Sosial Tədqiqatlar Mərkəzi fəaliyyətini ictimai rəy əsasında qurur- PRESS RELİZ
Sosial Tədqiqatlar Mərkəzi yarandığı gündən ictimai rəyi araşdıraraq ölkədəki sosial vəziyyətin mənzərəsini əks etdirən sorğular həyata keçirib. Sorğularla paralel olaraq hazırlanan açıq və qapalı arayışlarda hökümətə bir sıra mühüm təkliflər verilib. STM-in əməkdaşları mütəmadi olaraq təhlil və araşdırma yazıları ilə ölkə gündəminin bir çox sahələrində müzakirə olunan məsələləri və problemləri təhlil etməklə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 saylı Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vəzifələrini ümumi olaraq bu cür təsnif edib: “STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir”.
Ölkə Prezidenti 2019-cu il 12 aprel tarixində Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında 624 nömrəli Fərman imzalayaraq, Mərkəzin Nizamnaməsini təsdiq edib.
Eyni müddətdə ölkədə yeni müstəviyə keçən islahatlar kontekstində yaradılan beyin mərkəzi həm inkişaf dinamikasını ölçə bilib, həm də özünü formalaşdırmaqla prosesə ciddi töhfə verib.
STM Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində aktiv şəkildə iştirak edir.
Mütəmadi olaraq ölkə rəhbərliyinin reytinqini ölçən “İnam İndeksi” sorğuları ictimaiyyətə açıqlanıb və burada yer alan sorğuların cavabları və nəticələri böyük diqqət doğurmaqdadır.
Mərkəzdə dünyada tətbiq edilən ən innovativ sorğu aparmaq üsulunun öyrənilməsi, “SurveyToGo” tətbiqinin istifadə edilməsi, məlumatların işlənilməsi və təhlili istiqamətində istifadə edilən ən müasir data yanaşmanın - SPSS proqramının tətbiqi, layihələrin idarə edilməsi, effektiv və səmərəlilik yanaşmasının üstünlüyü, analitik proqramlarla iş bacarığı, təhlillərin aparılması qaydaları və s. mövzularda təlimlər, təcrübə dərsləri keçirilib və bu proses mütəmadi xarakter daşıyır.
Mərkəzin təsis etdiyi 2 elmi jurnal- “Azərbaycan Barometri”, İnam İndeksi” mütəmadi olaraq müxtəlif istiqamətlər üzrə həyata keçirilən sosioloji sorğuların yer aldığı önəmli istinad materiallarına çevrilir.
Mərkəzin “stm.az” saytında daim təhlillər, analitik yazılar, araşdırmalar dərc olunur. Bundan başqa Mərkəz əməkdaşları ilə yanaşı kənar müəlliflər də saytımızla əməkdaşlıq edərək maraqlı və orijinal yanaşmalarını publikaya təqdim edirlər.
STM-in əməkdaşlıq memorandumu imzaladığı beynəlxalq tərəfdaşların sırasında Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanası, Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi, Ankara Universiteti, Asiya-Sakit Okean Tədqiqatlar Mərkəzi, Hacettəpə Universiteti, Hacı Bayram Vəli Universiteti, Çanaqqala Savaşları İnsitutu, Çanaqqala On səkkiz Mart Universiteti, Sonar Sorğu və Araşdırma Mərkəzi, Rusiyanın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi, İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi, “Roskonqres” Fondu və Çinin nüfuzlu Sosial Elmlər Akademiyası var.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Respublikasında miqrasiya və urbanizasiyanın sosial aspektləri” elmi-tədqiqat hesabatında daxili miqrasiya və urbanizasiya proseslərinin sosial tərəfləri ölkənin iqtisadi rayonları üzrə tədqiq və təhlil edilib.
STM tərəfindən dekabrın 18-də ölkənin təhsil və elm ictimaiyyətinin, tanınmış ictimai-siyasi xadimlərin, KİV nümayəndələrinin iştirakı ilə "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans keçirilib. Konfransda 2019-cu ildə buraxılış və qəbul imtahanlarında tətbiq edilən yeni imtahan modeli ilə bağlı STM tərəfindən keçirilmiş ictimai rəy sorğusu əsasında hazırlanmış “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” analitik hesabatı ictimaiyyətə təqdim olunub.
“Bələdiyyə 2020: yerli özünüidaretmə ictimai rəydə” analitik hesabat isə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2019-cu ilin noyabr ayında ölkə miqyasında (Naxçıvan MR istisna olmaqla) kənd, qəsəbə və şəhər bələdiyyələrini əhatə etməklə 2848 respondent arasında sorğu, kənd, qəsəbə və şəhər üzrə hər biri 7 nəfərlik fokus qrup və müvafiq olaraq təsadüfi seçmə əsasında kənd, qəsəbə və şəhər bələdiyyə sədrləri (9 nəfər) ilə keçirilmiş dərinləşdirilmiş intervü, aparılmış tədqiqat və məsləhətləşmələrin nəticələrinə əsasən hazırlanıb.
Azərbaycanda pandemiya ilə mübarizənin ictimai rəydəki mənzərəsini əks etdirən sorğu Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 19-28 mart 2020-ci il tarixlərində ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirir.
İyul ayında təqdim edilən “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” analitik hesabatı pandemiya ilə mübarizənin ictimai fikirdə əksini göstərir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanda yaşlılar: qayğı və rifah” tədqiqatı indiki vəziyyətlə yanaşı, həm də bu sahədəki dəyişiklik meyillərini üzə çıxarmaq üçün dəyərli təhlil sənədidir.
Hazırda Mərkəz tərəfindən bir çox sahələr üzrə yeni sorğular aparılır. Bundan başqa əhalinin təklifləri əsasında yeni sorğular üzərində müzakirələr həyata keçirilir.
STM Mətbuat Xidməti