Pul tələsi - gerçək və saxta jurnalları necə ayırmalı?
Müasir dövrdə elm adamları üçün ciddi problemlərdən biri saxta jurnalların ("predatory journals") çoxalmasıdır. Həmin jurnallar gerçək jurnallardan fərqli olaraq, müəllifin məqaləsini müəyyən ödəniş müqabilində çap edir. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən və nüfuzlu jurnallarda məqaləsinin çap edilməsini hədəfləyən mütəxəssis və elm adamları tez-tez saxta jurnalların bir növ qurbanına çevrilirlər. Bu məqalədə gerçək və saxta jurnalların fərqləri, eləcə də məqalə üçün düzgün jurnalın tapılma prosesləri barədə oxuculara məlumat veriləcək.
Jurnalların axtarış bazası
Məqalənizin mövzusu, formatı, keyfiyyəti, hədəflədiyiniz auditoriya və s. kimi amillər əsasında jurnalları seçmək müəyyən vaxt alır. İşi sürətləndirmək üçün aşağıda qeyd edilən sayta daxil olaraq, sizə lazım olan sahənin jurnallarını tapa bilərsiniz:
https://www.scimagojr.com/journalrank.php
Jurnalları axtararkən aşağıda göstərilən xidmətlərdən istifadə etməyiniz tövsiyə edilir. Müxtəlif nəşriyyat evləri eyni xidməti müxtəlif adlarla göstərir.
• https://journalsuggester.springer.com (SPRINGER)
• https://journalfinder.elsevier.com (ELSEVIER)
• https://authorservices.wiley.com/author-resources/Journal-Authors/find-a-journal/index.html (WILEY)
Axtarış üçün siz Abstrakt və məqalənizin adını daxil etməlisiniz.
Axtarış nəticəsində yuxarıdakı şəkildə olduğu kimi siyahı çıxır. Şəkildə qeyd edilən göstəricilərin izahı isə belədir.
Impakt faktoru; istinad xalı; rəy bildirilməsi müddəti; göndərilən məqalələrin qəbul edilmə nisbəti; qəbul edildikdən sonra çapa hazırlanma müddəti; məqalənin accessibility vəziyyəti (bu barədə aşağıda danışılır); embarqo müddəti (məqalənin jurnala üzv olmayanlar üçün qapalı saxlanılma müddəti)
Jurnalın əhatəsi, sahəsi və uyğunluğu
Hər bir jurnalın özünəməxsus əhatəsi, sahəsi və maraq göstərdiyi mövzular var. Elə jurnallar var ki, onlar daha böyük sahəni əhatə etdiyindən, orada nəşr edilən məqalələrin rəngarəngliyi və müxtəlifliyi daha genişdir. Bəzi jurnallar isə olduqca dar çərçivəli olub, spesifik mövzuları əhatə edir. Məqaləniz üçün jurnal seçərkən, mütləq Scope, və yaxud About This Journal bölmələrinə daxil olaraq, onların əhatə və sahəsini öyrənin. Aşağıdakı nümunələr məhz Scope və yaxud About This Journal bölmələrdən götürülüb.
Nümunə (1)
Immunology is a diverse and growing discipline that can be defined as the study of the tissues, cells and molecules involved in host defence mechanisms. Immunologists attempt to understand how the immune system develops, how the body defends itself against disease, and what happens when it all goes wrong. Nature Reviews Immunology will provide in-depth coverage of immunology, from fundamental mechanisms to applied aspects. In addition to review articles, it will highlight recent developments and exciting new primary papers, as well as reflecting on the people, papers and events that have influenced the development of immunology - işarələnmiş hissələrdə jurnal üçün maraqlı olan mövzular və araşdırma tipləri əhatə edilib.
Nümunə (2)
The Quarterly Journal of Economics is the oldest professional journal of economics in the English language (burada jurnalın tarixi nəzərə çatdırılır, bununla da, nüfuzun yüksək olduğu bir daha göstərilir). Edited at Harvard University"s Department of Economics, it covers all aspects of the field - from the journal"s traditional emphasis on microtheory, to both empirical and theoretical macroeconomics - işarələnmiş hissələrdə jurnal üçün maraqlı olan mövzular göstərilir. Diqqət etsək görərik ki, iqtisadiyyatın demək olar ki, bütün qolları əhatə edilir.
İmpakt faktoru nədir?
- Elmi jurnalın və məqalənin əhəmiyyətinin və populyarlığının rəqəmlə göstəricisidir.
- İmpakt faktorun hesablanması 1 və 5 illik dövrlərə əsaslanır.
- Adətən, daha uzun müddət nəşr edilməkdə olan jurnallar daha yüksək impakt faktoruna malik olurlar.
- İmpakt faktorunun limiti yoxdur. O, məqalənin istinad sayı və digər amillər əsasında müntəzəm qaydada dəyişir. Nəzərə çatdıraq ki, tədqiqatın müxtəlif sahələrində alınan nəticələrin təbiəti, onların impakt-faktora təsir edən sayda dərcinə gətirib çıxarır. Belə ki, məsələn, əksər hallarda tibbi jurnallar və riyaziyyat sosial elmlər və hüquq jurnallarından daha çox impakt-faktora malik olur. Məhz buna görə də, jurnalın impakt faktorunun səviyyəsini dəyərləndirərkən onu yalnız aid olduğu kontekst daxilində, bənzər xarakteristikalara malik jurnallarla müqayisə etmək gərəkdir.
Məqalənin təsiri (impakt) və yayılma dərəcəsi
Jurnallarda məqalənin impaktı (təsiri) və yayılma dərəcəsi əsasən aşağıdakı 5 göstərici üzrə ölçülür;
• Mətbuat - yalnız sistemin bazasında olan mətbuat qurumlarında məqalənin işıqlandırılma sayını ölçür
• H-index - məqalənin məhsuldarlığı və təsirini digər bənzər məqalələrə nisbətdə ölçür.
• İstinad sayı - məqaləyə digərləri tərəfindən edilən istinadları ölçür. Nəzərə alın ki, yalnız o istinadlar ölçülə bilir ki, onlar sistemin bazasında olan jurnallarda və materiallarda əksini tapır.
• Yüklənmə sayı - məqalənin yüklənmə sayını göstərir.
• Baxış sayı - məqalənin baxış sayını göstərir.
Nəşriyyatlar
Hər bir nəşriyyatın tərkibində müxtəlif impakt faktorlara malik jurnallar olur. Bir nəşriyyatın digərindən üstün, yaxud aşağı olması fikri yanlışdır. Jurnal seçərkən, onun mənsub olduğu nəşriyyatdan daha çox, onun sizin məqaləyə uyğunluğu və impakt faktoruna baxmaq məsləhətlidir. Bəzi nüfuzlu nəşriyyatlar aşağıdakılardır;
Elsevier Thomson-Reuters
Springer Wiley
Routledge
Məqaləni göndərdikdən sonra sizi nələr gözləyir?
Məqalələrə ən azı 2 ay müddətində, daha yüksək rank jurnallarda isə 3 ay müddətində baxılır. Adətən, rank nə qədər yüksəkdirsə rəqabət o qədər yüksək, gözləmə müddəti bir o qədər də uzundur.
Predatory Journals (saxta jurnallar)
Təəssüf ki, ölkəmizdə predatory journals (saxta jurnallar) araşdırmaçılar arasında heç də az yayılmamışdır. Bir çox hallarda bilməyərəkdən araşdırmaçılar ödəniş müqabilində məqalələrini həmin jurnallarda nəşr etdirirlər. Məhz ona görə də, jurnal seçimində yalnız etibarlı nəşriyyatların jurnallarını seçin.
Jurnalın saxta olub-olmadığını necə müəyyənləşdirməli;
- məqalənin olduqca qısa müddətdə baxışdan keçirilərək çap edilməsi
- məqalənin çapı üçün ödəniş tələb edilməsi (bəzən bu tələb məqalə nəşr edildikdən sonra irəli sürülür)
- əslində akademik statusu olmayan şəxsləri akademik statusuna malik şəxs kimi göstərmək (mütləq redaktor və onun heyətini araşdırın)
- jurnalın öz sahəsi üzrə lider jurnal olduğu qeyd edilsə də, bu barədə heç bir yerdə informasiyanın olmaması
- jurnalın rəsmi internet səhifəsinin peşəkar üslubda hazırlanmaması
- jurnalın rəsmi internet səhifəsində redaktor və heyət barədə informasiyanın olmaması, yaxud olduqca səthi məlumatın qoyulması
- jurnal yeni təsis edilməsinə baxmayaraq, impakt faktorun göstərilməsi
- bəzən jurnalın impakt faktorunun göstərilməməsi
- jurnalın rəsmi internet səhifəsində qeyri-akademik reklamlara yer verilməsi
- məşhur jurnalların adlarına olduqca bənzər ad seçmək
- bəzi jurnallar sizə məqalənin çap edilməsi ilə bağlı email göndərə bilər - ehtiyatlı olun, adətən, belə email saxta jurnallardan göndərilir.
- saxta jurnallar indeks mənbəyi kimi əksər hallarda Researchgate, Academia.edu və Google Scholar kimi indeksləri göstərirlər - ancaq bunlar məqbul hesab edilmir.
Jurnallara abunəlik - pulun qanuni formada tələb edilə biləcəyi yeganə məsələ
Nəşriyyat evlərinin nəzdindəki jurnalların demək olar ki, hər biri aylıq abunəlik haqqı tələb edir. Buna görədir ki, həmin jurnallardakı məqalələri yalnız illik abunə haqqı ödəyənlər, eləcə də, ali təhsil müəssisələrindəki tələbələr və müəllim heyəti - bir sözlə, institusional səviyyədə üzvlüyü olanlar görə bilir.
Lakin siz məqalənizin hər kəs tərəfindən görünməsini istəyirsinizsə, bu halda Open Access imtiyazını əldə etməlisiniz. Bunun üçün isə jurnala müəyyən məbləğ ödəmək lazımdır ki, bu da $100 qədər aşağı, yüksək nüfuzlu jurnallarda isə $1000-dən yüksək olur.
Müəllif - İnqilab Şahbazov
İstinadlar
Wiley (2018) Search Engine Optimization (SEO) for your article. https://authorservices.wiley.com/author-resources/Journal-Authors/Prepare/writing-for-seo.html
Elsevier (2019) Author resources. https://www.elsevier.com/authors/author-resources
İnqilab Şahbazov
İngiltərənin Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi ixtisası üzrə magistr təhsili almışdır. Tədqiqat sahələri ədliyyə sistemi, hüquq-mühafizə və sosial problemlərdir. ''Sosioloji nəzəriyyələr'', ''Tədqiqat metodları'' kitablarının və çoxsaylı məqalələrin müəllifidir.