Görüşdə ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edib.
Görüş zamanı STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəhbərlik etdiyi Mərkəzin missiyası, qarşısında duran vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan yeni kollektivi haqda ətraflı məlumat verib. Millət vəkili bildirib ki, dövlətimizin başçısı ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Mərkəzin yaradılması haqda qərar vermişdir. Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab etmişdir. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi STM-nın görəcəyi işlərin əsas xəttini təşkil edəcəkdir.
Qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyətinin qurulmasının çətin, eyni zamanda şərəfli məsələ olduğunu vurğulayıb. Bu sahədə ADA-nın yeni yaradıldığı vaxtdan keçdiyi yol və əldə etdiyi təcrübə haqda fikirlərini bölüşüb. Bütün sahələrdə olduğu kimi əsas məsələlərdən birinin- peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının olduğunu xatırladıb.
Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq, ictimai rəyi öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, kadrların hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanışmasını tövsiyə edib. ADA-da təhsillə bağlı sosioloji sorğulara mühüm əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitet daxili ictimai rəy sorğularının keçirildiyini diqqətə çatdırıb.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçiminin müəyyən edilməsində təhsil (məktəb) mühitinin rolunun əvəzsiz olduğunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə-istedad və qabiliyyətləri aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşması olduğunu vurğulayıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Sonda STM rəhbəri Z. Oruc qəbul üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirdi və görüşdə səslənən fikirlərin, birgə tədqiqat layihəsi haqda tövsiyələrin Mərkəzin işi üçün çox dəyərli olduğunu qeyd edib. ADA Universitetinin rektoru Hafiz Paşayev yeni yaranan Mərkəzə fəaliyyətində uğurlar arzulayıb.