Nyu Eyc hərəkatı və Modernliyin sakrallaşdırılması (II hissə)
Psixoloji spirituallıq
Bu gün Psixologiya özümüzü baş düşüdüyümüz yeni nəzəriyyələr və lüğət təqdim etməklə dinin sekulyar xələfinə transformasiya olub. Televiziya tolk-şouları, radio proqramları, özünəyardım kitablarının getdikcə genişlənən bazarı xoşbəxtlik axtarışında modern insana yardım edən davamlı psixoloji strategiyalar təmin edir.
Bəziləri yanlış şəkildə güman edirlər ki, Psixologiya spiritual məsələlərə marağın itkisi ilə paralel şəkildə inkişaf edib. İddia edilir ki, psixologiya insanlara ilkin olaraq özləri haqqında düşünməyi təlqin edir, beləliklə Qərb dini ənənəsi və onun Tanrı üzərində fokusunun tənəzzülünə töhfə verir. Martin Qross qeyd edir ki, formal dinə inancını itirən təhsilli insan XX əsrin I yarısında Xristianlıq kimi II yarısında da ehtirama layiq bir əvəzləyici din tələb edirdi. Psixologiya və psixiatriya bu spesifik rolu üzərinə alaraq modernist cəmiyyətləri bir psixoloji-terapevtik cəmiyyətə çevirdi, insanların özləri üzərində heç olmadığı qədər çox obsessiya ilə düşündükləri bir sivilizasiya yaratdı. Bu gün modern insan ani və keçici illüziya, şəxsi firavanlıq, sağlamlıq və psixi təhlükəsizlik aclığı yaşayır.
Psixologiyaya dönüş tradisional dini qaydalardan uzaqlaşmanı təmsil edə bilər. Lakin bütövlükdə psixologiyanın Qərb dünyasının kilsəsizləşmiş spiritual ənənələri ilə xüsusi bağlılığı var. İnsanın Tanrını öz daxilində axtarmalı olduğunu irəli sürən kilsəsizləşmiş spirituallıqlar-spiritual fəlsəfələr psixoloji lüğətdən istifadə etməyə meyil göstərir. Bu lüğət qeyri-şüuri ağlın spiritual aspektlərinə diqqət çəkir, “Tanrı” ilə yaradıcı harmoniyada yaşamaq üçün özünəyardım strategiyaları təklif edir.
R.Fuller qeyd edir ki, Amerikada Kilsədən uzaqlaşmış, kilsəsiz yaşayan 3 qrup var. Birinci qrupa daxil olan hər 7 amerikalıdan 1-i dinə tamamilə etinasızdır. Onlar dünyanın supra-təbii dərkini rədd etdikləri, yalnız ağıl və rasionallığı əsas aldıqları üçün “sekulyar humanistlər” adlandırılır. Kilsəsiz amerikalıların ikinci qrupuna isə institutlaşmış bir din ilə münasibəti birmənalı olmayan insanlar daxildir. Bu qrupa həm hər hansı bir Kilsəyə mənsub olan, lakin mərasimlərində iştirak etməyən, həm də kilsə mərasimlərində iştirak edib ona qoşulmayanlar aiddir. Əhalinin 10 faizi kilsə mərasimlərində iştirak etsələr də, onun üzvü deyillər.
Üçüncü qrupa daxil olan kilsəsiz insanların kilsəyə bir mənsubiyyəti olmasa da, onlar özlərini daha geniş anlamda “dindar” olaraq dəyərləndirirlər. Əhalinin 21 faizini təşkil edən bu qrup bir formal dini orqanizasiya kontekstindən kənarda seçməyi üstün tutduqları spiritual məsələlər ilə maraqlanırlar. Bu amerikalılar “spiritual, amma qeyri-dindar” kimi xarakterizə olunurlar. Bu kateqoriyaya daxil olanlar şəxsi spirituallıq məsələləri ilə birformalı şəkildə maraqlanmırlar. Onların bəziləri modern sekulyar düşüncənin təsiri altındadır və yalnız yumşaq spiritual impulslara sahibdirlər. Digərləri isə şəxsi spiritual inkişaf ilə dərindən maraqlanırlar. Onlar üçün spiritual və metafizik maraqlar bir hərəkətləndirici qüvvədir. Bu seqment mütəmadi olan kilsəyə gedənlərdən daha çox spiritual inkişafa özünü həsr edir. Onlar yeni kəşflər etmək və gündəlik bazisdə yeni “insayt”lar qazanmağı ümid edərək həyatlarını spiritual səfərlər olaraq görürlər. Onlar üçün din fikse olunmuş bir şey deyil və müntəzəm olaraq dini inanclarını dəyişirlər. Tanrının təbiəti, ruhun essensiyası və spiritual inkişafı təşviq edən praktikalar dominant dini institutlardan kənarda spiritual fəlsəfələrdən qaynaqlanır.
Onlar şəxsi spirituallıq və konvensional dini təşkilata üzvlük arasında bir təzad olduğunu düşünürlər. Bəziləri hətta institutlaşmış bir dini autentik spirituallığın düşməni olaraq görür. Onlara görə, Müqəddəs ilə ali harmoniyaya nail olmaq üçün gerçək spirituallıq şəxsi səylər ilə bağlıdır. Spirituallıq özəl yaşantı və özəl refleksiyadır, ictimai ritual deyil. Onlar Maslovun dini yaşantının özəl domeni ilə formal dini praktikaların ictimai sferası arasında potensial antaqonizm olmasına dair fikrini absorbsiya ediblər. Maslov insanların subyektiv dini yaşantısını itirməsini və ya unutmasını vital spirituallığa təhdid olaraq görür. O, dini tamamilə konvensional, leqalistik, bürokratik və boş davranışlar, vərdişlər və doqmalar toplusu kimi yenidən müəyyən edir. Bu ideya keçən əsrin son onilliklərində xüsusilə geniş miqyas qazandı. Təsadüfi deyil ki, amerikalıların 54 faizi kilsə və sinaqoqların dinin spiritual hissəsini itirdiyinə inanırlar.
R.Fuller bildirir ki, 1880-ci illərə qədər Amerikanın universitetlərində heç bir akademik psixologiya departamenti yox idi. Beyin üzərində tədqiqatlar fiziologiya departamentinə, ruh ilə bağlı məsələlər isə fəlsəfə və teologiya departamentinə bağlı idi. Az sayda mövcud olan psixologiya kursları da Protestant əxlaq teologiyasının bir intişarı idi və insanları kilsənin etik ideallarına uyğun olaraq yaşamağa həvəsləndirən praktiki strategiyaları öyrədirdi.
1890-cı ildə artıq hər bir Amerika universiteti separat psixologiya departamentinə sahib idi. Cəmi bir onillik ərzində amerikan intellektualları “yeni psixologiya” və ya “ruhsuz psixologiya” adını verdikləri fenomenləri qəbul etdilər. Psixoloqların ilk nəslinin qarşısında duran ən mühüm vəzifə insan psixikasının öyərnilməsini teologiyadan ayırmaq idi. Bu, həm kultural, həm də avtobioqrafik səbəblərə görə çətin idi. Əksər erkən psixoloqlar protestant keşişlərin oğulları idilər.
Nyu Eycizmin inkişaf istiqamətləri
Daxili spirituallığa qayıdış səbəblərindən biri olaraq P.Berger “Yurdsuz Ağıl” əsərində qeyd edir ki, modern texnologiya üçün essensial olan rasionallıq özünü fərdin şüuru və aktları üzərinə nəzarət, limitasiya və bu səbəblə də, frustrasiya olaraq təlqin edir. Frustrasiyaya uğramışlıq, emosional məhrumiyyət və özü olma bilməyən fərdlər institutların repressiyasından, Veberin “dəmir qəfəs”indən azad olmaq üçün hüdudsuz entuziazm nümayiş etdirir.
Nyu Eycerlər keçmişə yönəlməyə meyillidir. Bəziləri qədim Hindistan və Misirə, bəziləri Avropanın paqan dövlərinə, bəziləri isə erkən Qnostik və Xristian mistik ənənələrinə vurğu edirlər. Qərb okkultizm və ezoterizmi də onların təlimlərində mühüm rol oynayır. Coselin Qadvin bildirir ki, teist ənənələri rədd edən Nyu Eycerler XVIII-XIX əsrlərin deistlərini, Svedenborgianlarını, təbiətin sakrallaşdırılması və digər ezoterik mövzular lehinə ortodoks dini rədd edən şərq və ya paqan ideyalarının təsiri altındadır. Qadvinin diqqət çəkdiyi digər bir fakt odur ki, çağdaş özümlük-spirituallığının təməl mövzularına Romantiklərin əsərlərində rast gəlinə bilər. Russo, daha sonra alman, ingilis və amerikan romantiklərinin (Emerson, Vitman) əsərlərində sakrallaşdırılmış özmənlik, sakrallaşdırılmış insan xeyirxahlığı və sakrallaşdırılmış təbiəti aşkar etmək asandır.
Nyu Eycerlər təsirləndikləri fiqurlar arasında Blavatski, A.Besant, T.de Şardenə vurğu etsələr də, K.Q.Yunq və Qurdiyev də bu anlamda xüsusi önəm kəsb edir. Şərq və Qərb dinlərində aşkar olunan perennial – arxetipal komponentləri əsas alan Yunq Özmənlik-spirituallığının mühüm doktrinalarını inkişaf etdirdi. Yunqun sistemində kardinal günah “Eqo”nun persona ilə identikləşməsidir, və möhtəşəm fəzilət isə essensial olaraq cəmiyyətin kollektiv şüurundan kənarda mövcud olan özmənliyin kəşfidir. Yunq qeyd edir ki, biz insandan bəhs edərkən anlamlandırdığımız şey yalnız simvolik olaraq formullaşdırıla bilən, tərif edilməsi qeyri-mümkün bir totallıqdır. Mən insanın totallığını, şüuri və qeyri-şüuri komponentlərinin cəmini təsvir etmək üçün “özümlük” ifadəsindən istifadə edirəm. Mən Şərq fəlsəfəsinə uyğun olaraq bu termini seçmişəm”.
Aleksandropolda doğulan, erməni əsilli rus filosofu və mistisisti Georq Qurdiyev Parisdə əsasını qoyduğu İnsanın Harmonik İnkişafı İnstitutu ilə Nyu Eyc baxışlarının tərəqqisində mühüm rol oynayıb. Qurdiyevə görə, biz hamımız “maariflənmiş hal”, “obyektiv şüurluluğ”a varid olmağa qadirik. Lakin biz bu barədə bilmirik, çünki biz məhbuslarıq. İnsan bir makinadır və zahiri şərtlər insanın arzularına baxmadan aktlarını idarə edir. O, bölünmüş insanın öz aktlarına nəzarət edə bilmədiyini vurğulayır. Qurdiyevin Fransaya gətirdiyi spirituallıq Sufi Mistisizmi idi.
60-cı illərdə Bitniklər – Hipsterlər ilə birlikdə daxili spirituallığa doğru nən önəmli dönüş baş verdi. Bu üsyanlar əks-kültürlərin inkişafı ilə tam olaraq bağlı idi. Sidney Alström bildirir ki, qeyd olunan əks-kültür hərəkatı kəskin əxlaqi hiddət, mövcud sosial institutlara qarşı dərin şübhə və sosial uğur, biznes sahəsində qazanc, habelə milli mənfəətlərin üzərində daha ali aksiya səbəbləri uğrunda tələb ilə xarakterizə olunurdu. Əks-kültür hərəkatının təməl postulatına görə, insanlar autentik təbiətini ifadə etməkdə azad olmalı, kapitalizmə, hüquq-mühafizə qüvvələrinə, təhsil isteblişmentinə, - insanın özünüifadəsinin qarşısında duran hər şeyə hücum edilməlidir. Onlar “düz cəmiyyət”in institutlar və ənənələrinin amansız tənqidçiləri idi.
Beləliklə, əks-kültürü üç mühüm oriyentasiyada düşünmək olar: ana axını dəyişdirməyə (vətəndaş hüquqları hərəkatı və anti-Viyetnam nümayişlərində iştirak edən siyasi aktivistlər), hedonist həyat yaşamaq üçün təməl elm sahələrini rədd etməyə və autentik özmənliyi bəsləməyə xidmət edən həyat tərzlərini tapmağa yönəlmiş oriyentasiyalar.
Subhan Padarov
Graduate of the Faculty of History at Baku State University, the researcher of modernism in sociology and the author of the books: “The modernist era and human” and the “Entropic world”.