Məşhur musiqiçinin siyasi portreti
Tarix sübut edir ki, xalqlar o vaxt kültür və elm tərəqqiyə nail olur ki, onun aydınları, ziyalıları tarixini, elmini, mədəniyyətini və incəsənətini, fəlsəfəsini inşa edən insanlar haqqında yetkin təsəvvürləri malik olur. Məşhur tarix fəlsəfəçisi Arnold Toynbi qeyd edirdi ki, sənət yalnız toplumun rifahına xidmət edəndə bəşəri xarakter daşıyır. Burdan da aydın görünür ki, biz sənəti və sənət adamlarını dəyərləndirərkən onun mütləq faydalılıq dərəcəsinə nəzər salmalıyıq.
Öz qənaətimə görə bir incəsənət simasının sosial ranqı və məsuliyyəti yararlılıq miqyası ilə xarakterizə oluna bilər.
Faydalılıq. Faydalılıq özünü yalnız bu parametrlərdə nümayiş etdirə bilər: a) Özünə fayda vermək. Klassik yunan fəlsəfəsinin əsrlərdir bizə anlatdığı gerçəklik də budur- “İnsan yalnız özünə faydalı olanda fərddən şəxsiyyətə çevrilir. b) Cəmiyyətə töhfə vermək. Artıq burada fərdin özünə yüklədiyi, ya da digər insanlar tərəfindən ona “transfer edilmiş” sosial məsuliyyət ortaya çıxır. Belə olanda sənət təmsilçisi öz sərhədlərini aşır, özünün fərdi bacarıqlarını daha da zənginləşdirir və beləliklə, hansı mühitdə, hansı zamanda, hansı siyasi sistemdə təmsil olunmağından asılı olmayaraq o, xalqın tələbələrini dilə gətirən şəxsiyyətə çevrilir.
Bu tip insanların, simaların həm yaxın tariximizdə, həm də uzaq dünya tarixində bir çox örnəkləri var. Qeyd edək ki, sənət, ədəbiyyat və fəlsəfə bir növ yaradıcı tələbatdır. Burada da iki fərqli məqamı nəzərə almalıyıq. Birinci məqam və ən önəmli vurğulanmalı olan odur ki, yaradıcılıq insanın missiya uğurlarının da açarıdır. Şah İsmayıl Xətai böyük xadim, dövlətçi, tarix quran sərkərdə olmaqla bərabər, Azərbaycan ədəbiyyatına öz bahariyyələri ilə möhür vuran, poetik dünyagörüşümüzdə əvəzsiz iz qoyan insan kimi Azərbaycanın yalnız dövlətçilik və hərb tarixində deyil, ədəbiyyat səlnaməsində də öz yerini alıb. Eləcə də, Molla Pənah Vaqif nəzmləri, sadə beytləri və gözəlləmələri ilə həm xalq poeziyamız üçün əvəzsiz bir tarixi simaya çevrilib, həm də vəzir kimi zamanında öz adından bəhs etdirib. İkinci mühüm məqam da odur ki, sənət siyasi proseslərdən heç vaxt kənarda inkişaf edə bilmir. Bir növ sənət dövrünün siyasi formasiyasının güzgüsüdür, necə ki, Jan Pol Sartra jurnalistlərdən biri əski marksist keçmişini xatırladanda o, ustalıqla cavab verir ki, onun ekzistensializmə qədər olan yaradıcılıq prosesi zamanın diqtəsidir, dövrün tələbi və sosializmin cəmiyyətdə populyarlığının yekunudur.
Qərbin mədəni portreti
Orta əsrlər tarixində Qərbdə ağır sxolastika fəlsəfəsi bütün siyasi sistemi ələ almışdı, kilsə doktrinləri hər yerdə nəzarət mexanizmini həyata keçirirdi. Çox düşündürücüdür ki, bu gün Şərqə ağız dolusu demokratiya tarixindən danışan Qərb politoloqları və siyasi şərhçiləri cəmi bir neçə əsr öncə alternativ fikirlərinə görə insanların “autodafe”yə məruz qaldığını(diri-diri tonqalda yandırıldığını), dini idealizmin kənarında inkişaf edən bütün alternativ düşüncə sistemləri üçün həqarət sayılacaq “Varfolomey gecəsi” kimi rəzalət tarixi çox rahatlıqla unudurlar, yaxud görməzlikdən gəlirlər.
Renessansa qədər olan dövrdə Avreli Avqustin, Akvinalı Foma kimi filosoflar da sxolastikanın təsirinə məruz qalırdı, bütün sənət xadimlərinin çıxışları dövrün ictimai-siyasi sistemiylə paralellik təşkil edirdi. Biz bunu Şərqdə, öz ölkəmizdə də rahatlıqla müşahidə edirik. Bu, təbii və özünəxas prosesdir, indiki şüurun və qlobal zehnin “kandarında” bizə tarixdən miras qalan dəyərlərə, şəxslərə, simalara məhz həmin dövrün siyasi və iqtisadi münasibətlər sistemindən kənar baxmaq yanlış və anlaşılmazdır.
Bülbülün siyasi pasportu
Azərbaycan musiqi tarixində böyük izlər qoyan, səsinin məlahəti, musiqisinin mükəməlliyi ilə tarix yaradan Bülbülün ictimai-siyasi fəaliyyəti bəlkə də bilərəkdən, yaxud bilməyərəkdən qabardılmır. Lakin Bülbülün siyasi fəaliyyət keçmişi mühüm təhlil olunası tarixi irsdir. Onun incəsənət keçmişi və avtobioqrafiyası haqqında kifayət qədər mənbələr və yazılar dərc olunub.
Bülbül- Murtuza Məşədi Rza oğlu Məmmədov 20-ci əsrdə incəsənət xadimləri içərisində ilk parlament üzvü seçilən şəxslərdən biridir. O, dünyasını dəyişənə kimi deputat olub. Məhz bu məqam kifayət edir ki, biz Bülbülün yalnız görkəmli incəsənət xadimi kimi deyil, siyasi kimliyə sahib olduğunu da unutmayaq. 1938-ci ilin 18 iyulu Azərbaycan parlamentarizm tarixi üçün önəmli günlərdən biridir. Parlament tribunasına qalxan M. Topçubaşov Azərbaycan Respublikası Baş Sovetinin birinci sessiyasını açmağı ən yaşlı deputat olan Məmməd Səid Ordubadiyə tapşırır. O vaxtki “Kirovabad”(indiki Gəncə) deputatı Ordubadi birinci sessiyanı açarkən Bülbülün parlamentdə təmsil olunmasının sevincini bu sözlərlə ifadə edir: “Bu, mənim həyatımda ən böyük gündür. Bu gün mənim bütün cavanlıq qüvvəmi özümə qaytarır və indi mən xalqıma uzun illər xidmət etmək üçün özümdə kifayət qədər enerji və qüvvə hiss edirəm... Azərbycan xalqı seçkilərdə səsini döyüşçülərə, elm və texnika nümayəndələrinə, ixtiraçılara, incəsənətin əla ustalarına verdi.”
Məhəməd Səid Ordubadi incəsənətin əla ustaları sırasında Bülbülü də nəzərdə tutur. Məmməd Səid Ordubadi, Bülbül və sair simaların parlamentdəki fəaliyyəti Azərbaycanda incəsənətin simalarının siyasətlə daimi bağlılıqda olduğunun bariz göstəricisidir.
Bir məsələni xüsusi qeyd edək ki, həmin dövrdə ordenli deputat az olduğundan həmin titula diqqət üstünlük təşkil edirdi. Baş Sovet deputatlarının 310 nəfərinin yalnız 36-sı ordenlə təltif edilmişdi ki, onlardan biri də Bülbül idi. Məşhur cərrah Topçubaşov, SSRİ xalq artisti Şövkət Məmmədova, yazıçı Məmməd Səid Ordubadi və s. insanlara verilən dəyər, mükafatlar və göstərilən etimad Azərbaycan xalqının tarixin hər bir dövründə incəsənət xadimlərindən, elm adamları və incəsənət nümayəndələrindən siyasi fəallıq tələb etdiyini göstərir.
Bizim xalq tarixin hər bir dövründə incəsənət nümayəndələrindən “öz səsi” olmağı tələb edib və bu proses indi də davam edir.
Böyük Vətən Müharibəsi illərində bütün sovet respublikalarına külli miqdarda ziyanlar dəydi.
Hər sahədə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də ziyanlar özünü qabarıq göstərirdi. Beşillik plana görə 1950-ci ildə respublikada teatrların sayını 33 və kinoqurğuların sayını 800 ədədə çatdırmaq nəzərdə tutulmuşdu. 1950-ci ildə kənd klublarının sayının 1129, rayon mədəniyyət evlərinin sayının 21 və müstəqil fəaliyyət göstərən kitabxanaların sayının 470-ə çatdırılması qərara alınmışdı.
Sovet sisteminin həyata keçirdiyi repressiyalar və avtoritarizm tariximizə ağır zərbə vursa da, mədəniyyətlə bağlı planları indi bizi ciddi düşündürməlidir. Hazırda mədəniyyətlə bağlı qurumların gələcəyə yönəlmiş proqnoz və planlaşdırma siyahıları olsa çox yaxşı qarşılanardı.
Təhsil sahəsində maraqlı bir statistika diqqəti cəlb edir. 1940-ci ildə 117 nəfər oxuyurdusa, 1950-ci ildə oxuyanların sayını 610 nəfərə çatdırmaq məqsədi qarşıya qoyulmuşdu. Respublikada mövcud olan teatr, bədii, musiqi və xoreoqrafik orta məktəblərdə 1340 nəfərin beşilliyin sonunda təhsil alması da plana salınmışdı.
Ümumiyyətlə, haşiyə çıxaraq, ayrıca işlənilməli və qeyd olunası məsələ odur ki, bütün dövlət qurumlarının müharibə sonrası planları, strateji proqnozları mövcud olmalıdır. Müharibə nəticəsində itirlən 20 faiz torpaqlarımızın geri qaytarıldığı şəraitdə dövlət-hökumət qurumlarının hansı formada yeni situasiyaya adaptasiya olunma qabiliyyəti düşündürücü məsələdir.
Məhz, planlar və proqnozlar elm-incəsənət sahəsində, ümumiyyətlə, hansı sahədə təmsil olunmasından asılı olmayaraq, o sahə mənsubu şəxslərin aktivliyini və vətənsevərliyini tələb edir. Bülbül də məhz bu hisslərin və tələblərin nəticəsində öz fəallığını nümayiş etdirirdi. Bülbül Azərbaycan Respublikasının birinci seçkiləri keçirilən və Ali Sovetin 1938-ci ildə yarandığı gündən ardıcıl olaraq 5 çağırış, yəni 30 ilə yaxın deputat mandatını daşıyıb. Bülbül öz vətənini, dövlətini sevən xadim kimi daim öz ölkəsinə sevgisini və vurğunluğunu dilə gətirmişdir.
Bülbülün parlamentdən ucalan sədası
1938-ci ildə keçirilən sessiyada Bülbül bunları deyirdi: “Mən bir çox illər boyu oxumuşam, musiqi sənətinin incəliklərini əldə etmişəm. Azərbaycan zəngin və gözəldir. Yevlaxa, Şuşaya, Göygölə gedin, Lənkəranın və Zaqatalanın yaşıl dağlarında gəzin, Muğana və Naxçıvana gedin. Bu yerlərdə incəsənət insanı üçün zəngin materiallar var. Musiqi məktəbləri ancaq Bakıda var, biz bölgələrdə də musiqi məktəbləri açmalıyıq. Bu işlərlə yalnız incəsənət və təhsildən səlahiyyətli qurumlar yox, həmkarlar ittifaqları da məşğul olmalıdır. Təkcə bizim teatrda- M.F. Axundov adına Opera və Balet Teatrında SSRİ və Azərbaycan SSR-in 4 deputatı işləyir. Bu fakt onu deyir ki, xalq artistlərə olduqca böyük etimad göstərir.”
Bülbülün bu çıxışı iki önəmli məsələni ortaya çıxarır: 1) Azərbaycan xalqı incəsənət xadimlərindən onları təmsil edən bütün qurumlarda fəal mövqe tələb edir. 2) Bülbülün simasında əsl Azərbaycan ziyalısının portreti formalaşır, təbiətini, ölkəsini sevən insan xalqını da sevir, onun mədəni tərəqqisi üçün lazım olan tribunalarda heç vaxt susmur.
Bülbülün ictimai-siyasi fəaliyyəti təkcə parlament tribunası ilə kifayətlənmirdi, o, öz dövrünün və keçmişin bir çox maarifçi ziyalıları kimi yazılar yazır, məqalələləri dönəmin nüfuzlu mətbuat orqanlarında dərc olunurdu. O, 17 mart 1938-ci ildə yazdığı məqalədə qeyd edir: “Musiqi incəsənətimiz başqa millətlərin 100 illərlə getdiyi vaxtı qısa müddət içərisində getmişdir. Qəhrəmanlıq eposu “Koroğlu”, “Şahsənəm”, “Nərgiz” operalarının partiturası Qərbi Avropada məşhur opera partituraları ilə yan-yana qoyula bilər.”
Bülbül hər yazıda, hər çıxışda, hər məqamda öz xalqının incəsənət tarixini qabardır, fəxr edir və bir növ Azərbaycanın mədəniyyət təbliğatçısı kimi çıxış edirdi. Unutmayaq ki, ulu öndərimiz Heydər Əliyev onun haqqında demişdi: “Azərbaycanın gözəl guşələrindən biri olan, canımız qədər istədiyimiz Qarabağ torpağında, müqəddəs Şuşa şəhərində dünyaya gəlmiş Bülbül öz fitri istedadı ilə, fədakarlığı ilə Azərbaycan mədəniyyətinin parlaq ulduzuna çevrilib. Bülbül Azərbaycan xalqının həyatında yeni bir bəşəri mədəniyyət nümunəsinin yaranmasının banisi olaraq, eyni zamanda xalqımıza bu sahədə çox uğurlu yollar açmışdır.”
İrəvanda at oynadan mədəniyyət cəngavəri
Bülbülün yaradıcılığının zirvəsində məhz “Koroğlu” operasında ifa etdiyi Koroğlu rolu dayanır. Yaddan çıxmamalı əsas məqam odur ki, Üzeyir Hacibəyov kimi mütəfəkkir babamız “Koroğlu” operasının müəllifidirsə, Bülbül onun musiqisini səsə çevirən və onu mahnı ilə əbədiləşdirən imzadır. Hətta Bülbül Koroğlu obrazının mənəvi pasportudur desək mübaliğə etmiş olmarıq. Üzeyir Hacıbəyov “Koroğlu” ilə Azərbaycan incəsənət tarixinə elə böyük və şərəfli bir möhür vurdu ki, SSRİ illərində dünyanın hansı teatrı olursa-olsun, “Koroğlu”nu böyük məmnuniyyətlə öz səhnəsində görmək istəyirdi.
Təsəvvür edin ki, Ermənistan müharibənin ən ağır illərində bu operanı erməni dilinə tərcümə etmək üçün böyük büdcə ayırmışdı. 1940-cı illərin əvvəllərində İrəvanda ilk tamaşası qoyulan “Koroğlu” operası Üzeyir Hacıbəyovun rəhbərliyi və Bülbülün baş rolda ifası ilə tamaşaya qoyuldu. Bu tamaşa bütün İttifaq məkanında geniş ictimai marağa səbəb oldu. Ermənistanda ümumiyyətlə opera tarixi əldə tutulası heç bir estetik qiymətə malik olmadığı üçün onlar elə həmin illərdən Azərbaycan musiqi mədəniyyətinə heyran idilər. Təsəvvür edin ki, Azərbaycanın “Koroğlu”su İrəvanda tamaşaya qoyulanda Azərbaycan teatrının 50-dən çox yaxşı vardı.
İrəvanda səhnəyə atla çıxan Bülbül bəlkə də bizim illər sonra Qarabağ səhnələrində çapacağımız atların portretini yaradıb. O zamanlar erməni elitası və erməni mehtərlər Bülbülün atını gətirmək, tumarlamaq və üzəngiyə basmaq üçün növbəyə durmuşdular. Ermənistan məmurları Bülbülün qəbulunda olmağı, onunla əl sıxmağı, gorüşməyi böyük şərəf sayırdı.
Bülbülün siyasi fəaliyyətində, təbliğat vasitələrində incəsənətdəki uğurları həmişə ön cərgələrdə yazılırdı. Deputatlığa namizəd olanda Bülbülün təşviqat materiallarında yazılırdı ki, o, nəinki Azərbaycan vokalını gözəl mənimsəyib, həmçinin italyan vokal ənənələrini də öz yaradıcılığı ilə harmoniya edərək Azərbaycan musiqisi ilə İtaliya musiqisi arasında böyük bir tandem yaradıb.
Çağdaş dövrümüzdə jurnalistlər və fikir adamları indiki nəsil Azərbaycan müğənniləri və rejissorlarını məhz beynəlxalq aləmdə rezonans yaradacaq yeniliyə imza atmadıqları üçün qınayırlar. Hətta bu tənqid bizim şair və yazarlarımıza da tuşlanır. Haqsız irad deyil. Bülbül o böyük şəxsiyyətlərdəndir ki, İtaliyada Azərbaycan musiqisini, Azərbaycanda isə İtaliya musiqisini tanıdıb və təbliğ edib. Bülbül İtaliyanın nüfuzlu Qarribaldi ordeni ilə təltif edilib.
Bülbül İtaliyada yaşadığı dövrlərdə Azərbaycan ənənələri ilə Qərb ənənələri arasında əlaqələr yaratmağa cəhd edib, Azərbaycanın İtaliyadakı fəal tərənnümçüsü olub. Bülbül əsl ziyalı xadim kimi həm də Azərbaycanın xaricdəki təbliğinə böyük önəm vermişdi. Bülbül öz xatirələridə həmin dövrlə bağlı maraqlı qeydlər edir: ““La-Skala”teatrında dünyanın məşhur ifaçılarının çıxış etdiyi bir tamaşa belə qalmamışdı ki iştirak etməyim.” İtaliyada çıxan məşhur “Arte Nostra” jurnalı Bülbülü müsəlman dünyasının ilk vokalisti adlandırıb, hətta qeyd edib ki, o, Avropada öyrəndiklərini öz vətəninə çatdırmağa tələsir.
Məhz Bülbülün səyləri ilə Azərbaycanda siyasi tribunalarda teatr məsələsi daim aktual problematika kimi qabardılırdı. 1913-cü ildə Azərbaycanda cəmi 2-3 dağılmış teatr var idi, bir dənə də olsun musiqi məktəbi yox idi. Məhz Bülbülün fəaliyyət illərində Azərbaycanda qurulan teatrlar inkişaf etdirildi, təmir edildi, yeni teatrlar tikildi və sayı 25-ə çatdı. Bülbül parlamentdəki çıxışında deyirdi ki, iri rayonlarımızda artıq musiqi məktəbləri, Bakıda isə konservatoriyamız var. Bülbül bütün çıxışlarında nöqsanları da dilə gətirməyi bacarırdı. Bülbülün prototipi olmaq lazımdır, ən azı bunu bacara biləcək millət vəkillərinə və siyasi xadimlərə, incəsənət simalarına xalqımızın böyük ehtiyacı var.
O, çıxışlarının birində qeyd edir ki, ordenli Azərbaycan teatrları 1938-ci ildə müəyyən olunandan 400 az tamaşa verib. Bu məsələdə dövrün İncəsənət İşləri İdarəsini tənqid edən Bülbül həmin qurmu lazımi işləri görməməkdə, incəsənət fəaliyyətini düzgün qiymətləndirməməkdə ittiham edirdi. O vurğulayırdı ki, tərkiblərində 20-25 aktyor olan kolxoz-sovxoz teatrları “Həyat”, “Almaz”, “Arşın mal alan” pyeslərini və başqa pyesləri göstərirlər. Lakin bunların dekorasiyaları, butafor, kostyum və qrim sexləri yoxdur. Ona görə də həmin teatrlar üzərlərinə qoyulan öhdəlikləri yerinə yetirmirlər.
Bülbülün bütövlük sevdası
Bülbüldə Azərbaycan sevdası, onun bütövlüyünə olan bağlılıq ən üst səviyyədə idi. Böyük Vətən Müharibəsi yeni başlayanda Azərbaycan incəsənət işçilərinin bir dəstəsi Cənubi Azərbaycana gedir və orada böyük müvəffəqiyyətlə çıxış edirlər.
Bülbülün Təbrizdəki çıxışı isə tarixin ən dəyərli çıxışlarından biri kimi yaddaşımıza həkk olunmalıdır: “Biz Təbrizə daxil olarkən bütün camaat vağzal qabağına toplanmışdı. Təbrizlilər bizim gəlişimizə sevinir, burada Azərbaycan dilində hansı tamaşalar verəcəyimizlə, qadın rolunda kişilərin oynayacağı ilə maraqlanırdılar. Təbriz əhalisi arasında belə sözlər eşitmək olardı: “Can dilinə qurban... Can azərbaycanlı qardaşlarımız...” O gecə biz- Azərbaycan incəsənət işçiləri Təbrizli qardaşlarımızın hər bir cəhətdən irəliləməyinə kömək edəcəyimizə söz verdik. Bu, bizim vicdan borcumuzdur. Gəlin təbrizli qardaşlarımızın mədəniyyətinin yüksəlməsində fəal iştirak edək...”.
Bülbül ölkədəki bütün sosial problemləri öz nüfuzundan istifadə edərək qabardırdı. Müharibənin bitməsinə az qalan bir vaxtda Bülbül sessiyalardan birindəki çıxışında bir neçə məsələni xüsusi qabardırdı. O qeyd edirdi ki, məktəblərin sayı artmış, yeni ali təhsil ocaqları açılmış, elmi pedaqoji təhsilli müəllimlərin sayı əvvəlki illərə nisbətdə çoxalmışdır.
Büdcə xərclərindən səmərəli istifadə məsələsi də Bülbülün daim toxunduğu nüanslardan biri olub. O tənqid edirdi ki, incəsənətə dövlət büdcəsindən ayrılan vəsaitin 91 faizi yerinə yetirilib. Tamaşa qoyuluşları planı 81 faiz yerinə yetirilmişdi, bu da 102 tamaşa qoyuluşu yerinə 83 tamaşanın qoyulması demək idi.
Təkcə Bakı şəhərini Azərbaycan müğənniləri ilə təmin etmək üçün 332 müğənni tələb olunurdu. Bülbül isə qeyd edirdi ki, Bakının cəmi 25 faizi təmin olunur. Bülbül kadr hazırlığı məsələsinin də önəmini vurğulayırdı. Bu da onu göstərir ki, həmin dövrdə Bülbül və digər ziyalılar müğənnilik peşəsinə xüsusi yanaşaraq, indiki dövrdən fərqli olaraq, müğənnilərin belə hazırlıqlı və bilikli olmasını zərurət hesab edirdi.
Bu baxımdan indiki tədbir təşkilatçıları, prodüserlər, televiziyalar o dönəmdən ibrət dərsi çıxara bilərlər.
Bülbül müharibə illərində də öz vətənpərvərlik borcunu yaxşı başa düşürdü. Valideynləri danışırdı ki, müharibə illərində Bülbül İrəvan şəhərində olub. O vaxt Azərbaycan Opera və Balet Teatrının kollektivi İrəvanda qastrol səfərində olub. İrəvanda tamaşaçılar qarşısında çıxış edən Bülbül düşmənə zərbə vurmaq, vətəni qorumaq üçün əllərindən gələni edəcəklərini deyərək yola düşüb. Müharibə illərində Bülbül dəfələrlə əsgərləri, döyüş yerlərini ziyarət edib, orduya səfərlərini özü üçün xüsusi bir missiya kimi qəbullanıb.
Bülbül Məmmədov bütün həyatı boyunca xalqa, vətənə inamla xidmət edib. Bülbül daim seçicilərinin problemləriylə maraqlanmış, müxtəlif dövrlərdə ona təhsil, səhiyyə və başqa məsələlərlə bağlı müraciətlər edən seçicilərinə yüksək dəyər verərək, onların istəklərini və xahişlərini aidiyyatı qurumlar və şəxslər qarşısında qaldırmışdı. O, seçiciləriylə görüşdən aldığı məmnuniyyəti ifadə edən məqalələr və yazılar yazırdı, o görüşlərdən aldığı enerjini və zövqü xüsusi qeyd edirdi. “Deputat xalqın xidmətçisidir”, “xalqa xidmət etmək deputatlıq missiyasıdır” yanaşması Bülbülün bütün çıxışlarının əsas qayəsini təşkil edirdi.
Ən yüksək səviyyədə verilən dəyər
Bu gün müstəqil Azərbaycan Respublikasında Bülbülə qiymət ən yüksək səviyyədədir, onun adı teatrlara, küçələrə, prospekt və digər məkanlara verilib.
Ulu öndərimiz Heydər Əliyev Bülbülün 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında özü iştirak edib.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub və çıxış edib.
"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu Bülbülün abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir"- İlham Əliyev çıxışında demişdi.
Bülbül Azərbaycan ziyalısının tamlıq mərhələsidir.
Biz Bülbül və onun kimi dəyərlərimizi öyrənməli və mənimsəməliyik.
Yalnız öz keçmişini hərtərəfli öyrənəndə güclü və daim zehni təkamül edən vətəndaş ola bilirsən!
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır