Azadlıq meydanından bu günədək
İlk etiraz aksiyası 1988-ci ilin 22 fevral tarixində Bakı şəhərində baş tutub. Həmin gün ermənilərin Qarabağ iddialarına etiraz olaraq ziyalılar tərəfindən aksiya təşkil olundu. Azərbaycan torpaqları hesabına Ermənstan ərazilərinin növbəti dəfə genişləndirilməsinə yönələn “Miatsum” hərəkatına qarşı haqlı dirəniş və xalqın avanqard hissəsinin müqaviməti meydana çıxdı. Təşkilatçıların kim olmasından asılı olmayaraq, bu kiçik aksiya Azərbaycan ərazilərinin işğalı üçün zəmin yaradan və SSRİ rəhbərliyi tərəfindən gizli dəstəklənən məkrli plana qarşı başlayan və sonradan milli-azadlıq hərəkatına çevrilən genişmiqyaslı etirazlar dalğasının əsasını qoydu.
Daha sonra məkrli “Sumqayıt planı” həyata keçirildi. Həmin ilin yazında daha genişmiqyaslı etiraz aksiyasından sonra Sovet İttifaqı rəhbərliyi həm Azərbaycanda, həm Ermənistanda Mərkəzi Komitə rəhbərlərini dəyişdi. Lakin bu genişlənməkdə olan hərəkatın qarşısını ala bilmədi. Erməni millətçilərinin başladıqları kampaniya sonralar böyük qanlı müharibəyə çevrildi, lakin ilk qurbanların verildiyi həmin günlər kütləvi aksiyalara qoşulan insanlar hansı fəlakətli gələcəyin astanasında olduqlarının fərqində deyildilər.
Əsgəranda iki ağdamlı gəncin qətlə yetirilməsi, Ermənistanda azərbaycanlılara qarşı zorakılıqların artması və əhalinin kütləvi deportasiyası Azərbaycanda haqlı narazılıqları gücləndirdikcə insan seli meydanları tutdu və Topxana meşəsinin qırılmasına etiraz (əslində bu əsas səbəb deyildi) dalğası bütün ölkəni bürüdü və Bakıda sayı milyon nəfəri üstələyən davamlı mitinqlər başlandı.
1988-ci il noyabrın 17-də Bakının əsas simvollarından biri sayılan, Leninin adını daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində SSRİ rəhbərliyinin mövqeyinə və Azərbaycan kommunist başçılarının hadisələrin qarşısının alınmasındakı qətiyyətsizliyinə etiraz olaraq başlanmış aksiyalar 1990-cı ilin 20 yanvar qırğınlarından sonra milli-azadlıq hərəkatına çevrildi və bütün xalqı vahid məslək ətrafında birləşdirdi. Bu günlər tariximizə həm də milli dirçəliş günləri kimi daxil oldu və elə ona görə də etirazların başlandığı gün, 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir. 17 noyabrda başlanan və milyonlarla insanı vahid məqsəddə birləşdirən hərəkat SSRİ rəhbərliyi tərəfindən Bakıda fövqaladə vəziyyətin elan olunmasından sonra silahlı qüvvələrin müdaxiləsi ilə dağıdılsa da, sonrakı dövrdə daha da genişləndi və Azərbaycan müstəqillik əldə edənə qədər davam etdi. Həmin dövrdə baş verən dramatik hadisələr, SSRİ hakimiyyətinin yardımı və Azərbaycandakı yerli rəhbərliyin qətiyyətsiz mövqeyi nəticəsində Dağlıq Qarabağda ermənilərin möhkəmlənməsi prosesi, Xocalı faciəsi, Şuşa və Laçının işğalı kimi faciələr baş verdi.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə kütləvi etirazlar dalğası səngidi və beləliklə, Azərbaycanda etiraz hərəkatının birinci dalğası başa çatdı. Lakin meydandan dövlət idarəetməsinə keçid xalqın taleyində bütün sahələr üzrə dərin böhrana səbəb olunca, millət yenidən küçələrə çıxdı. Digət tərəfdən, Qarabağ cəbhəsində məğlubiyyət və torpaqların itirilməsi düşmənlə səngəri tərk edən çoxsaylı hərbi-silahlı birləşmələrlə mülki insanların birgə ayaqlanmasını doğurdu ki, nəticədə dinc aksiyalar öz məcrasından büsbütün çıxdı.
AXC hakimiyyətin süqutu ərəfəsində və sonrakı dövrlərdə etiraz aksiyaları
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə onlara qarşı bir neçə etiraz mitinqləri təşkil olunsa da insanların müqavimətini güc tətbiq edərək dağıtdılar. Cəbhə hakimiyyətinin süqutu ərəfəsində Gəncədə yerləşən 709 nömrəli hərbi hissə və polkovnik rütbəsi ilə böyük səlahiyyətlər verdikləri Surət Hüseynovu ram etmək əməliyyatı iflasa uğrayınca hakimiyyətin yüksək çinli nümayəndələri hərbi qüvvələrə girov düşdülər və bu müstəqillik dalğasında qısa müddət ərzində iqtidarın 3-cü dəfə əvəzlənməsinə gətirib çıxardı.
Hakimiyyət dəyişdikdən sonra Azərbaycanda bütün sahələr üzrə həyata keçirilən böyük bərpa və quruculuq tədbirləri xalqın dövlətini formalaşdırmağa imkanlar açdığı üçün yalnız marginal qruplar və revanşist dairələr tərəfindən bir neçə lokal kiçik və azsaylı piketlər təşkil olundu. Sonrakı dövrdə mitinq dalğası kəskin olaraq aşağı düşdü və siyasi mənasını xeyli itirdi. 1995-ci ilin Milli Məclisə seçkilər ərəfəsində keçirilən toplantıların və hərbi çevrilişə cəhdlərin müşaiyət olunduğu məhdud aksiyaları nəzərə almasaq, etiraz mitinqlərinin növbəti həlqəsi yalnız 1998-ci ildə keçirilən Prezident seçkilərinin ərəfəsini və sonrakı dövrü əhatə edir.
1998-ci il Prezident seçkiləri
1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iştirak etməkdən imtina etdi. Radikal müxalifət (beşlik) bu seçkiləri boykot etmək haqqında protokol imzaladı. Prezident seçkilərinin demokratik keçirilməsini təmin etmək iddiası ilə öz dayaqlarını tamamilə itirmiş, lakin kəmiyyət ölçüsü ilə özlərini müxtəlif adlarda təqdim edən 36 ictimai-siyasi təşkilatı birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) koalisiyası sonralar bir qədər də say artımını göstərmək və xalqın geniş təbəqələrinin təmsilçiləri olduqlarını nümayiş etdirmək naminə yenidən meydanlara üz tutdular. Lakin millətin iradəsi böyük siyasət adamı Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdiyinə görə digər bütün alternativlər müvəffəqiyyətsiliyə uğradılar.
Doğrudur, o illər SİDSUH-la yanaşı, namizədliyi qeydə alınmış o zamankı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədov da seçkiqabağı kütləvi toplantılar, seçkilərdən sonra isə etiraz aksiyası təşkil etmişdi. Həmin dövrdə SİDSUH nümayış və mitinqlərə 30000-40000 nəfərə qədər etirazçı cəlb edə bilirdi. Amma zamanla sosial-siyasi məqsədləri və gələcək taleyi müxalif qüvvələrdən kənarda axtarmaq hökmünü dərk edən həmin insanlar da rəqib düşərgələri tərk etdilər.
Həmin dövrdə seçki proseslərinə kənar müdaxilələr mövcud idi, lakin güclü hakimiyyət tərəfindən belə cəhdlər neytrallaşdırılırdı və bütövlükdə etiraz aksiyaları demokratiyanın təzahürü, onun ayrılmaz hissəsi kimi bir məna kəsb edirdi.
2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə siyasi fəallıq yüksək olsa da seçkiqabağı dövr geniş miqyaslı kütləvi tədbirlərlə yadda qalmadı.
2003-cü il Prezident seçkilərində protest hərəkatı bir qədər genişləndi, lakin proseslərə kənar müdaxilələr aşkar görünürdü. ABŞ-ın siyasi institultarı - Demokratiyaya Dəstək Fondu (NED), Şərqi Avropa üçün Demokratiya İnstitutu (İDEE) və bir sıra “məxəməri inqilab” yayıcıları ölkədəki müxalif qüvvələri, xüsusən seçkilərdə namizəd irəli sürmüş qüvvələri aşkar və gizli formada dəstəkləyirdi. Məqsəd bəlliydi-söhbət yeni iqtidar istəyindən daha çox daxili təzyiq qruplarının əli ilə itisadi və geosiyasi güzəştlər qoparmaq kimi dünyada məşhur olan ssenarilər burada da tətbiq olunurdu. Seçki kampaniyası dövründə kütləvi aksiyalara 1998-ci il seçkilərində qeyd olunan sayda insanlar qatılmasa da hələ ki, böyük özəlləşdirmənin nəticəsində tam oturuşmayan iqtisadi qruplar və geniş iş adamları cəmiyyətin ayrı ayrı dəstələrinin tam formalaşmayan mövqelərindən istifadə etməklə 12 oktyabrda “Qələbə” meydanında keçirlən mitinq həmin dövrdə sayca ən çox insanının cəlb edildiyi aksiyanı təşkil edə bilmişdilər. Lakin seçkilərdən dərhal sonra dinc və nizamlı prosesləri iğtişaşlara çevirmək cəhdləri siyasi azlıqda olan qrupların bu platformanı da itirməsi ilə nəticələndi. Təşkilatçılar kütləvi xalq etirazlarına nail ola bilmədilər, lakin bir neçə min nəfərdən ibarət tərəfdarları ilə şəhərin mərkəzində iğtişaşlar törətməyə nail oldular. Asayişi təmin edən qüvvələr etirazçılara “Azadlıq” meydanına daxil olmağa imkan verdi və açıq meydanda iğtişaşları lokal xarakter daşıdğını bütün dünyaya göstərək, onları tamam zərərsizləşdirdi.
Seçkilərə narıncı müdaxilə cəhdi
2005-ci ildə kənar müdaxilə bir qədər də genişləndi. Bu dəfəki protestlərdə Gürcüstan və Ukraynada baş verən məxməri inqilabların təsiri aşkar hiss olunurdu. Aksiyalarda narıncı rəng o dövrün məxməri texnologiyaları, oxşar adlar və s. istifadə olunurdu. Lakin seçkilərdən az sonra Qələbə meydanında mitinq təşkilatçılarının dinc xarakterini pozması və etirazları iğtişaşlara keçirməyə cəhdlər edilməsi o dalğanı da fiaskoya uğratdı.
Təşkilatçıların məqsədi etirazları davamlı etmək və onun əhatə dairəsini genişləndirməklə etiraz dalğasını artırmaq, Gürcüstan və Ukraynadakı prosesləri təkrarlamaq idi. Lakin xalqın dəstək vermədiyi plan işləmədi və dəstəkçi elektoratın sayı kifayət qədər az olduğu üçün asayiş tezliklə bərpa olundu.
Yeni dövr və yeni çağrışlar: Proseslərin tam olaraq kənardan idarə olunması ilə müşayiət olunan kütləvi aksiyalar
2012-ci ildən başlayaraq, baş verən bütün aksiyalarda anti-Azərbaycan qüvvələrin dirijorluğu, maddi, informativ yardımı aşkar görünürdü. Həmin dövrdən bu günümüzə qədər baş tutan və tutmayan bütün sanksiyalaşdırılan və sanksiyalaşdırlmayan mitinqlərdə təşkilatçıların yeganə məqsədi kütləviliyə nail olmaq, sonradan toplantının dinc xarakterini pozmaq və iğtişaşlar törətmək olub.
Bu halda da iki məqsəd var: Əgər iğtişaşlar böyüyərsə, onda kənar qüvvələrin dəstəyi artacaq və aksiyalar iğtişalara, böyük üsyana gətirəcək. Bu, baş vermədiyi halda, yəni hakimiyyətin iğtişaşları güc tətbiq etməklə yatıracağı halda çoxsaylı həbslər olacaq, aksiyalarda güc tətbiqinin proporsional olmaması, hakimiyyətin xalqa güc tətbiq etməsi ilə bağlı total təbliğat maşını işə düşəcək və ölkənin beynəlxalq aləmdəki nüfuzuna ziyan dəyəcək. Ölkəyə qarşı sanksiyalar tətbiq olunacaq, kredit reytinqi aşağı düşəcək, bir sözlə Azərbaycan dövləti beynəxlaq arenada və münasibətlərdə əlverişsiz vəziyyətə düşəcək. Bu isə bir tərəfdən işğalçı Ermənistanın mövqelərini möhkəmləndirəcək, digər tərəfdən, Azərbaycan hakimiyyətinin on illər ərzində böyük diplomatik məharətlə qazandığı partnyorlarla münasibətlərini zədələməyə səbəb olacaqdı. Plan bu dəfə işləmədi.
2013-cü ildə Fəvvarələr meydanında sanksiyalaşdırılmamış “Əsgər ölümlərinə son!” şüarı ilə təşkil olunan etiraz aksiyası kənardan idarə olunduğu indi heç kəsə sirr deyil. Orda iştirak edənlərin kiçik bir qrupu həssas mövzu ətrafında xeyli məlumatsız insanları toplamağa nail oldu və nəticədə asayişi bərpa edən qüvvələrlə qarşıdurma yarandı.
Bu dövrdə paralel olaraq ölkədən kənarda “siyasi mühacirət” adı altında gedənlərdən ibarət anti-Azərbaycan şəbəkəsi formalaşdı. Bu qruplar radikal müxalifəti təmsil edənlər, dini və etnik zəmində nifrəti artıran separatçılıq ideyaları yayanlar və digər maraqlı qüvvələri, o cümlədən, erməni lobbi qruplarının himayəsində olan qeyri hökumət təşkilatları tərəfindən nüfuz (təsir) agentinə çevrilmiş şəxslərdən ibarətdir. Bu dövrdə həmçinin, Avropadan və ABŞ-dan sosial şəbəkələr üzərindən yaymlanan videoverlişlər və internet televiziyaları da sürətli fəaliyyətə başladı.
Müasir etiraz aksiyalarının anatomiyası
2013-cü ildə keçirilən Prezident seçkilərindən sonra radikal müxalif qüvvələrə tam aydın oldu ki, mövcud resurslarla nəinki hakimiyyətə gəlmək, hətta müxalifətdə qalmaq belə yetərli deyil. Lakin həmin dövrdə artıq ölkə daxilində anti-Azərbaycan qüvvələrin yaratdığı şəbəkələr kifayət qədər fəal idi. Seçki proseslərinə kənardan müdaxilə etmək istəyənlərlə daxildəki “5-ci kolon”un birliyi yaranmışdı. Lakin etiraz dəstəsinin şüarları əvvəlkitək aşınmış və marginallaşmış şüarlardan ibarət idi. Ona görə də təşkilatçılar anti-Azərbaycan qüvvələrin hazırladığı texnologiyalardan istifadə etməyə başladı.
Əvvəlcə siyasi qüvvələr toplantının (mitinqin) keçirilməsi ilə bağlı yerli hakimiyyət orqanına xəbərdarlıq məktubu göndərirlər. Tədbir ərəfəsində isə minlərlə siyasi qüvvə fəalları və "troll" ordusu sosial şəbəkələrdə təxribata, zorakılığa çağırışlar etməyə başlayır. Müxtəlif saxta sənədlərlə Almaniyada, Niderlandda, Fransada, Belçikada və s. ölkələrdə sığınacaq almış şəxslər hamını mitinqə səsləyir və bu məqsədlə davamlı olaraq, vidoverlişlər yayımlayırlar. Burada vəd edilir ki, kim mitinqə gəlməsə, hakimiyyətə gələndə onlara divan tutacaqlar.
Paralel olaraq, toplantının təşkilatçıları və onların tərəfdarları ölkə daxilində sosial şəbəkələr üzərindən və on-line media vasitəsilə minlərlə videomüraciətlər, yazılı postlar paylaşır, şüarlar irəli sürürlər. Bu materiallarda siyasi mübarizənin qanunsuz yollları təşviq edilir, nifrət və avantürüst çağırışlara daha çox meydan verilir. Virtual məkandakı “klaviş müxalifəti”nin texnologiyası bundan ibarətdir. Əsas niyyət “təqibə məruz qalan” obrazını yaratmaqdır. Adətən belə şəxslər toplantı ərəfəsində, toplantı dövründə və toplantıdan sonra ictimai təhlükəsizlik əleyhinə olan hərəkətlərə qəsdən yol verərək, inzibati məsuliyyətə cəlb olunurlar. Bu həbslər, cərimələnmələr onlara istədikləri obrazı yaratmağa kömək edir, saxta “təqib olunmalarını” əsaslandırmağa yarayır.
Aksiya təşkilatçıları xüsusi mərkəzlərin hazırladığı texnologiyalardan gen-bol bəhrələnirlər. Əhalinin sosial problemləri, həssas qruplara daxil olan insanların, o cümlədən, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillik almış şəxslərin problemləri qabardılır. “Siyasi məhbus” adlandırlan şəxslərin və radikal dini qruplaşmalara məxsus olan şəxlsərin müdafiəsi adı altında daha çox insanın cəlb olunmasına səy göstərirlər.
Hədəf yalnız hakimiyyət deyil, həm də dövlətin özüdür
Aksiyalara daxildən və xaricdən olan gizli və açıq dəstək mənbələrinə nəzər saldıqda aşkar görünür ki, mitinqlər üçün nəzərdə tutulan mövzular, xüsusən sosial tələblər, siyasi məhbus məslələri və s. yalnız bəhanədir. Hədəfdə yalnız hakimiyyət deyil, həm də dövlətin özüdür. 1993-cü ildə Azərbaycanı parça-parça etmək istəyən qüvvələr bu dəfə daxili qüvvələrlə tam birləşib və könə məkrli planı yenidən gündəmə gətirirlər.
Bunun üçün hələ bir neçə il əvvəl müxtəlif mərkəzlərdə hazırlanmış “nifrət layihəsi”, “geniş əhali kütlələrinin şüurlarının manipulyasiyası və kənardan idarə olunması layihələri”, “dini təriqət , etnik əlamətlərlə parçalanma ssenarilərinə” yenidən start verilmışdir. Bu planların icrası üçün seçilən əsas hədəflər də bəllidir:
- Dini qarşıdurma (təriqət münaqişəsi, qeyri-ənənəvi dinlərlə ənənəvi dinlərin daşıyıcıları arasında nifaq salmaq);
- Radikal dindarlar yetişdirmək və onları müdafiə edən hüquq müdafiəçilərinin hazırlanmaq;
- Sosial problemləri qabartmaq, sosial ədalətsizliyi təbliğ edən əyani vasitələrdən istifadə (məsələn, bir vəzifəli şəxsin villası (hətta hənin villa ona məxsus olmasa belə) ilə şəhid ailəsinin evinin şəkilinin kollaj edilərək yayılması və müzakirələrin təşkili);
- Saxlanılan, barəsində həbs qətimkan tədbir seçilən və ya cəza çəkən şəxslərə dözulməz işgəncələr verilməsi və pis rəftar halları ilə bağlı şayiələr və feyk materiallar hazırlamaq, yaymaq və müzakirələr təşkilı yolu ilə;
- Dövlət xadimlərinin və onların ailə üzvlərinin gözdən salınması kampaniyaları təşkil etmək;
- “Siyasi məhbus”lar adlanan şəxslərin uzun siyahılarının tərtibi, onun ölkə daxilində və beynəlxalq təşkilatlarda təqdimatının təşkili və s.
Sosial şəbəkələr üzərindən yayımlanan çirkab, söyüş, nifrət vasitəsi ilə beyinlərə təsir edənlərin məqsədi də bu insanları etiraz aksiyalarına cəlb etmək və etiraz dalğasını genişləndirməkdir.
Əlbəttə, müasir aksiyalar bəzi dairələrin, erməni lobbisinin və Azərbaycanın müstəqil siyasətinin əleyhinə olan qüvvələrin pulu ilə təşkil olunur. Paralel olaraq Avropaya “Siyasi mühacir” ixracı ilə məşğul olanların bu sahədəki biznesinin inkişafını da stimullaşdırır. Təəssüf ki, proses bununla yekunlaşmır. Etirazçıların birləşdiyi qüvvələrin əsas planı və hədəfi Azərbaycan dövlətidir. Erməni işğalının legitimləşdirlməsi və işğal dairəsinin genişləndirilməsi, separatçılığın inkişafı, dini və etnik zəmində qarşıdurmalarla vətəndaş müharibəsinə nail olmaq və ölkənin daha böyük hissələrinin parçalanmasına nail olmaq belə mənfur məqsədlər sırasındadır.
Azalan yalnız kəmiyyət deyil
Beləliklə, milli-azadlığa nail olduğumuz ilk illər və müstəqillik dövründə protest hərəkatının dinamikasına nəzərə saldıqda aşkar görünən bunlardır:
- Ümummili problem və milli azadlıq hərəkatı erasının mitinqləri və digər kütləvi tədbirlərinin keçirildiyi dövr iştirakçların sayına görə maksimum həddə olub və sonrakı dövrlərdə bir daha milyonluq aksiyalar baş verməyib.
- Ümummilli əhamiyyətli mitinqlərin məqsə dləri xəlqi xarakter daşıyırdı və siyasi qüvvə, qrup və kənar dairələrin maraqları yox, bütövlükdə millətin mənafeyini ifadə edirdi, baxmayaraq ki, həmin proseslərə də müdaxilələr mövcud idi.
- Sonrakı etiraz aksiyalarının məqsəd və mahiyyəti ciddi şəkildə dəyişib və nəticədə hərtərəfli marginallaşma baş verib.
- Kəmiyyət və keyfiyyət üzrə kütləvi aksiyaların aşınması nəticəsində iştirakçıların sayı minlərdlə dəfə azalıb, onun sosial tərkibi tamam dəyişib.
- Təşkilatçıların vitrini kasadlaşıb.Əvvəllər kütləvi aksiya təşkilatçıları içərisində cəmiyyətdə ciddi mövqeyi olan tanınmış simalar olurdu. İndi isə ictimai qəbul olunması sıfra yaxın olanlar və siyasi lümpenlərdir.
- Şüarların devalvasiyası baş verib. 90-cı illər üçün aktual olan “istefa”, “azadlıq” kimi çağırışlar heç bir cazibəyə malik deyil və əks effekt verir. Səfərbərlik üçün yeni ideologiya qurmağa isə intellektual əks-elita yox dərəcəsindədir.
Məqsədlərin də belə demək mümkünsə, korroziyası ortadadır. 30 il öncə müqəddəs müstəqillik, ərazi bütövlüyü kimi idealları indi fərdi hikkələr və qisas niyyətləri əvəzləyib. Lakin üzərinə vətən və millət libası geyindirilmiş, əslində isə dövlətin əsaslarının dağıdılması, Ermənistanın və digər dövlətlərin maraqlarının təmin olunması, siyasi mühacir biznesinin inkişafı və s. üçün yararlı olan kütləsiz tədbirlər sərbəst toplaşmaq azadlığını deyil, başqa istəkləri ifadə edir.
Beləliklə, xalıqn sifarişi ilə baş verən milyonluq mitinqlər indi anti-Azərbaycan qüvvələrin sifarişi ilə keçirilən aksiyalara qədər kiçilib. Həm kəmiyyətcə, həm də keyfiyyətcə.
Sahib Məmmədov
hüquq müdafiəçisi