Amerikalılar üçün 2024-cü ilin əsas siyasi prioritetləri
Amerikalılar iqtisadiyyatın gücləndirilməsini Bayden və Konqres üçün bu il əsas siyasi prioritet hesab edirlər.
İctimaiyyətin görüləcək işlərlə bağlı siyahısı son iki ildən bəri az dəyişib. Ancaq koronavirusla mübarizənin demək olar ki, iqtisadiyyatı gücləndirmək qədər öndə yer aldığı 2021-ci illə müqayisədə böyük fərqlilik göstərir.
Pew Araşdırma Mərkəzinin 16-21 yanvar tarixlərində illik siyasi prioritetlərlə bağlı apardığı sorğunun nəticələri bunu deməyə imkan verir.
Sorğunun nəticələri göstərir ki, amerikalılar iqtisadiyyatın gücləndirilməsini (73%) əsas prioritet kimi qiymətləndirirlər.
Respublikaçılar getdikcə immiqrasiya mövzusunda daha çox narahatlıq duyurlar. Co Baydenin hakimiyyəti dövründə immiqrasiyanı prioritet sayan amerikalıların nisbəti 18 faiz bəndi artıb (38%-dən 57%-ə). Dəyişiklik demək olar ki, tamamilə Respublikaçılar və onlara meyilli müstəqillər arasında qeydə alınıb. Respublikaçıların xüsusilə, son bir ildə terrorizm mövzusunda da narahatlığı artıb.
Cinayət də Respublikaçılar arasında artan narahatlıqlar sırasındadır. Təxminən on Respublikaçı və Respublikaçılara meyilli müstəqillərdən yeddisi (68%), Demokratların və onlara meyilli müstəqillərin isə 47%-i cinayətin azaldılmasını əsas siyasi prioritet hesab edirlər. Respublikaçıların bununla bağlı narahatlığı 2021-ci ildən bəri hər il durmadan artır. Demokratların baxışları isə 2021-2022-ci illər arasında yüksəldikdən sonra bir neçə il sabit qalıb.
Respublikaçılar və onlara meyilli müstəqillərin 84%-i, Demokratlar və Demokratlara meyilli müstəqillərin 63%-i son bir neçə ildə olduğu kimi bu il də ölkə iqtisadiyyatının gücləndirilməsini əsas prioritet hesab edir.
Bir çox amerikalı büdcə kəsirinin Co Baydenin ilk vəzifəyə gəldiyi vaxtdan daha çox prioritet olduğunu söyləsə də, onların fikirləri ötən illə müqayisədə bənzərdir (o zaman 57%, indi 54%).
Respublikaçılar (68%) büdcə kəsrindən Demokratlardan (48%) daha çox narahat olaraq qalırlar.
Müqayisə üçün, ictimaiyyətin təxminən yarısı (49%-i) - hər iki tərəfdə təxminən eyni nisbət daxil olmaqla - iş vəziyyətinin yaxşılaşdırılmasını əsas prioritet hesab edir. İş vəziyyəti ilə bağlı narahatlıqlar Co Baydenin hakimiyyətinin ilk ilində və 2021-ci ildən koronavirus pandemiyasının ölkəni cənginə aldığı dövrdən kəskin şəkildə azalıb.
Təxminən hər on amerikalıdan altısı ölkəni gələcək terror hücumlarından müdafiə etməyi (63%), immiqrasiya ilə məşğul olmağı (57%) və cinayətin azaldılmasını (58%) qarşıdan gələn ilin əsas siyasi prioritetləri hesab edir. Onların bu siyasət sahələrinə ümumi baxışları son bir ildə dəyişməz olsa da, Respublikaçılar hər biri üçün Demokratlardan daha çox narahatdırlar.
2021-2022-ci illər arasında immiqrasiyanı əsas siyasət prioriteti kimi göstərən Respublikaçıların payı kəskin şəkildə artaraq 39%-dən 67%-ə yüksəlib. O vaxtdan bəri isə 9% artaraq 76%-ə çatıb. Bu müddət ərzində Demokratların fikirləri isə eyni mövzuda sabit qalıb. Bu gün onların 39%-i immiqrasiya məsələsiylə məşğul olmağı prioritet sayır.
Hər iki partiyanın əksəriyyəti iqtisadiyyatı gücləndirməyi, pulun siyasətdə rolunu azaltmağı, sosial təminatın maliyyə baxımdan sağlam olmasını təmin etməyi əsas prioritet hesab etsə də, digər məsələlərə yanaşmada böyük fərqlər nəzərə çarpır. Məsələn, Demokratlar Respublikaçılardan əhəmiyyətli dərəcədə daha çox ətraf mühitin qorunmasına (63% -ə qarşı 23%) və iqlim dəyişikliyi ilə məşğul olmağa (59% -ə qarşı 12%) üstünlük verirlər.
Müqayisə üçün qeyd edək ki, Respublikaçılar immiqrasiya (76% -ə qarşı 39%) və ordunu gücləndirməklə (23% -ə qarşı 56%) məşğul olmağa daha çox üstünlük verirlər.
Bütün yaş qrupları üzrə hər on nəfərdən altısı deyir ki, səhiyyə xərclərinin azaldılması və təhsilin yaxşılaşdırılması bu il əsas siyasi prioritetlər olmalıdır.
65 və daha yuxarı yaşda olan hər on nəfərdən təxminən doqquzu və 50-64 yaşlıların təxminən dörddə üçü terrordan müdafiənin əsas prioritet olması lazım olduğunu deyir.
Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.