Mütaliə problematikası və nüanslar
Bəzi müzakirələr var ki, onlar həmişə və aktualdır.
Dünyada aparılan ciddi təhlillər, sorğular və tədqiqatlar göstərir ki, oxuma və mütaliə səviyyəsində əvvəlki illərə nisbətdə ciddi geriləmələr var. Sosioloji təhlillər ümumi mütaliə sahəsindəki geriləmələrdə bir neçə səbəbi göstərir.
Ümumiləşdirsəm əgər bir neçə nüanslar burada diqqətə alınmalıdır.
- Veb dünya kitab və qəzet mütaliəsinə “savaş açıb”. Bütün informasiyalar Android və başqa platformalarda bir klik qədər bizə yaxındır.
- Dünyada baş verən ictimai-siyasi kataklizmlər oxuma vərdişlərini azaldır. Düşünün ki, hansısa coğrafiyalarda hansısa hadisə baş verər və yalnızca uyğun profilli tədqiqatçılar deyil, geniş bir oxucu kütləsi hadisənin olduğu nöqtəyə fokuslanmaqla oxuyacağı mövzuları pauzaya məruz qoyur və ya unudur.
- Gündəm dinamikdir və mütaliə “qatilidir”. Qlobal informasiya bolluğu içərisində oxuma vərdişləri zədələnir. Gündəm indi təkcə media adamları və siyasətçilərin deyil, insanlığın diqqətindədir, çünki doğru ya da yalan olmağından asılı olmayaraq indi sözün həqiqi mənasında hamı xəbər axtarır.
- Sosial media oxuma tərzini dəyişir. Uzun yazılar, təhlillər, araşdırmalar vərəqlənmir. Aparılan bütün tədqiqatlar göstərir ki, sosial media oxuma tərzini, mütaliəyə ayrılan vaxtı “əmin addımlarla” “qəsb edir”.
- İqtisadi münasibətlər sistemi düşüncəyə sıçrayır. Dünya arealında kapitalist münasibətlər sistemi beyinlıərdə möhkəmlənir. Artıq təkcə bankirlər və iş adamları deyil, bütün aktiv oxucu kütləsi iqtisadi çətinliklərin çıxışını axtarır. Post-pandemiyanın psixoloji və iqtisadi təsirləri “klaviatura iqtisadçıları” yaradır və onlar üçün daha çox qazanmaq oxumadan daha üstün meyar kimi qiymətləndirilir.
Əlbəttə, bu və ya digər formada oxuma vərdişlərinə təsir edən başqa məqamları da qeyd etmək olar, siyahını uzada və dəyişə də bilərik.
Mütaliə problemi var. Mütaliə problematikasına yanaşmamız fəlsəfi və realist deyil, romantik irrasional çalarlara söykənib çox hallarda. Yəni, mütaliə problemi oxumamaq deyil, nəyi və necə oxumaqdır.
Mütaliə vərdişlərinin yüksək olduğu ABŞ şəhərlərində oxumanın həcmi ilə bağlı dəqiq olmayan təsəvvürlər mövcuddur. Paparatsi və pop kültürə xidmət edən maqazin dərgilərinin statistik olaraq çox oxunmağı mütaliə səviyyəsindəki yüksəklik deyil.
Yaxud “zövqlər dartışılmaz” deyib kommersiya məqsədli kitablar çap edib onu oxucuya satmaq kitab mütaliəsinin səviyyəsinin yüksəlməsi deyil.
Mütaliə göstəricisi kəmiyyətə deyil, keyfiyyətə söykənməlidir. Mənimlə razılaşmaya bilərlər, amma hansısa primitiv uydurma hekayələr toplusunu ciddi ədəbiyyat janrı kimi SMM imkanları və marketinqdən istifadə edərən yaymaq və kütləvi çap etmək özü elə ən böyük oxu problemidir.
Media və KİV bəzən naşirlər, yazarlar və ədəbiyyat adamları qədər maarifləndirməyə xidmət etmir. Bu faktı danmamalıyıq ki, “uğurlu qadın necə olmalıdır”, “kişilər biznesdə necə irəli getsin” kimi NLP kitabları da daxil olmaqla, astroloji ulduz falları adı altındakı nəşrlərin də satılmaq haqqı var. Demokratiya ictimai düşüncə hadisəsidir həm də, biz nəyisə ciddi səbəb olmadan qadağan edə bilmərik.
Amma yazılan hər şeyin oxunma haqqı yoxdur. Əksi olsaydı bütün zərərli ideologiyalar, ekstremist sayıqlamalar yayılmalı idi.
Bu gün naşirlərin üzərinə də ciddi iş düşür. Keyfiyyətsiz materialları tərcümə edib insanlara oxumaq üçün vasitə kimi təqdim etmək ədalətsizlikdir.
Bədəndəki digər əzələlər kimi, beynin də onu güclü və sağlam saxlamaq üçün məşqə ehtiyacı var. Bu qədər dezinformasiya və feyk xəbərlər girdabında beynimizi “yatırmaq” haqqımız yoxdur. Mütaliəni tədqiq edən araşdırmaçılar təbii olaraq hər zaman ilkin olaraq onun mənəvi və ruhi tərəflərinə fokuslanır. Mütaliə bioloji olaraq da bizə sonsuz töhfələr verir. 2009-cu ildə bir qrup tədqiqatçı ABŞ-da sağlamlıq elmləri proqramlarında yoqa, yumor və mütaliənin tələbələrin stress səviyyələrinə təsirini ölçdü. Tədqiqat 30 dəqiqə oxumağın qan təzyiqini, ürək döyüntüsünü və psixoloji narahatlıq hisslərini yoqa və yumor kimi təsirli bir şəkildə aşağı saldığını göstərdi.
Ən önəmli olan odur ki, kitab oxuyan və oxumayan adam arasında o qədər böyük fərq olur ki... Bəli, mən razıyam kı, bəzən dünyagörüşü zəngin və çox mütaliəli insanlardan da neqativ hər nüans gözləyə bilirik. Amma söz ehtiyatı baxımdan insanı ali varlıq kimi göstərən keyfiyyətlərdən biri də məhz mütaliədir.
Nə qədər çox oxusanız, bir o qədər çox sözlə qarşılaşırsınız və onlar istər-istəməz gündəlik lüğətinizə daxil olurlar.
Yeni dövrün filosofları diqqətsizliyi ən ciddi bəşəri problemlərdən biri kimi yanaşırlar. Kitab oxumaq diqqəti və konsentrasiyanı yaxşılaşdırır. İnternetin çılğınlaşdığı dünyamızda, hər gün birdən çox işi yerinə yetirdiyimiz üçün diqqət eyni anda milyonlarla fərqli istiqamətə çəkilir.
Nəhayətdə unutmayaq ki, mütaliə empatiya üçün sonsuz imkanlar yaradır.
İşıqlanmalıyıq, özümüzü inkişaf etdirməliyik.
Kitablanaq, kitablandıraq...!
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır