Yuxarıya
skip to main content

İ.Vallerstayn və Sosial Elmlərin Müzakirəsi

05.10.2019

 

Vallerstayn hazırkı cəmiyyətləri XIX əsrdə ortaya çıxan sosial elmlərin əsaslandığı arqumentlərlə analiz etməyin problemli tərəflərinə işarə edərək yeni bir paradiqmaya ehtiyac olduğunu qeyd edir və bu sahədəki tezislərini "Sosial Elmləri Düşünməmək" ("Unthinking Social Science: Limits Of 19Th Century Paradigms") sərlövhəli əsərində müzakirə edir. Ona görə, sosial elmlər arasındakı sərhədləri aradan qaldırmaq və bu elmləri insan cəmiyyətini təhlil edən vahid elm sahəsi olaraq qəbul etmək atılmalı olan ilk addımdır. Bu baxımdan Vallerstayn ortaya qoyduğu yanaşmada iqtisadiyyat, siyasət və sosiologiya kimi elmlərin özünəməxsus analiz sahələrinin, subyektlərinin, metodlarının, nəzəri arqumentlərinin olduğu fikri ilə razılaşmır və bunları vahid elm sahəsi kimi qəbul edir. Vallerstayna görə hər biri kollektiv insan fəaliyyəti olan iqtisadiyyat, siyasi və sosial-mədəni sahələr “sosial”ın ayrıca tədqiqat sahələri deyil. Bunların heç birinin özünəməxsus məntiqi yoxdur. Hamısı ümumi, vahid qaydalar içərisində yer alır. Bu sahədəki ümumbəşərilik prinsipinin və elmi reallığın əslində qərbin tarixi reallığı olduğu hipotezindən yola çıxaraq Vallerstayn fərqli elm sahələrinin dünya və həqiqət barədə iddialarının da tarixiliyi əks etdirdiyini, bu halda dünya və həqiqət barədə fərqli fikirlərin keçərli ola biləcəyini qeyd edir.

 

Qərbin uzun tarixi keçmişə söykənən ənənəvi bilik sahələrindən müasir bilik sahələrinə keçid iqtidar münasibətləri kontekstində bir transformasiyanın ifadəsi olmaqla, yeni bir paradiqma meydana gətirdi. Ənənəvi ağlın inanc və dəyərlərlə yoğurulan mahiyyətinə və bu zəmində bütöv həqiqət axtarışına qarşı müasir ağıl metafizik elementlərdən arındırılmış və həqiqətin sadəcə empirik yollarla əldə ediləcəyi “inancına” əsaslandı. Hazırkı dövrə qədər elmi-pedaqoji fəaliyyətin beşiyi kimi bilinən universitet bir qurum olaraq bu çərçivədə ciddi transformasiya yaşadı. Belə ki, universitet bugünkü missiyasından tam fərqli olaraq, yarandığı orta əsr dünyasında mahiyyət etibarilə insani mükəmməlliyə və azadlığa istiqamətlənmiş, Platon “academia”sının ideyalarının daşıyıcısı, yəni fəlsəfənin institutsionallaşmış forması olaraq var olub. Bu qurum bütöv həqiqəti çağırışdıran “universitas” ideyasına əsaslanıb. Latınca “facultas” sözündən törəyən və qabiliyyət mənası daşıyan fakültələr bu mənada insani qabiliyyətlərin təşkilatlanmış forması kimi təzahür edib. Yəni, universitet insana məxsus qabiliyyətlər ilə bilik sahələri arasında bütünlüyün inşa olunduğu yer olub.

 

Sənaye inqilabı ilə birlikdə kapitalist sistemin və ona məxsus iqtidar mexanizmlərinin genişlənməsi elmi, azadlıq və mükəmməllik kimi ideallardan ayıraraq iqtisadi inkişaf və texnoloji irəliləyişin buyruğunda dar bir çərçivəyə yerləşdirdi. Vallerstayna görə digər tarixi sistemlər ilə müasir dünya sisteminin elm anlayışı arasındakı bu fərq kapitalist sistemin yüksəlişi ilə elm və texnologiyanın inkişafı arasındakı əlaqəyə əsaslanır. Müasir elmin kapitalizmə bağlılığı və onun tərəfindən dəstəklənməsi  texnologiyanın inkişafına, istehsala və inkişafa töhfə verməsindən irəli gəlib. Qərb dünyası obyektivlik, empirizmümumbəşərilik iddialarına söykənən müasir elmin beşiyi kimi qəbul edilərkən, digər ölkələr geridə qalmış yaxud az inkişaf etmiş kimi görüldü. Lakin bu digər ölkələrin müasir qərb dünyasını təqlid edərək irəliləyiş şansına sahib olmadıqları demək deyildi. Belə ki, bütün cəmiyyətlərin oxşar inkişaf mərhələlərindən keçəcəyi və oxşar prosesləri izləyəcəyi iddiası müasir paradiqmanın əsasını təşkil edirdi.

 

XVII-XVIII əsrlərin təbiət elmləri fəza mexanikasının müşahidəsindən yola çıxılaraq quruldu. Təbiət qanunlarını müəyyən etməyin üstünlüyünü qəbul etdirməyə çalışan elm adamları bununla belə elm və fəlsəfə arasında bir ayrı-seçkilik olduğunu iddia etmirdi. Lakin sonradan fəlsəfə öz həqiqət iddialarını obyektivlik, empirizm və ümumbəşərilik kontekstində doğrulda bilmədiyi, yəni ölçülə bilən olmadığı və daha çox tənqidi üsluba sahib olduğu iddiaları ilə gedərək teologiyanın yerini tutdu. Bir bütünün içərisində başlayan bu parçalanma Ogüst Kont tərəfindən elm və fəlsəfənin boşanması olaraq elan edildi. Belə ki, teologiya və fəlsəfənin yaxşı və ya gözəl olanla maraqlanmasına baxmayaraq, elm yaxşı və gerçəyi bir-birindən ayırd edəcək alətlərə sahib deyildi. Bununla yanaşı elmin tərəfində olanlar, nəyin gerçək olduğunu bilməyin daha əhəmiyyətli olduğunu, nəyin yaxşı olduğunu bilməyin isə qeyri-mümkün olduğunu iddia edirdi. Halbuki ənənəvi paradiqmada gerçək, yaxşı və ya gözəl olana aid dəyərləndirmələr bir-biri ilə iç-içə və bütün idi.

 

XVIII əsrin sonlarında elm və fəlsəfə arasında konkret sərhədin olmasının tərəfdarları yeni elm paradiqmasını müdafiə edənlər idi. Onlara görə həqiqət ancaq təcrübi müşahidələrə əsaslanan elm sahələri ilə ortaya qoyula bilərdi. Bu ayrılma eyni zamanda elmin beşiyi olan universitetlərin təşkilati strukturuna da təsirsiz ötüşmədi. Belə ki, orta əsr universitet qurumunun ilahiyyat, hüquq və fəlsəfə fakültələri tədricən əhəmiyyətini itirərkən, humanitar və təbiət elmləri ayrıca fakültələr olaraq təsis edildi. Lakin 1789-cu il Fransa İnqilabından sonra təbiət elmlərinin reallığı bütünüylə işıqlandırmağa kifayət etmədiyi hallarda “ictimai reallığın” hansı fakültələr tərəfindən öyrəniləcəyi müzakirəyə açıldı. Bu baxımdan, xüsusən də 1830-1945-ci illərdə baş verən ictimai-siyasi hadisələr bir qrup yeni elm sahəsinin zərurətini hiss etdirdi. Elm adamları mövcud problemlərə həll yolu tapmaq məqsədi ilə sosial elmlər adı altında qruplaşdırılan bu yeni elmlərə üz tutdular. Məsələn, Kont “sosial fizika” terminini canlandırarkən əslində siyasi narahatlıqlarını büruzə verirdi. Məqsəd sosial sahədəki problemləri mexaniki üsullarla aradan qaldırmaq idi.

 

Fransa İnqilabından sonra ictimai formasiya dövlət, vətəndaş cəmiyyəti və özəl sektor olmaqla üç fərqli sferaya bölündü. Bu fərqli sferaların tədqiqi sonradan siyasət, sosiologiya və iqtisadiyyat olmaqla üç ayrı elm sahəsinə həvalə edildi. Bu proses əvvəlcə qərbin başlıca universitetlərində elm kürsüləri, daha sonra hər kürsüdə diplom almaq üçün tədris proqramları təklif edən ixtisaslar qurularaq təmin olundu. Hər bir elm sahəsi üzrə ixtisaslaşmış jurnallar dərc edildi, elm adamları öz sahələri üzrə birliklər yaratdılar, kitabxana kolleksiyaları elm sahələrinə uyğun kateqoriyalaşdırıldı. Müasir elm üç fundamental fərziyyəyə söykəndi. Bunlardan birincisi, real həyatdakı hər şeyin bilinə bilən olmasıdır. Yəni ki, mövcud faktlarla bağlı hal-hazırda bilinməyən şeylər olsa da, bu onun bilinməyəcəyi, kəşf edilməyəcəyi demək deyil. İkincisi, ictimaiyyətlə bağlı ümumiləşdirilmiş nəticələr zaman və məkana bağlı olmadan ümumbəşəri prinsiplər olaraq qəbul oluna bilər. Üçüncüsü, həqiqi dünyanı tanımağın tək yolu elmdir. Beləliklə həqiqətə, dəqiq və ümumbəşəri prinsiplərə ənənəvi (müdrik) ağılla deyil, rasional ağılla çatılacağı iddiası müasir elmin əsas arqumenti olarkən bu doktrinanın özünü isbatlandığı ilk sahə təbiət elmləri oldu. Təbiət elmləri üçün keçərli olan arqumentlər sonradan sosial elmlər üçün də məqbul sayıldı.

 

 

Yazar "Sosial Elmləri Açın" ("Open the Social Sciences") sərlövhəli əsərində bildirir ki, bu elm sahələri qərbin məhdud coğrafiyasının məhsulu olmasına baxmayaraq öz iddialarının keçərliliyini bu cür əsaslandırırdı: ən dolğun məlumatlar ən üstün və yeni infrastruktura malik ölkələrdən toplanmış olanlardır. Qədim və uzaq ölkələrdən əldə edilən məlumatlar eyni etibarlılığa sahib olmamaqla yanaşı, mifik xarakterli və obyektivlikdən uzaqdırlar. Halbuki Vallerstayna görə sosial elmlər əslində Avropanın özünəməxsus problemlərini həll etmək üçün meydana çıxardığı vasitələr idi. Yəni bu atmosferdə formalaşan sosial elmlər məzmun, konseptual əsas, metodologiya və epistemologiyası ilə həmin coğrafiyanın sosial-mədəni həyatını əks etdirirdi. Bu mənada sosial elmlərin təbiət elmlərinə paralel mühakimələri, yəni cəmiyyətlə bağlı həll yollarında ümumbəşəri qaydalara varmaq iddiası nəticə etibarilə elmilikdən çox ideoloji mahiyyət daşımışdır.

 

Avropadan kənardakı xalqların ənənəviliyi, Avropanın isə müasirliyi təmsil etməsi iddiaları, həmçinin qərbin irəliləyiş və ya yüksəliş inancı baş verən iki dünya müharibəsi ilə sarsıldı. Müharibələri yaradan səbəblər arasında elmin içində olduğu böhran, yəni elm-fəlsəfə arasında çəkilən sərhəd nəticəsində elmin tənqidi ruhunun tərk edilməsi və texnologiyanın ehtiyacları yönündə sadə xalqın dilindən uzaqlaşaraq riyazi-simvolik bir dil mənimsədiyi də vurğulanırdı. Elmin öz ənənəvi rolunu itirərək instrumental ağlın hakimiyyətinə tabe olması irəliləyişə deyil, barbarlığa geri dönüşlə nəticələnə bilərdi. Baş verən dünya müharibələri bu nəticənin ən tipik nümunələri idi. Həmçinin 1945-ci ildən sonrakı dövrdə yaşanan hadisələr, ölkələrin müstəmləkələrdən qurtuluşuna paralel olaraq dünyanın bir sıra bölgələrində həyata keçirilən tədqiqatlar müasir elmin əsaslandığı paradiqmanın keçərsizliyini bir sübuta yetirdi. Belə ki, fərqli coğrafiyalarda, ölkələrdə aparılan  tədqiqatlar zamanı hər sosial-mədəni strukturun özünəməxsusluğu müasir elmin ümumbəşərilik iddialarının həqiqəti əks etdirmədiyini göstərdi.

 

Nəticə etibarilə, Vallerstayna görə qərbyönümlü irəliləyiş fikri keçərsizliyini ortaya qoydu və modernizmin fundamental arqumentlərinə duyulan inancın əsassız olduğu üzə çıxdı. Gəlinən son nöqtə Avropa mərkəzli sosial elmlərin iddia etdiyi qərb sivilizasiyasının nümunəvi model olması inancını sarsıtdı və hazırkı dövr üçün təkmil model axtarışlarına yol açdı.

 

 

Elnur Çıraqov
İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.