İqtisadi siyasət və onun təhlili dövlət siyasətində qəbul edilən müxtəlif təbiətli qərarların bu günü və gələcəyimizi formalaşdıran olduqca mürəkkəb idarəetmə sistemində əsas komponentlərdən biridir. Bu komponentin düzgün dəyərləndirilməsində isə təsadüf indeksi (ing. coincident index) iqtisadi təhlil vasitəsi kimi əvəzolunmazdır.
Buna baxmayaraq, bu indeks çox vaxt iqtisadi siyasəti dizayn edən və tənzimləyən dairələr tərəfindən kifayət qədər istifadə olunmur.
Azərbaycanda təsadüf indeksi nəinki geniş ictimaiyyətə məlum deyil, sözügedən indeks açıq iqtisadi təhlil və müzakirələrindən kənarda qalmaqdadır. Digər məşhur iqtisadi göstəricilərə nisbətən kölgədə qalan bu indeks reallıqda hər hansı bir ölkədə iqtisadiyyatın durumunu daha ətraflı və dərindən görmək üçün əsas açar rolunu oynayır. Çünki hər bir hökumətin əsas hədəflərindən biri real vaxt rejimində ölkənin iqtisadi fəaliyyətindəki dəyişikliklərin dinamikasını müəyyən etməkdir. Məhz bu nöqtədə təsadüf indeksi vacibdir. İqtisadçılar və siyasətçilər daim dəyişən iqtisadi mənzərəni izlərkən, təsadüf indeksi onların qəbul etdiyi qərarlara rəhbərlik edən göstəricilər sırasındadır.
Başqa sözlə deyilsə, təsadüf indeksi bir çox göstəriciləri vahid, hərtərəfli ölçüdə birləşdirərək iqtisadi sağlamlığın ümumi mənzərəsini göz önündə canlandıran göstərici rolunda çıxış edir. Qlobal iqtisadi böhran, maliyyə bazarlarında sarsıntılar və struktur dəyişikliklərinin təsirləri ilə daha da ağırlaşan cari mürəkkəb iqtisadi vəziyyətdə çağırışlarla mübarizə aparan ölkələrin, təsadüf indeksinin əhəmiyyətini vurğulamağa və qərar qəbuletmə proseslərinə daha qabarıq şəkildə inteqrasiya etməsinə ehtiyac daha da artır.
Niyə məhz təsadüf indeksi ?
İki əsas iqtisadi göstəricilər qrupu, yəni keçmişə yönəlik iqtisadi göstəriciləri əks etdirən gecikməli göstəricilər və gələcək tendensiyalara dair fikirlər təklif edən aparıcı göstəricilər ilə müqayisədə, bu indeks iqtisadiyyatın cari vəziyyətini bizlərə təqdim edir.
Bu indeksə daha geniş spektrdə baxsaq, aydın görünür ki, təsadüf indeksi istənilən hökumətin iqtisadi siyasətlərinin və müdaxilələrinin səmərəliliyinin qiymətləndirilməsində işlək və səmərəli alətdir. Misal üçün, istər tənzimləyici islahatlar, istər fiskal stimullaşdırma tədbirləri, istərsə də digər siyasətlərə düzəlişlər vəya tənzimləmələr olsun, sözügedən bu indeks onların effektivliyini qiymətləndirmək və lazım gəldikdə siyasət strategiyalarına vaxtında müəyyən düzəlişlər etmək funksiyasını təmin edir.
Yaxud da, istər iqtisadi resessiyanın başlanğıcı, istər iqtisadi bərpa prosesi gedişində, istərsə də artım tempinin aşağı düşməsi zamanı olsun, təsadüf indeksi siyasətçilərə dəyişən iqtisadi şəraitə proaktiv reaksiya verməyə imkan verən erkən xəbərdarlıq sistemi kimi xidmət edir. Makroiqtisadi siyasətin qurulmasında faydalı olması ilə yanaşı, təsadüf indeksi regional və sektoral səviyyələrdə yüksək əhəmiyyətə malikdir.
Azərbaycanda tətbiqinin vacibliyinə dair
Yuxarıda qeyd edilən səbəblərlə yanaşı, təsadüf indeksi Azərbaycan hökumətinin ölkədə balanslı iqtisadi regional siyasəti üçün önəmlidir. Belə ki, bu göstərici sektora xas təsadüf indekslərinin müəyyən edilməsi əsasında sənayelərin performansına dair fikirlər ümumi mənzərəni təqdim edərək, böyümə və rəqabət qabiliyyətini gücləndirmək üçün məqsədyönlü dəstək və investisiya strategiyaları qurmağa imkan verir. Bu indeksin xarici iqtisadi platformalarda (misal üçün Dünya İqtisadi Forumu) paylaşılması, o cümlədən ekspert ictimaiyyəti ilə müzakirəsi dövlətin qəbul etdiyi iqtisadi siyasətinin uğurla icrasında mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilənlər fonunda, habelə, bir sıra iqtisadi və sosial dəyişən parametrləri izləməklə, təsadüf indeksi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in uğurla həyata keçirilməsində önəmli rol oynaya bilər.
Nəticə etibarı ilə, təsadüf indeksi iqtisadiyyatın dinamikası ilə bağlı vaxtında, təfərrüatlı anlayışlar təklif edərək, effektiv siyasətin qurulmasının əsası kimi çıxış edir. Qlobal miqyasda artmaqda olan iqtisadi qeyri-müəyyənlik fonunda, bu göstəricinin nəzərdə saxlanılması Azərbaycanın sosial-iqtisadi inkişafının real vaxt rejimində dəyərləndirilməsi üçün hazırda hər zaman olduğundan daha önəmlidir.
Nilufər N. Məmmədova
Dövlət siyasəti üzrə təhlilçi, tədqiqatçı