Almaniyada fevralın 23-də keçirilən parlament seçkilərində sürpriz nəticələr qeydə alındı. Bu həm Almaniya, həm də Avropa üçün kritik bir dövrün başlanmasına işarə idi. Seçkilərdə kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) 9.3% səs itirərək üçüncü sıraya gerilədi. Ultrasağçı Almaniya üçün Alternativ (AfD) Partiyası isə səslərini iki dəfə artıraraq 19.5%-lə ikinci yerə yüksəldi. Birinci yeri 28.5% səslə 5 il əvvəl iqtidarını itirmiş Xristian Demokratlar İttifaqı (CDU/CSU) tutdu.
Seçkilər Almaniyada son 35 ildə ən yüksək seçici aktivliyi ilə yadda qaldı. 59 milyon seçicidən 82%-i səsvermədə iştirak etdi.
Koalisiyanın dağılması: yeni seçkilərə aparan yol
2021-ci ildə Xristian Demokratları məğlub edərək birinci yeri tutan Sosial Demokratlar təkbaşına hökumət qurmaq üçün yetərli səs toplaya bilməmişdi. Buna görə də SPD, Yaşıllar və Azad Demokratlar Partiyası (FDP) ilə birlikdə koalisiya hökuməti formalaşdırdı.
Lakin hökumət qurulduqdan sonra koalisiyanın daxilində ciddi fikir ayrılıqları yarandı. SPD və Yaşıllar sosial məsələlərə və yaşıl enerjiyə keçidi sürətləndirməyə çalışarkən, Azad Demokratlar isə vergilərin azaldılmasını və yaşıl enerjiyə keçid prosesinin yavaşladılmasını tələb edirdi.
Bu gərginlik davam edərkən, SPD və Yaşıllar yaşıl enerjiyə keçid üçün lazım olan vəsaiti COVID-19 pandemiyası dövründə fövqəladə hallar üçün ayrılmış 60 milyard avroluq fonddan təmin etməyə çalışdı. Lakin Konstitusiya Məhkəməsi hökumətin bu addımını qeyri-qanuni elan etdi.
Bu qərardan sonra hökumət daxilindəki fikir ayrılıqları daha da dərinləşdi. Azad Demokratlar koalisiya ortaqlarına qarşı açıq şəkildə mübarizə aparmağa başladı. Partiyanın lideri və maliyyə naziri Kristian Lindner 18 səhifəlik açıq məktubunda SPD və Yaşılları sərt tənqid edərək, onların siyasi və iqtisadi baxışlarının Almaniyanı geri apardığını bildirdi. Bu məktub üçlü koalisiyanın sonunu gətirdi.
Almaniya iqtisadiyyatının vəziyyəti
Koalisiyanın daxili münaqişələri Almaniyanın iqtisadi problemləri ilə üst-üstə düşdü. Ölkənin iqtisadiyyatı son illərdə durğunluq yaşayıb, son dövrlərdə isə kiçilməyə başlayıb.
Pandemiya dövründə - 2020-ci ildə Almaniya iqtisadiyyatı 4.1% kiçildi, 2021-ci ildə isə 3.7% artaraq qismən bərpa olundu.
Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 2022-ci ildə durğunluq başladı. 2023-cü ildə iqtisadiyyat 0.3%, 2024-cü ildə isə 0.2% kiçildi.
İqtisadiyyatın kiçilmə səbəbləri
1. Miqrant problemi:
Almaniyada 3.48 milyon miqrant var, onların 1 milyonu suriyalı, 1.2 milyonu isə ukraynalıdır.
Alman hökuməti 2023-cü ildə miqrantlara 29.7 milyard, 2024-cü ildə isə 28.4 milyard avro xərcləyib.
Bu xərclər yüksək gəlir vergilərinin saxlanılması hesabına başa gəlir ki, bu da vətəndaşlar arasında narazılığa səbəb olur.
2. Enerji qiymətlərinin artması:
Ukrayna müharibəsinin başlamasının ardından Almaniya Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara qoşuldu. Çox keçmədən Almaniya Rusiyadan qaz idxalını dayandırdı. Bu, Almaniya sənayesinə böyük zərbə vurdu.
Alternativ qaz mənbələri daha bahalı olduğu üçün enerji qiymətləri kəskin şəkildə artdı.
Onu qeyd etmək lazımdır ki, bu gün Almaniyada elektrik enerjisinin hər kilovatsaatı orta hesabla 20.3 avro olduğu halda, ABŞ və Çində bu rəqəm 8.4 avrodur.
Almaniya sənayesi isə bu tariflərlə Çinlə rəqabət apara bilmir.
3. İşçi çatışmazlığı:
Alman şirkətləri boş iş yerlərinin 43%-ni, iri müəssisələr isə 58%-ni doldura bilmir.
Bunun iki əsas səbəbi var: texniki sahələrə marağın azalası və əhalinin yaşlanması. Xaricdən işçi qəbulu belə bu gün Almaniya üçün yetərli deyil.
Seçkilərdə əsas mövzular və partiyaların vədləri
Almaniya seçkilərə koalisiyadaxili ittihamlar və iqtisadi böhranın ayaq səsləri ilə getdi. Gözlənildiyi kimi, Almaniya seçkilərinə üç əsas məsələ ön plana çıxdı: iqtisadiyyat, miqrant problemi və Ukrayna müharibəsindən qaynaqlanan təhlükəsizlik məsələləri. Bu üç əsas problemlə bağlı seçicilərin nəbzini ən yaxşı Xristian Demokratlar və AfD tutdu.
Xristian Demokratlar miqrant siyasətində sərhədlərin daha ciddi qorunacağını və qeyri-qanuni miqrantların ölkəyə buraxılmayacağını vəd etdi.
Vergilərin azaldılması və bürokratiyanın minimallaşdırılacağını açıqladı.
2 min avroya qədər olan maaşların vergidən azad ediləcəyini bildirdi.
Ukraynaya dəstəyi davam etdirəcəyini və İsrailin yanında olduğunu vurğuladı.
Türkiyə ilə bağlı isə "Türkiyə Avropa üçün strateji tərəfdaşdır, lakin Aİ dəyərlərindən uzaqlaşdığı üçün üzv ola bilməz" ifadəsi Almaniyada yaşayan türklər tərəfindən birmənalı qarşılanmadı. Ümumilikdə isə partiya bütün vədlərini ortaya qoyduğu 80 səhifəlik manifest yayımladı.
AfD isə miqrantların sayını azaltmağı və Almaniyaya yeni miqrant axınının qarşısını tam almağı, BMT ilə imzalanan miqrasiya müqaviləsinin ləğvini və Almaniyaya qeyri-qanuni gələnlərin zorla göndərilməsini vəd etdi.
Onların iqtisadi vədləri isə vergilərin azaldılması və avrodan imtina etmək oldu. AfD həm də nüvə reaktorlarının yenidən açılmasını və Rusiyadan qaz nəqlinin bərpa edilməsini də öz seçicilərinə vəd etdi.
Almaniyada yeni hökumət necə qurulacaq?
Seçkidən CDU/CSU birinci çıxsa da, təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat qazana bilmədi. Xatırlatmaq yerinə düşər ki, 630 üzvü olan Bundestaqda hökuməti formalaşdırmaq üçün 316 deputat yeni qurulacaq hökumətə “hə” deməlidir. İndi isə yenidən müxtəlif koalisiya ssenariləri gündəmə gəlib.
Hökumətin necə qurulması ilə bağlı iki ehtimal mövcuddur:
1. CDU/CSU və SPD koalisiyası – Angela Merkel dövründə olduğu kimi, iki böyük partiya yenidən bir hökumətdə birləşə bilər. İndiki halda bu ehtimal daha güclü görünür, çünki hər iki partiya daha əvvəl birlikdə işləyib və bir-birini tanıyır. Hal-hazırda CDU/CSU və SPD arasında koalisiya görüşmələri aparılır. Lakin vergilər və sosial məsələlərdəki fikir ayrılıqları səbəbindən danışıqların necə nəticələnəcəyi hələ bəlli deyil.
2. Üçlü koalisiya – CDU/CSU, Yaşıllar və Sol Partiya birlikdə hökumət qurmaq üçün danışıqlara başlaya bilər. Lakin Xristian Demokratlar və bu iki partiya arasında daha ciddi fərqlər var. Hökumət qurulsa belə, çox uzun davam etməyə bilər. Çünki “Yaşıllar” miqrant probleminə və sosial proqramlara Xristian Demokratlardan çox fərqli baxır.
Sonda onu da demək lazımdır ki, Almaniyanın yeni hökuməti yalnız daxili iqtisadi və sosial məsələlərlə deyil, həm də Avropa və dünya siyasətindəki dəyişikliklərlə üzləşəcək. Bu seçkilər təkcə Almaniyanın deyil, Avropanın da gələcəyini müəyyən edəcək. Çünki Ukrayna müharibəsi ilə birlikdə klassik ABŞ-Avropa münasibətləri də dəyişə bilər və Rusiyanın da müharibə başladıqdan sonra Avropaya qarşı baxışı dəyişib. Üstəlik sadəcə siyasi laylar deyil, iqtisadi laylar da tərpənir. Almaniya iqtisadiyyatı durğunluq dövrünü geridə qoya bilməsə, beynəlxalq bazarda payını itirə bilər.
Kazım Kazımov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat:
https://www.setav.org/yorum/almanyada-2024-guven-oylamasi-ve-erken-secim-sureci-koalisyon-dagilmasinin-ardindaki-gelismeler-ve-secim-sonrasi-olasi-koalisyonlar
https://www.bundesfinanzministerium.de/Content/EN/Standardartikel/Press_Room/Namensartikel/2023-06-15-reform-of-europes-fiscal-rules.html
https://www.atlanticcouncil.org/blogs/new-atlanticist/germanys-economy-has-gone-from-engine-to-anchor/
www.cdu.de/app/uploads/2025/01/wahlprogramm-cdu-csu-kurzfassung-englisch.pdf
http://www.afd.de/wp-content/uploads/2017/04/2017-04-12_afd-grundsatzprogramm-englisch_web.pdf
https://www.dekoder.org/ru/article/chto-novogo-germaniya-posle-vyborov-budushchaya-koaliciya-i-formirovanie-pravitelstva
https://www.forbes.ru/mneniya/531462-krizis-identicnosti-pocemu-na-vyborah-v-germanii-pobedili-pravye-partii