Əhalinin COVID-19 əleyhinə vaksinasiyaya münasibəti - (Press-Reliz)
Azərbaycanda COVID-19 virusu əleyhinə vaksinasiya proqramına 18 Yanvar 2021-ci il tarixdən başlanılıb. İlkin mərhələdə bir sıra sahələrdə çalışanlara və risk qrupuna aid əhaliyə peyvənd vurulması nəzərdə tutulur. Həm Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən 2020-ci ilin dekabr ayında keçirilən sorğu, həm də müşahidələr cəmiyyətdə peyvəndə dair müxtəlif fikirlərin olduğunu göstərir. Vaksinə dair birmənalı ictimai mövqenin olmaması kütləvi vaksinasiyanın qısa zaman ərzində uğurlu icrasına dair müəyyən fərqli fikirlər yarada bilər.
STM tərəfindən il ərzində müəyyən intervalla aparılması planlaşdırılan təkrar tədqiqatın məqsədi bir neçə istiqamət üzrə dinamikanı ölçməkdir:
əhalinin peyvəndə və peyvənd proqramına münasibəti; əhalinin peyvəndlər barədə məlumatlılığı; əhalinin səhiyyə sisteminə etibarı; əhalinin COVID-19-a dair narahatlıq və qorxu səviyyəsi; COVID-19-a yoluxan respondentlərin təcrübəsi və üzləşdikləri problemlər.
Yuxarıda sadalanan istiqamətlərlə yanaşı, təkrar tədqiqat COVID-19 virusu əleyhinə vaksinasiya proqramı üzrə görülən işlərin təsirini bilavasitə müşahidə etməyə imkan verəcək. Nəzərə çatdıraq ki, metodologiya elmində təkrar tədqiqat dizaynı uzunmüddətli dövr üçün tendensiyaları ölçmək üçün istifadə edilir.
Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında telefonla aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1200 respondent iştirak edib. Respondentlərlə müsahibələr 2021-ci ilin 22-24 yanvar tarixlərində aparılıb.
Respondenlərin 92.0%-nin yanvarın 18-dən etibarən COVID-19 virusu əleyhinə vaksinlərin Azərbaycanda da vurulmağa başlanması haqqında məlumatı var.
- İnsanların COVID-19 əleyhinə vaksinlərlə bağlı məlumatları aldıqları iki əsas mənbə: yerli televiziyalar (67.3%) və sosial şəbəkələrdir (43.2%).
- Respondentlərin 18.3%-i yaxın müddətdə, bir o qədər respondent də (18.5%) müəyyən müddətdən sonra COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünür. Ümumilikdə 41.3% respondent peyvənd olunmağı düşünmür (müvafiq olaraq, 10.8% “yaxın müddətdə düşünmürəm”, 30.5% ümumiyyətlə düşünmürəm). Demək olar ki, hər beş respondentdən biri (21.9%) peyvənd vurdurmaqla bağlı qərarsızdır.
- Respondentlərin 58.3%-i peyvənd olunacağı təqdirdə bunun mənfi təsirinin olacağını düşünür.
- Kişilərin 45.0%-i, qadınların isə 28.0%-i yaxın gələcəkdə və ya bir müddət sonra vaksin vurdurmaq istəyir.
- COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünən respondentlər əsas səbəb kimi, pandemiyadan yeganə çıxış yolunun vaksinasiya olduğunu (62.7%), risk qrupuna daxil olduğunu (15.8%), işini (13.1) göstərmişdir.
- COVID-19 virusu əleyhinə peyvənd vurdurmaq istəməyən respondentləri bir neçə məsələ narahat edir. Belə ki, respondentlərin 46.5%-i vaksinin əks təsirlərindən qorxduğu üçün, vaksinin keyfiyyətinə güvənmədiyi üçün (25.3%), vaksin hələ yeni olduğundan vurulan insanlara təsirini bilmədiyi üçün (17.3%) peyvənd olunmaq istəmirlər. Həmçinin, 15.4% respondent hazırkı sağlamlıq durumunun imkan vermədiyinə görə, 10.3% isə COVID-19 səbəbindən ağır xəstələnmə riski altında olan insanlara aid olmadığını düşündüyünə görə peyvənd olunmaq istəmir.
- Respondentlərin yarısından çoxu (52.2%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını, 27.2%-i isə az qorxduğunu bildirib. Cəmi 20.7% respondent COVID-19-a yoluxmaqdan çox qorxur.
- COVID-19-a yoluxmaqdan qorxmayanlar keçmiş aylarla müqayisədə artdığı halda, çox qorxanlar azalıb. 2020-ci ilin aprel ayında STM tərəfindən aparılmış sorğuda respondentlərin əhəmiyyətli hissəsi (44.9%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını qeyd etdiyi halda, 25.0%-i çox qorxduğunu, 27.5%-i isə az qorxduğunu bildirmişdi.
- Ölkəmizdə vəzifəli şəxslərin peyvənd edilməsinin insanların peyvəndin keyfiyyətinə olan etibarına o qədər də təsir etmir. Belə ki, respondentlərin 29.8%-i vəzifəli şəxslərin peyvənd edilməsinin onların inamına müsbət təsir etdiyini bildirsələr də, ümumilikdə 54.1% heç bir təsirin olmadığını bildirmişdir (müvafiq olaraq 19.3% “xeyr, heç bir təsir etmir, etibarım yüksəkdi”, 34.8% “xeyr, heç bir təsir etmir, etibarım aşağıdır”). 8.3% respondentin isə bu haqda məlumatı yoxdur.
Sorğu nəticəsində bir neçə amilin COVID-19 virusu əleyhinə vaksinasiya etdirmək qərarına statistik əhəmiyyətli dərəcədə təsir etdiyi müəyyən edilib: peyvənd olunduğu təqdirdə hər hansı potensial mənfi təsirlərin olacağına dair düşüncə, respondentin cinsi, respondentin özünü aid etdiyi sosial təbəqə, virusa yoluxmaq ehtimalı, COVID-19 əleyhinə olan peyvəndlər hazırlanması və sınaqdan keçirilməsində iştirak edən alimlərin, eləcə də, ölkəmizdəki səhiyyə sistemi idarəçilərinin dürüstlüyünə inam, vəzifəli şəxslərin peyvənd edilməsi, respondentin daha öncə COVID-19 virusuna yoluxması.