Yuxarıya
skip to main content

Regionun xarakteristikasını nəzərə alaraq atılan praqmatik addımlar...

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatına Azərbaycan üzv olanda ölkəmizdə bəzi siyasi skeptikər bu təşkilata üzvlüyün Azərbaycan heç bir xeyir verməyəcəyi ilə bağlı mülahizələr irəli sürürdülər. Çünki Cənubi Qafqazın hərbi-siyasi arxitekturasına nəzər salsaq, burada Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində meyillənməsini, Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla öz geosiyasi vektorlarını müəyyənləşdirdiklərini görmək olar.


Ölkəmiz isə heç bir hərbi-siyasi bloklara qoşulmamaq və regional siyasətdə balansı qorumaqla bütün oyunçularla bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurmaq tezisini irəli sürdü. Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi kimi dəyənləndirildi.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunmağa başladı. Ötən dövr ərzində Azərbaycan Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Qeyd edək ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında Qoşulmama Hərəkatının ideyası formalaşmışdır. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə QH-nin institusional əsası qoyulmuşdur. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşləri Qoşulmama Hərəkatının ən ali toplantısı hesab olunur. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir.

Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırmış və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamışdır. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının çoxsaylı sənədlərində dəstəklənmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən Müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyi müşahidə olundu. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu bir daha göstərir ki, Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası öz uğurlu nəticəsini verdi. Regionun xarakteristikasını nəzərə alaraq atılan addımlar uzun illər sonra milli maraqlarımız kontekstində siyasi dividentlər qazandırdı. 

Qeyd edək ki, 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət etmiş və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş etmişlər. Azərbaycan isə öz növbəsində bu təklifi qəbul etmişdir. Nəticədə Qoşulmama Hərəkatının bu ilin 13-14 iyul tarixlərində virtual formatda baş tutmuş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il, yəni 2023-cü ilə qədər uzadılması haqqında qərar vermişlər. Qeyd etməkdə fayda var ki,  Azərbaycanın Qoşulmama Hərəkatının üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədaləti müdafiə etməsi üzv dövlətlər tərəfindən təqdir olunur və məqbul hesab edilir. Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu Qoşulmam Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Qoşulmama Hərəkatının üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Belə ki, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə mühüm töhfələr vermiş, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atmışdır. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı Azərbaycanın ədalətə, beynəlxalq hüquqa, multilateralizmə və çoxtərəfli diplomatiyaya əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndir və Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir.


İlyas Hüseynov

BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.