qəbulediciləri həmrəylik düşüncəsindən kənar olduqda öz ölkələrinin tarixi üçün də çox kəskin bir situasiya yaradırlar və dünya tarixində heç də yaxşı rakursda təsvir olunmurlar.
Dünyanın bir ucunda insanlar aclıqdan ölür, digər ucunda isə "meqapolis brendliyi" trendləşir. Sanki empatiya qədim dövrün təsəvvürüdür, indi ilə heç əlaqəsi yoxdur.


Həmrəylik "trend" yox, "prinsip" olmalıdır. XXI əsrdə insanlığın qarşılaşdığı problemlər - istər iqlim dəyişikliyi, istər pandemiyalar, istərsə də iqtisadi və siyasi qeyri-sabitlik bir dövlətin, bir qitənin, bir millətin təkbaşına həll edə biləcəyi məsələlər deyil. Tarix boyu həmrəylik müxtəlif formalarda təzahür edib. Ən ibtidai cəmiyyətlərdən tutmuş feodal strukturadək insanlar həyatda qalmaq üçün kollektiv əməkdaşlığa məcbur olublar.


Qloballaşmanın sürətlənməsi və texnologiyanın sərhədsizləşməsi bu anlayışa yeni ölçülər gətirdi: artıq həmrəylik yalnız yerli deyil, planetar xarakter daşımalıdır. Bugünkü dünyada bəşəriyyət bir “klik” məsafəsində olsa da, real həmrəylik dərin bir böhran içindədir.


Sosioloji və politoloji tədqiqatlar təsdiqləyir ki, kompleks qlobal problemlər yalnız kollektiv strategiyalarla həll edilə bilər. İqlim dəyişiklikləri, pandemiyalar, mühacir böhranları, kibertəhlükəsizlik kimi problemlər coğrafi sərhədlər tanımır. Əgər dünyanın bir bölgəsində sistem çöksə, onun təsiri gec-tez digər bölgələrə də yayılır — bu, artıq elmi faktdır, mülahizə yox.


Beləliklə, qlobal həmrəylik sadəcə "etik davranış" məsələsi deyil. Bu, rasional, praqmatik bir yanaşmadır.

Qlobal həmrəylik bir utopiya deyil, elmi və tarixi zərurətdir.

Sosioloji nəzəriyyələrə görə sosial sistemlərin sabitliyi kollektiv şüur və həmrəylik dərəcəsindən asılıdır. Əgər klassik dövrdə həmrəylik əsasən qan qohumluğu, milli identiklik və ya yerli birgə yaşayış prinsiplərinə əsaslanırdısa, müasir qloballaşma dövründə planetar səviyyədə “süni həmrəylik” modelləri (məsələn, beynəlxalq təşkilatlar, qlobal hüquq prinsipləri) yarandı.

Müasir dünya qarşısında duran problemlər – iqlim dəyişikliyi, su və ərzaq təhlükəsizliyi, epidemioloji risklər – milli sərhədlərlə məhdudlaşmır. “IPCC” hesabatları göstərir ki, iqlim dəyişiklikləri bütün dünyanı sistematik təsir altına salır və lokal tədbirlər kifayət etmir.
BMT-nin 2023-cü il inkişaf hesabatına əsasən, zəngin və kasıb ölkələr arasındakı uçurum dərinləşməkdədir. Ədalətli resurs bölgüsü olmadan qlobal həmrəylik sadəcə normativ bir iddiaya çevrilir. Albert Eynşteyn deyirdi: “İnsan yalnız özü üçün yaşaya bilməz, başqalarına xidmət etmədiyi zaman həyatda məna tapa bilməz.” Bu, həmrəyliyin nə qədər vacib olduğunu vurğulayan bir fikirdir. 


Mənim siyasi fəlsəfənin görkəmli nümayəndələrindən biri olaraq fikirlərini daim təhlil etdiyim Con Dyui deyirdi: “Biz kollektiv olaraq yaşayırıq, yalnız birgə fəaliyyət göstərərək inkişaf edə bilərik.” Birlikdə hərəkət edərək hər bir fərd daha böyük məqsədlərə çatmaq üçün daha güclü ola bilər.
Dünyada ədalətdən, həmrəylikdən və bəşəri dəyərlərdən danışan bir çox dövlətlər ən kritik situasiyalarda ancaq özlərini düşünürlər. 
Özəlliklə qlobal pandemiya dövründə “vaksin milliyyətçisi” kimi tanınıb ədalətsizlik edənlər, həmçinin ölkəmizə qarşı və eyni zamanda işğala və terrora məruz qalan bir çox dövlətlərə qarşı ayrı-seçkilik edənlər də bu tendensiyaları davam etdirdilər. Azərbaycan isə bu dövlətlərin əksinə olaraq həmişə əzilən xalqların, kasıb ölkələrin, Afrika dövlətlərinin yanında yer alıbdır.


Azərbaycan 2020-2021-ci illərdə pandemiya dövründə həm regional, həm də qlobal miqyasda yardım aksiyalarında fəal iştirak edib. 30-dan çox ölkəyə tibbi ləvazimat, maskalar, test dəstləri və maliyyə yardımı göndərib. Azərbaycan hökuməti pandemiya ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları məbləğində ianə verib. Yardım olunan ölkələr arasında həm qonşu dövlətlər (Gürcüstan, İran), həm də Afrikada yerləşən ölkələr (Burundi, Çad, Esvatini və s.) olub. Bunun özü Azərbaycanın yalnız regionunda deyil, uzaq qitələrdə də qlobal həmrəylik missiyasına sadiq qaldığını göstərir.


COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən "qlobal həmrəylik və dayanıqlı inkişaf tərəfdaşı" kimi tanındığını sübut etdi. Bakıda "Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda beynəlxalq platformanın yaradılması da müstəsna əhəmiyyətə malikdir. Bütün sadalanan faktlar və rəqəmlər göstərir ki, Azərbaycan şüarlarla yox, konkret işlərlə qlobal həmrəyliyin qurucularından biridir.


Qlobal həmrəylik yalnız dövlətlər səviyyəsində deyil, hər birimizin gündəlik həyatında özünü göstərməlidir. Azərbaycan xalqı həmrəyliyə dəyər qatdı və ən gözəl nümunəni yaratdı...

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır