Yeni və ya yenidən seçilmiş liderlərin ilk rəsmi səfərləri dövlətlərin xarici siyasət prioritetlərini və diplomatik istiqamətini müəyyən edən simvolik jest olmaqla yanaşı, strateji mesaj daşıyır. Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin ilk səfəri üçün məhz Bakını seçməsi bu baxımdan təsadüfi deyil. Bu addım yalnız iki ölkə arasındakı yaxın münasibətləri vurğulamaqla kifayətlənmir, həm də Gürcüstanın regional siyasətdə yeni mövqe tutmağa hazırlaşdığını göstərir.
Hazırda Gürcüstan həm Qərb, həm də Rusiya ilə münasibətlərində qeyri-müəyyənlik və gərginlik yaşamaqdadır. Belə şəraitdə Tiflisin regional tərəfdaşlıq modellərinə daha çox önəm verdiyini demək doğru olar. Bu mənada Bakıya edilən ilk səfər iki əsas məqamı ön plana çıxarır:
1. Gürcüstanın regionda atacağı addımları ilk növbədə Azərbaycanla koordinasiya etmək niyyətində olması;
2. Azərbaycanın keçdiyi bənzər tarixi və siyasi yoldan faydalanaraq, Gürcüstanın daxili və xarici siyasətində yeni modelə keçid ehtiyacının dərk edilməsi.
Tarixi kontekst: paralel yollar və ortak təcrübə
Azərbaycan və Gürcüstan arasında XX əsrdən bu günə qədər uzanan paralel siyasi proseslər müşahidə olunur. Sovet hakimiyyətinin çətiri altına ardıcıl şəkildə daxil olmağa məcbur olan bu ölkələrdə 1980-ci illərin sonlarında milli azadlıq hərəkatları baş qadırmağa başladı və müstəqilliyin əldə edilməsi yolunda hər ikisi ciddi itkilər verdi: 1989-cu ildə Tiflisdə, 1990-cı ildə isə Bakıda qanlı hadisələr yaşandı.
1991-ci ildə Gürcüstanda, 1992-ci ildə isə Azərbaycanda təcrübəsiz qüvvələrin hakimiyyətə gəlişi dövlət institutlarının zəifləməsinə və separatizm meyillərinin artmasına səbəb oldu. Gürcüstanda Zviad Qamsaxurdiya, Azərbaycanda isə meydandan gələn qüvvələrin hakimiyyət illəri daxili siyasi xaosla yadda qaldı.
Nəhayət, Gürcüstanda Eduard Şevarnadze, Azərbaycanda isə Heydər Əliyev kimi təcrübəli dövlət xadimlərinin rəhbərliyə gəlişi ilə sabitlik mərhələsinə keçid başladı.
Bu liderlərin dövründə hər iki ölkə islahatlara, beynəlxalq əməkdaşlığa və dövlət quruculuğuna yönəldi. Lakin 2000-ci illərin əvvəllərində bu paralellik itdi.
Siyasi kursların fərqlənməsi və nəticələr
2003-cü ildə Gürcüstanda baş verən “Qızılgül inqilabı” postsovet məkanında “rəngli inqilab”ların ilk nümunəsi kimi tarixə düşdü. Xarici dəstəklə həyata keçirilmiş bu dəyişiklik Gürcüstanı Qərb strukturlarına inteqrasiyaya daha da yaxınlaşdırdı, lakin paralel olaraq Rusiya ilə ciddi toqquşma kursuna sürüklədi. Gürcüstana ayaq açmış Soros Fondu, Milli Demokratiya İnstitutu, USAID kimi qurumlar və onların maliyyələşdirdiyi siyasətçilər və media orqanları faciəyə imza atdılar. Getdikcə gərginləşən münasibətlər fonunda başlayan 2008-ci il Rusiya-Gürcüstan müharibəsi Gürcüstan üçün həm hərbi, həm də siyasi baxımdan ağır nəticələr doğurdu: Abxaziya və Cənubi Osetiya əldən çıxdı, yeni qaçqın axını baş verdi, iqtisadi destabilizasiya dərinləşdi və ölkə bir daha qeyri-müəyyənlik mərhələsinə daxil oldu.
Azərbaycan isə bu illərdə siyasi sabitliyini qoruyaraq özünəməxsus inkişaf modelini formalaşdırdı. 2000-ci illərin ortalarında ölkəyə ixrac edilən “rəngli inqilab” ssenariləri uğursuz oldu. 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, yalnız hərbi deyil, həm də diplomatik uğur idi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərini öz maliyyə və texniki resursları ilə bərpa etməsi isə postmünaqişə dövrü üçün unikal təcrübə formalaşdırdı.
Gürcüstanın Azərbaycanla yaxınlaşma motivləri
Bu gün Gürcüstan hökuməti Azərbaycanın yürütdüyü siyasəti daha dərindən təhlil etməkdə maraqlıdır. Həm Prezident Mixeil Kavelaşvilinin, həm də Baş nazir Koxabidzenin son çıxışlarında Azərbaycanın regional nüfuzuna istinad edilməsi bu marağı təsdiqləyir. Gürcüstan üçün Azərbaycan təkcə qonşu və strateji tərəfdaş deyil, həm də uğurlu dövlət modeli kimi dəyərləndirilir.
Tiflis rəhbərliyi üçün Azərbaycanın daxili sabitliyi, xarici siyasətdə çevik manevr bacarığı və regional layihələrdə fəal rol alması ciddi maraq doğurur. Gürcüstanın bu səfər vasitəsilə verdiyi mesaj aydındır: regiondaxili koordinasiya və sabitlik əsas prioritetlərə çevrilməkdədir.
Regional əməkdaşlıqda yeni istiqamətlər
1. Regional siyasi koordinasiya
Bakı və Tiflis arasında siyasi sinxronlaşma Cənubi Qafqazın gələcəyi üçün yeni bir format yarada bilər. Hər iki ölkə regional sabitlik və təhlükəsizlik məsələlərində birgə addımlar ata bilər. Xüsusilə yeni nəqliyyat yollarının açılması və enerji layihələrinin icrasında bu koordinasiya strateji əhəmiyyət daşıyır.
2. Təhlükəsizlik və sərhəd əməkdaşlığı
Separatizm və ərazi bütövlüyü problemləri hər iki ölkənin ortaq təcrübəsidir. Bu səbəbdən sərhəd təhlükəsizliyi, informasiya mübadiləsi və antiterror əməkdaşlığı kimi sahələrdə institusional mexanizmlər qurula bilər.
3. İqtisadi diversifikasiya və qarşılıqlı investisiya
Azərbaycanın Qarabağda həyata keçirdiyi infrastruktur və sosial layihələr Gürcüstan üçün də əməkdaşlıq imkanları açır. Gürcü şirkətləri bu layihələrdə iştirak edə, eyni zamanda Azərbaycana investisiya yönləndirə bilər. Həmçinin, Xəzər-Qara dəniz istiqamətində enerji və ticarət dəhlizləri üzrə yeni təşəbbüslər mümkün ola bilər. Azərbaycan şirkətlərinin də Qara dənizdəki layihələrə qoşulması əməkdaşlığa mühüm töhfələr verər.
4. Ortaq diplomatik platformalar və institutlaşdırma
Münasibətlərin strukturlaşdırılması üçün illik yüksək səviyyəli görüşlər, regional təhlükəsizlik forumları və ortaq araşdırma mərkəzlərinin yaradılması iki ölkə arasında koordinasiyanı sistemli hala gətirə bilər. Bu cür diplomatik institutlar Cənubi Qafqazda yeni inteqrasiya modelinə zəmin yaradar.
Nəticə
Prezident Kavelaşvilinin Bakıya ilk səfəri simvolik bir jest olmaqdan daha artıq məna daşıyır. Bu, Gürcüstanın regiondaxili diplomatiyaya və strateji tərəfdaşlığa yönəldiyinin göstəricisidir. Tarixi paralelliklər və çağdaş siyasi reallıqlar Gürcüstan üçün Azərbaycanın təcrübəsinin əhəmiyyətini artırır. Ölkənin yeni rəhbərliyinin verdiyi mesaj aydındır: xarici təsirlərin yaratdığı qeyri-müəyyənliklərdən çıxış yolu regional stabillik və real tərəfdaşlıqdır.
Gürcüstanda son bir ildə müşahidə edilən revanşist cəhdlərin ictimai dəstək qazana bilməməsi də göstərir ki, cəmiyyət artıq radikal dəyişikliklərdən çox dayanıqlı və düşünülmüş siyasətə ehtiyac duyur. Bu baxımdan Bakı-Tiflis oxu gələcək illərdə Cənubi Qafqazda sabitliyin və inkişafın əsas sütunlarından biri ola bilər.
Kazım Kazımov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi