Yuxarıya
skip to main content

Sosial tədqiqatlara giriş

11.10.2019

“Sosial tədqiqatlar” məfhumu özündə əslində yalnız sosioloji mövzular üzrə araşdırmaları ehtiva etmir – o, daha geniş əhatə dairəsinə malikdir. Nəzərə çatdıraq ki, sosiologiya bir elm olaraq Sənaye inqilabı, Fransa inqilabı və İntibah dövrünün məhsulu kimi ortaya çıxsa da, onun kökü əsrlər öncə meydana gələn fəlsəfə elminə kimi gedib çıxır. Tarixən filosoflar cəmiyyəti müxtəlif nöqteyi-nəzərdən çıxış edərək izah etməyə çalışıb, nəzəri fikirlər irəli sürüblər. Lakin cəmiyyətin dərk edilməsi və sosial dünyadakı proseslərin izahı ilə sistematik və elmi üslubda ilk dəfə məhz sosial elmlərin nümayəndələri məşğul olublar. Sosial hadisələrin və proseslərin elmi surətdə öyrənilməsi sosiologiyanın təşəkkülündən sonra meydana gəlib. Sosioloji tədqiqat metodları barədə bu elmin atalarından sayılan Emil Dürkheym və Maks Veber daha geniş yazıblar, metodlardan əyani istifadə edərək böyük səs-səda doğuran sosial tədqiqatlar aparıblar.

Sosial tədqiqatlardan ilk dəfə istifadə edildiyi elm sahəsi sosiologiya deyil. Etnoqrafiya ya və antropologiya elmlərinin nümayəndələri, daha sonra isə psixoloqlar müasir sosial tədqiqatlardan ilk dəfə sistematik şəkildə istifadə edən elm adamları olub. Sosiologiya ilə yanaşı iqtisadiyyat, bazar tədqiqatları və statistika elmlərində istifadə edilən metodlar da sosial elmlərdə tətbiq olunan araşdırma üsulları ilə oxşardır. Göründüyü kimi, sosial tədqiqatlar məfhumu olduqca geniş sahəni əhatə etdiyindən bu metodlar barədə bacarıqlı və məlumatlı olmaq tədqiqatçı- ya çoxsaylı sahələr üzrə araşdırmalar aparmağa imkan verir.

SOSİAL TƏDQİQAT NƏDİR?

Sosial tədqiqatlardan istifadənin əsas səbəblərindən biri cəmiyyətin geniş, məzmunlu və aktual informasiyaya daim ehtiyacının olmasıdır. Sosial tədqiqatları reallığı öyrənməyin ən mükəmməl vasitəsi kimi nəzərdən keçirən Cohen və Manion (1994) əlavə edirlər ki, cəmiyyət üçün əhəmiyyət kəsb edən problemi öyrənmək və onun həlli yollarını işləyib hazırlamaq da sosioloji tədqiqatın məqsədlərindən biridir. Yəni, sosial tədqiqat problemi şərh edən, onun həlli yollarını təklif edən, eləcə də gələcək üçün inkişaf perspektivlərini müəyyənləşdirən elmi-metodoloji fəaliyyətdir. Hər bir problemin, hadisənin, yaxud prosesin öyrənilməsi üçün tədqiqat metodologiyasından (yunan sözlərinin birləşməsindən əmələ gələrək “yeni bilik əldə olunması üsulu” kimi başa düşülür) istifadə edilir.

TƏDQİQATIN MƏQSƏDLƏRİ VƏ NÖVLƏRİ

Tədqiqat metodları məsələnin, hadisənin və proseslərin öyrənilməsində, habelə yeni kirlərin və nəzəriyyələrin sınanmasında və yaradılmasında başlıca rol oynayır.

Tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Bu işlər həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir.

Tədqiqatlar qəbul edilən metodoloji mövqeyə görə iki yerə ayrılır: kəmiyyət və keyfiyyət tədqiqatları. Bu haqda müvafiq fəsillərdə geniş söz açılacağından burada kəmiyyət və keyfiyyət tədqiqatları barədə, sadəcə, qısa informasiya vermək və araşdırmanın məqsədləri ilə onlar arasındakı əlaqələri izah etmək məqsədəuyğun olardı.

Kəmiyyət tədqiqatları əsasən təsviredici və izahedici xarakterə malik olur. Onlar problemin miqyasını, tendensiyasını və gedişatını təsvir, dəyişənlər arasındakı əlaqələri müəyyən edərək, hadisələrin başvermə səbəbini izah edə bilərlər. Sosial xassələrin ədədi formaya çevrilməsi və ədədi informasiyanın toplanması kəmiyyət tədqiqatı metodologiyasına xas cəhətlərdir. Kəmiyyət tədqiqatı metodologiyası çərçivəsində öncədən müəyyənləşdirilmiş və formallaşdırılmış strukturdan istifadə edilərək, sayca böyük seçmə məcmu üzərində sorğular aparılır, araşdırma mövzusu tədqiq olunur. İnanılır ki, çoxsaylı elementlər üzrə aparılan tədqiqatın nəticələri etibarlı ola və ümumi əhalinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirə bilər.

Kəmiyyət tədqiqatçıları rəqəmlərlə və ədədlərlə işlədiyi halda, keyfiyyət tədqiqatçıları üçün sözlər və ifadələr əsas diqqət mərkəzindədir. Denzin və Linkoln yazırlar ki, keyfiyyət metodlarının başlıca məqsədi fərdlərin və təşkilatların davranış və fəaliyyətinin motivlərini, habelə onların baxış və müxtəlif məsələlər barəsindəki fikirlərini müfəssəl şəkildə, təfsilata vararaq öyrənməkdir. Keyfiyyət tədqiqatçıları sosial reallığı iştirakçıların gözü ilə görməyə çalışır, çünki inanırlar ki, fərdlərin dünyagörüşünü və fəaliyyətini yalnız bu üsulla başa düşmək olar. Keyfiyyət tədqiqatları sual altındakı problemi mikro-səviyyədə öyrənib izah edir.

Sosial tədqiqat tərkib və məqsədinə görə belə təsnifatlandırılır:

Təsviredici. Mahiyyətcə təsviredici olan araşdırmaların əsas məqsədi keçmiş, mövcud, yaxud gələcək vəziyyətin xüsusiyyət və göstəricilərini təsvir etməkdən ibarətdir.

zahedici. Baş verən hadisələri və mövcud vəziyyətin yaranma sə- bəblərini öyrənən tədqiqat mahiyyətcə izahedici hesab olunur

Kəşfiyyat tədqiqatı. Mahiyyətcə müəyyən dərəcədə izahedici tədqiqata bənzəsə də, kəşfiyyat araşdırmasının başlıca məqsədi və səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada tədqiqat probleminin kəmiyyət və keyfiyyət xüsusiyyətləri dərindən öyrənilir, onların ümumi kontekst çərçivəsində başa düşülməsinə çalışılır.

Qiymətləndirici tədqiqat. Bu qəbildən olan araşdırmaların məqsədi adətən görülən bir işin səmərəliliyini, effektivliyini və keyfiyətini müəyyənləşdirməkdən ibarət olur.

Qərarverici tədqiqat. Qərarverici modellərdə məsələyə və problemə dair həlli yolları və ya qərar qəbuletmə üçün tövsiyələr işlənir.

Müqayisəli tədqiqat. İki və ya daha çox subyektin bir-biri ilə müqa- yisəli şəkildə tədqiq və təhlili müqayisəli tədqiqat adlanır.

Eksperimental tədqiqat. Bu qəbildən olan araşdırmalarda hipotezin yoxlanılması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi nəzərdə tutulur.

Elmdə tez-tez işlədilən terminlərdən biri hipotezdir. Hipotez təbiət və ictimai elmlərdə hər hansı bir hadisə və prosesin başvermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri istifadə edir. Lakin sosial elmlərdə heç də hər bir tədqiqatın hipotezi olmur – mümkündür ki, kəşfiyyat məqsədli araşdırma hipotez irəli sürməsin.

TƏDQiQATIN MƏRHƏLƏLƏRi


Tədqiqat mövzusunun seçilməsi və suallarının formalaşması- na təsir edən amillər aşağıdakılardır:

 

          –  mövcud ədəbiyyatdakı boşluq və çatışmazlıqlar; 

          –  problemin həll yolunun göstərilməsi; 

          –  yeni nəzəriyyə və konsepsiyaların tətbiq edilməsi; 

          –  elmi ictimaiyyətdə müşahidə edilən inkişaf meyilləri, dəyişiklik və yeniliklərin öyrənilməsi; 

          –  şəxsi təcrübə və maraq; 

          –  gözlənilən nəticələrin elmi və praktiki dəyəri 

          - mövcud məlumatın və ya nəzəriyyənin doğruluğu və düzgünlüyünü yoxlamaq istəyi; 

          –  cəmiyyətdə baş verən dəyişiklikləri və prosesləri tədqiq etmək istəyi; 

          –  verilən sifariş;

 

Tədqiqat mövzusunu müəyyənləşdirərkən bu suallar nəzərdə saxlanılmalıdır: 

 

  • Bu problem daha öncə işlənilibmi? İşlənilibsə, hansı nəticələr əldə edilib? Araşdırıla biləcək hansı boşluqlar mövcuddur? 

  • Hansı elmi-metodoloji yanaşma mövzunun öyrənilməsi üçün əlverişlidir? Bu günə kimi aparılmış araşdırmalarda hansı metodologiyalardan istifadə edilib?
  • Seçdiyiniz mövzunun hansı cəhətlərinin araşdırılması həm faydalı, həm də metodoloji cəhətdən mümkündür?
  • Aparacağınız araşdırma elmi ictimaiyyət üçün nə dərəcədə önəmlidir? 

 

TƏDQiQAT STRATEGiYASI VƏ MƏLUMAT TOPLAMA METODLARI

Tədqiqat strategiyasına dair yekdil tərif olmasa da, bir çoxları belə hesab edir ki, o, araşdırmaçıya tədqiqat suallarına axtarılan cavabı mövcud imkanlar daxilində tapmağa imkan verən ən münasib metodoloji yanaşmadır. Göründüyü kimi, burada əsas vurğu yanaşmanın üzərindədir – hər hansı məlumat toplama metodu, analiz texnikası, yaxud digər metodoloji prosedur üzərində deyil. Tədqiqat strategiyası tərtib edərkən araşdırmaçı tədqiqat sualı və problemini müəy-yən etməli, tədqiqat sualı və probleminə cavab tapmaq üçün hansı tip məlumatın toplanmalı olduğunu yəqinləşdirməlidir

Metodologiyada ən azı 6 cür tədqiqat çərçivəsinin olduğunu müşahidə edə bilərik:

– təkrar və longityud tədqiqat;

– eksperiment;

– nümunələrin müfəssəl tədqiqi (kazusların öyrənilməsi);

– müqayisə xarakterli tədqiqat;

– metodiki qarışıq yanaşma;

– qiymətləndirici tədqiqat.

ƏDƏBİYYATIN NƏZƏRDƏN KEÇİRİLMƏSİ

Mövzu seçimindən sonra onun işlənmə dərəcəsini müəyyənləşdirmək məqsədilə mövcud ədəbiyyat nəzərdən keçirilməlidir. Ədəbiyyatın nəzərdən keçirilməsində başlıca məqsəd aparılmış tədqiqatları öyrənmək və ədəbiyyatdakı çatışmazlıq və boşluqları müəyyən etməkdir. Ədəbiyyatın nəzərdən keçirilməsi prosesi mövcud tədqiqatları sadalamaqla kifayətlənməməlidir – tədqiqatçı öz işini aparılmış işlərin ümumi kontekstində dəyərləndirməlidir.

Ədəbiyyatı aşağıdakı mənbələrdə axtarmaq olar:

- Elmi jurnallar

- Elektron məlumat bazalar

- Kitabxana

 

Hart tövsiyə edir ki, tədqiqatçı bu sualları özünə verərək ədəbiyyatı axtarmalı və mövzunu seçməlidir:

  • Mövzu üzrə əsas və aktual məsələlər hansılardır? 
  • Mövzu üzrə hansı siyasi, elmi və sosio-mədəni baxış bucaqla- rı və yanaşmalar mövcuddur? 
  • Mövzu üzrə əsas nəzəriyyə, konsepsiya və fikirlər nələrdir? 
  • Mövzu üzrə araşdırmalarda geniş yayılmış metodoloji yanaşmalar hansılardır? 
  • Mövzu üzrə bu günə kimi hansı məqamlar və cəhətlər araşdırılıb? 
  • Mövzu üzrə elmi biliklərin vəziyyəti necədir? 
  • Mövzu üzrə ekspertlər kimlərdir? 

 

SEÇMƏ

 

Sosioloqun tədqiqat vahidlərinin hər birini tədqiq edə bilmədiyini nəzərə alsaq, tədqiqatçılar özündə ümumi əhali qrupunun xüsusiyyətlərini mümkün qədər təmsil edən seçmə qrupu, yaxud cəmi müəyyən etməlidir.

Tədqiqatın maraq mərkəzində olan bütün toplu baş məcmu, baş məcmunun obyektlərinin xarakteristikalarını özündə ehtiva edən ölçü olaraq daha kiçik qrup isə seçmə məcmu (seçmə cəmi də adlanır) adlanır. Başqa sözlə desək, seçmə məcmu bütün məcmu haqqında informasiya əldə etmək üçün tədqiqatçı tərəfindən seçilmiş hissədir. Münasib seçmə toplusunun əldə edilməsi üçün isə tədqiqatın metodoloji prizması, şərtləri və məqsədinə uyğun seçmə metodundan istifadə şərtdir. Düzgün prosedurlar əsasında müəyyən edil-məyən, yaxud qeyri-reprezentativ elementlərdən ibarət seçmə məc-munun tədqiqi vasitəsilə əldə edilən nəticələr elə də etibarlı hesab olunmur.

Reprezentativlik, yaxud təmsilçilik dedikdə isə “seçmə məcmunun baş məcmunun əsas parametrlərini nə dərəcədə əks etdirməsi başa düşülür”. Təmsilçilik məsələsi bu bölmədə nümunələrlə daha ətraflı izah ediləcək.

Əksər araşdırmalarda müəyyənləşdirilməsi çətin məsələlərdən biri seçmə toplusunun ölçüsüdür. Çox böyük məcmu təmsilçilik dərəcəsini artırsa da, böyük resurslar və vaxt tələb edir. Çox kiçik məcmu isə nəticələrin təmsilçiliyini aşağı sala bilər. Seçmənin ölçüsü həm tədqiqatın məqsədi, həm metodoloji mövqeyi, həm də kənar amillər tərəfindən təsirə məruz qalır. Əvvəlcə tədqiqatın məqsədi barədə mülahizə yürüdək. Araşdırmanın məqsədi yüksək təmsilçilik dərəcəsinə malik nəticə əldə etməkdirsə, o, mümkün qədər çox respondenti tədqiq edəcək. Əgər məqsəd bir, yaxud bir neçə azsaylı subyektin öyrənilməsidirsə, onda seçmə toplunun böyük olmasına ehtiyac olmayacaq. Keyfiyyət və kəmiyyət metodologiyası ilə aparılan araşdırmalarda seçmə toplusunun ölçüsünə dair baxışlar fərqlidir. Əgər birinci üçün mövzunu müfəssəl şəkildə öyrənmək üçün kiçik seçmə cəmi əlverişlidirsə, ikinci üçün ümumiləşdirməyə, qanunauyğunluq və tendensiyaları müəyyən etməyə imkan verəcək nəticələr əldə etməyə yol açan böyük seçmə cəmi münasibdir. Kənar amillər (maddi imkanlar, vaxt məhdudiyyəti, seçmə subyektlərinin sayı və s.) seçmənin ölçüsünü müəyyən etməkdə rol oynayır.

Sosial tədqiqatlarda heç də həmişə seçmə məcmusunun ölçüsü nəzərdə tutulan qədər olmur – əksər hallarda daha aşağı olur. Respondentlər müxtəlif səbəblər üzündən iştirakdan ya imtina edə, yaxud tədqiqatçı axtarılan respondentlə əlaqə yaratmaya bilər. İmtina hallarının azaldılması və respondentlərin iştirakı ehtimalını artırmaq üçün tədqiqatçılar müxtəlif növ mükafatlar (pul mükafatı və vouçerlər) təqdim edə bilərlər. Respondentlərə onların iştirakının əhəmiyyətini izah etməklə də iştirak marağını artırmaq olar. Respondentə onun iştirakının məhz elə respondentin özü üçün faydalı olacağı fikri çatdırılarsa, bu, onun sorğuda iştiraka marağını artırar.

SEÇMƏ METODUNUN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Seçmə metodunun müəyyənləşdirilməsi prosesində ilkin mərhələ seçmə planının hazırlanmasından ibarətdir. Burada tədqiqatçı tədqiq ediləcək əhalinin ölçüsü, xarakteristikaları, həmçinin, seçmə metodları barədə təlimatlar və qeydlər hazırlayır.

TƏSADÜFİ SEÇMƏ METODLARI

Təsadüfi seçmə metodlarında baş məcmudakı hər bir elementin seçmə məcmusuna daxil olma ehtimalı bərabərdir. Təsadüfi seçmədə fərdlər hər hansısa göstərici və keyfiyyətlərinə görə seçilmir. Burada əhali qrupu daxilindəki vahidlər sırf təsadüf əsasında seçilir. Belə yanaşmadan daha çox kəmiyyət tədqiqatlarında istifadə edilir, çünki tədqiqatçı üçün müxtəlif tip insanların kirlərini qısa zaman kəsiyində öyrənib ümumiləşdirici kir irəli sürə bilmək əsas məqsəd kimi qarşıya çıxır.

Təsadüfi seçmə metodlarına sistemli, klaster və stratifikasiya metodlarını aid edirlər.

TƏSADÜFİ OLMAYAN SEÇMƏ METODLARI

Təsadü olmayan seçmənin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, tədqiqatçı yalnız müəyyən göstəricilərə cavab verən respondentləri öyrənməkdə maraqlıdır.  Əgər təsadü seçmədə baş məcmudakı subyektlərin seçilmə ehtimalı bərabərdirsə, burada baş məcmudakı şəxslərin birinin digərinə nisbətdə seçilmə ehtimalı daha yüksəkdir.

Təsadüfi olmayan seçmə metodlarına daha çox kvota, məqsədyönlü zəncirvarı seçmə (qar topası) və ən münasib seçmə metodlarını aid edirlər.

 

Ədəbiyyat

 

Walliman N. Your Research Project: Designing and Planning Your Work. UK, SAGE, 2011

 

May T. Social Research: Issues, Methods and Process. 3rd Edition. Buckingham: Open University Press, 2001

Əliyev R. Sosıȧ l elmlərdə araşdırmanın metodikası. Bakı, QHT Nəşriyyatı, 2016

 

De Vaus D.A. Surveys in Social Research. 4th Edition, University College of London Press, London, 1996

Malhotra N.K. & Birks D. Marketing Research: An Applied Approach. 3rd Edition, Prentice Hall, Upper Saddle River, 2006

Hart C. Doing a Literature Review: Releasing the Social Science Research Imagination. London, SAGE, 1998

Vəliyev A. Sosial elmi tədqiqatlar anlayışı, prinsipləri, metodları və müxtəlif nəzəri yanaşmalar. Bakı, QHT Nəşriyyatı, 2015,

Bryman A. Oxford, Oxford University Press, 2012

(ardı var)

İnqilab Şahbazov
İngiltərənin Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi ixtisası üzrə magistr təhsili almışdır. Tədqiqat sahələri ədliyyə sistemi, hüquq-mühafizə və sosial problemlərdir. ''Sosioloji nəzəriyyələr'', ''Tədqiqat metodları'' kitablarının və çoxsaylı məqalələrin müəllifidir.