Yuxarıya
skip to main content

Uşaqların məcburi əməyin qurbanına çevrilməsi qlobal problem kimi - ARAŞDIRMA

27.12.2019

Müasir dünyada qlobal problemlərdən biri də uşaq əməyinin istismarıdır. Bu gün dünyada 5-17 yaş arası 218 019 (13.8%) milyon uşaq məşğulluğu var. Bunlardan 123 190 milyonunu oğlanlar, (15.0%), 94 829 milyonunu isə qızlar təşkil edir(12.4%). Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur.

Uşaq məşğulluğu

 Say

(milyon)

Faiz

 (%)

Afrika

99 417

27.1

Asiya və Sakit Okean

90 236

10.7

Amerika

10 725

8.8

Avropa və Orta Asiya

8 773

6.5

Ərəb ölkələri

1 868

4.6

 

 

 

     

Göründüyü kimi, dünyada uşaq əməyinin yarısı Afrikanın payına düşür. Məcburi uşaq əməyi Afrikanın bir çox regionunda geniş yayılıb və bu, uşaqları uzaq şəhərlərdə yaşayan qohumlara qəyyumluğa vermə kimi ənənəvi praktikaya əsaslanır. Valideynlərinə uşaqlarının təhsil almalarına dair vədlərin verilməsinə baxmayaraq, bir çox çox hallarda oğlanlar və qızlar ev qulluqçuları kimi kənd və balıqçılıq təsərüffatında və ya digər sahələrdə qəddarcasına istismar olunurlar. Amma məcburi uşaq əməyi təkcə Afrika üçün xarakterik deyil. Asiya və Sakit Okeanda isə hər 10 uşaqdan 9-nun əməyi istismar olunur. 2000-ci ildən bu yana dünyada uşaq əməyinin sayı 40 faiz azalsa da, 152 milyon (9.6%) uşaq  hələ də məcburi əməyin qurbanıdır. Bunun 73 milyonu (4.6) təhlükəli işlərdə işləyir.

 

Regionlar

İşləyən uşaqların sayı

 

Təhlükəli işlərdə işləyən uşaqların say 

 

Afrika

73 milyon (19.6%)

32 milyon (8.6%)

Asiya və Sakit Okean

62 milyon (7.4%)

28 469 milyon  (3.4%)

Amerika

11 milyon (5.3%)

 7 milyon    (3.2%)

Avropa və Orta Asiya

6 milyon    (4.1%)

 5 349 milyon (4%)

Ərəb ölkələri

1 162 milyon(2.9%)

 616 min (1.5%)

 

 

 

    

Afrikada 5 azyaşlıdan biri uşaq əməyinin qurbanıdır, digər regionlarda isə bu göstərici 3-7% arasında dəyişir. Belə ki, ərəb ölkələrində 35, Avropa və Mərkəzi Asiyada 25, Amerikada 19, Asiya və Sakit Okeanda isə 14 uşaqdan birinin əməyi istismar olunur. Aparılan araşdırmalara əsasən, dünyada işləyən uşaqların 48%-i 5-11, 28%-i 12-14, 24 %-i 15-17 yaş arasındadır. İşləyən uşaqların 88 milyonunu (58%) oğlan, 64 milyonunu isə (42%) qızlar təşkil edir. Uşaqların 70,9%-i kənd təsərrüfatında, 11,9%-i sənayedə, 17,2%-i isə xidmət sahələrində çalışır.

 

Afrikada

kənd təsərrüfatı 85,1%

sənaye  3.7%

xidmət 11.2%

 

Asiya və Sakit Okean

kənd təsərrüfatı 57.5%

sənaye  21.4%

xidmət  21.1 %

 

Avropa və Orta Asiya

kənd təsərrüfatı 76,7%

sənaye 9.7%

xidmət 13, 6%

 

Ərəb ölkələri

kənd təsərrüfatı 60.3%

sənaye 12.4%

xidmət 27.4%

 

Amerika

kənd təsərrüfatı 51.5%

sənaye 13.2%,

xidmət 35,3%

 

    

Araşdırmalar göstərir ki, dünyanın ən kasıb ölkələrində hər 4 uşaqdan biri məcburi əməyin qurbanıdır. Qeyd etmək lazımdır ki, bu ölkələr daxilində kasıb uşaqlar zəngin tərəfdaşlarından daha çox işləməyə məcburdurlar. İşləmək məcburiyyətində qalan kasıb uşaqlara dair məlumatların statistik təhili göstərir ki, onlar zəngin tərəfdaşlarından orta hesabla 3 dəfə çox işləyirlər. Məsələn, Nepal və Toqoda kasıb uşaqlarla zəngin uşaqların əməyinin dərəcələri arasında 5 dəfə fərq var. Vyetnamda ən yoxsul uşaqlar zəngin tərəfdaşlarından 8 dəfə artıq işləmək qabiliyyətinə malikdir. Monqolustanda isə bu nisbət 9 dəfə böyükdür. Buradan da belə nəticəyə gəlmək olar ki, uşaq əməyinin istifadə arenası zəif inkiaf etmiş ölkələrlə məhdudlaşmır. Bu gün dünyada bütün işləyən uşaqların yarıdan çoxu (84 milyon) inkişaf etməkdə olan ölkələrdə, 2 milyonu isə yüksək gəlirli ölkələrdə yaşayır. Statiskaların təhlili göstərir ki, uşaq əməyinə qarşı mübarizə heç də yalnız zəif inkişaf etmiş ölkələrlə məhdudlaşmamalıdır.

 

     

Dünyada təhlükəli işlərdə işləyən uşaqların dörddə birini (19 milyon) 5-11 yaş arası uşaqlar təşkil edir. Ancaq son dövrlərdə uşaq əməyi ilə bağlı ən sürətli inkişaf 5-17 yaş arası (38 milyon) üzrə qeydə alınıb. Bunun da 24 milyonu oğlan, 14 milyonu qızdır. 5-14 yaş arası işləyən uşaqlar kənd təsərrüfatında 78.0%, sənaye 7.4%, xidmət 14.5% təşkil edir.

 

Oğlanlar

kənd təsərrüfatı  71.5%,

sənaye

12.4%,

xidmət

16.1%

 

Qızlar 

kənd təsərrüfatı  70.3%

sənaye

11.1%

xidmət

18.6%

    

2016-cı ilin Qlobal Qiymətləndirməsində ilk dəfə ev təsərrüfatında uşaqların iştirakı ilə bağlı aparılan araşdırmalar göstərir ki, qızlar həftəlik iş saatları üzrə ailə təsərrüfat işlərini oğlanlara nisbətən daha çox yerinə yetirirlər. Belə ki, 5-14 yaş arasında olan 54 milyon uşağın üçdə ikisini həftədə ən azı 21 saat işləyən qızlar təşkil edir. Dünyada bu yaş kateqoriyası üzrə 29 milyon qız həfətədə 28 saat, 7 milyona yaxın qız isə 43 və daha artıq saat işləyir. Buradan o nəticəyə gəlmək olar ki, qızlar oğlanlara nisbətən həm ev təsərrüfatlarında, həm də işdə ikiqat işləmək üstünlüyünə sahibdirlər.

 

    

Dünyada işləyən uşaqların 58%, təhlükəli işlərdə işləyən uşaqların isə 62%-ni oğlanlar təşkil edir. Buradan da belə bir nətyicəyə gəlmək olar ki, oğlan uşaqlarınnın  məcburi əməyin qurbanına çevrilmə riski qızlara nisbətən daha çoxdur. Lakin bu xüsusilə ev-məişət işlərində qızların işləməsinə dair yertərli hesabatın olmamasının bir nəticəsi də ola bilər.

 

Regionlar və təhlükəli işlər üzrə uşaq əməyinin bölgüsü isə belədir:

 

Afrika

5-11 yaş arası

 59.0%

12-14 yaş arası

26.2%

15-17 yaş arası

14.8%

Asiya və Sakit Okean

38.1%

28.9%

33.0%

Avropa və Orta Asiya

35.8%

29.9%

34.3%

Amerikada

36.8%

28.1%

35.1%

Ərəb ölkələrində

38.0%

32.2%

29.8%

     

Dünyada 5-11 yaş arası işləyən uşaqların sayı 72 585 (8.3%) milyon, təhlükəli işlər üzrə 19 020 milyon (2.2%), 12-14 yaş arası 41 887 milyon (11.7%) təhlükəli işlər üzrə 16 355 (4.6%), 15-17 yaş arası 37 149 milyon (10.5%) təhlükəli işlərdə 37 149 milyon (10.5%), 5-17 yaş arası uşaq əməyi 151 622 milyon (9.6%) təhlükəli işlərdə 72 525 milyon (4.6%)-dir.

    

Araşdırmalar göstərir ki, uşaq əməyi ilə münaqişələr arasında güclü korelyasiya var. Xüsusilə də münaqişədən təsirlənən ölkələrdə uşaq əməyi orta hesabla 77%, təhlükəli işlərdə uşaq əməyinin göstəricisi isə 50 % -dən yüksəkdir. Bu səbəblə də hazırda uşaq əməyi bir çox ölkələrdə təhsilin qarşısında duran əsas maneələrdən biri hesab edilir (Kolumbiya, Demokratik Konqo Respublikası, Pakistan Şrilanka, Tacikistan). Təkcə uşaq əməyinin 40 faizdən yüksək olduğu Afrikanın 9 ölkəsindən biri xaric hamısı kövrək və müharibədən təsirlənmiş ölkələrdir. 2000-ci ildə dünyada işləyən 245,5 milyon əməkçi uşağın 2004-cü ildə 222,2 milyon, 2008-ci ildə 215,2 milyona, 2012-ci ildə 167,9 milyona, 2016-cı ildə bugünkü səviyyəsi 151,6 milyona kimi geriləyib.

   

BMT hədəf proqramları ilə 2025-ci ilə qədər uşaq əməyini ortadan qaldırmağı hədəfləyir. Belə ki, 2020-ci ilədək dünyada işləyən uşaqların sayının 134 milyona, 2025-ci ilə qədər 121 milyona, təhlükəli işlərdə işləyən uşaqların sayının isə 52 milyona geriləyəcəyi təxmin edilir.

 

 

Uşaq əməyinin qlobal iqtisadi göstəricilərə görə bölgüsü

    

Zəif inkişaf etmiş ölkələrdə 5-17 yaş arası uşaq əməyi 19,4% (65 203 milyon), təhlükəli işlər üzrə isə 8.8% (29 664), zəif inkişaf etməkdə olan ölkələrdə  işləyən uşaqlar 8.5% (58 184 milyon), təhlükəli işlərdə 4.9% (33 465 milyon), inkişaf etməkdə olan ölkələrdə uşaq əməyi 6.6% (26 209 milyon) təhlükəli işlərdə 2.0% (7 751 milyon), inkişaf etmiş ölkələrdə uşaq əməyi 1.2% (2 025 milyon), təhlükəli işlərdə 1% (1 645 milyon) təşkil edir. Statistik təhlillərə əsasən, zəif inkişaf etmiş ölkələrdə uşaqların məktəbdən çıxma ehtimalı yüksək gəlirli ölkələrə nisbətən 9 dəfə çoxdur. Belə ki, zəif inkişaf etmiş ölkələrdə uşaqların yüzdə 33 faizi məktəbdən kənarda qalıb. Bu göstərici yüksək gəlirli ölkələrdə 4 faizdən azdır. Araşdırmalar göstərir ki, məktəbli uşaqların 84%-i zəif inkişaf etmiş və zəif inkişaf etməkdə olan ölkələrdə yaşayır. Kasıb ölkələr yalnız yüksək faizlə məktəbdən xaric olmaya deyil, həm də məktəbdən xaric uşaqların sayının artımına da meyillidirlər.

   

5-17 yaş arasında məktəbə getməyən uşaqların üçdə biri, təxminən 104 milyonu münaqişəli vəziyyətdə olan ölkələrdə yaşayırlar. Dünyada Nigeriya orta məktəbli gənclər arasında məktəbdən kənar qalmaya görə ən yüksək göstəriciyə malikdir (76%), Mərkəzi Afrika Respublikası və Cənubi Sudanda aşağı və yuxarı sinif məktəblərində isə bu, müvafiq olaraq yüzdə 67 və 65 faiz təşkil edir. Məsələn, münaqişə vəziyyətində olan ölkələrdə qızların məktəbdən kənarda qalması 2.5 dəfə çoxdur. Gender Bərabərliyi indeksində Mərkəzi Afrika Respublikası, Əfqanıstan, Mali və Nigeriyada aşağı orta təhsildə davamiyyət göstəriciləri 0.56, 059, 0.76 və 0.75 ən son məlumatlara əsaslanır. İşləyən və məktəbə gedən uşaqlar 5-11 yaş arası 71.4%, 12-14 yaş arası 63.3%, 5-14 yaş arası 68.4%, işləyən və məktəbə getməyən uşaqlar 5-11 yaş arası 28.6%, 12-yaş arası 36.7%, 5-14 yaş arası 31.6%-dir. Əhalinin hər 1000 nəfərinə görə işləyib məktəbə gedən uşaqların sayı 5-11 yaş arası 51 846, 12-14 yaş arası 26 498, 5-14 yaş arası 78 344 milyon  nəfərdir.  Əhalinin hər 1000 görə işləyib məktəbə getməyən uşaqlar 5-11 yaş arası 20 739, 12-14 yaş arası 15 389, 5-14 yaş arası 36 128 milyon nəfərdir. Dünyada 5-14 yaş arasında olan uşaqların 68 faizi həm işləyir, həm də məktəbə gedir. Bu isə uşaqların məktəbdən kənarda qalması riskini daha da artırır. İlkin araşdırmalar göstərir ki, ailə təsərrüfat işləri uşaqların məktəbə getmək və ondan faydalanmaq imkanlarına mənfi təsir edir.

 

 

Azərbaycanda uşaq əməyinin istismarı

   

Dünyada olduğu kimi, uşaqların erkən yaşda məcburi əməyin qurbanına çevrilməsi problemi Azərbaycandan da yan ötməyib. Dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə müqayisədə bu problem ölkəmizdə kütləvi xarakter daşımasa da, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun ötən il üzrə illik hesabatı Azərbaycanda uşaqların məcburi əməyin qurbanına çevrilməsinin potensial təhlükə olaraq qaldığını göstərir. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Keçirilən monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilmiş, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub.

   

Bundan başqa, “Save the Children” təşkilatının 2018-ci il reytinqində də 175 ölkə arasında 841 xalla 89-cu yeri tutan Azərbaycanda 2012-2017 illərdə 5 yaşınadək uşaqlarda böyümənin ləngiməsi halları 18 faiz, məktəb yaşında uşaqlar arasında təhsildən yayınanlar 4,6 faiz, uşaq əməyi göstəricisi isə 6,5 faiz olub. Münaqişələr səbəbindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olan uşaqlara dair bölümdə Azərbaycanın göstəricisi 6.4 faiz təşkil edib. Uşaqların vəziyyəti ilə bağlı dünya üzrə durum keçən ilə nisbətən yaxşılaşsa da, irəliləyişin sürətinin istənilən səviyyədə olmadığı vurğulanıb.

    

Qeyd edək ki, BƏT-in hesabatlarında Azərbaycanda uşaq əməyinin istismarı ilə bağlı ümumi göstəricilər Orta və Qərbi Asiya regionu daxilində göstərilib. Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Kipr, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da orada yer alıb. Aparılan tədqiqatlarda Azərbaycanın da daxil olduğu region uşaq əməyinin istismarına görə 4-cü yerdə qərarlaşıb. Statiskalardan Azərbaycanda işləyən uşaqların əmək bölgüsü tam bəlli olmasa da, uşaq əməyindən daha çox kənd təsərrüfatı, sənaye və xidmət sahələrində, pambıq tarlalarında istifadə edildiyi qeyd edilir. Tədqiqatlar göstərir ki, Azərbaycanda uşaq əməyi daha çox 5-11 yaş arası uşaqlar arasında qeydə alınıb.

 

Azərbaycanda uşaq əməyi qanunvericiliklə tənzimlənməsi

   

Azərbaycanda əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına töhlükə törədə bilən fəaliyyətə cəlb edilmələri qadağan olunur, həmçinin 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər. Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Uşaq əməyinin istismarının qarşısının alınması dedikdə, 15 yaşından yuxarı uşaqlarla əmək müqaviləsi bağlanılmadan onların qeyri-leqal işlədilməsi də nəzərə alınmalıdır. Çünki uşaq əməyi insan hüquqlarını pozan istismar növüdür və bu beynəlxalq ictimaiyyətin və bütün ölkələrin uşaq əməyinin aradan qaldırılması üçün  bəyan edilmiş siyasətidir.

      

Uşaq hüquqlarının pozulması, habelə avaralıq və dilənçilik etmə, uşaqların belə əməllərə təhrik olunması məsuliyyət yaradır və həmin əməllərə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.8-ci (işə götürlən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi), 523.1-ci (avaralıqla məşğul olma) və 523.2-ci (yetkinlik yaşına çatmayanın yetkin yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsi) maddələrinə əsasən cərimə və yaxud inzibatı həbs nəzərdə tutulur. Daxili İşlər Nazirliyi tərəfindən 2019-cu ilin I rübündə 15-18 yaş arası uşaqların əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı 3 fakt müəyyən edilib. Əksər hallarda belə hallara ticarət və ictimai iaşə sahələrində rast gəlinir. Avara və dilənçiliklə məşğul olduqlarına görə 148 azyaşlı müəyyən edilmiş, valideynlik vəzifələrini yerinə yetirmədiklərinə və uşaqları dilənçiliyə cəlb etdiklərinə görə 48 valideyn barəsində inzibati qaydada tədbir görülmüş və İcra Hakimiyyəti yanında fəaəliyyət göstərən Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyalara 102 material göndərilib. 15 yaşına çatmamış şəxslərin işəgötürən tərəfindən işə qəbul edilməsinə görə vəzifəli şəxslərə 1000 manatdan 15000 manatadək, hüquqi şəxslərə isə 3000 manatdan 5000 manatadək inzibati cərimə tətbiq edilir.

    

Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında AR Qanunun 9 maddəsinə əsasən şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

 

BMT Qlobal Sazişinin V Prinsipi

    

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Uşaq Əməyinin ən Pis Formaları haqqında 182 və Minimum Yaş Həddi haqqında 138 nömrəli Konvensiyalarına, o cümlədən Uşaq Hüquqları Konvensiyasının uşaqlarla ticarət, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və həmin Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokoluna əsasən, uşaq əməyi uşaqları öz uşaqlıq dövrlərində sahib olduqları potensial və ləyaqətdən məhrum edən iş olub, həm fiziki, həm də əqli inkişaf üçün çox zərərlidir. Buna uşaqlar üçün əqli, fiziki, sosial və mənəvi baxımdan zərərli olan, onların məktəbə getməsinə mane olan, eləcə də milli qanunvericilik və beynəlxalq standartlar tərəfindən müəyyən edilən minimum yaş həddinə çatmamış uşaqların işlə məşğul olması daxildir. Konvensiyaya görə, 18 yaşına çatmamış heç bir uşaq təhlükəli işlə (onların səhhətinə, təhlükəsizliyinə və ya əxlaq normalarına zərər verə biləcək iş) məşğul olmağa və ya insan alveri, cinsi istismar, borc asılılığı, məcburi əmək və yetkinlik yaşına çatmamış uşaqların təhlükəsizlik və ya hərbi məqsədlər üçün işə götürülməsi daxil olmaqla məcburi əməyin digər formalarına cəlb edilməməlidir.

 

Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyinin ən Pis Formaları haqqında 182 və Minimum Yaş Həddi haqqında 138 nömrəli Konvensiyalarında insan alveri ilə mübarizə tədbirləri çərçivəsində uşaqların bu cür əmək növlərinə cəlb olunması uşaq alveri kimi qiymətləndirilir. Azərbaycan da Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına qoşulub və onun icrasına öhdəlik daşıyır. Konvensiya milli qanunvericilik üçün işə qəbul prosesində icbari təhsili tamamlama yaşından və ya hər bir halda 15 yaşdan az olmayan minimum yaş təyin etmək üçün çərçivə qoya bilər. Daha az yaşlar müvəqqəti olaraq icazə verilə bilər. İqtisadi və təhsil imkanları az inkişaf etmiş ölkələrdə minimum yaş həddi 14, yüngül işlər üçün isə 12-dir. Bununla yanaşı, təhlükəli işlər üçün minimum yaş həddi bütün ölkələrdə 18-dir. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərin uşaq əməyindən istifadəni qadağan etməsinə baxmayaraq, bu gün kütləvi olmasa da, müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində, ictimai iaşə obyektlərində, restoran və şadlıq evlərində, ticarət şəbəkələrində uşaq əməyindən istifadə halları demək olar ki, hər gün müşahidə edilir. Təəssüf ki, uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçot aparılmadığından statistik rəqəmlər mövcud deyil. Bu baxımdan da apardığmız bu tədqiqatda gələcəyimizin mərkəzində əsas fenomen kimi çıxış edən uşaqların  erkən yaşlarda iş həyatına atılmaları və buna yol açan səbəblər araşdırılacaq.

Demoqrafik göstəricilər

            

Kod adı

Yaşadığı yer

Məşğul olduğu iş

İş saatı

Qazancı

Günlük/aylıq

Valideynlərin mövcudluğu (ata/ana/hər ikisi)

Valideynlərin məşğuliyyəti (ata/ana/hər ikisi/heç biri)

Valideynlərin yaşayış forması (bir yerdə/ayrı)

Yaş

Cins

Məktəb (gedib/oxuyur və işləyir)

1

Gəncə

Park etmə nəzarətçisi

15 saat

5-10 manat

Hər ikisi

Hər ikisi

Ayrı

14

Oğlan

Gedib

2

Gəncə

Ofisant

14 saat

8 manat

Hər ikisi

Hər ikisi

Ayrı

13

 

Oğlan

oxuyur və işləyir

3

Gəncə

Ofisant

14 saat

9 manat

Hər ikisi

Hər ikisi

Bir yerdə

14

 

Oğlan

Gedib

4

Gəncə

Satıcı (şar)

10

10-15 manat

Hər ikisi

Ana

Ayrı

14

Oğlan

Gedib

5

Gəncə

Satıcı (salfet)

14

6 manat

Hər ikisi

Heç biri

Ayrı

10

Qız

Gedib

6

Gəncə

Satıcı (salfet)

14

10-15 manat

Hər ikisi

Ana

Ayrı

13

Qız

Gedib

7

Bakı

Satıcı (yol kənarında çay və bulka)

10

3 manat

Hər ikisi

Ata

Bir yerdə

14

Oğlan

oxuyur və işləyir

8

Bakı

Satıcı (bazarda kartof və dənli bitkilər)

12

5-10 manat

Hər ikisi

Ata

Bir yerdə

12

Oğlan

oxuyur və işləyir

9

Bakı

Tərcüməçi (ərəb)

12

50-100 manat

Hər ikisi

Ata

Ayrı

13

Oğlan

Gedib

10

Bakı

Satıcı (parça)

12

5-10 manat

Hər ikisi

Hər ikisi

Bir yerdə

12

Oğlan

oxuyur və işləyir

11

Bakı

Satıcı (paltar mağazasında)

12

5-10 manat

Hər ikisi

Ata

Bir yerdə

13

Oğlan

oxuyur və işləyir

12

Bakı

Satıcı (mağazada)

12

6 manat

Hər ikisi

Hər ikisi

Bir yerdə

13

Oğlan

oxuyur və işləyir

13

Bakı

Binə Ticarət Mərkəzində ayyaqabı boyacısı

12

10-15 manat

Ana

Ana

 

14

Oğlan

Gedib

14

Sumqayıt

Usta köməkçisi

12

100-150 manat (aylıq)

Hər ikisi

Ana

 

 

Ayrı

13

Oğlan

oxuyur və işləyir

 

 

Metodologiya

Sorğu metodu

    

Tədqiqatda istifadə edilən anketdə qapalı və açıq olmaqla 9 demoqrafik, 25 əsas sualdan (7 istiqamətdə) istifadə edilib. Tədqiqat çərçivəsində respondentlərdən məlumat toplanılmasında açıq suallardan ibarət dərinləşdirilmiş intervü məlumat toplama metodundan istifadə edilib. Bu məlumat toplama metodu respondentlərə öz fikir, hiss və düşüncələrini sərbəst şəkildə ifadə etmək imkanı verib. Hər bir müsahibənin müddəti təxminən 18,3 dəqiqə olub, danışıq diktofon ilə qeydə alınıb (bu barədə hər bir respondentə öncədən məlumat verilib, onların razılığı alınıb). Respondentlərin anonimliyi gözlədilib və onların adından verilən sitatlarda yalnız onların bəzi demoqrafik göstəriciləri - məşğul olduğu iş, yaşadığı yer, yaş və cins qeyd edilib. Müsahibələr bütün hallarda üz-üzə aparılıb.

 

Seçmə metodu

    

Mövzunun həssaslığı və hədəf seçmənin əlçatanlığının çətin olmasını nəzərə alaraq, azsaylı respondentlər kvota seçməsi ilə seçilib. İlk olaraq, tədqiqatın müəllifi şəxsi müşahidələrinə əsasən, azyaşlı uşaqların işlədiyi yerləri müəyyən etmiş, daha sonra həmin azyaşlı uşaqları sorğuya dəvət etmişdir. Respondent müəyyən edilərkən, yeganə meyar (kvota) kimi yaş götürülüb. Belə ki, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Məhz buna görə də, yalnız 15 yaşına qədər olan uşaqlar seçilib.

 

Nəzərə çatdıraq ki, keyfiyyət tədqiqatlarında adətən minimum 30 nəfərin sorğuda iştirakı daha geniş yayılsa da, əlçatanlığın çətin olduğu əhali qrupları üçün daha kiçik seçmə məcmu da məqbuldur. Tədqiqatda təsadüfi olmayan seçmə metodundan istifadə edildiyindən, əldə edilən nəticələr əsasında ümumilli reprezentativ fikir söyləmək müəyyən qədər çətindir. Lakin metodologiya ədəbiyyatında qeyd edilir ki, təsadüfi olmayan seçmə metodu əsasında toplanan informasiya müəyyən meyarlara cavab verən əhali qrupu barədə dar çərçivədə də olsa, ümumiləşdirilmiş fikirlər irəli sürməyə imkan verir. Yəni bu tədqiqatın nəticələri ən azı Bakı və Gəncədəki işləyən azyaşlı uşaqların təcrübələri barədə müəyyən dərəcədə əminliklə fikir söyləmək üçün uyğundur.

 

Qeyd edilməlidir ki, araşdırmalar zamanı müxtəlif işlərdə işləyən azyaşlı ( avtobusda konduktor, şadlıq evində ofisant və.s) uşaqlar intervü verməkdən imtina etdilər. Təbii ki, bu da səbəbsiz deyildi və işdən atılma qorxusundan irəli gəlirdi.

 

Azyaşlı uşaqların özləri ilə yanaşı, 5 respondentin valideyni ilə də söhbət aparılıb. Belə ki, bəzi azyaşlı uşaqlar tapıldıqda, valideyni də onların yanında olduğundan, onlara da sorğuda iştirak təklif edilib. Yalnız 5 valideyn bu təklifi qəbul edib. Valideynlər ilə söhbətin müsbət tərəfi bundan ibarət olub ki, bu, öz azyaşlı uşağının əmək fəaliyyətinə valideynlərin baxışlarını öyrənməyə imkan verib.

 

Nəticələrin analizi

     

Müsahibələr bitdikdən sonra, diktofonla yazılan səsyazmalar transkriptlərə çevrilib. Transkriptlər tematik təhlil metodu ilə analiz edilib. Hər bir sual üçün ən geniş yayılan fikirlər və cavablar kodlaşdırılıb və qruplaşdırılıb.

 

Uşaqları erkən yaşda işləməyə məcbur edən səbəblər

 14 respondentdən 7-nin valideyni ayrılıb. Eyni zamanda, yalnız 6 respondent hər iki valideyni ilə yaşayır, 6 respondent isə yalnız anası ilə yaşayır, 2 respondent isə ümumiyyətlə hər iki valideynindən uzaqda yaşayır.

      

Erkən yaşda işləməyə məcbur qalanlar əsasən valideynləri ayrılan ailələrin uşaqlarıdır. Buradan qaynaqlanan ikinci bir səbəb yalnız bir valideyni ilə yaşayan uşaqların sosial qayğılardan və maddi imkansızlıqdan dolayı işləməyə məcbur qalmasıdır. Eyni zamanda, intervü götürülən 14 respondentdən yalnız 5-nin hər iki valideyni, 8-nin yalnız bir valideyni işləyir. Ata və anası işləyən 5 respondentdən 2-sinin valideyni ayrılıb və ümumiyyətlə uşaqlarına baxmır. Yalnız bir valideyni işləyən 8 respondentin 4-ü valideynləri ayrılan, 1-i isə atası vəfat etdiyi üçün anası ilə yaşayan uşaqlar təşkil edir. Bütövlükdə, erkən yaşda işləyən 8 respondent (7-nin valideyni ayrılıb, 1-nin atası vəfat edib) maddi və mənəvi cəhətdən ata qayğısından məhrumdur. Beləliklə, yetkinlik yaşına çatmayan uşaqların məcburi əməyin qurbanına çevrilməsinə təsir göstərən faktorlardan biri onların ailələrinin boşanması ilə bağlıdır. Valideynləri ayrılan azyaşlı uşaqların demək olar ki, hamısı yalnız anası ilə yaşadıqları və ümumiyyətlə maddi və mənəvi cəhətdən ata qayğısından məhrum olduqları üçün erkən yaşda ailə yükünü çiyinlərində daşımaq məcburiyyəti qarşısında qalıblar.

 

“Anam və atam ayrılıblar. Mən və qardaşım nənəmlə qalırıq. Atam nə vaxt ağlına düşsə, onda kömək edir. Yəni çox yox, arada kömək edirdi. İndi isə heç etmir. Anam da bizə gəlib-getmir, kömək də etmir. Mən və qardaşım nənəmlə qalırıq. Nənəm şəkər xəstəsidir, 61 yaşı var. Xəstədir deyə, ancaq ev işlərini görə bilir. Qardaşım da yalnız yay tətilində işləyir. İstəyirdim ki, iki işdə işləyim, ancaq əmələ gəlmədiyi üçün Ekonqazdakı işimdən çıxmışam. Orada 1 ay işlədim, maşınlara qaz qoşanda açar zad verirdi”.

 

“Valideynlərim ayrılmamışdan öncə atam qumar oynayırdı. Mamamın kənddəki evini satdıq ki, ev alaq. Atam 5 min manatı götürdü, qumarda uduzdu. Qardaşımgil elə olurdu ki, 2 gün ac qalırdı, ona görə də ürəyim dözmədi işləməyə başladım. Əlimə nə keçirdi, dəmir falan satıb ailəmə baxırdım. Gecelər gedib taxta yığıb peçi qalayırdım ki, qardaşımgil üşüməsin”. 

 

“Atamla anam 10 ildir ki, ayrılıblar. Anam yaşıl bazarda 7 il süpürgəçi işləyib. 4 ildir ki, səhhəti ilə bağlı işləmir. Böyrəyi ağrıyır inşallah bir az toplayaq həkimə gedəcək. Atam İmişlidə taksi sürücüsüdür, ancaq bizə maddi köməklik etmir, özünün ailəsi var. Ona görə də işləyib, ancaq ailəmə dəstək olmaq istəyirəm”. 

    

Müsahibələr zamanı  respondentlərin əksəriyyəti erkən yaşda işləməyə valideynləri və ya yaxınları tərəfindən məcbur edilmədiyini, işləməyə daha çox sosial durumdan dolayı məcbur qaldıqlarını bildiriblər. Xüsusilə də hər iki valideynindən ayrı və ya  yalnız bir valideyni ilə yaşamaq məcburiyyətində qalan respondentlərin demək olar ki, hamısı ata himayəsindən məhrumdurlar. Təbii ki, bunun səbəbi də atalarının onlarla maraqlanmamağıdır. Araşdırma zamanı o da məlum olub ki, həmin uşaqlarının valideynlərinin ayrılmalarının əsas səbəbi atalarının içki, qumar düşkünü olmasıdır. Təbii ki, bu faktor da erkən yaşda işləyən respondentlərin psixologiyasına təsirsiz ötüşmür, həmyaşıdları ilə müxtəlif problemlər yaşamasına, tez-tez onlarla mübahisə etməsinə, aqressiv olmasına, ən əsası isə təhsildən kənarda qalmasına və digər müxtəlif problemlərə yol açır. 

 

Əməkçi uşaqların çalışdığı sahələr və üzləşdiyi risklər

   

Gəncədən olan uşaqlar əsasən avtomobil park etmə dayanacağında (1) (daha əvvəl maşınlara qaz quraşdırma məntəqəsində), restoranda ofisant (2), küçədə satıcı (3) işləyirlər. Bakıda işləyən uşaqlar küçədə satıcı (1), bazarda satıcı 1), mağazada satıcı (3), tərcüməçi (1), ayaqqabı boyacısı (1), tikintidə usta köməkçisi (1) kimi işləyirlər. Bütövlükdə, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə aparılan söhbətlər göstərir ki, həmin sahələr sözügedən respondentlərin ilk iş yeri deyil. Bu isə özlüyündə daha önəmli bir məsələni ortaya çıxarır. Belə ki, respondentlərin demək olar ki, hamısı daha erkən yaşlarında müxtəlif sahələrdə işləyiblər. Respondentlər arasında ən çoxu 8-9 illik, ən azı isə 2 illik təcrübəyə sahibdir.

   

İntervü götürülən bütün respondentlərin əksəriyyəti işdən sonra özünü yorğun hiss etdiyini bildirib. Gəncədə daimi və gecə işləyən respondentlərdə bu xüsusilə də daha aydın müşahidə edilirdi. Onlar adətən səhərə yaxın yatdıqlarını və bu üzdən özlərini yorğun hiss etdiklərini bildiriblər. Analoji hal Bakıda gündüz daimi işləyən respondentlərdə müşahidə edilib. Ancaq yay tətilində işləyən respondentlər də əsasən heç istirahət etmədiklərini bütün yayı işlədiklərini və bu səbəblə də dincəlmədiklərini bildiriblər.

 

Xüsusilə də intervüyə cəlb edilən avtomobil parketmə dayanacağında işləyən, küçədə şar, salfet, bulka və çay satan respondentlər daha həssas olurlar. Araşdırmalar göstərir ki, küçədə istənilən şəraitdə çalışdıqları və bütün təhlükələrlə qarşı-qarşıya olduqları üçün onlara ilk növbədə yardım edilməsi ön planda olmalıdır. Çünki küçə şəraitdə çalışan uşaqlar daha sıx və təhlükəli yerlərdə işlədiklərindən və dolayısı ilə risklərə açıq olduqlarından erkən yaşda müxtəlif yanlışlıqlara yol verə bilirlər. Bu cür uşaqlar həftənin demək olar ki, bütün günü təhlükəli şəraitdə işlədikləri üçün ekoloji səbəblərdən onlarda dəri problemləri, infeksion xəstəliklərə yoluxma, zərərli maddələrin dəriyə təması, eyni zamanda, düzgün qidanlanmama onların fiziki, psixoloji sağlamlığına mənfi təsir göstərir. Uşaqların həmçinin işləməkdən və onlar üçün yorucu olan, şiddət və istismara məruz qaldıqları ətraf mühitdən də əziyyət çəkmələri heç bir halda istisna edilə bilməz. Beynəlxalq Əmək Təşkilatı 182 nömrəli Konvensiyasının təcili və təxirəsalınmaz tədbirlərdən biri də məhz 18 yaşdan az uşaqların sağlamlıqlarına, təhlükəsizliklərinə, tərbiyələrinə və sosial əqlinə zərərli təsir göstərən işlərdə və şəraitdə işləməsi ilə bağlıdır.

 

İnzibati Xətalar Məcəlləsinin 192.9 maddəsi, Nazirlət Kabinetinin “18 yaşına çatmamış şəxslərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiqedilməsi haqqında” qərarına əsasən, işəgötürən tərəfindən uşaqların onların sağlamlığına, həyatlarına və mənəviyyatlarına xələl gətirə biləcək işlərə cəlb edilməsi ilə bağlı vəzifəli şəxslərə 3000 manatdan 4000 manatadək, hüquqi şəxslərə isə 10000 manatdan 13000 manatadək cərimə tətbiq edilir.

 

Erkən yaşlarda iş həyatına atılan uşaqlar

    

İntervü götürülən respondentlər arasında 10 və 14 yaş arası uşaqlar daha üstünlük təşkil edirdi. Hətta aralarında elələri var ki, 6 və 8 yaşlarından işləməyə məcbur qaldıqlarını bildiriblər. Bu göstəricilər daimi işləyənlərə aid olsa da, maraqlıdır ki, yalnız yay tətilində işləyənlər də (həm məktəbə gedib, həm də işləyənlər) də uzun müddətdir ailələrinə dəstək olduqlarını bildiriblər. Düzdür, valideynlərinə dəstək olmaq üçün yalnız yay tətilində yüngül işlərdə işləməyin uşaqların inkişafına müsbət təsir göstərdiyinə dair fikirlər də mövcuddur. Ancaq ailə biznesinə dəstək məqsədilə yalnız tətildə işləyən respondentlərin demək olar ki, hamısı işdən sonra özlərini çox yorğun hiss etdikləri qeyd ediblər. Üstəlik, Azərbaycanda yay tətili zamanı məktəblilərin məşğulluğu üçün xüsusi bir proqram yoxdur. Bu faktor digər həmyaşıdlarından fərqli olaraq bütün yay tətili boyu işləyən uşaqların qavrama qabiliyyətinə, təhsilinin inkişafına mənfi təsir göstərə və bir növ məktəbə, dərslərə həvəssizlik yarada, sosial əqlinə təsir edə bilər. Bundan başqa, uşağın əməyə alışdırılması kimi mental yanaşma bir çox hallarda sonradan onların kənar təsirlərə məruz qalmasına da yol açır. Araşdırmalar zamanı erkən yaşda işləyən uşaqların aqressiv olduğu və məktəbdə müəllimləri ilə problemlər yaşadığı ortaya çıxıb.

 

20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası dünyanın hər bir yerində yaşayan uşaqların hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən etməklə hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verən 54 maddədən ibarətdir. Bütün hüquqlar 4 kateqoriyaya bölünür: Müdafiə, iştirak hüquqları, yaşamaq və inkişaf hüquqları. İnkişaf hüquqları uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Buraya təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.

 

Məktəbdən yayınan uşaqlar

   

Gəncə şəhərində intervü götürülən 6 işləyən uşaqdan yalnız 1-i yay tətilində işlədiyi üçün hazırda  məktəbdə təhsilini davam etdirir, 5-i isə daimi işlədiyi üçün məktəbə getmir. İşləyən uşaqlardan məktəbi ən tez tərk edən 3-cü sinfə, ən gec tərk edən isə 9-cü sinfə kimi orta məktəbdə təhsil ala bilib. 

   

Nəzərə çatdıraq ki, təkcə 2017-ci ildə buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 4777 nəfər (9-cu və 11-ci siniflər üzrə, müvafiq olaraq, 2422 və 2355 nəfər) iştirak etməyib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 117 330 nəfər olub. 2015-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108 565 nəfər idi. 2015-ci ildə 9-cu siniflər üzrə 2957 nəfər şagirdin buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etmədiyini nəzərə alsaq, məlum olur ki, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin təxminən 7,5%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. 2015-ci ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin təxminən 17%-i təhsilini davam etdirməyib. Nəticədə, 2006-cı ildə 1-ci sinfə daxil olan 117 330 şagirdin 71%-nin tam orta, 22%-nin isə ümumi orta təhsil səviyyəsini başa vurmayıb. Beləliklə, 2017-ci ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 25%-i təhsilini davam etdirməməyi qərara aldığı məlum olub.

 

Məktəbdən yayınanların bəziləri müxtəlif səbəblərdən yalnız yay tətilində işləyənlər məktəbə getsələr də, daimi işləyənlər məktəbə getmirlər. Onlar arasında məktəbi 3-cü sinifdən tərk edən uşaqlar daha çox üstünlük təşkil edir. Bütövlükdə intervü götürülən 14 azyaşlı işləyən respondentdən 8-i (5-i Gəncə, 3-ü Bakının payına düşür) məktəbə getmir. Gəncədə məktəbə getməyən respondentlər yalnız 1-i 9-cu sinfə kimi təhsil alıb, yerdə qalan respondentlərin hamısı daha aşağı siniflərdən məktəbi tərk ediblər. Analoji vəziyyəti Bakı şəhərində məktəbdən yayınan respondetlərə də şamil etmək olar. Əməkçi uşaqların əksəriyyəti söhbət zamanı gələcəkdə sahibkar, hərbçi, müəllim, müğənni, rəssam, texnoloq, həkim, beyin cərrahı, tərcüməçi, polis, biznesmen, proqramist olacağına inanır. Araşdırma zamanı o da məlum olub ki, işləyib məktəbdə təhsil almayan uşaqların bir qismi gələcəkdə məhz çalışdığı sahə üzrə inkişaf etmək istəyir. Məsələn, intervü götürülən 5 respondent (bu respondentlərin 4-ü hazırda satıcı işləyir)  gələcəkdə ən böyük arzusunun obyekt açmaq olduğunu bildirib.

 

Göründüyü kimi, uşaqların erkən yaşda işləməyə başlaması onları məktəbdən yayındıran əsas faktorlardan biri kimi çıxış edir. Uzun müddət çətin şərtlərdə işləmək onlarda bir növ məktəbə həvəssizlik yaradıb. Məktəbdən kənar qalan bu uşaqlar “imkan olsaydı, oxumaq istəyərdiniz?” sualına “xeyr”cavabını veriblər və oxumaq həvəslərinin olmadığını bildiriblər. Apardığımız araşdırmalar göstərir ki, sözügedən azyaşlı uşaqların məktəbə getməsinə mane olan əsas faktorlar maddi imkansızlıq, sosial qayğılar və valideynlərindən ayrılması səbəbindən ortaya çıxan sosial problemlərlə bağlıdır. Tədqiqat müəllifi olaraq hesab edirəm ki, belə vəziyyətdə yaşayan uşaqların məktəbə qaytarılması üçün həmin ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. Usta köməkçisi və əsasən satıcı işləyən uşaqların valideynləri ilə söhbət zamanı onların əksəriyyəti bu məsələni dilə gətiriblər və ünvanlı sosial yardıma ehtiyac duyduqlarını bildirib.

 

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədi ilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddinin mütəmadi olaraq artırılması nəzərdə tutulub. Eyni zamanda, Konsepsiyada ana və uşaqların  sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi də nəzərdə tutulur.  Qeyd edilən istiqamətlərin reallaşdırılması Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması, təhsildən yayınma halları üzrə  monitorinq sisteminin yaradılması hədəflənir.

 

İntervü götürülən respondentlərin əksəriyyəti günlük qazanc, 2-si isə aylıq əmək haqqı alır. Günü 12-14 saata işləyən uşaqların ortalama qazancı 5-10 manat təşkil edir. Daimi və ancaq yay tətilində işləyən respondentlər işlərinə görə aldıqları əməkhaqqının qarşılığından razılıqlarını ifadə etsələr də, bunun dolanışıqları üçün kifayət etmədiyini dilə gətiriblər. Gəncə şəhərində ümumilikdə 6 respondent dolanışığının nə pis, nə də yaxşı, Bakıda intervü götürülən respondentlərin əksəriyyəti qənaətbəxş olduğunu bildiriblər. Tədqiqat zamanı demək olar ki, hər üç şəhərdən olan respondentlər qazanclarını ailələrinə verdiklərini qeyd ediblər. Bu xüsusilə özünü Gəncədə daha qabarıq formada göstərir. Bakıdan olan respondentlərin təxminən yarısı gündəlik qazanclarını məktəb ləvazimatlarını və geyim almaq üçün xərcləyir.

 

“Yayda işləyirəm, qışda da xərcləyimi çıxarıram. Anam əvvəllər məktəb vaxtı paltar alırdı, ancaq indi etmir. İşləyib özüm edirəm”. (Yaşadığı şəhər Gəncə, yaş 13, işi ofisant, oğlan)

“3-cü sinifdən işləyirəm, bazarda atama kömək edirəm, yay tətilində işləyirəm. Puluma kitab, dəftər alıram”. (Yaşadığı şəhər Bakı, yaş 12, işi satıc, oğlan)

“Gün ərzində əməyimin qarşılığına 5-6 manat verir. Pulumu özüm üçün yığıram, anama məktəb ləvazimatlarımı almaqda, borclarını bağlamağa kömək edirəm. (Yaşadığı şəhər Bakı, yaş 13, işi satıcı, oğlan)

  

Ümumilikdə, hər üç faktor bir daha uşaqları erkən yaşda işləməyə vadar edən səbəblərdən biri sosial problemlərdən qaynaqlanır. Bu xüsusilə yalnız bir valideyni ilə yaşayan respondentlərdə daha qabarıq nəzərə çarpır.

 

Müşahidələr

 

Sahə işi Bakı, Gəncə və Sumqayıt şəhərlərində aparılsa da, tədqiqat müəllifi Sosial Tədqiqatlar Mərkəzinin digər çöl tədqiqatları məqsədilə rayonlara da səfər etdiyi zaman müşahidələr aparıb. Müşahidələr zamanı yay tətili olmasına baxmayaraq, Şamaxı yolunda fındıq satan, Qəbələdə Yeddi gözəl şəlaləsinə gedən yolun kənarında maşınların tozu və qızmar günəş altında gül çələngləri satan azyaşlılar həddindən artıq cılız, rəngləri tünd, boyları kiçik, üst-başları isə olduqca baxımsız vəziyyətdə idi. Analoji vəziyyəti Xaçmaz yolunda magistral yolun kənarında fındıq və alma satan azyaşlı uşaqlara da şamil etmək olar. Müşahidələr göstərir ki, kənd yerlərində uşaqlar demək olar ki, bütün mövsüm boyu ailələrinə sosial dəstək məqsədilə tarlalarda da işləyirlər. Müşahidələr zamanı Zaqatalanın Muxax və digər kənlərində fındıq, Cəlilabadın kəndlərində isə kartof tarlalarında sosial səbəblərdən dolayı ailələrinə yardım məqsədilə işləyən azyaşlı uşaqlar isə tamamilə fərqli təhlükələrlə üz-üzədir. Belə ki, kənd təsərrüfatında işləyən azyaşlılar həddindən artıq isti və rütubətli ortamlardan qaynaqlanan yorğunluq və  uzun müddət əyilmiş vəziyyətdə işləməkdən ortaya çıxan bel ağrıları və s. kimi kimi problemlərlə qarşı-qarşıyadırlar. Bir sıra askpektdən (dərmanlama, ağır texnikanın işlək vəziyyətdə olması, zərərli həşəratların sancması və s.) təhlükəli hesab edilən belə işlər uşaqların yetərli təhsil almamasına, ictimai və fiziki inkişafına, zehni aktivliyinə mənfi təsir göstərir.

 

Azyaşlıların ailə təsərrüfatlarında valideynlərinə yardım etməsi uşağın əməyə alışdırılması qarşılansa da, bu onların inkişafına təsirsiz ötüşmür. Digər tərəfdən isə uşaqların ailə təsərrüfatlarında əməyə cəlb olunması onların hüquqlarının pozulması deməkdir. Çünki Uşaq Hüquqları haqqında Konvensiyanın 3-cü maddəsi uşaqların ən yaxşı maraqlarının təmin edilməsini nəzərdə tutur. Ailə təsərrüfatında əməyə cəlb edilən azyaşlı uşaqların uçotunu sə ilk növbədə məktəblərdə davamiyyət yoxlanılması vasitəsilə aparmaq mümkündür. Bu isə özlüyündə müvafiq  dövlət orqanlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətini şərtləndirir.

 

Uşaq əməyi sosial sferamızın təməl problemi kimi

  

Uşaqlıq - bəşəriyyətin təhlükəsiz və sağlam inkişafı üçün olduqca həssas bir dövrdür. Azərbaycanda hazırda əhalinin 2 milyon 239 min 100 nəfərini 0-14 yaş arası uşaqlar təşkil edir. Əhalinin hər 1000 nəfərinə 317 uşaq düşür. Azərbaycan dövlətçiliyinin gələcəyi yetişməkdə olan yeni nəslin hüquqlarının aliliyinin təminatından keçir. 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qəbul edilmiş 16 maddədən ibarət qanun uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, onların təhsil almaq, istirahət etmək, istismardan və zərərli təsirlərdən mühafizəsini təmin edir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar müxtəlif zorakı işlərə, onlar kimyəvi, bioloji, fiziki, erqonomik, gigiyena və psixoloji risklərə məruz qalırlar. Buna uzun iş saatı və kasıb yaşayış şəraiti də əlavə olunarsa, demək olar ki, böyük xəstəlik, zədələnmə, hətta ölüm riski ilə qarşı-qarşıya qalırlar. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir. Ölkədə uşaq siyasəti ilə bağlı “Uşaq hüquqları haqqında” Qanunu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamə, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar da uşaq siyasətinin dövlətimizin sosial siyasətinin tərkib hissəsini təşkil ediyini sübut edir. Bu siyasət uşaqların təhlükəsizliyini təmin edilməsinə, onların əməyinin istisamarının qarşısının alınmasına və sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Nəzərə çatdıraq ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasında valideyn himayəsindən məhrum olmuş  uşaqların, küçə uşaqlarının reabilitasiya prosesinin gücləndirilməsi, qarşısının alınması üçün xüsusi müddəalar öz əksini tapıb. Bu baxımdan Azərbaycanda uşaq siyasətinin həyata keçirilməsinə məsul olan əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların istismarının qarşısının alınması istiqamətdə maarifləndirici tədbirlərlə yanaşı, beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycanda uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsini daha da gücləndirməlidir. Apardığmız araşdırmalar da bir daha təsdiqləyir ki, bu günün ən ciddi məsələlərindən biri uşaq əməyinin istismarının qarşısının alınmasıdır. Bu baxımdan ilk növbədə Azərbaycanda işləyən azyaşlı uşaqların uçotunun aparılması, onları erkən yaşda işləməyə vadar edən səbəblərin daha dərindən araşdırılması ön planda olmalıdır. Bu sahədə problemlərin araşdırılması üçün peşəkar mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var.

 

Araşdırmanın məhdudiyyətləri

    

Hər nə qədər informativ olsa da, bu tədqiqat işinin müəyyən çatışmazlıqlarını diqqətə çatdırmaqda fayda var. Əvvəla, sorğuda yalnız 2 qız uşağının iştirak etməsinə görə, nəticələr qızların vəziyyətini əks etdirmir. Bununla yanaşı, bütün respondentlər şəhər tipli yaşayış məntəqələrindən seçildiyindən, nəticələr qeyri-şəhər yerlərindəki işləyən azyaşlı uşaqlar üçün səciyyəvi hesab edilə bilməz. Tədqiqatda yalnız 14 respondentin iştirakı da məhdudiyyət hesab edilə bilər. Nəzərə çatdıraq ki, keyfiyyət tədqiqatlarında adətən minimum 30 nəfərin sorğuda iştirakı daha geniş yayılsa da, əlçatanlığın çətin olduğu əhali qrupları üçün daha kiçik seçmə məcmu məqbuldur. Ümumiyyətlə, tədqiqatda təsadüfi olmayan seçmə metodundan istifadə edildiyindən, əldə edilən nəticələr əsasında ümumilli reprezentativ fikir söyləmək müəyyən qədər çətindir. Lakin metodologiya ədəbiyyatında qeyd edilir ki, təsadüfi olmayan seçmə metodu əsasında toplanan informasiya müəyyən meyarlara cavab verən əhali qrupu barədə dar çərçivədə də olsa, ümumiləşdirilmiş fikirlər irəli sürməyə imkan verir. Yəni, bu tədqiqatın nəticələri ən Bakı və Gəncədəki işləyən azyaşlı uşaqların təcrübələri barədə müəyyən dərəcədə əminliklə fikir söyləmək üçün uyğundur.


 

               Aygün Yusibova

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı