Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası
Sosiologiyada epidemiyaların cəmiyyətdə yaratdığı təsir effektlərinə dair bir neçə yanaşma vardır. Birinciyə görə, epidemiya cəmiyyətdə anomiyaya, ikinci fikrə görə isə, qarşıdurmaya gətirib çıxarır. Bu sahədə ən müasir yanaşma görkəmli sosial nəzəriyyəçi, Honqkonq Universitetinin professoru Piter Berə məxsusdur.
2003-cü ildə Honkonqda SARS epidemiyası zamanı sosioloq Piter Ber karantinə alınmış şəhərdə yaşayır. Yaşadığı təcrübə sayəsində epidemiya ilə mübarizə aparan toplumun “tale cəmiyyətinə” çevrilməsini təsvir edən konsepsiyasını ərsəyə gətirir. “Tale cəmiyyəti” isə əvvəllər M.Veberin irəli sürdüyü və müəyyən qədər unudulmuş olan anlayış idi.
Ber yazır: “Dürkheym və Mossun dövründən bəri bir çox sosioloqlar institutların şərtlərin təzyiqi, böhran şəraitində öz mahiyyətini açdığını qeyd etmişlər. Tale cəmiyyətləri isə başqa cür qurulub: onlar öz yaradılışına görə bu təzyiqə borcludurlar, belə ki, o, əvvəllər yalnız rüşeym halında olan həyat tərzini meydana çıxarır” (Baehr 2008: 141).
Tale cəmiyyətləri efemerdirlər, həmişə “mahiyyətcə lokaldır”, simvolik və maddi olaraq əlaqələnmiş və kollektiv fəaliyyətə qadirdirlər. Vacib konseptual əlamətlərdən biri gündəlik həyatın “əvvəlki” və “sonrakı” həyata bölünməsidir. Ber üçün tale - təhlükə və fövqəladə vəziyyət anlayışlarının sinonimidir. Cəmiyyət isə - çağırışa kollektiv cavab formasıdır. O hesab edir ki, heç bir ümid qalmayan yerdə tale cəmiyyəti mümkün deyil”.
2003-cü ilin atipik prevmoniya epidemiyası Honkonqu tale cəmiyyətinə çevirdi. Piter Ber bunu mümkün edən yeddi şərti təsvir edir:
Ümumi təhlükənin tanınması. 2004-cü ildə zəlzələ və sunami yaşamış Cakarta sakinləri də tale cəmiyyətinə çevrilib, qarşıdan gələn təhlükəyə hazır ola bilərdilər. Lakin hakimiyyət tərəfindən sakitləşdirilərək, onlar bu imkanı əldən vermişdilər. Honkonqda isə Çin hökümətinin sakitləşdirici mesajlarına baxmayaraq, alternativ məlumat mənbələri həlledici rol oynadılar. Honkonq Universitetinin tibb fakültəsinin rəhbəri rəsmi açıqlamaları təkzib etdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı Honkonq və Huandunu karantin zonası elan etdi.
Əxlaqi sıxlıq. Piter Ber əxlaqi sıxlıq dedikdə, insanların başqaları ilə tale ümumiliyinə inamı, habelə emosional yoluxmanı nəzərdə tutur, hansı ki, bu zaman qorxu və həyəcan hissi kollektiv həyata intişar edir (Baehr 2008: 144).
Sınağın davamlılığı. Tale cəmiyyətinin formalaşması üçün birdəfəlik şok yetərli deyil. Gündəlik həyatı əhatə edən hadisələr ardıcıllığı lazımdır. Belə olan halda xəstəliyin yayılması, epidemiyanın yeni əraziləri əhatə etməsi haqqında hər yeni xəbər ekzistensial çalara malik olur.
İzolyasiya. İzolyasiya dedikdə, Berr yalnız fiziki izolyasiyanı deyil, həm də sosial özgələşdirməni də nəzərdə tutur. Honkonq əhalisinin 43%-nin xaricdə qohumları var idi, lakin onlardan çoxu honkonqluları “məcburi köçkün” kimi qəbul etməkdən imtina etmişdilər. Amerika universitetləri honkonqlu tələbələri yay məktəblərinə qəbul etmir, hətta diplom təltifi mərasimlərindən də kənarlaşdırırdılar. Beynəlxalq sərgi, forum və digər tədbir təşkilatçıları da eyni qərarı vermişdirlər.
Maddi və təşkilati resurslar. Onlar vətəndaş qruplarının təhlükəyə qarşı müqavimətdə istifadə etməsi üçün zəruridir.
Konvergensiya oxları. Burda kollektiv səfərbərliyin mədəni əsasları nəzərdə tutulur. Müqayisə üçün Monrealda qara yara epidemiyası (1885-ci il) göstərilir. Honkonqdan fərqli olaraq, Monrealda epidemiya zamanı əvvəllər mövcud olan ziddiyətlər daha da kəskinləşir. Şəhər etnik mənsubiyyəti (ingilislər və irlandlar), dini mənsubiyyəti (protestantlar və katoliklər), dilinə (ingilisdillilər və fransızdillilər), ərazi mənsubiyyətinə (East-end və West-end) görə parçalanır. Lakin Honkonqda güclü şəhər identikliyi mövcud idi: əhalinin 69%-i özünü “honkonq çinlisi” və ya “honkonqlu” hesab edirdi (Baehr 2008: 148).
Sonuncu şərt isə - xüsusi ritualların meydana çıxmasıdır. Bu rituallar həmrəyliyin saxlanılmasına xidmət etmiş olur. Onlar arasında birini - ictimai məkanlarda maskadan istifadəni Ber xüsusilə qeyd edir.
Berə görə, tale cəmiyyəti göstərilən yeddi əlaməti özündə birləşdirən mirvari sapı kimidir.
Epidemiya ilə mübarizə müharibə kimi
Honkonq epidemiyasının mərkəzi ideyası müharibə metaforu idi. Həkimlər – ön cəbhənin döyüşçüləri, xəstəlik – amansız düşmən, xəstələr- günahsız qurbanlar, şəhər sakinləri – döyüşçülərə yardım etməli olan könüllülər idi. Ümumi təhlükə ilə birləşmiş vətəndaşlar könüllü təşkilatları yaratmağa başlayırlar.
Ber həmrəyləşmənin iki aspektinə diqqət yetirirdi: təsvir dilinə və gündəlik rituallara. Lakin o qeyd edir ki, irəli sürdüyü konsepsiya “ideal tip”dir. Yəni, gerçəklikdə tam olaraq bütün bu əlamətləri ehtiva edən hallar yoxdur. Lakin onu göstərilən meyarlara əsaslanaraq, konseptual model kimi istifadə etmək olar.
Ber öz-özlüyündən Veber məktəbinə aid olsa da, onun konsepsiyasının Veber modelindən fərqi vardır. Veberə görə, tale anlayışı dil, din və gündəlik praktikalar kimi millət quruculuğunda rol oynayan müstəqil dəyişənlər idi. Ber isə bu siyahıdan taleyi çıxarır, onu fövqəladə hadisə ilə eyniləşdirərək, təzyiqi altında qrupun cəmiyyətə çevrilməsinə gətirən amil kimi nəzərdən keçirir.
Hazırda sosial nəzəriyyələrdə “tale cəmiyyətinin” üç konsepsiyası mövcuddur. Georq Zimmelə görə, tale cəmiyyəti – müxtəlif fərdlərin bioqrafik trayektoriyalarının bir-birinə qarışdığı ekzistensial seçimlər toplusudur. Maks Veberə görə, “siyasi tale ümumiliyi” dil, din və ənənələrlə birlikdə millətin formalaşma atrubutlarından biridir. Ber isə taleyə başqa yanaşma tətbiq edir. Veberdən əsas fərq ondan ibarətdir ki, birincidə “tale” həmişə keçmişdə, yaddaşda, tarixdədir. Ber üçün isə “tale” burda və indidir, indiki zamanda çevik kollektiv səfərbərlik tələb edən sınaqlar silsiləsindədir.
Ümumilikdə, tale anlayışına münasibətdə iki fərq istiqamətini göstərmək olar: “fərdi/kollektiv”, “keçmiş/indiki zaman”. Zimmel modeli “fərdi keçmiş” intuisiyası üzərində qurulub. Əvvəlki həyat seçimlərinin məcmuyu bizi müəyyən tale ümumiliyinin hissəsinə çevirir. Piter Ber modeli “kollektiv indiki zaman” intuisiyasına əsaslanır. Tale – qarşıdurma gedişində toplumu birgələşdirən aktual xarici təhlükədir. Veber modeli isə “kollektiv keçmiş” intuisiyasına əsaslanır. Tale - millət quruculuğu üçün siyasi hakimiyyətin aktuallaşdırdığı ümumi tarixi yaddaşdır.
Reallıqda epidemiya təhlükəsi ilə üzləşən müxtəlif toplumlar “tale cəmiyyətinə” xas əlamətlərin bir neçəsini fərqli nisbətdə təzahür etdirir. Bu nisbət cəmiyyətin böhran təcrübəsi, həmrəylik səviyyəsi, adət-ənənələri, idarəetmə forması və s. amillərlə əlaqəlidir.
Humay Axundzadə
STM-in baş məsləhətçisi
(Mətnin hazırlanmasında V.Vaxştaynın “Tale cəmiyyəti: ideyaların hərbi tarixi” məqaləsindən istifadə olunmuşdur).
Baehr P. Caesarism, Charisma and Fate: Historical Sources and Modern Resonances in the Work of Max Weber. New Jersey: Transaction Publishers, 2008