Yuxarıya
skip to main content

Ənənəvi dəyərlərlə bağlı sorğu nəticələri

27.09.2024

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğular cəmiyyətin ənənəvi dəyərlərə bağlılıq səviyyəsinin yüksək olduğunu göstərir. İctimai rəy sorğusunun nəticəsinə əsasən, respondentlərin 49,9%-i özünün ənənəvi dəyərlərə bağlılığını “güclü”, 30,7%-i “orta” səviyyədə qiymətləndirib. Sorğuda iştirak edənlərin 18,1%-i ənənəvi dəyərlərə bağlılığını “zəif” olaraq xarakterizə edib və 1,3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Respondentlər arasında kişilərin 54,3%-i, qadınların 45,3%-i ənənəvi dəyərlərə bağlılığının güclü olduğunu ifadə edib. Bu göstərici şəhərdə yaşayan respondentlər arasında 44,0%-ə, qəsəbədə yaşayanlar üzrə 57,5%-ə və kəndlərdə məskunlaşanlar üzrə 52,8%-ə bərabər olub.

Respondentlərin rəylərinin cavab variantları üzrə paylanması cəmiyyətdə müasir ideyaların və ənənəvi dəyərlərin qorunduğu bir mühitin formalaşdığını göstərir. Cəmiyyətin tarixini, mədəniyyətini və həyat tərzini əks etdirən bu dəyərlər yalnız keçmişin izlərini daşımır, həm də gələcəyi formalaşdıran, xüsusən də milli kimliyi yad təsirlərə qarşı dəstəkləyən güc rolunda çıxış edir. Cəmiyyətin sosial və siyasi strukturunun vacib göstəricisi olmaqla yanaşı, ənənəvi dəyərlərə bağlılıq milli kimliyin, mədəni davamlılığın və milli suverenliyin qorunması baxımından olduqca əhəmiyyət kəsb edir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.