İdarə Heyətinin üzvü
Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində anadan olub. 1994-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbi bitirib. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olub. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunub. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olub və mühazirələr oxuyub. 2018-ci ildə “Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib və Siyasi elmlər doktoru elmi dərəcəsi alıb. 2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışıb. 2007-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasında dosent kimi fəaliyyətə başlayıb. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin sərancamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbələrinin müdiri vəzifəsində çalışıb. AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının sədridir. Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub, daha sonra isə Mərkəzin sədr müavini seçilib.2020-ci ilin 9 fevralında keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvüdür. 2021-ci ilin martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın idarə heyətinin üzvü seçilib. Azərbaycan Dövlət Televiziyasının şərhçisi və «Dünya bu gün» siyasi-analitik verilişinin aparıcısı kimi fəaliyyət göstərib. Yerli və beynəlxalq mediaya müsahibələrində bölgədə və dünyada baş verən hadisələri milli maraqlarımız kontekstindən şərh edir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə metodik vəsaitlərin və tədris proqramlarının müəllifidir. Alman, rus və türk dillərində sərbəst danışır. Ehtiyatda olan zabitdir. Ailəlidir, 2 övladı var.