Post-faktual Demokratiya

24.04.2025

Post-faktual demokratiya post-həqiqət siyasəti əsrinin bir fenomeni olaraq anlaşılmalıdır. Siyasi olaraq opportunist, lakin faktual olaraq manipulyasiyaedici narrativlərin siyasi debat, qərar və qanunvericilik üçün bir bazis formalaşdırdığı zaman post-faktual demokratiya meydana çıxır.

“Faktual olaraq yanlış yönləndirici narrativlər” yalanlar, saxta və ya təhrif edilmiş xəbərlər, populist yaxud konspirasiya narrativləri, bir narrativi dəstəkləmək üçün faktların yeni konfiqurasiyasından ibarət olur. Faktlar siyasi korrektlik çərçivəsində yenidən konfiqurasiya edildiyi və ya yalnış alternativlər ilə əvəzləndiyi zaman onlar diskussiya, debat və qərarvermədə bazis rolunu itirirlər. Beləliklə, faktlar taktiki və strateji ehtiyaclara görə qəbul və ya rədd edilir, nəzərə alınır yaxud alınmır, siyasi hakimiyyət mübarizəsində strateji silahlara endirilir. Faktlar siyasiləşdikdə etimadlı tədqiqatın qarşısı siyasi maraqlar tərəfindən alınır.

Etimadlı metodlar ilə əldə edilən təsdiq edilmiş faktlar siyasiləşdikdə və partiya maraqlarına tabe edildikdə siyasi debat reallığa əsaslılığını itirir. 11 sentyabr hadisələrindən sonra Corc V. Buş “terrora qarşı qlobal müharibə”də bütün ölkələrin tərəf seçməli olduğunu elan edirdi: “Ya bizimləsiz ya da bizə qarşısız”. (1) Neytrallıq ümumiyyətlə mümkün deyil. Post-faktual demokratiyada eyni prinsip faktlar, həm də onları aşkara çıxaran institutlar üçün də keçərlidir. Hər şey siyasidir. Döyüş meydanında bütün baxış bucaqları aşkar siyasi maraqdan başqa heç nə olaraq qəbul edilir. Neytrallıq bir opsiya deyil. Neytral qalmağa çalışırsansa, ölümə gedən əsgər ola bilərsən. Elm, jurnalistika və qanun siyasiləşdirilir, düşmənlər və dostlar kimi kateqoriyalaşdırılır. Ya bizimləsən, ya da bizə qarşısan. ‘Əgər bizə qarşısansa, “feyk nyus”un təmsilçisisən. Post-faktual demokratiyada reallıq, və ya real olaraq qəbul edilən şey iqtidar sahibləri tərəfindən yaradılır və konstruksiya edilir. 2002-ci ildə amerikalı neokonservativ Karl Rouv bildirirdi: “Bu gün biz bir imperiyayıq. Fəaliyyətimiz zamanı öz reallığımızı yaradırıq. Siz bu reallığı öyrənərkən, biz yenidən akt göstərəcək və başqa reallıqlar yaradacağıq. Biz tarixin aktorlarıyıq. Siz və sizin hamınız etdiklərimizi öyrənməkdən başqa heç nə etməyəcəksiz”. Faktların imperiyanın fəaliyyətləri və narrativlər tərəfindən formalaşdıran konstruksiya edilmiş reallıq ilə əvəzlənməsi daha ekstrim bir həddir. Post-faktual demokratiya öz qeyri-məhdudluğu ilə bir ekstrimi təmsil edir.

Əgər müəyyən bir zaman və məkanda demokratiya faktual və ya post-faktual olaraq kateqoriyalaşdırılırsa insan özünü bir neçə istiqamətə yönləndirən müxtəlif sosial tendensiyalar anlayışını itirir və bu reallığın və ya “real”ın doqmatik – diktatorial obrazını yaradır. Sosietal inkişaf birmənalı deyil. Əbədi olaraq dəyişkən reallıqdan hərəkət etmək, tendensiyalar və zamanın fenomenlərini başa düşmək üçün xəritələr, bələdçi postları və mayaklara ehtiyac var. Yalnız bu mayaklar vasitəsilə dəyişkən və kompleks landşaftı bütövlükdə öyrənmək olar. Faktual və post-faktual demokratiyalar konsepti belə bir mayakdır. Onlar ideal tiplərdir. Böyük sosioloq Maks Veber ideal tipi müxtəlif fenomenləri müqayisə etmək üçün sosiologiyaya daxil edib. Veberə görə, ideal tiplər dünyanı detallı olaraq təsvir etmək üçün deyil, onu analiz etmək üçün metodoloji alətlərdir. (9)

İdeal tiplər, onlar arasındakı faktual və post-faktual demokratiya siyasi reallığın realist xəritələşdirilməsi deyil. Onlar kompleks sosial reallıq daxilində tendensiyaların hüdudlarını müəyyən etməyə yardım edən mayaklardır. Normativ anlamda, hər iki ideal tip utopikdən daha çox distopik xarakterlidir. Nə post-faktual, nə də faktual demokratiya demokratikdir. Çünki bir demokratiya faktların aşkarlanmasında jurnalistlər, elm adamları və hüquqi institutlar arasındakı əmək bölgüsünə, siyasətçilər və vətəndaşlar arasında rasional debatlara əsaslanır. Faktual və post-faktual demokratiyada bu əmək bölgüsü sadəcə bir xəyaldır. 
Faktlar və onların ədalətli olub-olmaması, dəyişidirlməli və ya dəyişdirilməməli olduğu haqqında siyasi fikirlər var. Lakin faktların faktuallığı bir siyasi məsələ deyil. Çünki faktuallıq elm, qanun və müstəqil media tərəfindən müəyyən edilir. Faktual məsələlər siyasiləşdikdə, əmək bölgüsü aradan qalxır. Əmək bölgüsünün qorunması siyasətçilərdən institutlara və doğru bilik meydana çıxara bilən metodlara sayğı tələb edir. Onun imperativi siyasi maraqlar və agendalarla ziddiyyət təşkil etdiyi üçün elmi nəticələr və tədqiqatları inamsızlaşdırmamaqdır.

Əmək bölgüsü mütləq deyil: cəmiyyət haqqında bilik cəmiyyətin necə olmalı olduğu haqqında siyasi diskussiyalardan ayrılıqda da deyil. Çünki tədqiqatçılar və ekspertlər hər zaman haqlı deyil. Onların tədqiqat metodları faktlar və reallıqdan dissosiasiya ola bilər. Qlobal maliyyə böhranından sonra tanınmış ekspertlər də daxil olmaqla, tədiqatçılar və tələbələrdən ibarət bir hərəkat iqtisadiyyatın hegemon paradiqmasını təndiq edirdilər. Nobel laureatlı iqtisadçı P.Kruqman iqtisadiyyatı reallıq ilə əlaqəsini itirməkdə, riyazi gözəlliyi yanlış bir şəkildə həqiqət olaraq dəyərləndirməkdə ittiham edirdi. Bu hərəkat iqtisadiyyatda metodiki və nəzəri reformlar üzərində çalışır. (2)

Əmək bölgüsü siyasi məsələləri sadəcə elmi və ya texniki məsələlərə çevirməməyi tələb edir. Fakt əsaslı demokratiyada fərqliləşən heç bir siyasi məsələ yoxdur. Bütün məsələlər yalnız elmi ekspertdən cavab tələb edən faktlar məsələsinə çevrilir. Faktual demokratiya demokratik deyil, o sadəcə bir texnokratiyadır.

İngilis Maarifçilik filosofu Frensis Beykona görə, biliyin özlüyündə iqtidar anlamına gəlməsi və insanı təbiətə ağalıq mövqeyinə gətirməsi kifayət deyil. Onun “Yeni Atlantis” əsəri Bensalem adlı təxəyyüli bir ölkə haqqındadır. Bu ölkə elm adamları şurası tərəfindən idarə edilir. Onun ideallaşdırdığı dövlət elm adamları və ekspertlərin idarə etdiyi, real heç bir siyasi proseslərin olmadığı dövlət – texnokratiyadır. Bir texnokratiyada bütün məsələlər faktalar məsələsinə çevrilir.

Hətta cəmiyyətin necə olmalı olduğu haqqında dəyər əsaslı normativ məsələlər belə elm və ekspertlərin qərar verməli olduğu faktual məsələlərə endirilir. Demokratik olaraq müzakirə edilə biləcək və haqqında siyasi bir fikrə sahib oluna biləcək heç nə yoxdur. Vətəndaşlar sadəcə ekspertlərin direktivlərini izləməlidir. Avropa Birliyi, xüsusən də Almaniya İtaliya və Yunanıstan kimi ölkələrin borc böhranında kəskin texnokratik tendensiyalar nümayiş etdirirdi. Borclu ölkələrdə yalnız zəruri sosial-iqtisadi qənaət təbirlərini icra etməli olan texnokratik hökumətlər dəstəklənirdi. Siyasi məsələlərin avrozonada texniki direktivlərə çevrilməsi üzvlər arasında siyasi müzakirəni aradan qaldırır. Bu da demokratiyanın təməlini sarıstmaqla yanaşı, aşağı gəlirli və iqtisadi baxımdan ziyan çəkmiş əhali qrupları üçün ağır nəticələr ortaya çıxarır. Texnokratiyalar borc səviyyəsinin limitini, maliyyə börahnın necə həll edilməli olduğunu söyləyə bilər. Lakin onlar gəlir bərabərsizliyi kimi siyasi məsələləri həll edə bilməz. Ona görə də, əksər inkişaf etmiş ölkələrdə ifrat faktual, texnokratik siyasətlərin qəzəb doğurduğu müşahidə edilir. Britaniyanın AB-də qalması və ya tərk etməsi ilə bağlı referendumdan əvvəl Britaniyalı siyasətçi, Breksit tərəfdarı Maykl Qov ölkədə “həddən çox ekspertlərin var olduğunu” qeyd edirdi. 2013-cü ildə Y.Habermas isə bildirirdi ki, AB bir tərəfdən avronu qorumaq üçün zəruri iqtisadi siyasətlər, digər tərəfdən isə daha sıx inteqrasiyaya doğru siyasi addımlar arasında qalıb. (3)

Texnokratiyanın bazisini təşkil edən rəqəmsal inqilab total emansipasiya olaraq xarakterizə edilə bilər. Con Berri Barlou kiberməkanın müstəqilliyi adlı məqaləsində yeni rəqəmsal reallığı, Kiberməkanı hökumətlər tərəfindən idarə edilən milli dövlətlərin təzyiqinin olmadığı müstəqil azadlıq və bərabərlik dünyası olduğunu elan edirdi. Barlou, rəqəmsal inqilabı Amerikanın Müstəqillik müharibəsi, rəqəmsallaşmanın pionerlərini isə Amerikan inqilabının qəhrəmanları ilə müqayisə edirdi. Rəqəmsallıq, onun azadlıq və öz müqəddəratını təyin etmə utopiyası əslində bir distopiyadır. (4) Çünki rəqəmsal texnologiyalar opressiya və dominantlığın yeni formalarını meydana çıxarır. Demokratikləşmə və emansipasiya gücü olmaq əvəzinə, rəqəmsal inqilab tamamilə bunun əksini, demokratiyannın və siyasi olaraq öz müqəddəratını təyin etmənin aradan qaldırılmasını təmsil edir. Bununla yanaşı, rəqəmsal inqilab fərdin muxtariyyəti və azad iradəsinin eliminasiyası ilə də nəticələnə bilər. Həddən çox informasiya insan azadlığı qarşısında dezinformasiyadan daha böyük təhdiddir. Rəqəmsallaşmış, faktual və informasiyalaşmış bir cəmiyyət totalitarizmin rəqəmsal formasına səbəbiyyət verə bilər. Data tərəfindən idarə edilən, bir fenomen kimi inancın tam olaraq eliminasiyaya uğradığı və total nəzarət ilə əvəzləndiyi cəmiyyətlə müqayisədə post-faktual tendensiyalar problemlərin ən az essensialı olaraq görülür.

2014-cü ildə Çin Dövlət Şurası “vicdanlı mentallıq” yaratmaq, “etimadlılıq kültürü”nü gücləndirmək və bütün cəmiyyətdə sosial inamı yüksəltmək üçün məqsədilə çox ambisional, Sosial Kredit Sistemini elan etdi. Bunun “harmonik sosialist cəmiyyətin”in qurulmasında çox önəmli addım olduğu vurğulandı. Bu sistemdə iştirak 2020-ci ildən etibarən hər bir vətəndaş üçün məcburi oldu. Uzun müddətdir ki, bu ambisionaıl layihənin test versiyaları üzərində işlənilirdi. Bu isə o deməkdir ki, arzu edilən davranışa uyğunlaşmanı konstant şəkildə təmin etməklə vətəndaşların nizamlanması və monitorinqini mümkün edən rəqəmsal inqilabın mümkünləşdirdiyi tam bir müşahidə cəmiyyətidir. (5)

Ana xətt bir dərəcələndirmə sistemidir. Hər bir vətəndaş və şirkət bir sosial kredit hesabına malikdir və nəticə onun və ya şirkətin etimadlılığını əks etdirir. Kredit dərəcəsi vətəndaşlar haqqında nəhəng data və informasiyanı təhlil etmək üçün işlədilən süni intellekt tərəfindən avtomatik olaraq qərar veriləcək. Data və informasiyanın toplanma mənbələri banklar, maliyyə institutları, ictimai nəqliyyat sistemləri, İnternet platformaları, sosial media və e-mail hesabları olacaq. Bu, C.Bentamın “Panoptikon”unun rəqəmsallaşmış Çin versiyasıdır. Panoptikon-da özəl həyat deyə bir opsiya yoxdur. Bentam bildirir ki, müşahidə edilənlər nə qədər kəskin müşahidə edilsələr, onların davranışı daha “doğru” olar. Müşahidə müşahidə altında olanları itaət etməsinə yardım edir. Müşahidə və onun nəticəsi olan informasiya ilə hakimiyyətin disiplinar forması meydana çıxır. İstənilən və istənilməyən davranış üçün saksiyalar və mükafatlar ilə birləşmiş monitorinq, qeydə alma “davranış modifikasiyası”nın effektiv alətidir. Müşahidə əsaslı disiplinanın panoptik hakimiyyətindən istifadə edən Sosial Kredit Sistemində könüllü ictimai xidmət, xeyriyyə fondlarına yardım kimi davranışlar “istənilən” olaraq dəyərləndiriləcək və şəxsin sosial kredit xalını yüksəldəcək. Lakin kompüter oyunlarına çox zaman və pul xərcləmə, siqaret çəkilməli olan ərazidə siqaret çəkmə, biletsiz səyahət, sosial mediada feyk nyus yayan davranışlar isə istənilməyən olaraq şəxsin kredit dərəcələrini aşağı salacaq. (12) Aşağı sosial mdərəcəyə sahib olan insan “əxlaqən qüsurlu insan” olaraq sosial media və bilbordlar tərəfindən ictimailəşdirilə, ifşa edilə biləcək. Yüksək dərəcəyə sahib olanlar isə “model vətəndaşlar” olaraq təqdim və təşviq ediləcək. (6) Qaydalar, normalar vıə tənzimləmələr qeyri-şüuri vərdiş olaraq mənimsəniləcək. Qeyd edilən sistemin icraçı rəhbərlərindən Çjao Ryuinq bildirir ki, Sosial Kredit Sistemi cəzalandırma ehtiyacını deyil, asosial düşüncələri də aradan qaldıracaq: “Biz heç kimin ictimai etimadı pozmaq haqqında düşünməyə cəsarət etməyəcəyi bir səviyyəyə nail olmaq istəyirik”.

Bu məqsədə nail olunsa, sözsüz ki, sosial düzən və “harmoniya” olacaq. Lakin ödəniləcək bədəl istənilməyən düşüncə və davranışa heç bir yer qoymayan və total itaətə fokuslanaraq vətəndaşlarının davranışlarını daimi olaraq monitorinq edən və yenidən proqramlaşdıran totalitar “Big Brother”in aktuallaşdırılmasıdır. Çin Sosial Kredit Sisteminin qorxu, terror və zorakılıq kimi qədim totalitarizm metodlarından deyil, mükafatlandırma və xoşbəxtlik arzusu kimi metodlardan istifadə etməsi onu Orvellin “1984”ündən daha çox, A.Hakslinin “Cəsur Yeni Dünya”sına bənzədir. Rəqəmsal nəzarətə əsaslı metodlar tənqidi düşüncə, azad iradə və fərdi muxtariyyəti tamamilə yox etmək gücündədir.

Müşahidə və nəzarətin totalitar arzusunda Çin Sosial Kredit Sistemi yalnız deyil. Tənzimlənməyən data və informasiya bazarı böyük texnoloji şirkətlər üçün də həyati əhəmiyyət daşıyır. Onlar həyatımızın hər bir aspektini koloniyalaşdırmaq, əmətəələşdirmək və monetizasiya etmək missiyasını icra edirlər. İstifadə etdiyimiz “smart” məhsullar ilə bütövlükdə həyat-dünyamız dediyimiz və etdiyimiz hər şeyi qeydə alan və monitorinq edən sensorlar şəbəkəsinin ağuşuna alınır. Rahatlıq, optimallaşma və “yüksəldilmiş istifadəçi təcrübələri” kimi yalnız parıltısı olan şeylər naminə məhrəm sosial həyatımızın ən məhrəm sahəsi kommersiallaşdırılır. İstifadə etdiyimiz hər yeni cihaz ilə heç bir özəl domenə yer buraxmayan kommersial Panoptikonumuzu qururuq. Big Data ilə birlikdə psixoloji profilləmə - psixoqrafika totalitar gücü bəxş edən bilikdir. Daniel Kahnemana görə, davranışlarımızın böyük əksəriyyəti sürətli, avtomatik, qeyri-iradi və qeyri-şüuri mental proseslər tərəfindən idarə edilir. İnsanlar rasional aktorlar deyil, affektiv varlıqladır və daha çox emosiyaların diktəsi altındadır. Cənubi Koreya əsilli, alman kultural tənqidçisi B.Han qeyd edir: “Big Data insanın gələcək reaksiyalarını öncədən bilmək və manipule etməyi mümkünləşdirir. Big Data insanları kuklalara çevirmək gücündədir. İnsan psixikasını onun fərqindəliyi olmadan manipulyasiya etməyə qadir olan məhz Big Data-dır. Big Data fərdi azad iradənin sonudur”. (7)

Hanna Arentə görə, totalitarizmin məqsədi total, qeyri-məhdud iqtidardır. Bu ambisiya qarşısında ən böyük əngəl spontanlıq, yaradıcılıq və azadlığa görə insan reaksiyalarının öncədən təxmin edilə bilməzliyidir. (11) Ona görə də, bu səciyyələr insanların öncədən təxmin edilə bilən, stimulilərin nəzarət etdiyi şərti reflekslərə endirilməsi ilə aradan qaldırılmalıdır. Totalitarizmin qayəsi Biheviorizm tərəfindən insani varlıqların determinist dərki ilə identikdir: stimuli-cavab. Bu gün yeni rəqəmsal texnologiya davranışçı elm və dizayn ilə bütövləşib. Rəqəmsal totalitarizm data əsaslı davranışçı nəzarət tərəfindən fərdi suverenlik və muxtariyyətin total şəkildə aradan qaldırılması deməkdir.

Rəqəmsal inqilabdan çox-çox əvvəl H.Arent tarixi tendensiyanın emansipasiya və azadlığın reallaşmasına doğru deyil, bunun əksinə doğru meyilləndiyindən narahat idi: “modern davranışçı nəzəriyyələr ilə bağlı narahatlıq onların yanlışlığında deyil, gerçəkləməsi ilə bağlıdır. Onlar modern cəmiyyətdə aşkar trendlərin ən yaxşı konseptuallaşmasıdır. İnsani fəaliyyətin misligörünməmiş partlayışını vəd edən Modernizm əsrinin tarixə məlum olan ən ölümcül, ən qısır passivlik ilə nəticələnəcəyini düşünmək olar”. Həyatımızın hər bir aspektinin marketizasiya edildiyi və əmtəələşdirildiyi əsrdə bazar və əmtəələrin ticari domenindən kənarda heç nəyin dəyəri yoxdur. Ş.Zuboff vurğulayır ki, “Big Other bütün gündəlik yaşantılarımızı, kommunikasiya və düşüncələrimizi qeydə alan, modifikasiya edən və əmtəələşdirən, hər yerdə mövcud olan şəbəkələşmiş institutsional rejimdir. Big Other qanunun aliliyinin nail olduğu azadlığı eliminasiya edən gələcək mütləq suveren iqtidardır”. (8) Digər bir ifadə ilə, texnoloji tərəqqi heç də insanlığın tərəqqisi deyil, əksər hallarda bunun əksidir. 

 

1. Suskind, R. (2004): “Faith, Certainty and the Presidency of George W.  Bush,” New York Times, October 17, 2004. Verified June 11, 2017:
http://www.nytimes.com/2004/10/17/magazine/faith-certainty-and-thepresidency-of-george-w-bush.html

2. Krugman, P. (2009). “How did economists get it so wrong?” New YorkTimes Magazine, October 2nd 2009. Verified February 4th 2017: http://
www.nytimes.com/2009/09/06/magazine/06Economic-t.html

3. Traynor, I. (2013): “Habermas advarer: Tyskland sætter Europas liberale demokrati på spil,” Information, April 30, 2013. Verified June 11,
2017: https://www.information.dk/udland/2013/04/habermas-advarertyskland-saetter-europas-liberale-demokrati-paa-spil

4. John P.  Barlow (1996): A declaration of the independence of cyberspace. Verified January 7, 2018 https://www.eff.org/cyberspaceindependence

5. Planning Outline for the Construction of a Social Credit System (2014 2020). Posted on June 14, 2014 Updated on April 25, 2015 State Council Notice concerning Issuance of the Planning Outline for the Construction of a Social Credit System (2014–2020), GF No. (2014)21. Verified 24.06.2017: https://chinacopyrightandmedia.wordpress.com/2014/06/14/planning-outline-for-the-construction-of-a-social-credit-system-2014-2020/

6. Kai Strittmatter (2017): Creating the honest man. München, Süddeutsche Zeitung. Verified January 7th 2018 http://international. sueddeutsche.de/post/161355280290/creating-the-honest-man 

7. Han, B.-C. (2016). “Digital Totalitarianism: How Big Data Is Killing Free Will”, WorldCrunch, 07.05.2016, verified 26.06.2018: https://www.worldcrunch.com/culture-society/digital-totalitarianism-how-bigdata-is-killing-free-will 

8. Zuboff, S. (2016). “The Secrets of Surveillance Capitalism”, Frankfurter Allgemeine Zeitung March 5th 2016. Verified January 11th 2017: http://www.faz.net/aktuell/feuilleton/debatten/the-digital-debate/shoshanazuboff secrets-of-surveillance-capitalism-14103616.html?printPagedArticle=true

9. Weber, Max., The Protestant Ethic and the Spirit of Capitalism https://ia902809.us.archive.org/4/items/protestantethics00webe/protestantethics00webe.pdf 

10. The Technology Revolution: A Campaign for Liberty Manifesto. Verified 24.06.2018: https://www.scribd.com/doc/99220534/The-TechnologyRevolution

11. Arendt, Hannah., The Origins of Totalitarianism, https://cheirif.wordpress.com/wp-content/uploads/2014/08/hannah-arendt-the-origins-of-totalitarianism-meridian-1962.pdf 
12. https://www.bertelsmann-stiftung.de/fileadmin/files/aam/Asia-Book_A_03_China_Social_Credit_System.pdf 

 

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.