Ciambattista Viko və onun “Yeni Elm”inə qısa nəzər

13.03.2025

1668-ci ildə doğulan italyan filosofu Ciambattista Viko 40 il Neapol Universitetində Ritorika professoru olaraq çalışmış, bu müddətdə o, hüquq üzrə professor dərəcəsi almağa cəhdlər göstərsə də, hər dəfə uğursuzluğa düçar olmuşdu. Yoxsulluq içərisində dünyasını dəyişən Vikonun öz dövrünün Avropa düşüncəsi üzərində təsiri demək olar ki, olmamışdı. (5)

Bir əsrdən çox etinasızlıqdan sonra C.Viko XX əsrin əvvəllərindən etibarən irland romançısı C.Coys və daha sonralar filosof İsaiah Berlin tərəfindən “yenidən kəşf edildi”. Məhz bundan sonra onun nüfuzu xeyli artdı. O bu gün daha çox historisizmin xaç atası olaraq dərk edilir. Məsələn, İ.Berlin Vikonun hələ rüşeym halında olan historisizmin total doktrinasını inkişaf etdirdiyini qeyd edir. (2) Rocer Henson onu “historisizmin ilk müjdəçisi” adlandırır. (6) Ümumiyyətlə, historisizm inancına görə, keçmişdən olan hər şeyi və hər kəsi anlamaq üçün ilk öncə onların in situ sosial və kultural kontekstlərini anlamaq gərəkdir. Vikoya görə, insan şüurunun kontentləri özü üçün hər bir fərd tərəfindən formalaşdırılmır, onlar ilk öncə ona ailəsi, yetişdirildiyi təhsil forması və cəmiyyətdə tutduğu sosial mövqe tərəfindən aşılanır. 

Ciambattista Viko 1725-ci ildə çap olunan şah əsəri “Yeni Elm”də qarşısına iki məqsəd qoyur: (I) bütün millətlərin tarixlərinin meydanaçıxma, tərəqqi, yetkinlik, dekadensiya və sona çatma olaraq temporal kursları ilə getdikləri bir eternal tarixi təsvir etmək. Bu “ideal əbədi tarix” bütün cəmiyyətlərin, yüksəliş və tənəzzülündə, gec və ya tez yerinə yetirməyə məhkum olduqları unikal, ümumbəşəri səciyyədir.  (II) rasionalist Kartezyan iddiaları rədd etmək. Vikoya görə, rasionallıq sadəcə ağlın kompleksliklərinin fraqmentar elementidir. O bildirir ki, modern rasionalist fəlsəfə insanları azad etmir, o sadəcə onları sosial qüruba məhkum edir. (1)  Lakin R.Dekarta görə, keçərli bilik yalnız elmlərin metodları ilə əldə oluna bilər. O və onun xələfləri bu metodları elmi, yəni riyazi analizə uyğun olmayan mif, dastanlar, səyyahların hekayələri, romanslar, nəzm və s.-yə qarşı qoyurdular. Viko isə bunu qəbul etmirdi. Ona görə, fəlsəfə və nəzmi bir-birindən ayırmaq bəşəriyyət üçün fələkət idi. Çünki nəzmi rədd etmək sosial orqanizmin təməlini təşkil edən və insanların əksəriyyəti üçün mühüm olan reallığın bütün qeyri-rasional tərəflərini rədd etmək deməkdir. Beləliklə o, Maarifçilik rasionalizminin “anti-sosial” xarakterinə etiraz edirdi. (3) 

İ.Berlin qeyd edir: “Viko Maarifçiliyin təməl cərəyanlarına qarşı çıxan, reaksiyonar, əks-inqilabçı bir fiqur idi. O, Dekart, Spinoza, Loka, habelə təbiət elmlərinin metod və konseptlərini insani məsələlərdə insani olana tətbiq etmək cəhdlərinə şiddətlə qarşı çıxması ilə Hamann, Herder və E.Börkün, eləcə də Romantik hərəkatın mövqelərini və baxışlarını qabaqlayırdı. (2) 

Maarifçilik düşüncəsinə bu şəkildə qarşı çıxmaqla Viko öz-özünü müəyyən edən və özünəyetərli olan varlıq kimi insan konseptini sosial olaraq şərtləndirilmiş varlıq olaraq insan konsepti ilə əvəzləməyə çalışırdı. O inanırdı ki, cəmiyyət fərdi insanların bir aqqreqatından təşkil edilmir, o bir növ bütövlüyü təşkil edir. Vikonun fərd və cəmiyyət arasındakı münasibətə dair irəli sürdüyü bu tablo rasionalistlər tərəfindən təqdim olunanın əksi idi. Lakin o bunu sadəcə klassik dəyərləri yenidən irəli sürməklə etmirdi. “O, katolik tərki-dünyalığa çəkilməklə siyasəti Makiavelli, Hobbs, Spinoza və Beyl kimi təslim etmək niyyətində deyildi.” Mark Lilla qeyd edir ki, modernlər şüşədən cinlərin çıxmasına icazə verdi. (1) İlk əvvəl, onlar oxucularına insanın Tanrısız, qeyri-iyerarxik dünyada yaşayan, arzu və ehtiraslarının yaradılışı olduğuna inandırmaq üçün yeni bir realizm ilə çıxış etdilər. Daha sonra onlar modern elm vasitəsilə təbiət və siyasət üzərində hökmranlıq əldə etmək üçün bu realizmi necə istismar etməyi öyrətdilər. Viko sözügedən cinlərin şüşəyə geri qaytarıla bilməyəcəyini bilirdi. O, modernist müxaliflərinin kəskin realizm və baxışlarını qəbul etsə də, bu yeni metodların modernlərin öz teoloji və siyasi prinsiplərinə qarşı çevrilə biləcəyinə ümid edirdi.”

Beləliklə, mifin və nəzmin önəminə nə qədər çox vurğu etsə də, Viko eyni zamanda analizində realist və empirik idi. “Reaksiyonar” və “əks-Maarifçilik fiquru” etiketləri adekvat deyil, çünki o, post-rasionalist və post-Maarifçilik filosofu idi.  O, insanın təməl irrasionallığının rasionalist müdafiəsini mümkün edir. O, dinin qeyri-dini, ənənənin qeyri-ənənəvi, konvensiyanın qeyri-konvensional, tarixi həyatın qeyri-tarixi müdafiəçisi ola bilir.  

“Nəzm”, Vikoya görə, yaddaşın ruhu, təxəyyül və coşğuların dilidir. Onun hədəfi artikulyasiya etdiyi təhsil və kültür nəzəriyyəsində dəyərlər kimi təxəyyül azadlığı və insan yaradıcılığını geri qazanmaq ehtiyacını oyatmaqdır. Buna nail olmağa imkan verən iki böyük qapı dil və mifologiyanın öyrənilməsidir, Viko bütün insani fenomenləri onların mənşəyi və inkişaf kursları perspektivindən dərk. Ona görə, “bütün bilik təxəyyüldən qaynaqlanır.” Əgər Heziod Yeri lərzəyə salan divlərin, Şekspirin auditoriyaları cadugərlərə inanırdısa, burada təməl məsələ elmin obyektiv alətləri tərəfindən ölçüldüyü kimi, cadugərlər və ya divlərin var olub, olmadığı deyil, səmimi olaraq mühafizə edilən bu inancların sosial orqanizmə necə təsir etdiyi idi. Bu, modern tədqiqatçının infantil, idiotik və absurd adlandıraraq rişxənd etmələri üçün deyil. Onlar öz şərtlərində başa düşülməlidir. Burada spesifik bir kültürdə müəyyən aksiyaların və simvolların mənasını həmin kültürün insanlarının başa düşdüyü kimi anlamağa çalışan antroploq K.Giirtz xatırlana bilər. 
Bu şəkildə Viko sosial antroplogiyanı, filologiyanın müqayisəli və tarixi tədqiqatını, linqvistikanı, etnologiyanı, ədəbiyyat və mifologiyanı, daha geniş anlamda sivilizasiyanın tarixini ehtiva edən sosial biliyin yeni sahəsini icad etdi. İ.Berlin qeyd edir: Viko “poetik düşünmə tərzi”ndən – poetik dil, poetik qanun, poetik əxlaq normaları, poetik məntiq və s. - bəhs etdiyi zaman söyləmək istədiyi şey biz almanların “folk” anlayışına şamil etdiyimizdir – insan irqinin erkən vaxtlarında sıravi kütlələr tərəfindən istifadə edilən ifadə üslubları. (2) 

Qədim Yunanıstanın ruhu, örnək olaraq, Platon və ya digərlərini öyrənməklə deyil, Homer kimi ədiblərə yönəlməklə anlaşıla bilər. Platon və Homer müxtəlif əsrlərə məxsusdur və fərqli dövrlərin emblematikasıdır: Homer Qəhrəmanlar, Platon isə İnsanlar Əsrindən gəlir. 
Vikonun “ideal əbədi tarix”i xüsusunda onu vurğulamalıyıq ki, o özünün qədim tarix versiyasını yenidən təkrar etməklə və yunanlar kimi, romalıların da yüksəliş və qürublarında necə eyni təməl modeli izlədiklərini göstərməklə  üç əsr modeli ilə çıxış edir – Tanrılar Əsri, Qəhrəmanlar Əsri, və İnsanlar Əsri. Sokrat və Platon intellektualizminin Yunan sivilizasiyası üçün ölümcül olduğunu iddia edən Viko bu baxımdan F.Nitzşeni qabaqlayırdı, lakinin Nitzşenin Vikonu oxumuş olduğuna dair sübut yodur. Vikoya görə, sivilizasiya üç təməl şərt qarşılandığı zaman meydana çıxır: bir dinin, evlilik və dəfn rituallarının institusionallaşması.

Bu şərtlər yerində olduqda onlar yeni bir tsiklə səbəb olur və üç əsrdən birincisi həqiqətən başlayır. Viko üç əsr bölgüsünün təməlinin Misirlilərdən qaynaqlandığını bildirir. Tanrılar əsrində ilk insanlar sivilizasiyadan “kənarda”, sərt mövcudiyyət şəraitində - səhralar, dağlar və meşələrdə - yaşayan barbarlar idi. Onlar intellekt və öyrənmə baxımından məhdud olsalar da, nəhəng təxəyyül gücləri var idi. Onlar ildırımla güclü külək yaşadıqda, qorxu hiss edir və Tanrıların qəzəbinə səbəb olduqlarını güman edirdilər. Vikoya görə, məhz bu qığılcım tədricən insanların əxlaq normaları yaratmasına, şəhvətdən utanc duymalarına, eləcə də möhkəm evlilik ritualları formalaşdırmalarına yol açdı. Tanrılar Əsri tərəqqi etdikcə, Tanrıların əmrlərini şərh etmək üçün müdriklər kastası mövcud idi. Bu əsr fövqəl-bəşəridən qorxu ilə qeyd edilir. 
Cəmiyyət böyüdükcə  və daha kompleks xarakter aldıqca, zahiri hücumlara və daxili dissentizmə qarşı ailə ittifaqları və intizamlı hərbi qüvvəyə zərurət özünü göstərdi. Beləliklə də, qabalığı ilə xarakterizə olunan Qəhrəmanlar Əsri ortaya çıxdı. Bu əsrdə sosial düzənin qorunması xüsusi önəm qazandı, dəqiq, pedantik və spesifik səciyyə alan qanunların artıq şeylərin ruhu ilə deyil, onların detalları ilə daha çox maraqlandığı görünürdü. Və nəhayət, Qəhrəmanlar Əsrinin qabalığı, amansızlığı daxilində İnsanlar Əsrini meydana çıxaran intellekt və ağıl qabiliyyəti inkişaf etdi. Bu əsr özünün innovasiyası, maddi sərvəti və artan kompleksliliyi ilə qeyd oluna bilər.  İlahidən qorxu və qəhrəman qabalığı əsrlərindən keçdikdən sonra, insan yumşaq və sentimental oldu. Tədricən, rahatlıq sevgisi, uşaqlara şəfqət, həyat arzusu inkişaf etməyə başladı. Vikoya görə, hər bir Əsrin həyatın bütün aspektlərinə sirayət edən şeyləri etməyin konsistent üslubu var idi. Hər bir Əsr üçün Vikonun təməl deskripsiyalarını belə xülasələndirmək olar:

Viko öz dövrünü tamamilə neqativ perspektivdən görən nə bir reaksiyonardır, nə də keçmişi çəhrayı eynəklərlə görərək mədh edən bir romantik. O, Tanrılar Əsrinin barbarlığını və ya Qəhrəmanlar Əsrinin zorakılığını təsvir etməkdən çəkinmir. Və ya o, İnsanlar Əsrinin sivilləşdirici aspektlərinin bütünlüklə pis olduğunu irəli sürmür. 
Bu məqama qədər, Vikonu bir növ proqressiv filosof kimi düşünmək səhvi edilə bilər. Onun Əsrlərinin hər biri digərindən ndaha inkişaf etmişdir. Onlar arasında açıq bir təkamül var. İnsanlar Əsrinin insanları əcdadlarından daha ağıllı, bilikli və daha sivildir. Bu sözsüz ki, bir modern rasionalistin və Stiven Pinker kimi ateist proqressivin entuziastik şəkildə qəbul edəcəyi bir narrativ olardı. O zaman problem nədir? Viko bildirir ki, İnsanlar Əsrində sivilləşdirici elementləri mümkün edən qabiliyyətlər azad edilmiş sıravi insanların nəzarətsiz azadlığına yol açmaqla eyni zamanda onun özünün destruksiyasının rüşeymlərini ehtiva edir. Biz burada Polibiusun sədasını və “Anasiklosis”də demokratiyanın oynadığı rolu aşkar edə bilərik. Viko tamamilə anti-demokratik filosof idi. O inanırdı ki, söz azadlığı qaçılmaz şəkildə qəbul edilən, oturuşmuş dəyərlərin hüdudsuz şəkildə sorğu-sual edilməsinə səbəbiyyət verir. Bu fəlsəfə və tənqid sonda cəmiyyətin qəbul edilən strukturunu sarsıdır. İfrat həddə böyüyən fərdiyyətçilik insanlar kütləsini bağlayan bağları aradan qaldırır. Ümumi prinsiplərə əsaslanan qanunun aliliyinin təsisi və onun icazə verdiyi təhlükəsizlik, maddi bolluq və lüks ilə insanlar arroqant və kibirli olmaqla yanaşı, onları olduqları məqama çatdıran əxlaq, din və poetik kateqoriyaların oynadığı mühüm rolu unutmağa başladılar. Bu özünü hər şeydən öncə demokratik sosial, iqtisadi və siyasi şərtlər və institutlar, habelə əxlaq, yanlış və doğru anlayışlarının tam şəkildə yox olması həddinə qədər əxlaq və sosial davranışın permissiv formaları üçün tələblərdə özünü göstərəcəkdi.
Tam inkişaf etmiş ağıl əsrində, insan sosial varlıq olaraq azad şəkildə öz üzərinə təlqin etməyi seçdiyindən başqa heç bir qadağanın olmadığını anladığı zaman eqotist-mənfəət elementi onun sahib olduğu bilikdən sui-istifadə etməsinin və nəticədə, onun sosial destruksiyasına səbəb olmasının qarşısını ala bilmir. Bu şəkildə gec və ya tez genişmiqyaslı vətəndaş müharibəsi baş verir və insanın bütün sosio-kultural nailiyyətləri məhv olur. Qarşısının alınması olduqca çətin olan bu proses insanın primitivliyin ilkin mərhələsinə qaytarılmasına yol açır. (2)
İnsan fərdlərinin essensial olaraq öz-mərkəzli, eqotistik yaradılışlar olduğuna dair pessimist baxışa sahib olan Vikoya görə, sosial tərəqqi hətta sosial fəaliyyət üzərində sosial qadağa olaraq akt göstərən inanclar var olduğu zaman baş verə bilər. Hər bir şəxs öz-özünün ağası və beləliklə də, öz-özünün mühakiməçisi olduğu zaman sosial parçalanma qaçılmaz xarakter alır. Ona görə də o, fərdi azadlıq fəlsəfəsini olduqca təhlükəli olaraq görür. 
Ciambattista Viko fəlsəfəsinin parlaqlığı onun Romantiklər, “Tanrı ölüdür” ideyasının müəllifi Nitzşe ve Şpenqler də daxil olmaqla bir çox fəlsəfi cərəyanlar və filosofları, habelə Maarifçilik barəsində onun skeptisizmini bölüşən XX əsrin ikinci yarısının postmodern tənqidçilərini qabaqlamasında idi. 

Ədəbiyyat və istinadlar:
1.    Mark Lilla., G.B.Vico: The Making of an Anti-Modern, Harvard University Press, 1993
2.    Isaiah Berlin., Three Critics of the Enlightenment: Vico, Hamann, Herder, Princeton, 2013
3.    Leon Pompa., Vico’s Theory of the Causes of Historical Change, IFS Publishing, London, 2019
4.    Giambattista Vico., The New Science, trans. Jason Taylor and Robert Miner, Yale University Press, 2020 
5.    Terence Green., Giambattista Vico (1668-1744), Philosophy Now, 127, (Aug\Sept 2018) 
6.    Roger D. Henson., Vico’s View of History, Philosophia Reformata, 49:2, (February 1984) 

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.