Bənzər və fərqli  doğmalar: valideyn və övladlar bir-birini necə görür?

03.03.2025
məqalə, yazı

Yaxınlıq hissinin əsasında duran mexanizmlərdən biri özü ilə başqası arasında oxşarlıqları görmək, müəyyən mənada özünü başqa insanla eyniləşdirməkdir. Bu, bütün səviyyələrdə əhəmiyyət daşımaqla bərabər, valideyn-övlad münasibətlərinə də şamil oluna bilər. Məqalədə övladların öz valideynlərini, valideynlərin isə övladlarını özlərinə oxşar, yoxsa fərqli gördükləri araşdırılır. Ölkə miqyaslı tədqiqatın müvafiq suallarının  ümumi göstəricilərilə yanaşı, üç yaş qrupu üzrə (18-39 cavan nəsil, 40-59 orta nəsil, 60+yaşlı nəsil olmaqla) nəticələr müqayisəli şəkildə təqdim edilir, bir sıra  digər sosial-demoqrafik qruplar (gender, təhsil səviyyəsi və s.) üzrə təhlillər verilir. Sonda fərqliliklərə münasibətin ailə həmrəyliyinə təsiri qeyd olunur. 

Ailə üzvləri ilə yaxınlıq hissi fərddən fərdə, ailədən ailəyə dəyişir. Hətta ailənin müxtəlif həyat mərhələlərində valideyn-övlad, bacı-qardaş, ər-arvad münasibətlərinin bu cəhəti fərqlidir. Emosional yaxınlığın müxtəlif komponentləri olsa da, yaxınını özünə oxşar (görkəmi, xarakteri, davranışı, dəyərləri), yoxsa fərqli görmək onlar arasında vacib yer tutur. Valideyn-övlad münasibətlərində bu komponent hər iki tərəf üçün özünəməxsus əhəmiyyətə malikdir. Bağlılıq, aidlik hissi kimi mühüm fenomenlər valideyn və övladların mənəvi-psixoloji cəhətlərinə görə oxşar olub-olmaması ilə qarşılıqlı əlaqədədir. 
Güzaran təcrübəsindən də məlumdur ki, övladın istər fiziki, istər psixoloji mənada ailədə kimə oxşaması çox zaman önəmli və diqqətçəkən məsələ olur. Bəzən qarşılıqlı anlaşılmazlıqlar məhz bu amil üzərində şərh edilir: “Övladım mənə oxşamır, o biri tərəfə çəkib”, “Mən valideynlərimdən fərqliyəm, ona görə yola getmirik” kimi fikirlər səslənir. Bəzən isə, əksinə nəsillərarası varislik məhz aşkar oxşarlıqların olması ilə əsaslandırılır. Valideynlər övladların onlara bənzədiyini gördükdə bunu bir növ nəslin layiqli davamçılarının olduğu kimi anlayır. Fərqlərə münasibət isə müxtəlif ailələrdə fərqli olur. Yaşlı nəsil fərqliliklərə həm tolerantlıq, həm də əksinə, dözümsüzlük ifadə edə bilər. 


Övladların da özlərini valideynlərinə və ya ailəsinin digər daha yaşlı üzvlərinə oxşar görüb-görməməsi əhəmiyyət daşıyır. Bu amil digərlərilə birgə, insanın özünü ailəsinə, nəslinə nə dərəcədə bağlı hiss etməsinə təsir göstərir. Özünü ailə üzvlərinə, xüsusilə valideynlərinə oxşar görməyən fərdlərin tənhalıq hissi yaşaması, özlərini köklərindən ayrılmış hiss etməsi ehtimalı daha yüksəkdir. 
Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Ailədə nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı”  tədqiqatında valideyn-övlad münasibətləri kontekstində bənzərlik- fərqlilik kimi cəhətlər nəzərdən keçirilib. Bir tərəfdən yaşı 18-dən yuxarı olan respondentlərdən özlərini valideynlərinə oxşar, yoxsa fərqli gördükləri, digər tərəfdən isə övladı olan respondentlərdən övladlarını özlərinə oxşar, ya fərqli gördükləri  soruşulub. Qeyd edək ki, ölkə üzrə 12 iqtisadi rayondan 1170 nəfərin iştirak etdiyi tədqiqat sorğusunda hər ev təsərrüfatından bir nəfər iştirak edib. Yəni, yuxarıda qeyd olunan iki sual eyni ailədən olan valideyn və övladlardan soruşulmayıb. 


Valideynlərimizə oxşayırıqmı?


Özlərini valideynlərilə  müqayisə etdikdə, daha çox onlara bənzədiklərini, yoxsa onlardan çox fərqli olduğunu soruşarkən, respondentlərin 61,0%-i daha çox valideynlərinə bənzədiklərini, fərqlərin çox az olduğunu, 36,7%-i isə, əksinə valideynlərindən çox fərqləndiklərini, çox az oxşar cəhət  gördüklərini qeyd edib. 
 
Müqayisə olunan üç nəslin cavablarındakı maraqlı  məqam valideynlərinə bənzədiklərini deyənlərin hər üç qrupda yaxın göstəricilərə malik olmasıdır. Fərqli olduğu qeyd edənlər yaşlı respondentlər (60+) arasında əhəmiyyətli dərəcədə daha azdır. Cavan və orta nəsildə bu cavabı seçənlərin orta rəqəmi 37,4%-dirsə,  yaşı 60 və daha yuxarı  olanların 27,8%-i belə cavab verib. 


Bu fərqlərin  əsasında müxtəlif amillər ola bilər. Əvvəla qeyd edək ki, tədqiqatımızın orta və yaşlı nəsil respondentləri arasındakı əhəmiyyətli fərqlərdən biri  orta nəslə aid olanların böyük hissəsinin formalaşma illərini (yeniyetməlik, gənclik illərini) müstəqillik, yeni iqtisadi formasiyada yaşamasıdır. Yaşlı nəslə aid olanların isə formalaşma illəri fərqli sosial-siyasi, iqtisadi quruluşa malik olan sovet dövrünə təsadüf edib. Valideynlərilə özünün arasında fərqlilik hissini subyektiv olaraq orta nəslin nümayəndələri arasında daha çox insanın duyması bundan qaynaqlana bilər.  Yəni, indiki orta nəslin valideynləri əksər hallarda güzaran dilində “əvvəlki sovet nəsli” diskursu ilə çərçivələndirilir, “biz” və “onlar” fərqi bunun üzərində qurulur. Suala cavab verməkdə çətinlik çəkənlərin yaşlı nəsildə daha çox olması ehtimal ki,  valideyn obrazının yaşlı nəsil üçün daha müstəsna yerdə olduğundan, bu səbəbdən özünü valideyni ilə müqayisə etməyin çətinliyi ola bilər. Bəzi hallarda isə fərqi gördüyü halda, onun səsləndirilməsi respondentə tabu kimi görünə bilər. 


Valideynlərinə bənzərliyini bildirən kişilər (65,2%) belə düşünən qadınlardan (58,3%) daha çoxdur. Cavabların təhsil qruplarına görə müqayisəsi təhsil səviyyəsi artdıqca, valideynlərə bənzərlik hissinin bir qədər azaldığını göstərir. İbtidai təhsillilərin 71,4%-i belə düşünür, orta təhsillillər arasında bu göstərici 61,0%, peşə təhsillilər arasında 60,7%, bakalavr və magistr təhsili olanlar arasında uyğun olaraq, 59,8% və 56,3%-dir. 


 “Fərqlənən” övladlar nə ilə fərqlənir? 


Beləliklə, respondentlərin təqribən hər üçündən biri özünü daha çox valideynlərindən  fərqli görür. Əlavə, açıq sual olaraq, bu respondentlərdən fərqlərin nədə olduğu soruşulub. Onların müəyyən hissəsi “xarakter fərqi”, “xasiyyət fərqini” göstərib.  Daha çox hissəsi “düşüncə fərqi” anlayışından istifadə edib. “Dünyagörüşü”nü nümunə gətirənlər də kifayət qədər çox olub. Xarakter, xasiyyət – həm fərdi, həm də sosial müstəvidə nəzərdən keçirilə bilər, lakin daha çox fərdi-psixoloji məzmun daşıyır. “Düşüncə fərqi” isə sosioloji perspektivə daha yaxındır.  Müxtəlif nəsillərin fərqli düşüncə və dünyagörüşünə malik olması yalnız fərdi müzakirələr deyil, həm də ictimai diskurslarda təkrarlanır. Bu isə onu ehtimal etməyə imkan verir ki, respondentlərin müəyyən hissəsi ailə daxilində gördükləri fərqlərə yalnız fərdi səviyyədə yanaşmır, bu fərqləri həm də “dövr dəyişimi” ilə əlaqələndirirlər. 


Təkrarlanan cavablar arasında “valideynim daha soyuq davranırdı, mənsə uşaqlarla daha istiqanlıyam” tipli cavablara kifayət qədər rast gəlinir. Valideyn-övlad münasibətlərinin belə dəyərləndirilməsi zaman keçdikcə, valideyn-övlad münasibətlərinə xas  emosional mədəniyyətdə müəyyən keçidin baş verdiyinə dəlalət edir. Belə ki, övladla rəftar, yolverilən və yolverilməyən istiqanlılıq, övladla münasibətdə tələbkarlıq - yumşaqlıq balansının dəyişməsi, uşağın emosional tələbatlarına cəmiyyətin getdikcə daha həssaslıqla yanaşması, həm də əvvəlki valideynlik və indiki valideynlik arasında fərqi ortaya qoyur. Maraqlıdır ki, bəzi fərdlər üçün valideynlərilə özünün  arasındakı fərq məhz valideynlik rolunun necə icra edilməsi üzərində dərk edilir və mənalandırılır. 


Övladlar valideynlərin gözü ilə...


Nəsillərarası münasibətlərdə varisliyin duyulması, eyni zamanda yaşlı nəsildə tənhalıq  hissinin olmaması onlardan sonra gələnlərin - övladların onlara bənzəyib-bənzəməməsindən çox dərəcədə asılıdır. Subyektiv olaraq, övladında özünə bənzər cəhətləri görmədikdə və ya kəskin fərqləri müşahidə etdikdə, bu bəzən ailə daxilində özgələşmə, ailəyə sanki “yad elementlərin” daxil olması  kimi yaşantılara gətirə bilər. Əlbəttə, fərqlərin nə kimi xarakter daşıması da vacibdir. Bundan asılı olaraq, yaşlı nəslin nümayəndələri övladları və digər cavan ailə üzvlərində gördüyü yeni cəhətləri müsbət və ya mənfi tərəfə şərh edir. 
Tədqiqatda övladı olan respondentlərdən övladlarını özləri ilə müqayisə etdikdə oxşar, yoxsa fərqli cəhətləri daha çox gördükləri soruşularkən, onların 71,1%-i  “onların bir insan kimi mənə çox oxşadığını, aramızdakı fərqlərin çox cüzi olduğunu görürəm” cavabını, 25,8%-i isə, əksinə “onların məndən çox fərqli olduğunu, oxşarlıqların çox az olduğunu görürəm” cavabını verib.

 
Müqayisə olunan üç nəsil qrupunun nəticələri belə qənaətə gəlməyə imkan verir ki, respondentlərin yaşı azaldıqca, övladlarını özündən fərqli görənlərin sayı artır. Əgər 60+ yaşlı respondent qrupunda övladını özündən çox fərqli görən 19,9%-dirsə, orta yaş qrupunda (40-59 yaş) belə düşünənlər 32,6%-dir.  Bu cəhəti bir sıra digər amilləri nəzərə almaqla sosial dəyişikliklərin getdikcə daha sürətlə baş verməsi, onların nəticəsində isə insanların davranış tərzi, ünsiyyət mədəniyyəti və s.-in daha intensiv dəyişməsi ilə şərh etmək olar. 


Valideynlərinə bənzərliyə aid suala analoji olaraq, bu sualda da  kişi respondentlər arasında övladlarının daha çox onlara  bənzədiyini, fərqlərin az olduğunu hesab edənlər (75,8%) qadınlar arasında belə düşünənlərdən (67,4%) daha çoxdur.   Hər  iki sualda aşkar olunan gender fərqi  valideyn-övlad münasibətlərinin refleksiyasının qadın və kişilərdə müəyyən fərqlərlə cərəyan etdiyini göstərir. 


Genişlənmiş ailələrdən olan respondentlər arasında övladlarının onlara bənzədiyi deyənlər daha çoxdur. Genişlənmiş ailədən olanların müvafiq göstəricisi 73,4% olduğu halda, nuklear ailələrdə bu 68,9%, tək yaşayanlar arasında 64,3%-dir. Birgəyaşayış formasının qarşı tərəfin subyektiv qavrayışı ilə necə münasibətdə olduğu maraq doğurur. Təhsil səviyyəsi artdıqca, övladını özünə bənzər görənlər arasında müəyyən qədər  azalır. Belə ki, ibtidai təhsillilərin 78,6%-i övladlarının daha çox onlara bənzədiyini hesab edirsə, bakalavr  və magistr təhsillilər arasında bu göstəricilər 65.5% və 64,3%-dir. 

 “Mən keçmişi axtarıram, o isə indini...”


Bu sualda da övladlarını daha çox fərqli görənlərdən fərqin nədə olduğu  soruşulub və yüzlərlə cavab əldə edilib. Onları mənaca qruplaşdırıb təhlil edərək, bəzi maraqlı məqamlar üzə çıxarılıb. Respondentlərin bir qismi fərqlərdən söz açarkən  fərdi-psixoloji səviyyədə fikir yürüdüb. Bu tip cavablar (məsələn, “atalarına oxşayırlar”, “anası başqa cür tərbiyə edib”) tədqiqatın geniş sosioloji məqsədlərinə uyğun gəlmədiyinə görə onları analitik prosedura cəlb etmirik. Lakin bu, açıq suala verilən cavabların cüzi hissəsidir. Onların daha çox hissəsi məna genişliyinə görə təhlil və ümumiləşdirməyə uyğun idi. Bu fərqlər  yalnız konkret ailə çərçivəsindəki dinamikanı deyil, həm də son onilliklərin sosial dəyişikliklərini və onların nəsillərarası fərqləri necə şərtləndirdiyini əks etdirir. Belə fərqlərdən ən çox təkrarlananı “düşüncə fərqi” və ona yaxın  məna  daşıyan “dünyagörüşüdür". 


Hər bir yeni  nəsil öz formalaşma illərində məruz qaldığı sosial təsirlərin nəticəsində özünəməxsus “düşüncə tərzini” mənimsəyir. Yəni, həm ayrıca götürülən fərd, həm də bütövlükdə bir yaş kohortunun (eyni ildə anadan olan insanlar qrupu)  nümayəndələri yalnız ailə daxilində valideynləri və digər ailə üzvlərinin təsirilə formalaşmır. Onları həm də “zaman yetişdirir”. Bu isə ailədə nəsillərarası fərqləri labüd edir, fərqlər bu və ya digər dərəcədə ailə üzvləri tərəfindən dərk olunur, o, bəzən müsbət, bəzən isə mənfi yöndə dəyərləndirilir. Bu baxımdan respondentlərin öz övladlarının ən çox məhz dünyagörüşünü və düşüncə fərqini vurğulaması təsadüfi deyil. 


Təkrarlanan digər iki fərq “müasirlik” və  “fikir ayrılığıdır”  ki, onlar da səciyyəsinə görə yuxarıda qeyd olunanlara yaxındır. “Müasirlik”  bir qədər daha mücərrəddir, “fikir ayrılığı” isə dolayı yolla valideyn-övlad münasibətlərində müəyyən münaqişə potensialının olduğunu göstərir. Həmçinin, tez-tez qeyd olunan cavab kimi, “xarakter” anlayışı da göstərilir ki, o da məzmununa görə həm konkret psixoloji, həm də geniş sosioloji əhəmiyyət kəsb edə bilər. Ümumlikdə, diqqət çəkən məqam sualın ünvanlandığı  hər dörd respondentdən  birinin övladını özündən fərqli görməsi və bunu sezənlər arasında kifayət qədər böyük hissəsinin məsələyə güzaran səviyyəsində də olsa,  bir növ sosioloji perspektivdən yanaşmasıdır. 

 

Nəticə əvəzi ...


Bənzərlik yaxınlıq hissini yaradır. Qarşıdakı insanı  özünə oxşar görmək onunla eyni mənaları, yaşantıları bölüşmək, qarşılıqlı anlaşma imkanı kimi görünür. Oxşarlıqlara əsaslanan münasibətlər öz-özlüyündə dəyərli olsa da, kommunikasiyanın  daha sadə, bəsit formasıdır. Necə ki, cəmiyyətin də oxşarlıqlar əsasında həmrəyliyi dəyər olmaqla yanaşı, fərqlilik fenomenini təhlükə potensialı ilə yükləyir. Valideyn və övladlar arasında bənzərliyin çoxluğu bir sıra hallarda ailə həmrəyliyi, nəsillərarası varislik üçün əsasdır. Ancaq sosial dəyişikliklər sürətləndikcə, hər növbəti nəsildə əvvəlkilərə xas olmayan cəhətlərin formalaşması da artır. Belə olan halda, valideyn-övlad münasibətləri, nəsillərarası həmrəylik tərəflərin bir-birini  “təkrarladığına” görə deyil, fərqli olmağa rəğmən  ailədə olan ən əziz dəyərləri qoruyub saxlaya bilmək, danışmaq, bir-birini eşidə bilmək bacarığı, qarşılıqlı empatiya əsasında hifz  oluna bilər. Məhz belə fərqliliklərə baxmayaraq, doğmalığın hifz olunması ailə institutunun zamanın sınağından çıxmasını təmin edə bilər. 

 

Humay Axundzadə

Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.