İdarə heyətinin sədri
Azərbaycan Texniki Universitetində (ATU) təhsil alıb, universitetii fərqlənmə diplomu ilə bitirib. ATU-da təhsil aldığı dövrdə 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Azərbaycan Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub, sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
1990-cı illərdə Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. "Ana Vətən" qəzetinin baş redaktoru olub.
2001, 2005, 2010, 2015 və 2020-ci illərdə II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Danimarka, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olub.
Davamlı olaraq Parlament Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb. 10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib.
2013-cü, 2018-ci il və 2024-cü il tarixlərində keçirilən prezident seçkilərində öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb, seçkiləri ikinci sırada başa çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü kimi 2020-ci ildən aktiv fəaliyyət göstərir.
Ölkə həyatının müxtəlif sahələri ilə bağlı konseptual strateji baxışları, təklif və ideyaları ilə tanınıb. Yerli və xarici mediada geosiyasət, regional və beynəlxalq siyasət, o cümlədən Azərbaycanın dövlət və ictimai həyatı, sosial tədqiqatlarla bağlı çoxsaylı məqalə və təhlillərlə mütəmadi olaraq çıxışlar edir.
“Beynəlxalq Marşall Mərkəzində”, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində həyata keçirilən layihələrin tərəfdaşı kimi müxtəlif sertifikatlara və mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri təyin edilib."Sosial tədqiqatlar" beynəlxalq elmi-analitik jurnalının təsisçisi və beynəlxalq redaksiya heyətinin sədridir. Beynəlxalq Türk Akademiyasının “Türk Barometri” tədqiqat qrupunun Azərbaycan üzrə layihə rəhbəridir.