Ailə, karyera və sosial rol konflikti
Dünyanın hər bir yerində peşəkar və təhsilli qadınlar sosial rollarının balanslaşdırılması problemi ilə üzləşir və çox zaman rol kofliktindən əziyyət çəkirlər. Bu konfliktin kökü müxtəlif amillərlə yanaşı, bir çox cəmiyyətlərdə qulluq və qayğı vəzifələrinin yalnız qadınların işi olması, eyni zamanda onların peşəkar qabiliyyətlərini şübhə altına alan təsəvvürlərə əsaslanır. Bu işləyən qadınların ikiqat yüklənməsinə, həmçinin iş mühitində onlara təklif olunan imkanların azalmasına gətirib çıxarır.
Bəs, görəsən Azərbaycanda vəziyyət necədir? BMT-nin İnkişaf proqramı 2010-cu ildə Azərbaycanda dövlət qulluğunda gender bərabərliyi adlı hesabat dərc edib. Hesabatda bir sıra məsələlərlə yanaşı, dövlət qulluqçularının özləri ilə aparılmış sorğunun nəticələri yer alıb.
Sorğuda diqqətimizi cəlb edən suallardan biri müzakirə mövzusuna bilavasitə aiddir. Sualın özündən daha çox ona verilən cavablarda responentlərin gender fərqinin necə mühüm rol oynaması olduqca maraqlıdır. Sual belədir: “Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdir, buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır”?
Kişi respondentlərin cavabları belədir:
Kişilər arasında 55% bu fikirlə razı olduğunu 40% isə qismən razı olduğunu bildirdi, fikirlə razı olmayanlar cəmi 5% təşkil edir.
Qadın respondentlərin verdiyi cavablar kəskin şəkildə fərqlənir:
Qadınlar arasında isə fikirlə razı olmayanlar əksəriyyət təşkil edir (57.1%), qismən razı olanlar 28.6%, razı olanlar isə cəmi 14.3% təşkil edir. Hesabatın müəllifi A. Vəzirova qeyd edir ki, “aydındır ki, uğurlu karyera sahibi olan bu qadınlar özlərini “ailə üzvlərinə qulluq etmək” funksiyası ilə məhdudlaşdırmaq istəmir. Bu kimi gender streotiplərinin zərərverici və məhdudlaşdırıcı rolu qadınlar üçün əlavə əngəllər törədir. Kişilər arasında geniş yayılan bu təsəvvürlər qərar vermə prosesində, işgüzar münasibətlərdə, qadın işçilərinin fəaliyyətinin qiymətləndirməsində və digər hallarda qadınların işini və professional inkişafını məhdudlaşdıran amilə çevrilir”.
Tərəfimizdən onu əlavə edə bilərik ki, bu həm də işləyən qadınların ev işləri və ailə üzvlərinə qulluq vəzifələrini digər ailə üzvləri ilə bölüşdürmək imkanlarına mənfi təsir göstərir. Belə ki, ev-ailə məsələləri sırf qadınların borcu kimi nəzərdən keçirildiyindən kişilərin bu sahədə iştirakçılığı deviasiya, ailə normalarının pozulması kimi qavranılır. Bu isə işləyən qadınların karyera imkanlarını məhdudlaşdırır, həmçinin rol balansı ilə bağlı xroniki gərginlik yaşamasına səbəb olur. Bundan əlavə, güman edə bilərik ki, kişi respondentlər də gender təsəvvürlərindən irəli gələrək, ev işləri və ailə üzvlərinə qulluq məsələlərinə ya heç, ya da çox məhdud dərəcədə müdaxilə edirlər.
Mənbə: A.Vəzirova BMT-nin İnkişaf proqramı “Dövlət qulluğunda gender bərabərliyi” hesabatı, 2010
Sosial Tədqiqatlar Mərkəzi
Sosial-İqtisadi Təhlil Departamenti