Yuxarıya
skip to main content

Avropalılar ABŞ-Rusiya qarşıdurmasından kənarda qalmaq istəyirlər

03.10.2019

 

Avropa Birliyinə üzv olkələrin vətəndaşlarının əksəriyyətinin ABŞ ilə Rusiya arasında münaqişə yaranacağı təqdirdə ABŞ-ın mövqeyini dəstəkləməyə hazır olmadıqları müəyyən edilib. Bunu “ECFR” (European Council on Foreign Relations/ https://www.ecfr.eu) üçün Böyük Britaniyanın “YouGov” (https://yougov.co.uk) şirkətinin keçirdiyi sorğunun nəticələri göstərib. Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları hesab edirlər ki, ölkələrinin hakimiyyətləri ABŞ və Rusiya arasında münaqişə vəziyyətində neytral mövqe tutmalıdırlar. Qeyd olunan sorğunun nəticələri ECFR-nin avropalıların öz ölkələrinin xarici siyasətinə və Avropa Birliyinə münasibətdə mövqeyin öyrənilməsinə həsr olunmuş hesabatında dərc edilmişdir. Tədqiqatda ticarət və iqlim dəyişikliyindən tutmuş hərbi investisiyalara qədər məsələlər əhatə edilib.

 

Sorğunun nəticələrinin təhlili

 

“YouGov”-un sorğusunda 14 ölkədən – Almaniya, Polşa, Rumıniya, Danimarka, Yunanıstan, İtaliya, Avstriya, Slovakiya, Fransa, Hollandiya, Çexiya, Macarıstan, İspaniya və İsveçdən 60 min respondent iştirak etmişdir.

 

Respondentlərin böyük əksəriyyəti (14 ölkədən 13-ü) hesab edir ki, Rusiya və ABŞ arasında münaqişə baş verərsə, dövlətlər heç bir tərəfi müdafiə etməməlidir. Burada yalnız Polşa istisnalıq təşkil edir. Polşada 45% bitərəfliyin qorunmasının, 33% isə ABŞ-ın leyihə olmanın tərəfdarıdır. ECFR analitiklərinin fikrincə, Avropa Birliyinə hərbi yardımlarının azaldılmasının tərəfdarı kimi çıxış edən Donald Trampın ABŞ prezidenti seçilməsi avropalıların öz təhlükəsizlikləri ilə əlaqəli vəziyyətə daha real baxmağa səbəb olub.

 

Sorğuda iştirak edən 14 ölkədən olan respondentlərin yarıdan çoxu hesab edir ki, onların dövlətləri ABŞ-la Çin arasında qarşıdurma baş verən hallarda neytral mövqe nümayiş etdirməlidir. ECFR ekspertləri qeyd edirlər ki, ABŞ ilə Çin və ya Rusiya arasında qarşıdurma baş verəcəyi təqdirdə avropalılar Avropa Birliyinin neytral qalmasını və rəqabət aparan “böyük güclər” arasında aralıq mövqe tutmağı üstün tuturlar. 

 

Yunanıstan və Slovakiya vətəndaşları bitərəfliyin tərəfdarı olduqlarını qəti şəkildə nümayiş etdiriblər (müvafiq olaraq 81% və 65%). Hər iki dövlət NATO üzvü olmasına baxmayaraq, respondentlər Rusiyaya ABŞ-dan daha çox dəstək göstəriblər. Slovakiyada rəyi soruşulanlar bildiriblər ki, münaqişə zamanı ABŞ ilə müqayisədə (6%) Moskvanın tərəfində olacaqlar (20%). Yunanıstanda Rusiyaya dəstək (7%) ABŞ-a nisbətən daha çox (5%) müşahidə olunub.  

 

Təxminən 30 min ABŞ hərbi qulluqçusunun olduğu Almaniyada sorğuda iştirak edənlərin 70%-i bitərəf olduqlarını, 12%-i ABŞ-ı, 7%-i Rusiyanı dəstəklədiklərini bildirib.

 

ABŞ və Çin arasında potensial qarşıdurmaya gəldikdə nəticələr oxşarlıq təşkil edib, avropalıların böyük əksəriyyəti bitərəf mövqenin tərəfdarı olduqlarını bildirib.

 

 

Ruslara qarşı olan münasibət böyük marağa səbəb olub

 

Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fedorov hesab edir ki, Avropada xarici siyasətlə bağlı məsələlərdə həmişə ikitərəflilik müşahidə olunur. Onun sözlərinə görə, Avropa Birliyi ABŞ ilə münasibətlərdə transatlantik ittifaqa sadiq qalmağa çalışır. Digər tərəfdən, son illərdə Avropa Birliyində avropalaşmaya doğru meyil müşahidə olunmaqdadır. Avropalılar anlayır ki, ABŞ-ın maraqları ilə Avropanın maraqları həmişə və hər baxımdan üst-üstə düşmür. Avropada müstəqil siyasət yürütmək tərəfdarları kimi daha çox Almaniya və Fransa çıxış edir. Müəyyən dərəcədə İtaliyanı da bu sıraya aid etmək olar. “Trampın seçilməsi avropalılar üçün şok təəssüratı yaratdı və ABŞ-ın davamlı dəstəyinə şübhə ilə yanaşmağa əsas verdi”. 

 

“YouGov”-un sorğusu, həmçinin respondentlərin əksəriyyətinin Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyasətinin yumşaldılmasına dəstək verməyə hazır olmadıqlarını ortaya qoydu. Ancaq təkcə Polşada vətəndaşların yarıdan çoxu Moskvaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarıdır. ECFR-in tədqiqatı göstərdi ki, respondentlərin 50%-dən çoxu Avropa Birliyinin Rusiyaya qarşı siyasətini ya optimal, ya da kifayət qədər sərt hesab edir.

 

Sorğu nəticəsində Avropa ölkələrində hansı partiyaların tərəfdarlarının Moskvaya qarşı ən sərt münasibət nümayiş etdirdiyi məlum olub. Tədqiqatın nəticələrinə görə, Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini daha çox Polşanın “Qanun və Ədalət” partiyasının tərəfdarları, Danimarka və İsveçdə isə sosial-demokratlar tələb edirlər. Qeyd edək ki, bu partiyalar öz ölkələrində hazırda hakimiyyəti təmsil edirlər. Bu partiyaların tərəfdarlarının yarıdan çoxu Rusiyaya qarşı sanksiya təzyiqlərinin güclənməsini dəstəkləyirlər.

 

Keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə, avropalıların böyük əksəriyyəti ABŞ ilə Rusiya arasında qarşıdurma vəziyyətində neytral mövqedə qalmaq istəyirlər, lakin NATO-nun iki üzvü müttəfiqlərindən daha çox Moskvaya dəstək olmağa meyillidirlər. 

 

 

Qərb ekspertləri həyəcan təbili çalır

 

Almaniyanın Kiel Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun əməkdaşı Marsel Dirsus bu nəticələri “diqqətəlayiq” adlandırıb. Dirsus öz tvitter hesabında yazıb ki, milyonlarla avropalının Sovet İttifaqı və Rusiyadan Amerika Birləşmiş Ştatları sayəsində qorunduğundan onilliklər keçsə də, avropalıların böyük əksəriyyəti Rusiya və ABŞ arasında ehtimal olunan qarşıdurmada neytral mövqedə qalmaq istədilər.

 

“Bu dəhşətdir” - bu sözləri Vaşinqtondakı Brukinqs İnstitutunun Almaniya üzrə eksperti Konstanz Stelzenmuller  öz  Tvitter hesabında yazıb.

 

Nəticə

 

Avropa vətəndaşlarının əksəriyyətinin ABŞ və Rusiya arasında münaqişə vəziyyətində təmsil etdikləri dövlətin və ya Avropa Birliyinin neyral mövqe nümayiş etdirməli olduğunu bildirməsi hazırda dünyada gedən siyasi proseslərdə bütün insanların izləyici mövqedə durmasına üstünlük verməsindən irəli gəlir. Keçirilmiş  tədqiqatın nəticələri göstərir ki, avropalıların dünyagörüşündə köklü dəyişikliklər baş verir.

 

Bu nəticələr Prezident Donald Trampın geniş populyarlıq qazana bilmədiyi Avropada keçirilmiş sorğunun nəticəsində əldə edilmişdir. Vaşinqtonun tarixi müttəfiqləri ilə arasında yaşanan gərginlik get-gedə daha aydın şəkildə sezilməyə başlayır.

 

Araşdırmanın nəticələri nümayiş etdirdi ki, avropalıların əsas istəyi Avropa Birliyini ABŞ, Çin və Rusiya kimi böyük güclərlə müqayisədə müstəqil şəkildə fəaliyyət göstərən və bununla da balans yaradan ali bir qurum qismində görməkdir. Görünür, avropalılar istəyir ki, Avropa Birliyi qarşıdurmalardan və konfrontasiyalardan uzaq, güclü, müstəqil bir aktor kimi çıxış etsin. ABŞ-ın Çin və ya Rusiya arasında mümkün ola biləcək münaqişədə avropalılar açıq şəkildə bildirirlər ki, Avropa Birliyi neytral mövqedə olmalıdır və rəqabət aparan böyük dövlətlər arasında orta bir yol tutmalıdır.  Buna baxmayaraq, xüsusilə ABŞ və Rusiya arasındakı ixtilafda avropalıların kimin tərəfində olması ilə bağlı əldə olunan nəticələr bəzi təhlilçilərin təəccübünə səbəb olmuşdur.

 

 

Daha bir diqqəti cəlb edən məqam ondan ibarətdir ki, ABŞ və Rusiya arasında hipotetik qarşıdurmada neytral mövqedə durmağa daha az meyilli olan Polşadır (45%). Polyakların üçdə bir hissəsinin (33%) ABŞ-ı, 6%-nin isə Rusiyanı dəstəkləməsi göstərir ki, Polşada rusafob meyillər daha da güclənməkdədir. Polşada “Qanun və Ədalət” partiyasının tərəfdarlarının Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəməsi də iqtidar mənsublarının diktə etdiyi siyasətin sadə xalqa sirayət etməsinin göstəricisidir.

 

Avropa vətəndaşları SSRİ-nin dağılmasının bütün aspektlərini başa düşmürlər və onları Ukraynadakı hadisələrə Rusiyanın baxışını qəbul etməyə məcbur etmək çətin olacaq. Sıravi avropalılar əsas axının (meynstrimin) və Avropa mediasının təsiri altındadırlar. Onlar əsasən Ukraynadakı münaqişəyə ukraynalıların prizmasından baxmağa üstünlük verir, Rusiyanı təcavüzdə günahlandırır və təfərrüatlara varmaq istəmirlər.  

 

Tədqiqatın nəticələri göstərir ki, ABŞ-ın bütün dünyada yaymaq istədiyi “demokratik və liberal dəyərlər” siyasəti avropalılar üçün iflasa uğrayıb. “YouGov”-un sorğusunda iştirak edən 60 min respondentin ortaq mövqeyinə əsaslanaraq qeyd edə bilərik ki, ABŞ-la Rusiya arasında münaqişə baş verəcəyi təqdirdə avropalıların neyral mövqedə qalmaq istəməsi ABŞ-ın yürütdüyü imperialist siyasətin nəticəsidir. Avropalılar artıq ABŞ-ın onların təhlükəsizliyinə zəmanət verəcəyinə inanmırlar. Digər tərəfdən, Ağ evin siyasəti bir çox hallarda avropalılar tərəfindən tənqid olunur və D.Tramp Administrasiyasının atdığı addımlar qınaq obyektinə çevrilir.

 

İlyas Hüseynov
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.