Yuxarıya
skip to main content

Seçkilər və sosial media – dezinformasiyalar seçkilərə necə təsir edir?

17.11.2023

Seçkilər zamanı onlayn məlumatların etibarlılığı mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan  UNESCO və Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi 2024-cü ildə ümumi seçkilərin keçiriləcəyi 16 ölkədə sorğu keçirmək qərarına gəlib. “İnsanlar öz ölkələrində dezinformasiyanın artıq siyasətə təsir etdiyini düşünürlərmi?”,  “Onlar dezinformasiyanın növbəti kampaniyaya təsir edəcəyindən narahatdırlarmı?” kimi suallar ortaya qoyulub.

Sorğuda iştirak edən 16 ölkədə internet istifadəçilərinin 56%-i tez-tez sosial mediadan əsas xəbər mənbəyi kimi istifadə edir. Televiziya ilə bağlı bu göstərici  44%-dir. Ümumilikdə, sosial medianın gündəlik məlumat mənbəyi kimi istifadəsi son 15 il ərzində sürətlə artaraq, çap mediasını, radionu və hətta televiziyanı ötüb keçib. Bununla belə, əhali qrupları arasında fərqlilik var. 35 yaşdan aşağı respondentlər 55 və daha yuxarı yaşlılara nisbətən sosial medianı istifadəyə daha çox meyillidir ki, bu da təəccüblü deyil (31%-ə qarşı 67%).

Nəticələrə əsasən, ənənəvi mediaya inam yüksək olaraq qalır, sorğuda iştirak edənlərin 66%-i televiziya xəbərlərinə, 63%-i radio xəbərlərinə, 61%-i isə çap mediası xəbərlərinə etibar edir. Eyni zamanda sorğu nəticələrindən bəllidir ki, seçkilər zamanı televiziyadan məlumat almaq üçün daha çox istifadə olunur.

İnternet istifadəçiləri sosial mediada dezinformasiyanın çox yayılması ilə üzləşirlər, 68%-i isə dezinformasiyanın ən çox orada yayıldığını bildirirlər. Respondentlərin 85%-i dezinformasiyanın öz həmvətənlərinə təsiri ilə bağlı narahatlıqlarını ifadə edir.

Sorğuda iştirak edənlərin 87%-i dezinformasiyanın öz ölkələrində keçiriləcək seçkilərə təsirindən narahat olduğunu, 47%-i isə “çox narahat olduğunu” qeyd edib. İştirakçılar 48%-i seçki kampaniyası kontekstində dezinformasiya ilə bağlı onlayn məzmun barədə məlumat verib, 17%-i isə bunu tez-tez edib.

İnternet istifadəçilərinin 67%-i onlayn nifrət nitqi ilə qarşılaşıb, əksəriyyət bunun ən çox Facebook-da (58%) olduğunu düşünür. Ölkələr arasında əhəmiyyətli fərqlər olsa da, vətəndaşların fikrincə, öz ölkələrində onlayn nifrət nitqinin qurbanı olanlar ilk növbədə LGBT fərdləri, etnik və irqi azlıqlardır.

Respondentlər arasında tənzimləməyə güclü çağırış var. Belə ki, sorğuda iştirak edənlərin 88%-i hesab edir ki, həm hökümətlər, həm tənzimləyici orqanlar, eyni zamanda sosial media platformaları (90%) dezinformasiya və nifrət nitqi ilə bağlı problemləri həll etməlidir.

Sorğuda iştirak edən internet istifadəçilərinin əksəriyyəti (89%-i) hökümətlərin və tənzimləyicilərin seçki kampaniyaları zamanı sosial media platformalarında etimad və təhlükəsizlik tədbirlərini tətbiq etməli olduğu fikrini dəstəkləyirlər.

Onu da qeyd etmək lazımdır ki, ictimaiyyətin fikrincə, BMT və UNESCO kimi təşkilatlar dezinformasiya ilə mübarizədə rol oynaya bilər. Respondentlərin 75%-i bu fikri dəstəkləyir.

Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.