Beynəlxalq hüquq üzərində əxlaqi inhisar
“Ümumbəşəri dövlət sistematik formada adekvat təşəbbüs ilə nail olacağımıza inana biləcəyimiz rasional bir determinasiya deyil. Buna görə də, artıq başlamış olan digər mühüm bir fenomen üzərində durmalıyıq. Ümumbəşəri dövlətin kölgəsi ən əsası dövlət və onun zərurətləri ilə bağlı bütün qədim obrazları, kauzasiyaları aradan qaldırır. Tarixin böyük imperiyalarının müharibələrinə və hüdudlarına şübhə ilə yanaşılır. Üfüqdə doğan gələcək öz normaları, obrazlar və prinsipləri, həm də yeni hüquq forması ilə gəlir”
E.Jünger
The Universal State (Der Weltstaat)
Böyük fransız filosofu Jak Elül 1947-ci ildə yazırdı: “Nüremberq yalnız ad etibarilə bir məhkəmə idi, çünki o naməlum leqal kateqoriyaya tabe edilmişdi”. İttiham edilənin mühakimə edildiyi və cəzalandırıldığı cinayətlər qanun deyil, əxlaq kateqoriyasına məxsus idi. Bununla da, Nüremberq tribunalı qanunun elementar prinsipini “nullum crimem, nulla poena, sine lege” (qanunsuz heç bir cinayət, heç bir cəza yoxdur) aradan qaldırır .
Elül qeyd edir: “Niyə qalib demokratiyalar özlərini bu məhkəmə parodiyasına həsr edirlər? Çünki onlar açıq bir şəkildə özlərini totalitarizmin arbitrarlığından fərqliləşdirmək istəyirlər. Onların mühakimə və ya güc deyil, qanuni alətlərdən istifadə etdikləri illüziyası təhlükəli illüziyadır. Hər bir siyasi qərarın qanuna uyğunluğu ilə bağlı ictimai fikir aldadılır. Nasist cinayətkarlarının cəzalandırılması prosesində onlar siyasi qərarı qanuni qiyafədə təqdim etdilər” (bax.10).
Elül bu cəzanın doğruluğunu qətiyyən inkar etmirdi, onun qarşı çıxdığı dekmokratiyaların ikiüzlülüyü idi. Elülə görə, Nüremberq siyasi dekmokratiyanın qanuna bütünlüklə bağlı olduğunu elan etdiyi və bununla özünü totalitarizmin əks cəbhəsində yerləşdirdiyi ilk hiylə aktını təmsil edir (bax.2).
T.Todorova görə də, ilahi qanunlar sivilizasional yaddaşımızdan silindiyi üçün bu gün beynəlxalq hüquq özünü “insanlıq” ideologiyasından qaynaqlanan ümumbəşəri qanunlara əsaslandırır. Nüremberqdən bəri beynəlxalq tribunalar ümumbəşəri ədalətin inkarnasiyası, apoteozisi oldu. (bax.1)
Modernist düşüncədə də ədalətli müharibə leqal müharibə ilə identifikasiya edilir. Beynəlxalq hüquq orqanları tərəfindən leqallaşdırılmadan heç bir müharibə “ədalətli” (just) deyil. Müharibənin leqallaşdırılması onu polis fəaliyyətinə transformasiya etməklə bütövlükdə inkar edir. Ədalətli müharibə belə bir arqumentasiya ilə başlayır: “bu dözülməzdir və mən buna tolerans göstərməyəcəm. Mənimlə bağlı olmayan bir şeyə müdaxilə etmək riskini alacam. Lakin insani əzab və ədalətsizlik bir insani varlıq kimi məni maraqlandırır. Buna görə də, mən bunu dayandırmaq üçün güc yolu ilə müdaxilə edəcəm. Bu şəkildə müharibəyə daxil olmaq yuridik və ya leqal mexanizmdən deyil, bir siyasi qərardan asılıdır (bax.4).
Beynəlxalq hüququn yustifikasiyası İntibah filosofları, xüsusən də Hüqo Grosiusun “Müharibə və sülh qanunu” adlı kitabına əsaslanır. Qrosius kitabında bildirir ki, krallar və digər hökumətlər sərhədlərində kənarda, ifrat dərəcədə təbii qanun və ya millətlər qanunu pozanları (piratlar, kanniballar, heyvani aktlar törədən hər kəs) cəzalandırmaq hüququna malikdir. Pozitiv nümunə olaraq o, Herkulesi qabardır. Qrosius pozitiv hüquq deyil, təbii hüquq və millətlər hüququnu pozan cinayətkarları cəzalandırmağa haqq qazandırır və onun üçün cəza, ədalət naminə edilən müharibədir. Onlara qarşı müharibə təbiidir. Cinayətlər çox amansız və aşkar olmadığı müddətcə cəzalandırmaq üçün başladılan müharibənin ədalətsiz olmaq ehtimalı var (bax.8).
Lakin Kant “Əbədi sülh” adlı kitabında bildirir ki, “hətta despotik olsa belə heç kəs bir dövlətdən öz konstitutsiyasından imtina etməsini tələb edə bilməz” (bax.11). İntervensiya müharibələrinə qarşı əsas tənqid siyasətin dərin təbiətindən irəli gəlir. Siyasət fenomeni üçün şər deyil, düşmən mövcuddur. Onlar iki müxtəlif anlayışdır. Siyasət bir cəmiyyət üçün təhdid yaradan hər hansı qüvvəni düşmən olaraq adlandırmaq və ona qarşı savaşmaq səlahiyyətinə malikdir. Bu baxımdan, düşmən siyasi, şər isə əxlaqi kateqoriyadır (bax.6).
Əxlaqiləşən siyasət boyunduruğundan azad etmək istədiyi tiranı bütün insanlığın düşməni olaraq təqdim edir. Şərə qarşı aparılan müharibə əxlaqi müharibədir. Bu kontekstdə siyasət öz normal rolunu aşaraq əxlaqi bir vəzifəni yerinə yetirmək üçün öz gücünü istifadə edir. Orta Əsrlərdə əxlaqi müharibəyə başlamaq və xalqları kölələşdirmək hüququnu verən Kilsə idisə, “bu gün insan hüquqları dini” eyni statusa sahibdir. Ona görə də, Miriam Revol Dallom bildirir ki, ədalətli müharibə essensiyası etibarilə bir missioner müharibəsi və ya Xaç yürüşüdür. Ona ilk öncə Xristianlıq, ardınca isə Fransa inqilabı dövründə haqlılıq qazandırıldı. Bu gün insan hüquqları adı ilə başladılan savaş Orta Əsrlərdə Xristianların başlatdığı Xaç Yürüşləri ilə bənzərlik təşkil edir (bax.3).
“Humanitar müdaxilə” müharibəsi bir əxlaqi müharibədir, çünki düşmən xüsusi bir xalqa hücum edən bir düşmən anlamında siyasi düşmən deyil, cinayətkardır. Belə bir müharibə bir cəmiyyət və ya mədəniyyətin müdafiəsi üçün deyil, ümumbəşəri olaraq nəzərə alınan əxlaq adı ilə edilir. Bununla belə, əxlaqi müharibəyə daxil olmaq qərarı bir siyasi aktdır. Çünki o, təhdid altında olan başqa bir xalq naminə reallaşdırılır. Bir xalqı güc yolu ilə azad etmək və ya vəhşi hökumətləri öz fəaliyyətlərindən yayındırmaq qərarı verilirsə, bu qərar qanunun sakrallığı ilə bəzədilə bilməz. Müəyyən bir situasiya və ya qərarın spesifik xarakteri müharibəni “leqal polis fəaliyyəti”nə çevirməyə əngəl olur.
Bir əxlaq aktı olaraq humanitar müdaxilə müharibəsi hər şeydən öncə fiziki müdaxilə tələb edir. NATO-nun Serbiyaya müdaxiləsi də qanunun sakrallığı adı ilə icra edilsə də, reallıqda bir cinayətkarı qovalayan polis aktı idi.
Maarifçilik dövründən bəri, xüsusən də Kantın timsalında “dünya hökuməti” və “universal sülh” ideyasının öz-özünü məhv edə bilmək təhlükəsi görülürdü. Bir dünya hökuməti ideyası sadəcə daha transmilli və beynəlxalq ədaləti formalaşdırmaq üçün atılan bir addım, federal yaxud imperial hökumət deyil, bütün cəmiyyətləri, onların fərqliliklərini aradan qaldıran bir addım, despotik bir hökumətdir. Bilirik ki, demokratiyanı mümkün edən daxili və zahiri anlamda çoxluq, və rəqabət gərginliyidir. Dünyanı vahid bir düşüncə, vahid bir ədalət ideyası və “xeyir” daxilində həbs etmək demokratiya deyil. Kanta görə, bizim “universal respublika” aspirasiyamız ola bilər, lakin yalnız universal despotizmi reallaşdıra bilərik. Həm dünya hökuməti, həm də beynəxalq ədalət despotik xarakterinə görə arzuedilməzdir.
Dünya hökuməti və beynəlxalq ədalət ideyaları XX əsrdə sosialist baxışları və rejimləri devirən ideyalar idi. Ziddiyyətli məqam odur ki, daha ədalətli dünya hökumətini ilk dəfə təxəyyül edən sosializm idi. Lakin davamlı terror və zorakılıq tələb etdiyi üçün rədd edildi.
Kantdan Arentə qədər biz bir arqumentlə razılaşmalıyıq ki, dünya hökumətinə çağırış hər zaman terror doğurmaq gücündə olan angelisizm formasıdır. H. Arent bildirir ki, insanlığı yer üzərindən silmək gücündə olan dövlətlərin cinayətlərindən dəhşətə gələn müasirlərimizin “insanlıq rasionallığın yoluna qayıdacaq”, “siyasət tamamilə tərk ediləcək” kimi distopik ümid içərisindədir. Bu ümidə əsasən, siyasi konfliktlər bürokratik məsələlər kimi idarə olunacaq, ordular polis gücü ilə əvəzlənəcək. Lakin əksər illüziyalarımızın dağılmış olduğu əsrdə bu distopik ümid despotik hökumətlərin ən amansızını doğuracaq”. (bax.7)
Tsvetan Todorov qeyd edir ki, ümumbəşəri ədalət ideyası ümumbəşəri dövləti təlqin edir. Ümumbəşəri ədaləti effektiv şəkildə reallaşdırmaq üçün cinayətkarları qovalayan polis qüvvələrinə ehtiyac var. Əgər ədalət ümumbəşəri olacaqsa, polis də həmçinin... beynəlxalq ədalət bir pasifizm forması deyil, çünki zorakılıq və gücdən istifadəni inkar etməməklə, onları leqallıq və legitimlik ilə bütövləşdirir (bax.9). Dövlət zorakılığı legitim olmadan leqal ola, müharibə dövrü zorakılığı leqal olmadan legitim ola bilər. Müharibə əxlaqi dövlət tərəfindən aparılan bir polis aktına transformasiya edildiyi zaman həm legitimlik, həm də leqallıq qazanır.
Bu gün də bir dünya hökuməti və beynəxalq ədalət iddiaları bu təhükəli angelisizmin Qərb düşüncəsindən yox olmadığını ortaya qoyur. Beynəlxalq ədalətin paradoksu onun ictimailəşdiyi zaman ifadə edildiyi ruhdadır. Onun pedaqogikası nifrət ilə hərəkətə gətirilir. Beynəlxalq ədalət bütün vətəndaşlara doğru yolu və ya xeyiri öyrətməyə çalışsa da, bunu demokratik proseduralardan tamamilə uzaqlaşaraq, əxlaqi-teokratik forma alaraq realizasiya edir.
Böyük ingilis tarixçisi, A.Toynbi qeyd edir ki, “tarixin sonu” pasifizasiya edilmiş dövlət, qeyri-mobil və dəyişməz situasiya, universal xeyir naminə bütün konfliktlər və müharibələrin aradan qalxması ilə xarakterizə oluna bilər. Ümumbəşəri imperiya hər növ separat hakimiyyət iradəsini aradan qaldırır. Arasıkəsilməz kultural homogenləşdirmə prosesi onun mühərrikidir. Qısacası, Toynbiyə görə universallıq arzusu bir tənəzzül xarakteristikasıdır. Tükənmiş bir sivilizasiyasının ölümsüzlüyünü təsdiqləməklə gələcəyini zəmanət altında almaq cəhdi... (bax.10)
Universal dövlət yaxud ədalət sonsuz gərginliklər və səfalət dövründən sonra səlaməti simvollaşdırdığı üçün ruh və ürəkləri şirnikləndirir. Təbii ki, sülhü müharibədən üstün tutan insanlara heç nə söylənilə bilməz. Lakin bu situasiya tarixin aktual sonundan daha çox tarixi təkrar etməni təmsil edir. O, səlamətdən daha çox illüziyadır. Yekun olaraq, o, müdriklik və bəsirət deyil, atrofiya və gücsüzlük simvoludur.
Sübhan Padarsoy
- Robert Laffont - Mémoire du mal, tentation du bien, 2000, 302
- Du droit et peoples au droit des citoyens du monde?, Le Monde des débats, n.1, Novembre 1999, 7
- “Progrès et limites de la moralization de l’organisation internationale”, in Morale et relations internationales, PUF, 2000, 63
- Pierre Mesnard, L’essor de la philosophie politique au XVI siècle, p.346, p.464
- Charles Montesqieu, The Spirit of Laws, XV, 4
- Carl Schmitt, La Notion du Politique, Calmann-Levy, 1972, 143
- E.Cioran, Essay sur la pensée reactionnaire, Fata Morgana, 1977, 10
- Le Droit de la guerre et de la Paix, PUF 1999, II ch, 20, paragrah 11, 1
- T.Todorov, “Les limites de la justice”, in Crimes internationaux, 42-44
- C.Delsol,. Unjust Justice, trans.by Paul Seaton, ISI Books, 2008
- “Perpetual Peace and other essays”, trans.by Ted Humphrey, Hackett Publishing